525.Az

Uzun ömrün səhifələri - Rafiq Əliyev yazır


 

SADIQ MURTUZAYEVİN "SON BORC" KİTABI HAQQINDA QEYDLƏR

Uzun ömrün səhifələri - <b style="color:red">Rafiq Əliyev yazır</b>

Həyatda elə şəxsiyyətlər olur ki, onlar sağlıqlarında olduğu kimi, əbədiyyətə qovuşduqdan sonra da ölümsüzlük qazanırlar. Bu cür insanlar həyatda ikən təkcə özlərinə, doğmalarına, yaxın çevrələrinə deyil, böyük bir nəslə, cəmiyyətə fayda verirlər. Onların yaşam tərzinin, keçdiyi şərəfli ömür yolunun təkcə öz nəslinin davamçıları üçün deyil, yazdıqlarını oxuyan və oxuyacaq bütün gələcək nəsillər üçün nümunəyə çevrilmək ehtimalı çox böyükdür.

Uzun illər mühüm vəzifələrdə çalışmış bacarıqlı dövlət xadimi, istedadlı filoloq, tarixçi alim, humanitar elm sahələri üzrə dərin biliklərə malik ziyalı, böyükdən kiçiyədək hər kəsin hörmətini qazanmış, mənəviyyatı və əxlaqı hər şeydən üstün tutmuş el ağsaqqalı Sadıq Murtuzayev məhz belə insanlardandır. Onun bu günlərdə işıq üzü görmüş "Son borc" kitabını vərəqləyən hər kəsin gözü önündə bütöv kamillik obrazı canlanır. Kitabı oxuduqca anlayırsan ki, o, təkcə öz övladlarının deyil, millətin gələcəyi olan gənclərin həyatını elmlə, yaxşı əxlaqla zənginləşdirmək üçün ömrünü fəda edib. Sadıq Murtuzayev təkcə sözdə deyil, əməldə də cavanlara örnək olub. O, hər zaman məğrurluğunu qoruyub saxlayıb, çətin sınaqlardan üzüağ və alnıaçıq çıxıb. Gözəl əxlaqı və mənəviyyatı maddi nemətlərdən üstün tutub, övladlarına da bu cür həyatı təlqin edib.

Kitabı mütaliə edərkən görəcəksiniz ki, onsuz da yoxsul ailədə əzab-əziyyətlərlə böyüyən Sadıq müəllimin 12 yaşında atasını, 14 yaşında anasını itirməsi ona nə uşaqlıq dövrünün şıltaqlığını, nə də tələbəlik illərinin ləzzətini yaşamağa imkan verib. Özündən bir qədər böyük bacısı ilə birgə erkən yaşlarında həyatın enişli-yoxuşlu, daşlı-qayalı, "ayılı-canavarlı" yollarına atılması onun çox arzularını ürəyində qoyub. Elə həmin vaxtdan iradəsinin gücü və əllərinin qabarı ilə zəhmətə alışan Sadıq Murtuzayev odlu-alovlu müharibə illərində yaşadığı dövrün hər üzünü görüb. Çətinliklərə sinə gərib, addım-addım irəliləyib, həyatın sınaqlarına dözüb, amma inanıram ki, bir anlıq da olsa təslim olmaq barədə düşünməyib. Şükürlər olsun ki, bu zəiflik dalğası ondan yan keçib, onun daxili aləminə yol tapmayıb. Özünün də dediyi kimi, yaşadığı çətinliklər, çəkdiyi əziyyətlər onu böyüdüb, tərbiyə edib, eyni zamanda yüksəklərə ucaldıb. Xatirələrində qeyd etdiyi kimi, uşaqlıq dövrünün şən şıltaqlığını yaşaya bilməyib, amma Allahın ona nəsib etdiyi şərəfli ömür payı ilə bu gün fəxr edə bilir. Bu, sadəcə etiraf, faktları sadalamaq deyil, bu, insanın Kainatla, Yaradanla, mələklərlə əlaqəsinin nəticəsi, həmin əlaqənin mövcudluğuna işarədir.



