525.Az

Sağalmayan yara - Hekayə


 

Sağalmayan yara - <b style="color:red">Hekayə </b>

Epiloq

Oooff... Ciyəri yanırdı... Su içmək istəyirdi... Bir qurtum su... Kaş ki, bir qurtum su olaydı...

İçib, sərinləşərdi...

Başını torpaqdan qaldırdı. Sanki yer yerindən oynamışdı. Ətrafı toz-duman bürümüşdü. Artilleriya səslərindən qulaq tutulurdu...

Su var idimi burda? Bu od alovun içində?

Su... Su... Su istəyirdi Səbuhi... Lap su tapsaydı belə, necə içəcəkdi o suyu? Axı əlləri yox idi...

Var gücünü toplayıb, kəsik biləyini dodaqlarına yapışdırdı. Ordan axan qanı damcılarını yaladı... yaladı...

...Toz-duman yavaş-yavaş səngiyirdi.

Üfüqün mavi rəngi göyə çevrilmişdi... Sonra göy yaşıla boyandı... Yaşıl qırmızıyla əvəzlənəndə bayrağı gördüyünü anladı...

İçinə bir sərinlik çökdü. Daha taqəti qalmamışdı. ...Başını yenidən torpağa qoydu... Torpaq elə rahat idi ki...

...Könüllə tez-tez gəldikləri gül mağazasına girdi. Gülərüz, mehriban satıcının həmişəkindən fərqli olması diqqətindən yayınmadı. Üzündəki təbəssüm yoxa çıxmış, onun yerini aydın görünən nigarançılıq tutmuşdu.

Nə baş verdiyini soruşmaq istəsə də, utandı.

Toy üçün buket sifariş edəcəyini söyləyəndə, satıcının üzü sanki "əyildi". Təəccüblə Səbuhiyə baxdı. Nəsə demək istədi. Lakin Səbuhinin cib telefonunun zəng çaldığını görüb, duruxdu.

Zəng vuran Natiq idi.

Az əvvəl səfərbərliyin elan olunduğunu, hərbi komissarlığın qabağında onu gözlədiyini deyib, telefonu söndürdü.

Donub qaldı. İllərlə gözlədiyi bu xəbəri toyuna 3 gün qalmış eşitməsi təsadüfi idimi?

...Arxası üstə yıxılmış körpə Əkbərin qana bulaşmış sifəti bir anlıq gözlərinə göründü və yox oldu...

Çevrilib getmək istəyəndə, gözləri satıcının dolmuş gözlərinə sataşdı. Yalnız indi onun halındakı "qəribəliyin" səbəbini anladı. Görünür ki, səfərbərlik xəbərini ondan daha əvvəl eşitmişdi.

Səbuhinin qərarını da üzündən oxumuşdu. "Sağ-salamat get qayıt" deyəndə, göz yaşlarını saxlaya bilmədi.

Satıcının ağladığını görüb, Könülə qərarını necə izah edəcəyini fikirləşdi... Mağazadan nə vaxt çıxdığını da bilmədi.

...O gün Könülgildən çıxanda ağırlaşdığını hiss etdi. Sanki qızın göz yaşları ağır bir yükə çevrilib, Səbuhinin boynundan asılmışdı.

Cəbhəyə gələndən Könülü düşünməyə vaxtı olmurdu...

...Kiçik əməliyyat qrupu, sıldırım qayalığın ətəyində yerləşən və ərazinin ən hündür nöqtəsi sayılan yüksəkliyi ələ keçirmək tapşırığı almışdı. Düşmənin ehtiyat silah anbarının da yüksəklikdə yerləşməsi, əməliyyatın vacibliyini xeyli artırmışdı.

Kəşfiyyat məlumatlarını diqqətlə təhlil etdikdən sonra, hücuma qayalıqdan başlamağa qərar vermişdilər. Ən azı ona görə ki, bu tərəfdə müşahidə qurğuları qurulmamışdı. Say etibarı ilə özlərindən bir neçə dəfə artıq olan düşmənlə vuruşmaq, o qədər də asan olmayacaqdı. Üstəlik, qayalıqla silah keçirmək təhlükəli olduğundan,bıcaq, qumbara, avtomat və sairlə vuruşmalı olacaqdılar.

