525.Az

28 il öncə itirilmiş uşaqlıq - Rəqsanə Süleyman yazır


 

28 il öncə itirilmiş uşaqlıq - <b style="color:red">Rəqsanə Süleyman yazır </b>

Bu yazını Edit Piafın "Non, je ne regrette rien" mahnısının havasında oxuyun. Hərflərin ruhunu hiss edə bilməyəcəksiniz, çünki onun qulaqları və səsindən başqa gözəgörünməzliyi yoxdur.

Belə yazılara alışqan deyiləm. Yazıb-yazmamağı da çox çək-çevir etdim. Belə hadisələri ömürdə neçə dəfə gördüyünü düşünəndə mətnə təslim olursan. Musiqiçilərin əsəbləşdiyi söz var - notsuz qalmaq. Mətnsiz qalmışam mən. Hisslərimi ifadə etməkdə çarəsizəm. Bəlkə melodiyadan daha yaxşı duyarsınız. İcazə verin oxuduğunuz hədər getməsin. Rica edirəm, Yutubu yazını bitirəndən sonra açmayın. Əvvəlcədən bir pəncərədə Piafa yer edin.

İki gündür gözləyirdik. Qonşumuz Şuşadakı evdən etdiyi çəkilişi göndərəcəkdi. Necə tərs gerçəkliklərin var, zaman! Qos-qoca 28 ilə qarşı bu iki gecə... Parlayan gözlərdə mən də anamgillə birgə onların körpəliyinə, uşaqlığın ən şirin dönəminə, yarım qalmış gəncliyə, anlıq da olsa, qayıtmağa doğru uçan saatların sevincini duyuram. Xoşbəxtliyin yoluxucu olduğuna hələ bu qədər inandığım olmamışdı. 28 ilin ənginliyində uşaqlıqlığını itirən bu adamlar indi əyləci keçmişdə çəkib saxlayan zamanın başlarına gətirdiyinə elə mat-məəttəl qalıblar ki, kədərlə sevinc onları ilişdirib. Hərə öz telefonunda gözlərini döyür. Birdən-birə hər şeyi müzakirə eşqinə düşürlər. Bütün suallara acgöz kimi tələsik cavab tapmağa çalışır bu "uşaqlar". Sual yağdırırlar bir-birlərinə; "bizim məhəllədəki ağacların hündürlüyündən qala divarları 5-ci mərtəbədəki eyvandan baxanda da görünmürdü. Ağacdan nə istədiniz ki?  Əşi, əsas odur ki, qala görünsün..."

Əlbəttə, o ağaclar uşaq gözlərində qaladan ona görə dəyərlidir ki, tamamlanmayan, yarım qalan çox şey kəsilib-doğranıb onlarla birgə. Hərə bir cür sevinir, başqa cür kədərlənir. Neyləyib, necə edib yenidən uşaq olsunlar. Poetik sual deyil bu. Hikkə var, paxıllıq var burada, ümidsizlik dolu dəlicə bir istəkdir bu. Həmin torpaq, həmin mənzil, həmin qonşular. Amma gözlər qalıb oynadıqları məhəllədə. Balacalıqlarını qoyub vaxtından tez böyüməyə yol aldıqları yerlərdə nə qədər göz izi var, bir gör. "Rəssam olacaqdım... Tarzən olacaqdım... Pianoçu... Kitabçı".  Bu da arzular! Yenə cavabsız suallar. Niyə atdın məni, şəhər? Bəs necə belə doğma gəlirsən indi? Onların keçmişlərindən mənə ötürülən yarı sevincli, yarısı da tozlu-tozanaqlı hissləri fikirlərimə calayıb babamı düşündüm. Babamda ürəklə ağıl savaşdaydı. Həmişəki kimi. Duyğularını aşkarca hiss etdirirə bilmişdi gözləri. Onun hər şeyi bir ayrı cür ölçüb-biçdiyindən əmin idim.