Bildiklərim və eşitdiklərimə əsaslanaraq deyə bilərəm ki, uzun illər yüksək vəzifələrdə çalışmış Sadıq müəllim öz vəzifəsindən bilərəkdən sui-istifadə etməklə kiminsə haqqını tapdalamayıb. Onu ətrafdakılara ən çox sevdirən məhz dürüstlüyü və vicdanlılığı olub. Sadıq müəllimi hər zaman mərhəmətli və qayğıkeş ata, baba, sədaqətli dost kimi tanımışam. Övladlarından heç zaman iradələrinin əlehinə nəsə tələb etməyi özünə rəva bilməyib. Amma yaşadığı ömür yolu ilə onlara ən yaxşı örnək olub. Vətənpərvərliyi, yurd məhəbbəti onun ən dəyərli mənəvi keyfiyyətlərindəndir. Uşaqlarını da bu ruhda tərbiyə edib. Artıq hamısının ev-eşik, ailə-uşaq, iş-güc sahibi olmalarına baxmayaraq, bu günə kimi Sadıq Murtuzayev onlara imanlı, vətənpərvər, yurdımsevər, təvazökar, nizam-intizamlı və ədəb-ərkanlı olmağı aşılayır, öz əməlləri ilə onları daha da kamil olmağa həvəsləndirir, həyat dərsi verməyə davam edir.

Səmimiyyəti, təbiiliyi, qayğıkeşliyi sayəsində Sadıq Murtuzayev özünə yaxşı dostlar qazanmağa nail olub. Onu əhatə edən geniş çevrəsində rəssamından, şairindən, həkimindən, alimindən, el-obanın sadə adamlarından tutmuş siyasətçisinə kimi müxtəlif peşə sahibləri var. Sadıq Murtuzayev onlar üçün sanki kamillik zirvəsidir. Dediyi hər bir söz, verdiyi hər bir məsləhət onlar tərəfindən müzakirə olunmadan qəbul edilir və mütləq həyata keçirilir. Çünki mənəvi aləminin zənginliyi, xarakterinin bütövlüyü, geniş müşahidə qabiliyyəti və məntiqli təhlil apararaq düzgün qərar vermək bacarığı ətrafındakı insanlara onu fərqli düşüncə sahibi olaraq qəbul etdirir.

Ensiklopedik biliklərə sahib Sadıq Murtuzayev ömrünün ahıl yaşında hələ də möhkəm yaddaşı ilə hər kəsi heyran edir. Uzun illər əvvəl rəhbər vəzifədə çalışarkən şahidi olduğu hər bir hadisə sanki bu gün baş vermiş kimi yadındadır. Sadıq müəllim doğma el-obasının tarixi, tanıdığı elm adamlarının, rəhbər işçilərin, əmək adamlarının həyatını qələmə aldığı müxtəlif kitablarında əks etdirib. Nəsihətnamə şəklində yazdığı bu kitab vasitəsilə, güman edirəm ki, Sadıq Murtuzayev təkcə övladları qarşısında deyil, bütün gənc nəsillər qarşısında son mənəvi borcunu yerinə yetirmək istəyib (bu, onun sözüdür və mən hələ deyiləsi çox sözünün olduğuna inanıram). Kitabda çoxlarının hörmət, məhəbbət ünvanı olan Sadıq Murtuzayev keçdiyi bütün həyat yolu, soyadını daşıdığı nəslin keçmişi, çalışdığı zaman şahidi olduğu hadisələr işıqlandırılsa da, əsas diqqət onun övladlarına, nəvə-nəticələrinə verdiyi faydalı məsləhətlərə ayrılıb. "Qurani-Kərim"dən göstərilən ayələr, Peyğəmbərimizin həyatından gətirilən nümunələr, məşhurlardan kəlamlar, aforizmlər, həmçinin, el məsəlləri və atalar sözləri vasitəsilə fikirlərini daha da qüvvətləndirən Sadıq Murtuzayevin qələmə aldığı nəsihətlər toplusunun gələcək nəsillər üçün faydalı olacağına, onların həyat təcrübəsini zənginləşdirəcəyinə və çətin anlarında düzgün qərar vermək üçün vəsilə olacağına inanıram.

 





12.01.2021    çap et  çap et