Yüksəkliyi ələ keçirəcəklərinə əmin olsa da, döyüş yoldaşlarının hamısını döyüşdən sağ cıxara biləcəyinə inanmırdı.

Hər itki isə bir ürək yarası idi Səbuhi üçün...

Dincəlmək əmri alan döyüşçülər, bir-bir ilə zarafatlaşırdılar. Sanki dəhşətli müharibəni də, bir neçə saatdan sonra başlanacaq ölüm-dirim savaşını da unutmuşdular.

Döyüş yoldaşlarına baxdıqca, qüssələnirdi. Yenə kimsə atasız, kimsə qardaşız qalacaqdı. Və bir ömür boyu Səbuhi kimi ürəyində ağlayacaqdı...

Yenidən o dəhşətli qış gecəsinə qayıtdı. Atası evdə yox idi. Onları köçürmək üçün, qonşu kəndə maşın ardınca getmişdi. Səbuhi anası ilə birlikdə, əşyaları yığırdı. Yaşyarımlıq Əkbər isə ortalıqda, oyuncaqlarla oynayırdı.

Qapı döyüldü. Anası qapıya getməyə macal tapmamış, 3 saqqallı içəri girdi. Gələnlərin çiynindən asılmış tüfəngləri görəndə, möhkəm qorxsa da, qışqırmadı. Çünki anası, Əkbərin yanında qışqırmağı qadağan etmişdi. Anası Əkbərə tərəf şığıyanda onu arxaya itələdilər.

Saqqallılardan biri, yerdə oynayan Əkbərə yaxınlaşdı. Əlindəki tüfənglə, onun oyuncaqlarını qarışdırdı. Əkbər daha oynamırdı. Oyuncaqlarını qarışdıran "yad əşyaya" baxırdı. Üzündə təbəssüm var idi. Görünür ki, "yad əşya" xoşuna gəlmişdi. Əlini uzadıb bu əşyanı tutmağa çalışırdı. İstədiyinə nail olmayınca, boylanıb, anasını axtardı. Elə bu vaxt, güllə açıldı. Körpə oturduğu yerdə arxası üstə sərildi. Alnınından fışqırtı ilə çıxan qan ətrafa yayıldı. Qışqırıb, qardaşının üstünə qavanda, qarnına dəyən təpik zərbəsi, onu geriyə tulladı. Başı harasa

deydi. Gözlərinə qaranlıq çökəndə, saqqallıların anasını tutub sürüdüklərini gördü...

Bir də xəstəxanada ayılmışdı. Və yanında oturan nənəsinin cırıq-cırıq edilmiş üzündən anasını və körpə Əkbəri bir daha görməyəcəyini anlamışdı. O gecənin təfsilatını isə çox-çox sonralar eşitmişdi. Son anda gəlib çıxan atası, Səbuhini xilas edəndən sonra, erməniləri kəndlərinə qədər qovmuşdu. Orda isə atasını təkləyib, doğramışdılar. Sonra da cəsədini, kəndin meydançasında yandırmışdılar... Lap ondakı kimi ürəyi ağrıyırdı Səbuhinin...

Göz yaşlarını gizlətmək üçün, bir kənara çəkilmək istəyəndə, qarşısında dayanan Turalı gördü. Gözünə nəsə düşmüş kimi, tez gözlərini ovuşdurdu.

Tural dəstənin ən kiçik üzvü idi. 19 yaşlı Turalın qəhrəmanlığı yaşından böyük idi. Əlbəyaxa döyüşlərin birində, artilleriya atəşlərinin altında düşmən mövqeyinə keçərək, topu ələ keçirmiş və düz 30 nəfəri əsir götürmüşdü. Həmin döyüşü itkisiz başa vurmuşdu əməliyyatçılar...

Qayalığa, Səbuhi ilə bir yerdə çıxmaq ücün, icazə istəyirdi Tural. Hələ əməliyyat qrupuna açıqlamada bu plandan Turalın xəbər tutmasından heytləndi.

