|
|
|
|
"Art on the Wall" (Divarda İncəsənət) layihəsi çərçivəsində əsərlər hazırda İçərişəhərdə Kiçik Qala 58 ünvanındakı binanın fasadında pankart kimi sərgilənməyə başlayıb.
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən AZƏRTAC-a bildirilib ki, fevralın ortalarına qədər olan müddətdə əsərləri nümayiş olunan ilk sənətkar Orxan Hüseynovdur.
"Sevgimiz elə bu qədərmiş" İçərişəhərdə çəkilən məşhur klassik Azərbaycan kinosuna ehtiram nümunəsidir. Yerli konteksti cəmiyyətin ən kritik mövzusu - COVİD-19 ilə əlaqələndirən Orxan Hüseynov, həqiqi, şıltaq və intellektual mahiyyəti etibarilə vizual dildən ustalıqla istifadə edir və sevilən filmlərin adlarına ikinci məna gətirir.
Hazırkı dövrdə, Əsmər və Oqtay İçərişəhərin dar küçələrini maska taxmadan dolaşa bilməzdilər. "O olmasın, bu olsun" isə Gülnazın bu gün hansı maskanı taxması kimi qəliz seçimi barəsində danışır. Bizim kimi film qəhrəmanları da pandemiyanın gətirdiyi "yeni normanı" qəbul edir və ona uyğunlaşırlar. Maskalar virusdan qoruyucu tədbir və sevdiyinə qayğı göstəricisi kimi ən vacib aksessuara çevrilib.
Qeyd edək ki, "Divarda incəsənət" sənətkarların əməyini və istedadını dəstəkləmək üçün göstərilən təşəbbüsdür.