525.Az

Acı taleli qız - Telman Orucovun yazısı


 

Acı taleli qız - <b style="color:red">Telman Orucovun yazısı</b>

(Əvvəli 26 dekabr 2020-ci il sayımızda)

Onu daha çox əsəbiləşdirən isə küt, biliyə heç bir həvəsi olmayan tələbələr idi. Onlar yaxşı oxuyanlara, çalışqan tələbələrə pis vərdişin daşıyıcıları kimi baxırdılar. Südabə xanım bütün tələbələrini biliklərə yiyələnməyə çağırırdı və qeyd edirdi ki, bilik Allaha məxsusdur. Daim vətənpərvərlikdən, vətənə sevgidən dəm vuranlar ancaq öz dövlətinin layiqli vətəndaşları olmaları naminə heç bir cəhddə bulunmurlar. Onlar, dünya ədəbiyyatına və rusların "qızıl dövr" adlanan XIX əsr poeziyasına və nəsrinə olan müraciətləri süngü ilə qarşılayır, bunu milli hisslərə zərbə kimi qiymətləndirirdilər. Kvazivətənpərvərlik isə həqiqi vətənpərvərliyə əks olmaqla, onu kölgədə qoyur. Onlar milli ədəbiyyatımızı üfürüb şişirdilən hava şarlarına, dirijabllara çevirmək istəyirlər. Qədim və zəngin milli ədəbiyyatımıza yaxşı bələd olmadıqları halda, mübahisəyə girişir, özlərinin primitiv mövqeyini həqiqətin sonuncu həddi kimi qələmə verməyə çalışırlar.

Südabə xanım izah edirdi ki, biz layiq olanlarla fəxr etməliyik, aşağı səviyyəli əsərləri isə etalon səviyyəsinə qaldırmamalıyıq. Bizim şairlərin yaradıcılığı Avropada da populyarlıq qazana bilmişdi, hətta onun nümunələrinin oğurlanması faktları da vardır. Məsələn, Tiflisdə şagirdi olmuş alman Bodenşted Mirzə Şəfi Vazehə həcv şəklində məqalə həsr etdiyi halda, onun şeirlərinin Almaniyada çap etdirdikdən sonra çox yaxşı qarşılandığını görüb, oğurluq edərək, sonrakı nəşrlərində onları öz adına çıxmışdı.

Nizamidən sonrakı yeddi əsr ərzində ədəbiyyatımız poeziya hesabına şöhrət tapmışdı, nəsrimiz isə XIX əsrdən başlayaraq inkişaf etmişdi. Bu, ümumən Şərqə xas olan bir əlamətdir ki, poeziya daim üstün mövqedə olmuşdur və şairlər böyük nüfuz sahiblərinə çevrilmişdilər. Ümumiyyətlə, təhsildə mühafizəkarlıqdan qaçmaq lazımdır, ədəbi irsə də tənqidi yanaşmalıyıq.

O, tələbələrinə deyirdi ki, siz dünya ədəbiyyatı nümunələrindən faydalansanız, milli ədəbiyyatı daha sox sevər və anlayarsınız. Primitivliyi isə göylərə qaldırmağa ehtiyac yoxdur. Bir küt tələbəni bu sözlər çox əsəbiləşdirdi, o, yerindən qalxıb dedi ki, bizim təkcə üç Süleymanımızın yazdıqları sizin təriflədiyiniz ingilis, bəlkə də, bütün dünya ədəbiyyatına dəyər. Sizə bunları demək artıqdır. Axı siz onları tanımırsınız.

Südabə xanım gülümsünüb, dedi:

- Yəqin, siz Süleyman Sani Axundovu, Süleyman Rəhimovu və Süleyman Rüstəmi nəzərdə tutursunuz. Onlar müəyyən xidmətləri olan yazıçılardır, lakin klassikliyə onları yüksəltmək, xatirələrinə yalnız pis hörmət nişanəsi ola bilər. İstər "Qaraca qız", istər "Ağbulaq dağlarında" əsərləri, istərsə də "Ana və poçtalyon" şeiri bizim ədəbiyyatımızın inciləri hesab olunsalar, biz öz mədəniyyətimiz barədə xoşa gəlməyən rəy yarada bilərik. Sizə görə onlara bənzəyənləri tapmaq, yəqin ki, çətindir. Guya ki, onların hər səhifəsi, bütün yer nemətlərindən də yuxarıdır, hər bir sətirində bir geniş üfüq açılır.