Səbuhinin ilk olaraq yuxarıya tək qalxmaq fikrini qrupun digər üzvləri də bəyənmədi. Amma əmrə tabe olmağa məcbur oldular. Demək olar ki, sürünə-sürünə qalxırdı. Dik qayalıq həm də sürüşkən idi. Çox yerlərdə çənəsi, hətta dişləri ilə bədəninə dayaq vermək lazım gəlirdi. Son dərəcə ehtiyatla hərəkət edirdi. Çünki ən xırda ehtiyatsızlıq yuvarlanıb qayanın dibinə düşməsi ilə nəticələnə bilərdi.

Xeyli qalxmışdı. Qarmaq atmaq üçün yer axtaranda, gözləri, sürətlə ona hucum edən yırtıcı quşa sataşdı. Quş yaxınlaşanda onun heybətli gözlərini də, qıpqırmızı qızarmış ağzını da gördü.

Bir anda yumaralanaraq aşağı düşdüyünü təsəvvür etdi. Elə bu vaxt güllə atdılar. Başını qaldıranda, yuxarıda əlində avtomat tutmuş Turalın dayandığını gördü. Quş isə yox idi.

Turalın əsgər salamı verdiyini görəndə, dodaqları qaçdı. Çox keçmədən, qayalığın üstündə qucaqlaşdılar...

...Gözlərinin qabağında açılan mənzərə, ikisini də valeh etmişdi. Ayaqlarının altından başlanan yaşıl xalça, üfüqə qədər uzanırdı. Zərif duman, bu gözəlliyi yad baxışlardan qoruyurmuş kimi, yavaş-yavaş xalçanın üzərinə yayılırdı.

Topa-topa buludlar isə, bu gözəlliyi onlardan gizləməyə çalışan dumana, hiddətlənmiş kimi tutulmuşdular...

Hava elə gözəl qoxuyurdu ki... Bir anlığa gözlərini yumdu. Havanın qoxusunu ciyərlərinə çəkdi. Və güllə səsinə diksindi. Turalı dayandığı yerdə görməyəndə, özünü itirdi. Dəli kimi, o tərəf, bu tərəfə boylandı. Düz qulağının dibindən keçən güllənin vıyıltısından, həmişəki soyuqqanlığı ona qayıtdı.

Belə vaxtlarda, beyni daha dəqiq düşünürdü Səbuhinin. Güllənin səsindən, hansı uzaqlıqdan atıldığını təyin etdi. Düşmən uzaqda deyildi. Qarşıdakı kolluğu da, yalnız indi fərqinə vardı.

Başının üstündən, kolluğa tərəf tullandı. Onu gülləyə tutdular. Bir saniyədən sonra, artıq kolluqda idi. Atəş kəsildi. Düşmənin çaş-baş düşdüyünü anladı. Qacmağa macal tapmamış, onların başının üstünü aldı.

Adətən, belələrini əsir götürürdü. Amma indi hiddətini saxlaya bilmədi. Birini vurdu. İkincisinin qorxudan qışqırdığını görəndə, əlini saxlamaq istəsə də, gecikdi... Səbuhini qəddar kimi tanıyırdılar. Çünki həmişə yaralamağa deyil, öldürməyə çalışırdı.

Həqiqətdə isə, bunun başqa səbəbi vardı. Belə ki, yaşadığı, gördüyü bütün dəhşətlərə rəğmən, yaralıların necə əzab çəkdiyinə baxmaq onun üçün çox çətin idi.

İndi də, yaralının zarıdığını görəndə, dayana bilmədi, Yaxınlaşdı. Güllə sağ döşünün üstündən dəymişdi.

Gözləri qarşılaşdı. İlahi, nə qədər qorxu, nə qədər dəhşət, nə qədər əzab var idi bu gözlərdə.

Yaralının huşunu itirdiyini görüb, çantasındakı su qabını çıxartdı. Onun üzünə su vurdu. Dodaqlarını islatdı. Elə bu vaxt kolluqdan gələn danışıq səslərini eşitdi.

Ətrafına boylandı. Kolluğun bir tərəfi yamac, digər tərəfi isə meşə idi. Yamacın arxasına keçib uzandı...

