525.Az

Qələbə ovqatı ilə Nizami ziyarəti


 

"NİZAMİ GƏNCƏVİ İLİ"NİN İLK TƏDBİRİ DAHİ ŞAİRİN DOĞMA YURDUNDA, HƏRBÇİLƏRİMİZLƏ KEÇİRİLDİ

Qələbə ovqatı ilə Nizami ziyarəti<b style="color:red"></b>

Prezident İlham Əliyevin sərəncamı ilə 2021-ci ilin "Nizami Gəncəvi ili" elan edilməsi zəfər sevinci yaşayan və əməllərində dahi mütəfəkkirin ümumbəşəri ideyalarına sadiq millətimizdə  böyük ruh yüksəkliyi və qürur hissləri yaradıb.

Vətən müharibəsindəki tarixi zəfərimizlə səsləşən "Nizami ili"nin ilk tədbirinin də dahi şairimizin doğma yurdunda hərbçilərimizin iştirakı ilə keçirilməsində də böyük hikmət vardı.

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə baş tutan ilk tədbir qalibiyyətli hərbçilərimizin Nizami Gəncəvinin məqbərəsini ziyarəti ilə başlayıb. Onlar Azərbaycanın dahi fikir adamı, dünyanın nizam qanunlarının carçısı Nizaminin son mənzili üzərinə güllər düzüblər.

Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzində keçirilən görüş də öz zəngin məzmunu ilə fərqlənib.

Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani çıxış edərək bildirib ki, xalqımızın Ümummilli lideri Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan mədəniyyətinin, milli-mənəvi dəyərlərimizin təbliğinə və inkişafına həmişə xüsusi önəm verərək bu istiqamətdə nəinki respublikamızda, eləcə də beynəlxalq səviyyədə möhtəşəm layihələrin reallaşması üçün böyük səylər göstərib.

"Ulu öndər illər əvvəl deyib: - Milli dəyərlərimizi, ənənələrimizi, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük bir məfhumdur. Bu, sadəcə, orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik", - deyə o xatırladıb.

Görüşdə qeyd olunub ki, Heydər Əliyevlə başlanan ənənələr bu günümüzdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və 2021-ci ilin "Nizami Gəncəvi ili", işğaldan azad olunmuş Şuşanın isə Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi və dövlətimizin başçısının çıxışlarında milli-mənəvi dəyərlərimizə daim xüsusi diqqət yetirməsi məhz bu ənənələrin göstəricisidir.

Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri, əməkdar mədəniyyət işçisi, şair-dramaturq Xəzangül Hüseynova çıxış edərək əsgərləri 44 günlük Vətən müharibəsində qazandıqları möhtəşəm qələbə münasibətilə təbrik edərək deyib: "Siz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı şəhər və kəndlərimizi azad etməklə yanaşı, həm də Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşanı, maddi-mənəvi abidələrimizi də düşmən əsarətindən xilas etdiniz. Tezliklə Şuşada "Xarıbülbül" festivalı, Vaqif Poeziya Günləri də xalqımızın sevincinə səbəb olacaq".

Gəncə Dövlət Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi Əli Qasımov öz çıxışında   "Nizami Gəncəvi ili" çərçivəsində Azərbaycan ədəbiyyatının, ana dilimizin, mədəniyyətimizin, ədəbiyyat və incəsənətimizin, o cümlədən, dahi şairin irsinin  təbliği ilə bağlı hərbi hissələrimizdə silsilə tədbirlərin keçiriləcəyini vəd edib.



Hərbçilərimiz adında çıxış edən polkovnik-leytenant Samir Səfərov bildirib ki, "Dəmir yumruq" əməliyyatı ilə başlanan Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, hücum diplomatiyası, ordu ilə xalqın sarsılmaz birliyi, həmçinin, Azərbaycan Ordusunun gücü və döyüş ruhu, vətənpərvərliyi qələbə çaldı.

"Milli-mənəvi dəyərlərə malik olmayan ordu döyüşdə heç vaxt qələbə çala bilməz. Odur ki, hər bir əsgər və zabitin vətənpərvərlik ruhunda tərbiyə olunmasında, onun mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun yüksəldilməsində "Nizami Gəncəvi ili" çərçivəsində həyata keçirəcəyimiz tədbirlərin də mühüm rolu olacaq", - deyə o vurğulayıb.

Respublikanın Xalq artisti Alim Məmmədovun Nizami Gəncəvinin qiyafəsində salona daxil olması və qalib vətən əsgərlərini salamlaması, o cümlədən, "Xəmsə"dən parçaların, vətən və insanpərvərlik hissləri ilə  yoğurulan misraların səslənməsi tədbir iştirakçılarının böyük marağına səbəb olub.

Zakir MURADOV
Gəncə

 





09.01.2021    çap et  çap et