Tələbə qeyzlə dedi:

- İstehzanızı sevdiyiniz ingilislərə saxlayın. Bizim böyük yazıçılarımızı dərk etmək üçün, onlara yuxarıdan aşağı baxanlar bir nəfər kimi universitet auditoriyalarından uzaqlaşdırılmalıdır, bizim ədəbiyyatımızın saf sulu bulağını çirkab arxlarından aşağı tutanlar, öz yanğılarını da o çirkab suyu ilə yatızdırmalıdırlar.

Südabə Səfərli:

- Nə eybi var, biz gedərik, cəhaləti təbliğ edənlər gələr və siz də razı qalarsınız. Ancaq bundan millətin faydası nə olacaqdır, mən bilmirəm. Çünki proqnoz vermək müşkül məsələdir. Bircə onu deyə bilərəm ki, elmə, biliyə bəzilərinin cahil münasibətinin özü də müvəqqəti hal xarakteri daşıyır. Bu da ötüb, keçəcəkdir, bütünlükdə bəşəriyyət ona ümid bəsləyir ki, ağılsızlıqlara qarşı gedən mübarizədə elm hökmən qələbə çalacaqdır.

Zəng professorla mübahisə edən tələbə arasında dialoqa son qoydu.

Südabə xanım özünə qapılanda, ağır suallar ona əziyyət verirdi. O, xoşbəxtdirmi? Bu suala birmənalı cavab vermək onun üçün çətin idi. O, artıq elmlər namizədi, dosent olanda, 28 yaşında ailə qurmuşdu, ölkədə tanınan inşaatçı mühənis Hüseyn müəllimə ərə getmişdi. Onlar bir məclisdə tanış olmuş, tanışlıq dostluğa çevrilmiş, daha hərarətli münasibət yarandıqda, nikahları baş tutmuşdu. Hüseyn müəllim Leninqradda təhsil almışdı, tikinti nazirliklərində yüksək vəzifələr tutmuşdu. Müstəqillik dövründə tikinti-quraşdırma işləri özəl şirkətlərə keçdiyindən Hüseyn müəllim bu şirkətlərdə bir qədər işlədikdən sonra Arxitektura Komitəsində şöbə rəisi təyin olunmuşdu.

Südabə xanım şəhərdəki tikinti-abadlıq işlərində baş verən qaydasızlıqlara görə, arxitektorları, öz ərini də tənqid edərək deyirdi ki, yaxşı ki, Parisin, Vyananın və Venetsiyanın tikinti-abadlıq işlərini sizin kimilərə tapşırmayıblar, yoxsa həmin şəhərlərin monumental abidələrinin heyranedici gözəlliklərinə də ağır zərbə dəyərdi.

Onlar evlənəndə əri altı yaş ondan böyük idi, bu, Napoleonla Jozefinanın nikahı vaxtlarındakı yaş fərqinə bərabər idi, Jozefina gələcək məşhur ərindən altı yaş böyük idi. Ona görə də Hüseyn müəllimə zarafatla "şalvar geyinən Jozefina" deyirdi və əri də bu zarafatdan incimirdi.

Hüseyn müəllim isə arvadına, o, ağ sifətli olduğuna, dərisinin bəyaz rənginə görə Qalateya deyirdi, bu söz yunanca "süd kimi ağ" mənasını verir. Qalaktika, Qalatasaray və Qalata körpüsü də bu sözdən yaranmışdı, arvadının adını bildirən sözün kökü də buna uyğun gəlirdi. Əsas səbəb isə Piqmalionun ağ mərmərdən yaratdığı Qalateya heykəli idi. Heykəltəraş öz tişəsindən çıxan əsərə necə vurulmuşdusa, allahlardan ona nəfəs verməyi xahiş etmişdi. Qalateya canlı qıza çevrildi və Piqmalion öz məhəbbətinə qovuşmaq arzusuna nail oldu.