Özümü heç cür onun yerinə qoya bilmədim. O qədər yorğun görkəmdə idi ki, həmin an ondan bir şey soruşmaq insafsızlıq olardı. Elə düşüncələr var ki, insandan böyük güc tələb edir. Bu, indiyə qədər gördüklərimin ən amansızı idi. Uşaqlığını, gəncliyini, övladlarının gələcəyinə bəslədiyi ümidləri, işini, evini, istək və arzularını, bir sözlə, hər şeyini atıb gəlmişdi. Xatirələr seli babamı 4 dəqiqə 30 saniyəlik görüntülərdə məhv etmişdi. Və bəlkə bir o qədər də sevincli idi. Üstəlik, yaşlı, həm də kövrəksənsə, bunun qarşısında dayanmaq imkansızdır. Onu belə görmək doğma şəhəri haqqında etdiyimiz söhbətlərin heç birindən yadıma gəlmir. Çoxumuza tanış olmayan hisslərdir. Bəzilərimizin bəlkə ağlı almaz. Məni düşündürən ən mühüm məsələ isə bu "niyələr" ilə heç bir cavaba çatmamaqdır. Bu, haqdan uzaq, ədalətsiz gerçəkliyə tab gətirməyin ağrısıdır. Zaman ədalətsiz davranmışdı. Amma sadəcə bəzilərimiz üçün. Ən qəribəsi odur ki, işğaldan azad olunmuş torpaqlar bizə - minlərlə məcburi köçkün övladlarına tam əksinə, alternativ həyat kimi görünür.



Uşaqlığını qurban verənlər övladlarına bu torpaqlarda gələcək vəd edir. Məncə, yerlərinə olsam, kədərlənməzdim. Hələ bir şit-şit gülərdim də. Gör nə axmaq zamanlamadır! Özləri böyüyəcəkdi o torpada, amma... Mənə gəldikdə, bu səfər vaxt tam yerində hesablanıb. Bakı ilə bir-birimizə 21 il dözmüşük. Az qaldı. Əziz Bakı, sən məndən azadsan! Hələ çox uzaq getmirəm ki, itirib axtaraq bir-birimizi. Çox səmtini hələ məndən savayı bir kimsən kəşf etməyib. Universiteti bitirib yola düşmək vaxtıdır. Oğuz Atayın romanında intihar anlamında dediyi bu cümləni mən indi başqa cür təsvir edib Bakı üçün söyləmək istəyirəm: "Düşünce: hırslı. Şehir: gerektiği gibi. Zaman: uygun. Tam mevsimi; gören de yok! Ey yılların fırsatçısı adam, bitiri ver artık şuradakı işini!"

Valideynlərimin keçmişində gələcəyim var. Doğma Şuşanın, Laçının dirçəliş zamanıdır. Əmin idim, köhnə uşaqların əlbət bir gün barışına gələcəkdi, əziz Qarabağ!

Güman edirəm, burada musiqinin o hissəsinə yaxınlaşdınız. Elə qarışıqsan, nəfəsin elə təntiyir ki, nə etdiyini unudursan, necə qarşılandığını düşünmürsən, peşman deyilsən, bütün vicdani ağrılardan qurtulursan sanki. Sonra yenə eyni gecələrdə öləcəyin həqiqəti vecinə olmur. Daha əvvəlki əhvalda da deyilsən amma.

Edit Piafın mükəmməl fransızcasındakı kimi.

Ev videomaterialdan görünən qədər yeni təmirdən çıxıb. Görünür, erməni ailəsi köçəcəkmiş. Babam da Şuşadan çıxanda otaqların hamısı yeni təmirliymiş. Amma ədaləti burda yox, 28 il öncəki yarımçıqlıqda axtardım. Sorğulayacağınız hər nə varsa da, zamanla hesablaşdım. Arzuların da belə vaxtsızlıq huyu var. Kiminə gec, kiminə tez çatmaq. Və yenə kimlərinsə arzusunun gerçəkləşəcəyi yerdə kiminsə həyatı nöqtələnir. Bütün gecikənlər bağışlasın.

https://fb.watch/2ZtltgosbE/

 





12.01.2021    çap et  çap et