525.Az

Qoyunçuluq sahəsində yeni tədqiqatlar aparılır


 

İŞĞALDAN AZAD EDİLMİŞ ƏRAZİLƏRİMİZDƏ HEYVANDARLIQ ÜÇÜN DƏ GENİŞ PERSPEKTİVLƏRİN MÖVCUDLUĞU BU İŞİ ZƏRURİ EDİR

Qoyunçuluq sahəsində yeni tədqiqatlar aparılır<b style="color:red"></b>

Üç onillik ərzində ölkənin aqrar istehsal cəhətdən ən məhsuldar ərazilərinin işğal altında qalması kənd əməkçilərimizin, o cümlədən, heyvandarlıqla məşğul olan fermerlərimizin potensial imkanlarını məhdudlaşdırırırdı.

Təbii ki, dogma Qarabağımızın Vətənlə bötüvləşməsi ilə bu ərazilərdə kənd təsrrüfatının bütün sahələrinin inkişafının ən sürətli yollarının təmin olunması üzrə proqnozlaşdırma və tədqiqat işlərinə ehtiyac artıb. Aqrar alimlər həmçinin, maldarlıqda yeni, sürətli artımı təmin edə biləcək iri və xırda buynuzlu heyvan cinslərinin əldə edilməsi üzrə tədqiqatları genişləndirirlər. Xüsusən təsərrüfatlarda qoyunçuluq ənənələrinin daim üstün mövqeyini nəzərə alaraq, bu sahədəki yeniliklərə diqqət artırılır.

Aqrar tədqiqatçılarımız tərəfində məhsuldarlıq və təbii şəraitə davamlılıq göstəricisi baxımından fərqlənən yeni qoyun cinslərinin yaradılmasına başlanılıb. Göygöl rayonu ərazisində yerləşən Azərbaycan Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun mütəxəssisləri 2 yerli qoyun cinsi ilə Fransa və Tacikistandan gətirilən 2 qoyun cinsinin çarpazlaşdırılması ilə yeni cins xəttinin alınması işini həyata keçirirlər.

"Mövcud qoyun cinslərinin və tiplərinin yaxşılaşdırılması, xalq seleksiyası əsasında yaradılan, eləcə də məhv olmaq təhlükəsində olan cinslərin bərpası, qorunması istiqamətində işlər aparırıq. Hazırda 4 cinsin çarpazlaşdırılaraq südlük, ətlik istiqamətində yeni cinsin alınması üçün elmi işlər aparılır", - deyə institutun direktoru Mahir Hacıyev bildirir.

Müsahibimiz yerli cinslərin xaricdən gətirilən heyvanlarla çarpazlaşdırılmasından gözlənilən  nəticələrə diqqət çəkir.

"Yağlı-quyruqlu cinslərdən olan Hisar qoyunun vətəni Tacikistandır. Təsəvvür edin, bu heyvanların 2 yaşda olan qoçları 190 kiloqramadək çəki verə bilir. Həmçinin, dişilərinin əkiz doğma ehtimalı da yüksək olur. Eləcə də Fransada gətirilən Lakun qoyunları da ətlik-südlük cinsə aiddir. Biz yerli Bozaq, Qara Dolax və digər cins qoyunlarının qoçu ilə bu qoyunların çarpazlaşdırılaraq onların qarışığının alınması üzərində tədqiqat işləri aparırıq. Beləliklə, yeni cins yaradanda əsasən rayonlaşmış heyvanlardan istifadə edirik. Məqsəd heyvanların yerli şəraitə uyğunlaşdırılmasıdır", - deyə o bildirir.

Qeyd edək ki, hazırda ölkə ərazisində təsərrüfatlar üzrə 13 cinsdə 7 milyon 821 min baş qoyun  saxlanılır. Yeni yaradılan cinslər də fermer təsərrüfatlarında heyvan sayının və məhsul göstəricilərinin artırılması işinə xidmət edir.

Zakir MURADOV
Göygöl

 





12.01.2021    çap et  çap et