Hüseynlə Südabənin övladı yox idi. Toylarından üç il sonra Südabə xanımın döşündə süd vəzində qorxulu bəd şiş əmələ gəlmişdi, vaxtında müalicəsinin üstünə düşülmədiyindən, elmi işlə gərgin məşğul olması səhhətinə adi bir qayğı göstərməsini də yaddan çıxarmışdı, şişin götürülməsi, uşaqlığın da çıxarılması ilə müşayiət olunacaqdı və bu əməliyyat ağır xərc hesabına başa gəlməli idi. Gənc ailə ağır problemlə üzləşməli olmuşdu, elə bir çıxış yolu da yox idi. Birdən Hüseynin yadına ölkədəki böyük nüfuza malik olan mühüm iş adamı düşdü. O, hüquq elmləri doktoru, professor idi, hamı onu bu adla tanıyırdı. Hüseyn tələbə vaxtı onunla Leninqradda tanış olmuşdu. Həmin vaxt o, oradakı məşhur dövlət universitetinin hüquq fakültəsində oxuyurdu. Azərbaycanlı tələbələr onun haqqında xoş sözlər danışırdılar, yaxşı oxuduğunu, güləşlə məşğul olduğunu deyirdilər, daha çox isə vətənpərvərliyini və səmimi olmasını tərifləyirdilər.

Hüseyn onunla bir neçə dəfə görüşmüşdü, lakin tanışlıq dostluğa çevrilməmişdi. Deyirdilər ki, o, öz yerlilərindən başqa, əslən Leninqraddan olan tələbələrlə də dostluq edir. Bir qrup yoldaşı ilə isə idman məşqlərində daha da yaxınlaşmış, onların arasında sıx dostluq yaranmışdı. Universiteti bitirdikdən sonra aspiranturaya daxil olmuş, namizədlik dissertasiyası müdafiə etmiş, sonra elmlər doktoru və professor titulunu da qazanmışdı. Leninqradlı yaxın dostu isə siyasi fəaliyyətlə məşğul olmuş, qısa müddətdə Sankt-Peterburq meriyasında rəhbər işə irəli çəkilmişdi. Sonra fəaliyyətini Rusiya Federasiyası hökumətində mühüm vəzifələr tutmaqla davam etdirmiş, karyera pilləsi ilə zirvələrə yüksəlməyi bacarmışdı. Onun da köməkliyi ilə, birinci növbədə isə öz qabiliyyəti ilə professor Rusiyada uğurlu biznes qura bilmişdi. Qısa müddətdə böyük var-dövlətə sahib olmuşdu, doğma respublikasındakı bəzi varlı adamlardan fərqli olaraq o, qazandığı sərvəti vəzifə hesabına, rüşvət almaq nəticəsində deyil, qanuni sahibkarlıq yolu ilə əldə etmişdi. Azərbaycanda isə yalnız xeyriyyəçiliklə məşğul olurdu, ona müraciət edənlərə mümkün olduğu qədər kömək əlini uzadırdı. Bütün xərcləri öz üzərinə götürərək, bir yaşlı ziyalını Almaniyada əməliyyat etdirməklə, onu ölümün pəncəsindən qurtara bilmişdi. Bu qaydadakı xilaskar rolunu dəfələrlə oynamışdı.

