525.Az

"Ah, bu uzun sevda yolu" və "Pişiyin evi" onlayn göstəriləcək


 

"Ah, bu uzun sevda yolu" və "Pişiyin evi" onlayn göstəriləcək<b style="color:red"></b>

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının repertuarında maraqlı tamaşalardan olan, görkəmli şair Mikayıl Müşfiqin xatirəsinə ithaf edilmiş "Ah, bu uzun sevda yolu" tamaşası yanvarın 17-də sənət ocağının "Facebook" hesabı vasitəsilə onlayn göstəriləcək.

Səhnə əsəri dramaturq Əli Əmirlinin eyniadlı əsəri əsasında hazırlanan ikihissəli tale dramıdır. Tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir. Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan tamaşada rolları Xalq artisti Hacı İsmayılov, Əməkdar artistlər Anar Heybətov, Münəvvər Əliyeva, Ayşad Məmmədov və başqaları ifa edəcəklər.

Yanvarın 15-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı tanınmış uşaq yazıçısı, dramaturq və tərcüməçi Samuil Marşakın "Pişiyin evi" nağılı əsasında hazırladığı eyniadlı tamaşanı onlayn nümayiş etdirəcək.

AZƏRTAC xəbər verir ki, kuklaçı rejissor Anar Məmmədovun fərqli üslubda hazırladığı bu tamaşa daim balacaların tələb etdiyi səhnə işlərindəndir. Tamaşa Əməkdar artist, usta kuklaçı Rəhman Rəhmanovun 60 illik yubileyi münasibətilə səhnələşdirilib. Birhissəli uşaq tamaşasında kuklalarla yanaşı, canlı planda aktyor oyunu da qurulub.

Rəngarəng səhnə tərtibatı və müxtəlif konstruksiyalardan kuklalarla hazırlanan tamaşanın quruluşçu rəssamı teatrın baş rəssamı İqbal Əliyev, bəstəkarı Əməkdar incəsənət xadimi Cahangir Zülfüqarovdur.

İdeyası yalançı dostluğa ikrah, dürüst münasibətə çağırış olan tamaşada uşaqlara lovğalıq, yalançılıq və xudpəsəndlik kimi mənfi keyfiyyətlərdən qaçmaq aşılanır.

Qeyd edək ki, tamaşa teatrın "YouTube" kanalında saat 12-də yayımlanacaq.

Pişiyin evi” tamaşası onlayn göstəriləcək - AZƏRTAC – Azərbaycan Dövlət  İnformasiya Agentliyi

 





12.01.2021    çap et  çap et