525.Az

"Bütün işlərin icrası təkcə bu ilin işi deyil" - Eldəniz Əmirov


 

"Bütün işlərin icrası təkcə bu ilin işi deyil" - <b style="color:red">Eldəniz Əmirov</b>

2021-ci ildə işğaldan azad edilmiş rayonlarımızda görüləcək işlər üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsait yetərincə böyük məbləğdir.

Bunu 525-ə açıqlamasında SOCAR əməkdaşı, iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

Ekspertin sözlərinə görə, çünki onsuz da 100 milyard manat vəsait ayrılsa belə bir ildə bu məbləğin verdiyi imkanlar daxilində iş görmək praktik olaraq mümkün deyildir. O ərazilərdə işlər plan üzrə, müəyyən ardıcıllıqlarla ən azı altı – yeddi il ərzində davam etdiriləcəkdir. Buna görə də bir il üçün ayrılmış 2.2 milyard manatlıq vəsait yetərli olacaq.

E.Əmirov qeyd edib ki, sonrakı illərdə isə bu vəsaitin illik həcminin artırılmasına ehtiyac yaranacaq. Çünki, bu il ərazilərdən hələ də qalmış erməni silahlı qruplarının çıxarılması, sərhədlərin rəsmiləşdirilməsi və digər proseslər hələ bir neçə ay davam edəcək. Bu isə həmin ərazilərdə işlərin görülməsini ləngidəcək. Eyni zamanda ilkin mərhələ daha çox “təmizlik” xarakterli işləri tələb etdiyindən bu sonrakı quruculuq işlərinin həyata keçiriləcəyi illərdən daha az vəsait tələb edir:

“Belə ki ilkin mərhələdə artıq başlamış minaların təmizlənmə işlərinin daha sürətli və keyfiyyətli aparılması işlərini icra etmək lazımdır. Daha sonra sərhədlərin möhkəmləndirilməsi məsələlərinə baxmaq, təkcə Ermənistanla deyil yeni nəzarətimizə keçən cənub sərhədlərimizin möhkəmləndirilməsi üçün maddi-texniki bazanın gücləndirilməsi lazımdır. Bu işlərlə parallel olaraq əsas kommunal infrastrukturun yenidən qurulmasının geniş planları hazırlanıb icraya başlanılmalıdır. Ona görə bərpa yox, yenidən qurma deyirəm ki, bu gün vəsait ayrılıb bərpa edilən infrastruktur, 10 il sonrakı mürəkkəb layihələrin icrasına imkan verməyəcək”.

İqtisadçı hesab edir ki, buna görə də ilkin infrastruktur layihələri həyata keçirilərkən, mütləq uzunmüddətli dövr üçün nəzərdə tutulmalıdır. Bunun üçün isə əvvəlcə bütöv ərazilərin yenidən qurulmasının kompleks planı olmalıdır və bu plan 2070-ci ilə qədər olan dövrü əhatə etməlidir. Yəni o ərazilərin 50 illik planı hazırlanmalı və yalnız bundan sonra infrastruktur layihələrinin konsepsiyası hazırlanmalıdır. Bura yolların salınması, elektrik, qaz və su xətlərinin çəkilməsi aiddir. Bu 4 istiqamət üzrə icra edilən layihələrin istifadə müddəti uzun dövrü – 50 illik bir müddəti əhatə etməlidir.

E.Əmirov vurğulayıb ki, infrastruktur layihələri həyata keçirilərkən diqqət edilməli olan ən vacib məsələlərdən biri yaşayış məntəqlərinin salınması ilə bağlıdır. Hazırda demək olar ki bütün bu məntəqələr tam dağıdılmış vəziyyətdədir və onların yenidən salınmasına ehtiyac var:
 
“Bütün bu bu işlərin icrası təkcə bu ilin işi deyil. Qarşıdakı illərdə bu iş görülsə belə, amma bu gün onun planı qurulmalıdır ki, yuxarıda qeyd etdiyim 4 infrastruktur layihələri bu plana uyğun icra edilsin. Ən vacib isə bu yaşayış məntəqlərinin müharibədən əvvəlki formada deyil, daha kompleks olaraq salınmasıdır. Məsələn, elə ərazilərimiz var ki, orada 10 kəndi, elə coğrafi məkan var ki, orda hətta 20-25 kəndi bir böyük kompleks yaşayış məskəni daxilində yerləşdirmək olar. Bəzi hallarda isə bunu daha böyük komplekslər şəklində icra edilməlidir. Yaşayış məntələrinin kompleks salınmasının üstünlüklərinə gəldikdə isə istənilən qədər üstün tərəflərini göstərmək olar. Məsələn, 20 istiqamətin hər birində 20-30 km uzunluğundan (bəzən daha çox) yolların çəkilməsi toplam olaraq 400-500 km yolun çəkilməsi deməkdir. Bunları bir məntəqədə birləşdirməklə görün neçə km yolların salınmasından xilas oluruq. Bunu su, qaz və elektirik layihələrinin icrasına da aid etsək, səmərə daha 4 dəfə artmış olur. İş bunulada bitmir, hələ işlər tamalandıqdan sonra illər boyu bu komunal infrastuktur xətlərinə xidmət edilmədir. Kompleksləşdirilmiş yaşayış məntəqələriin salınması bizi min kilometrlərlə belə xətlərə xidmətdən də bizi azad edir. Bu təkcə fiziki əmək deyil, həmdə hər il milyonlarla vəsait tələb edir”.

Ekspertin fikrincə, üstünlüklər bununla bitmir. İş yerlərinin salınmasında, müəssisələrin yaradılmasında, təsərrüfat üçün əlavə torpaqların əldə edilməsində, təhsil müəssisələrin kompleks bir məkanda təşkil edilməsində və digər kifayət qədər üstünlükləri vardı. Buna görə də infrastruktur işlərinin hər bir mərhələsində bu amil mütləq nəzərə alınmalıdır.

 

 





11.01.2021    çap et  çap et