525.Az

Şəhid qanı - Barat Vüsalın şeirləri


 

Şəhid qanı - <b style="color:red">Barat Vüsalın şeirləri </b>

Şəfqət bacısı

Vətən müharibəsinin ilk və
yeganə qadın şəhidi, şəfqət bacısı
Arəstə xanımın xatirəsinə

Əsgər yarasını sarıyan zaman,
Yurdun yarasını sarıyır, sandı.
Yaralı əsgərə verdi dərmanı,
Özünə gələndə qızırğalandı.

Kömək olunmalı hər bir əsgərə,
Can da vermək gərək candan, görürdü.
Səngərdə təcili qan lazım olsa,
Çəkib damarından qan da verirdi.

Təkcə bir kişinin qızı deyildi,
O məhəbbət qızı, o ülfət qızı.
Hayına yetirdi döyüşçülərin,
Şəfqət bacısıydı... şəfqət bacısı!

Evə zəng edirdi, orda da gərək,şə
İşlər ürək açsın, yerbəyer olsun.
Şuşanı almağa tələsirmiştək,
Tələsirdi... dərhal əsgər sağalsın!

Ən böyük dərdi də, əziyyəti də,
Hazırdı tək çəksin...yansa da bağrı.
İşıq sözalanda cəbhə xəttində,
Köməyə çatırdı üzünün nuru?!

Arxada qalanlar arxaydı ona,
Oğul sözü idi, sözü Vətənə!
Anası baxırdı uşaqlarına,
Baxmağa gəlmişdi özü - Vətənə!

Döndü basılmayan yurd əsgərinə,
Deməyin nə işi qızın gülləylə?
Sonda xilas etdi bir əsgəri də,
Köksünə vurulan qızıl gülləylə!

Kişi heykəli

Bir şəhid anası təkbaşına böyütdüyü, Vətən müharibəsində həlak olmuş yeganə oğlu üçün dövlətimizin verdiyi 10000 manat pulu Ordumuza hədiyyə etdiyini bildirdi.

Ana budur, bu Ana!
Yeganə oğlu şəhid,
Yurdun ordusu Ana!

Ana budur, bu Ana!
Ağ saçları da silah,
Döyüş süngüsü Ana!

Ana budur, bu Ana!
Qaranlıq gecələri
Nurlu, çıraqban edən,
Günüm-gündüzüm Ana!

Ana budur, bu Ana!
Vətənin baharını
Saralmağa qoymayan,
Ömrün payızı Ana!
Bu dağın qızı Ana,
Bu daşın qızı Ana!
Mərd oğullar yetirən
Bu kişi qızı Ana!

Ana budur, bu Ana!
Anaların Anası.
Bizi Vətən, Yurd edən,
Bir ovuc torpaq edən
Allahın özü Ana!
Bayrağın özü Ana!

Ana budur, bu Ana!
Özü də, balası da
Ancaq Haqqa can verən,
Ancaq Haqqı qoruyan.
Vətəndən, Yurddan ötrü
Qələbə hardadırsa,
Ona doğru yürüyən!

Ana budur, bu Ana!
Xudafərin adında
Vətən körpüsü Ana!
Azərbaycan adlanan
Qədim bir məmləkətin
Başında öz papağı,
Öz baş örtüsü Ana!

Ana budur, bu Ana!
Tükənməyən, bitməyən,
Silah-sursat anbarı!
Özü kimi on milyon
Mərd kişilər heykəli,
Mərd analar diyarı!

Ana budur, bu Ana!
Töküb göz yaşlarını,
Təzə qırma düzəldən!
Qara yas paltarından
Varıb toya gedəndə
Gözlərinə çəkməyə
Təzə sürmə düzəldən!

Ana budur, bu Ana!
Çörək Ana, su Ana!
Qurban olum mən Ona!
Belə anası olan
Yaşayar əsrlərlə,
Çörəksiz-susuz qalmaz.
Belə Ana hər zaman
Yaşar ömrü uzunu,
İtirsə də, oğlunu,
Oxşar oğul boyunu,
Heç vaxt oğulsuz qalmaz!

Şəhid qanı

Öndə yolun axırı,
Axarı da dayanır.
Ömrün-günün gəliri,
Çıxarı da dayanır.

Həqiqətin üstündə,
Ver qiyməti düzgün sən.
Od-ocaq da, tüstü də,
Buxarı da dayanır.

Şəhidliyi bacarsan,
Anla, bir yox, min cansan.
Şəhid qanı imandan,
Yuxarıda dayanır!

Kəlmeyi-şəhadət

Qılıncını dağların hər daşına çəkmişdi,
Döyüşdə Mübariztək qardaşına çəkmişdi.
Düşmənin al qanını öz başına çəkmişdi,
O, içdikcə içirdi!

Xətir ana Vətənin əziz olan xətridi,
Ətir "Xarıbülbül"ün ərzi saran ətridi.
Fərman budur, qərar bu: "Bu can nədən ötrüdü?"
"Vətən... Vətən üçündü!"

Canını döyüşlərin odundan çıxarmadı,
Çiynini ağır yükün altından çıxarmadı.
Yurdun bir dərdini də yadından çıxarmadı,
Uçum-uçum uçundu...

Elə bil ki, min illik döyüş yolu keçmişdi,
Hər yerdən əli boş yox, əli dolu keçmişdi.
Aya doğru keçmişdi, Günə doğru keçmişdi,
Qanadlanıb uçurdu!

Hər addımda haraya, haya yetirtək getdi,
Hər döyüşə bayrama, toya gedirtək getdi.
Gözünü qıya-qıya, barmaq tətikdə getdi,
Güllə kimi açıldı!

