525.Az

Trampın məğlubiyyəti və inadı - Xaqani Cəfərlinin şərhi


 

Trampın məğlubiyyəti və inadı - <b style="color:red">Xaqani Cəfərlinin şərhi</b>

ABŞ Konqresi nəhayət, 3 noyabr prezident seçkisinin nəticələrini müzakirə edib təsdiqlədi. Konqresin aşağı və yuxarı palataları dövlət başçısını seçmək hüququ olan seçici kollegiyalarının dekabrın 14-də açıqladıqları səsvermənin nəticələrini təsdiq etməklə prezident seçkisi ilə bağlı prosesə son nöqtəni qoydu. Bundan sonra yeni prezidentin fəaliyyətə başlaması üçün yeganə prosedur qayda andiçmə mərasimi qalır.

ABŞ-ın 46-cı prezidentinin seçkisinin qalmaqalla keçəcəyi hələ səsvermədən öncədən məlum idi. Seçki kampaniyası başladıqdan sonra keçirilən bütün rəy sorğuları hazırkı prezident Donald Trampın məğlub olacağını, onun əsas rəqibi - Demokrat Partiyasının namizədi Co Baydenin qalib gələcəyini göstərirdi. Demokratik ölkələrdə rəy sorğusu cəmiyyətdəki əhval-ruhiyyəni əsaslı şəkildə əks etdirdiyi üçün seçkinin nəticəsini kiçik fərqlə əvvəlcədən təsəvvürə gətirmək mümkün idi.

ABŞ-da müxtəlif sorğu mərkəzlərinin nəticələri təxminən eyni olduğundan 3 noyabr seçkisinin qalibini müəyyən etməyə imkan verirdi. Seçkidən əvvəl səsvermənin nəticələrinin saxtalaşdırılacağı barədə Trampı açıqlamalar verməyə sövq edən də, rəy sorğularının onun xeyrinə olmaması idi. Seçkidən əvvəl səsvermənin nəticələrinin saxtalaşdırılacağı haqqında bəyanatlar verən Tramp səsvermə başa çatdıqdan dərhal sonra özünün qalib gəldiyini bəyan etdi. Ştatlar üzrə səsvermənin nəticələri açıqlandıqdan sonra isə Tramp bir neçə ştatda səsvermənin saxtalaşdırıldığını bildirdi. Trampın bu fikirlərinin yayılmasını təmin edən siyasi və media dairələr seçkinin hüquqiliyinə müəyyən qədər şübhə yarada bildilər.

ABŞ-da olduğu kimi, bütün dünyada da müəyyən qruplar 3 noyabr seçkisində saxlaşdırmaya yol verildiyini düşünürlər. Belə fikrin yaranmasının bir səbəbi də dəqiq və ətraflı məlumatın olmaması ilə bağlıdır. Trampın iddiasının həqiqətdən uzaq olduğunu göstərmək üçün bir neçə məqamı qeyd etməyi vacib hesab edirik. Məsələn, Trampın seçki qərargahının və tərəfdarlarının 80-dən artıq məhkəmə iddiasının heç biri məhkəmədə təsdiqini tapmayıb. Hətta həmin iddiaların böyük əksəriyyəti məhkəmələr tərəfindən əsassız olduğu üçün baxılmadan rədd edilib.

Trampın seçki qərargahının tələbləri üzərinə Corcia ştatında səslər iki dəfə təkrar sayılıb. Hər dəfə də 3 noyabr səsverməsinin nəticələri təsdiqlənib. Corcia ştatının nümunəsi ona görə önəmlidir ki, bu ştatda Trampın təmsil etdiyi Respublikaçılar Partiyası tam hakimiyyətə malikdir. Corcia ştatının qubernatoru Respublikaçılar Partiyasının təmsilçisi olduğu kimi, ştatın qanunverici orqanında da əksəriyyət bu partiyanı təmsil edir. Üstəlik, Corcia ştatının Baş prokuroru da Respublikaçılar Partiyasının təmsilçisidir. Respublikaçıların tam hakimiyyətə malik olduğu ştatda səsvermənin nəticələrinin rəqib partiyanın xeyrinə saxtalaşdırılmasını iddia etmək Trampın iddialarının həqiqətdən nə qədər uzaq olduğundan xəbər verir.

Bütün bu dəlillərin ortada olmasına baxmayaraq, Trampın məğlubiyyətlə barışmaması, israrla səsvermənin saxtalaşdırmasını iddia etməsi və ən nəhayət, tərəfdarlarını yanvarın 6-da Vaşinqtonda etiraz aksiyasına çağırması Konqresin bir qrup kütlə tərəfindən zəbt edilməsilə nəticələndi.

Trampın təhriki ilə baş tutan bu hadisə ABŞ-ın siyasi dairələrinin böyük narazılığına səbəb oldu. Sabiq prezidentlər - Barak Obama, Corc Buş, Bill Klinton və Cimmi Karter baş verən hadisəni kəskin qınayaraq olaylara görə Trampın məsuliyyət daşıdığını bəyan etdilər. Tvitter, Fyesbuk və İnstaqram kimi əsas sosial şəbəkələr Trampın hesablarını və səhifələrinin fəaliyyətini dondurmaq məcburiyyətində qaldılar. Əksər dünya liderləri baş verənlərdən narahatlıqlarını ifadə edərək demokratiyaya qarşı hücumları pislədilər. BMT-nin Baş katibi Antonio Qutyerreş, NATO-nun Baş katibi Yens Stoltenberq, Fransanın prezidenti Emanuel Makron, Böyük Britaniyanın Baş naziri Boris Conson, Yaponiyanın Baş naziri Katsunobu Kato, Hindistanın Baş naziri Narendra Modi, Almaniyanın Xarici İşlər naziri Hayko Maas və İsrailin Xarici İşlər naziri Qabi Aşkenazi ABŞ demokartiyasının qalib gələcəyinə inamlarını ifadə etməklə, səsvermənin nəticəsindən narazı qalanları seçicilərin iradəsilə hesablaşmağa çağırdılar. Çin Vaşinqtonda baş verənlərə görə ABŞ-dakı vətəndaşlarına ehtiyatlı davranmaqla bağlı xəbərdarlıq etdi. Rusiyanın BMT-dəki nümayəndəsinin müavini Dmitri Polyanski isə Tvitter üzərindən yaydığı açıqlamada Vaşinqtondan yayılan görüntülərin Maydan olaylarını xatırlatdığını bildirdi. Ümumiyyətlə, Rusiyanın bir sıra siyasətçiləri bu olaydan istifadə edərək ABŞ-da demokratiyanı şübhə altına almağa çalışdılar.