Hüseyn arvadının səhhəti ilə əlaqədar çətinliyə düşəndə çıxış yolu tapa bilmədiyindən, nəhayət, professora müraciət etməyi qərara aldı, lakin Südabəyə bu barədə heç nə demədi. Özü kimi keçmiş kasıb tələbə indi böyük imkanlara və təsir göstərmək gücünə malik idi. Lakin tərəddüd edirdi, düşünürdü ki, bəlkə heç yadında da qalmamışam. Nəhayət, onun şəhərin mərkəzindəki sadə görkəmli ofisinə gəldi. Əvvəllər mühüm vəzifələrdə işləmiş köməkçi onu gülərüzlə salamladı. Professor isə Hüseyni sadəcə tanıdığı adam kimi deyil, yaxın bir dostu kimi qarşıladı. Onun bura gəlməsinə görə özünü qınaması da artıq arxada qalmışdı. Professor Leninqradı, bəyaz gecələri, Peterqof fəvvarələrini yada saldı, son vaxtlar Ermitajda bir daha olduğunu söylədi. Sonra Hüseyn müəllimin vəziyyəti ilə maraqlandı.  Hüseyn isə çəkinmədən onun yanına iri xahişlə gəldiyini bildirdi və düşdüyü çətinliyi ona çatdırdı.

Professordan öz böyük təəccübünə səbəb olan bir cavab aldı, o, belə bir fikir irəli sürdü ki, Moskvada Onkologiya mərkəzində əməliyyat aparılması daha yaxşı olardı, lakin uçuşla bağlı xəstəliyin mürəkkəbləşməsi təhlükəsini nəzərə alaraq, əməliyyat burada da aparıla bilər. Əlavə etdi ki, mən Moskvadan buraya ən yaxşı mütəxəssisləri dəvət edə bilərəm. Bütün xərcləri isə mən öz üzərimə götürürəm Yaxşı ki, mənə müraciət etmisən, çətin anda biz bir-birimizə kömək etməli, dayaq olmalıyıq.

Hüseyn müəllim çaş-baş qalmışdı, ona münasibətdə professor alicənablığın əsl zirvəsində olduğunu nümayiş etdirdi. Həm də o, çox səmimi idi, ağılasığmayan mehribanlıq göstərirdi. Ona görə də minnətdarlıq etməyə də söz tapmırdı. Professor onu qabaqladı, dedi ki, əməliyyat uğurlu keçdikdən sonra xanımınla səni öz restoranıma qonaq dəvət edəcəyəm.

Hüseyn müəllim evə qayıdanda onun sifətindən sevinc yağırdı, Südabə heç nə başa düşmürdü. Əri ona bugünkü görüşü bütün təfərrüatı ilə danışdı. Bunları eşitdikdən sonra arvadının qarşıdakı əməliyyatdan qorxusi xeyli azaldı və ürəyində bu böyük mərhəmət sahibinə minnətdarlıq etməyə başladı.

Professor öz vədlərinə artıqlaması ilə əməl etdi. Moskvadan dəvət olunmuş cərrahların Bakıda qalmalarının və əməliyyatın bütün xərclərini ödədi. Qonaqlar evlərinə yaxşı sovqatla yola salındılar. Bu alicənab insanın köməyi ilə Südabə xanım xərçəngin caynaqlarından xilas oldu. 

Əməliyyatdan sonra bu gənc ər-arvadın övlad sahibi olmaq istəkləri yalnız arzu şəklində qala bildi. Onlar Hüseyn müəllimin qohumlarından birinin uşağını götürüb saxlamaq istəsələr də, hali olduqları özgə ailələrin bu sahədəki mənfi təcrübəsi onları həmin fikirdən çəkindirmişdi.

 Ailə daxilindəki münasibətlərə gəldikdə, Südabə ərindən razı idi, o, yumşaq xasiyyətli adam idi, mübahisə etməyi sevmirdi, aralarında kiçik narazılıq baş verəndə də, hətta mərhəmətli qaydada günahı öz üzərinə götürürdü və söz-söhbət də yoxa çıxırdı.

Südabə xanımın zəif cəhəti onun qısqanc olması idi. Bəlkə də, bu, onun zəhmətə həddən artıq özünü həsr etməsindən irəli gəlirdi, tanınmış mütəxəssisə çevrilmə asan başa gəlmirdi, çoxlu işləmək, ağır zəhmətə qatlaşmaq lazım gəlirdi. Ona görə də, o, çox vaxt evdə tək qalırdı, bəzən hətta çox məşğul olduğuna görə ad günlərinə də əri ilə birgə getməkdən imtina etməli olurdu.

(Ardı var)

 





11.01.2021    çap et  çap et