Son döyüşdə o əsgər sehrtək pıçıldadı,
Önündə bir afətin sevirtək pıçıldadı.
Kəlmeyi-şəhadətin deyirtək pıçıldadı:
"Şu-şa!" - deyib keçindi!?

Kök

Qız kimi boynunu bükməsin daha,
Düşmənin qanını töksə, yaxşıdır.
Oğul dayısına çəkməsin daha,
Oğul atasına çəksə, yaxşıdır,
Yaxşı ki, bu millət kökünə çəkdi!

Bir tarixmi çatar heç bu tarixə,
Yanaş ona - Haqqa yanaşır kimi!
Qarabağ savaşı düşdü tarixə,
Kökün köksüzlərlə savaşı kimi,
Yaxşı ki, bu millət kökünə çəkdi!

Millət dərdi döysə, o dərd dərddimi,
Kimdi çəkən, başdan əkirlər onu.
Niyə Çinar belə əzəmətlidi,
Çünki yer təkində kökü var onun,
Yaxşı ki, bu millət kökünə çəkdi!

Qaldı, sadiq qaldı getdiyi yola,
Bir qoca karvandı, tutdu yükünü.
Bir az calansa da it sümüyünə,
Şükür, unutmadı saf sümüyünü,
Yaxşı ki, bu millət kökünə çəkdi!

Özünün səsinə özü səs verdi,
Çatdı, özü çatdı öz sədasına!
Tarixlər boyunca olduğu kimi,
Çəkdi öz əcdadı-öz dədəsinə,
Yaxşı ki, bu millət kökünə çəkdi!

Südü çürümədi yaxşı ki, tamam,
Min yol zədələndi,
Kökü sağ qaldı.
Kiçiklər əliylə kiçildilsə də,
Böyüdü, bu Vətən, bu torpaq qaldı,
Yaxşı ki, bu millət kökünə çəkdi!

Yağdı oğlu, qızı qar istəyəndə,
Ələndi qar kimi, ələndi, getdi.
Ölüb yaşamasa, yaşaya bilmir,
Sanki yaşamağa öləndə getdi...
Yaxşı ki, bu millət kökünə çəkdi!

Sancdı, bayrağını bağrıma sancdı,
Sancırtək ilk dəfə Qız qalasına!
Yeni Koroğlusu, təzə Babəki,
Döndü Çənlibelə, Bəzz qalasına!
Yaxşı ki, bu millət kökünə çəkdi!

Min yol adı üçün candan keçibdi,
Tarixdən aldığı quru "sağ ol"du.
Ancaq döyüşəndə, yaralananda,
Yarası Vətənin, yurdun sağaldı...
Yaxşı ki, bu millət kökünə çəkdi!

Axı, tapdamışdı kimin haqqını,
Kimə neynəmişdi, kimə, bu millət?!
Özündən getsə də, özünə gəldi,
Yaxşı ki, deyirəm yenə bu millət!
Yaxşı ki, bu millət kökünə çəkdi!

Lalə məzarlığı

Gedib Qarabağı onlar aldılar,
Canı yurda, elə qurban etdilər.
Şəhid olmadılar şəhid oğullar,
Qarabağda yaşamağa getdilər!

O biri dünyaya köçməyibdilər,
Hər birindən bir nur,
Bir işıq qalıb.
Burda ömürləri yarımçıq deyil,
Burda əkinləri yarımçıq qalıb.

Tutub əllərindən balalarının,
Hazırlaşır "Xarı bülbül" deməyə.
Gedəmməz hər oğul... torpaq altda da,
Yarı gül, yarı da bülbül dərməyə!

Onlar sahib çıxdı yurd yerlərinə,
Onları bu ruhdu, eşqdi yaşadan.
Dayanıb əl edir biri-birinə,
Biri Cəbrayıldan, biri Şuşadan!

Gedirlər at üstə çapırmış kimi,
Aşır iş-gücləri başlarından, bax.
Vətən bayrağından öpürmüş kimi,
Öpürlər Vətənin daşlarından, bax!

Tapırlar, qoyurlar ayağı üstə,
Od üstdən odlara qalanmış kəndi.
Onların evləri dağılmış şəhər,
Onların villası talanmış kənddir.

Bir an boş vaxtları yoxdu, görərsən,
Əbədi əkində, biçindədirlər.
Burda - al geyinmiş məzarlarında,
Orda - lalələrin içindədirlər!

Qazi, sənə eşq olsun!

Yarı canın Şuşada,
Yarı Laçında qaldı.
Sevin ki, Cəbrayılda
Sənin qıçın da qaldı,
Qazi, sənə eşq olsun!

Haqqın var himnimizi
Oxu, oxut, Vətənsən.
Sən daha Vətən yurdsan,
Sən daha Yurd vətənsən,
Qazi, sənə eşq olsun!

Çox istər ki, dayansın
Zirvə sənnən yanaşı.
Sənə daim həyatda
Qələbələr yaraşır,
Qazi, sənə eşq olsun!

Bəlkə bu torpaq, bu yurd,
Ellik sənə söykənib.
Bəlkə sən çəliyə yox,
Çəlik sənə söykənib,
Qazi, sənə eşq olsun!

Sən piyada halında,
Bu yurdun süvarisi.
Boş ulartı deyilmiş,
Boz qurdun ulartısı...
Qazi, sənə eşq olsun!

Sabah lazım gələrsə,
Haraya gələsisən.
O biri qıçını da
Yurduna verəsisən,
Qazi, sənə eşq olsun!

 





11.01.2021    çap et  çap et