Seçkinin nəticəsindən narazı qalan kütlənin Trampın təhrikilə Konqres binasına hücum etməsi onun mövqelərini daha da sarsıtdı. Trampın səlahiyyətlərinin başa çatmasına iki həftədən az vaxt qalsa da, bir çox məmurlar onunla əlaqələrini kəsməyə üstünlük verirlər. Konqres binasına edilən hücumdan sonra prezidentin milli təhlükəsizlik məsələləri üzrə köməkçisinin müavini Mett Pottindcer başda olmaqla bir neçə şəxs istefa verib. İstefa verənlər arasında birinci xanımın aparatının rəhbəri Stefani Qrişem də var.

Konqres binasının Trampın təhrikilə hərəkət edən kütlə tərəfindən tutulmasından sonra Respublikaçılar Partiyasının nüfuzlu liderləri də prezidenti sərt tənqid edərək baş verənlərə görə məsuliyyəti onun üzərinə qoyublar. Respubliakçılar Partiyasının liderlərindən biri Liz Çeyni Trampı kütləni təhrik etməkdə günahlandıraraq baş verənlərə görə məsuliyyəti prezidentin üzərinə qoyub. Respublikaçı senator Tom Kotton Trampı seçkinin nəticələrilə barışmağa və kütləni təhrik etməməyə çağırıb. Respublikaçılar Partiyasının Senatdakı lideri Mitç Makkonnel baş verənləri ABŞ demokratiyasının sarsıdılmasına yönəlmiş addım kimi qiymətləndirib və bunu edənlərin məqsədlərinə çatmadıqlarını bildirib. Təxminən oxşar mövqeni vitse-prezident Mayk Pens də sərgiləyib. Vitse-prezident bəyan edib ki, Kapitolidə xaos yaradanlar qələbə qazana bilmədilər.

ABŞ tarixində 200 illik bir müddətdən sonra Konqres binasının kütlə tərəfindən zəbt edilməsi prezident Donald Trampın siyasi məğlubiyyəti kimi də qəbul oluna bilər. Çünki bu olaydan sonra prezidentin seçki ilə bağlı mövqeyini az-çox müdafiə edənlər də ondan uzaq durmağa çalışırlar. Bunun nəticəsidir ki, vitse-prezident Mayk Pensin rəhbərliyi, Respublikaçılar Partiyasının Konqresdə təmsilçilərinin yaxından iştirakı ilə qanunverici orqan 3 noyabr seçkisinin nəticələrini qısa müddət ərzində təsdiqləyərək, Co Baydeni ABŞ-ın yeni prezidenti, Kəmala Harrisi isə yeni vitse-prezidenti elan etdi. Bununla da Trampın seçkidəki məğlubiyyəti tam rəsmiləşdi. Konqresin bu qərarından sonra Tramp hakimiyyəti təhvil verəcəyini açıqlasa da, məğlubiyyətini etiraf etməkdən yenə boyun qaçırıb. Prezident mübarizənin indi başladığını elan etməkdən də çəkinməyib. 

Trampın məğlubiyyətinin rəsmiləşməsindən əlavə, Demokratlar Partiyası Konqresin aşağı palatası ilə yanaşı, yuxarı palatasında da üstünlük əldə ediblər. Konqresin Nümayəndələr Palatasında Demokratlar Partiyasının üstünlük əldə etməsi noyabrın 3-də məlum idisə, Senatdakı qüvvələr nisbəti yalnız indi məlum olur. Corcia ştatında Senata keçirilən təkrar seçkini Demokratlar Partiyasının namizədləri olan Ossoff və Rafael Vornok qazanıblar. Bu, Demokratlar Partiyasının Corcia ştatında son 15 ildə ilk qələbəsidir. Bununla da Senatda qüvvələr nisbəti bərabərləşib. İndi Senatda hər iki partiyanın 50 yeri var. Ancaq Senata vitse-prezidentin sədrlik etdiyini nəzərə alanda qüvvələr nisbətinin Demokratlar Partiyasının xeyrinə kiçik üstünklə dəyişdiyi məlum olur.

Trampın 4 illik hakimiyyəti Respublikaçılar Partiyasının ciddi məğlubiyyətinə səbəb oldu. İndi təhlilçilər Trampın məğlubiyyətinin və Konqresə edilən hücumun Respublikaçılar Partiyasına necə təsir edəcəyini düşünürlər.

Bütün dünyada ekspertləri düşündürən əsas sual isə Trampın məğlubiyyətinin trampçılığın sonu olub-olmayacağı ilə bağlıdır. Bu suala növbəti yazıda aydınlıq gətirməyə çalışacağıq.

 





10.01.2021    çap et  çap et