Kolluqdan çıxan düşmən əsgərləri, yerə yıxılmış yoldaşlarını görəndə, dayandılar. Nisbətən dolu olanı, ayağı ilə cəsədi təpiklədi. Bir təpik də, yaralıya vurdu. Və nəsə soruşdu. Cavab əvəzinə yaralının zarıltısını eşidən erməni bundan qeyzləndi. Dəli kimi, avtomatı qaldırıb, yaralıya bir neçə atəş açdı. Bununla da ürəyi soyumadı. Bir neçə dəfə də cəsədə atdı.

Gördüklərinə inana bilmirdi Səbuhi. Cəsədləri döyüş meydançasından çıxararkən, özü də həlak olan döyüş yoldaşlarını xatırladı. Elə Səbuhi, azmı yaralını, həlak olanı, odun-alovun içindən çıxarmış, kilometrlərlə belində daşımışdı!?

Düşmənin bu həqarəti onu özündən çıxardı. Daldalandığı yerdən qalxdı. Arxadan vurmağı özünə sığışdırmadı.

Əvvəlcə çağırdı. Səsə dönən düşmən əsgərləri cınqırını çıxartmamış, cəhənnəmə yollandılar.

Yamacın üstündə oturdu.

Qayada vurulan Turalın, aşağı düşən cəsədini təsəvvür etməyə çalışdı.

Elə bil ürəyi də parça-parça olub ətrafa dağıldı. Cəsədin parçalarına, əməliyyat qrupunun rast gələ biləcəyini düşündü. Çox güman ki, Səbuhidən komanda gözləmədən, hərəkətə başlayacaqdılar. Tələsmək lazım idi. Əməliyyat qrupu qayalığa çıxmamış, silah anbarını axtarıb tapmaq və məhv etmək lazım idi.

Yerindən qalxanda, onu çağırdılar. Sevincindən ürəyi az qala köksündən çıxacaqdı. Səs, 10 gün əvvəl, kəşfiyyat qrupu ilə birlikdə yoxa çıxmış dostu Natiqin səsi idi. Amma bu sevinci cəmi bir an çəkdi. Dostunun oyulmuş sağ gözündə, qan laxtalanıb irinlənmişdi. Başının dərisini yandırmışdılar. Sinəsinin üstündəki yanıq da xaç şəklində idi. Qolları biləkdən aşağı,  qaralmışdı. Əlləri və barmaqları bilinmirdi. Ayaqlarındakı kəsik yaralar da irinlənmişdi. Sanki göy yerə gəldi. Torpaq ayaqlarının altından qaçdı. Kədərli uşaqlıq illərinin dostu Natiqin, bu dəhşətli halı onu özündən çıxartdı.

Odsuz-alovsuz alışıb yandı Səbuhi. Heç Natiqin əlinə də toxuna bilmədi. İrinlənmiş yaralarını ağrıdacağından qorxdu... Natiq danışmadı. Danışmağa ehtiyac da yox idi. Bir-birini sözsüz anlamağa uşaqlıqdan alışmışdılar...

Kolların arası ilə dərinliklərə doğru getməyə başladılar. O dünyanın qapısında "duran" Natiqdəki iradəyə qibtə edirdi. Deməli, bu vəziyyətdə ola-ola düşmənin silah anbarını axtarıb tapmışdı. Və döyüş yoldaşlarının gələcəyinə ümidini itirməmişdi.

Düz 10 gün bütün bu dəhşətlərə dözə-dözə yaşamışdı. Göz yaşları içinə axırdı Səbuhinin...

Natiq zorla hərəkət edirdi. Demək olar ki, sürünürdü. Xeyli yol getmişdilər. Nəhayət, Natiq tamam əldən düşdü. İrəli getməyə gücü qalmamışdı. Çox böyük çətinliklə, yolun qalan hissəsinin necə getmək lazım olduğunu izah etdi. Silah anbarı çox da uzaqda deyildi. Sonra buza dönmüş gözü ilə Səbuhiyə baxdı...

Bu baxışı dəhşətə gəldi... Dostunun yaşamağa ömrü qalmamışdı... Səbuhinin isə indi onu götürəcək yeri yox idi...

Heç Natiqi, bu əzablarla baş-başa qoyacaq gücü də qalmamışdı. Avtomatı yuxarı qaldırdı. Elə bil dostunu deyil, öz ürəyini nişan aldı Səbuhi...

Onsuz da yaralı ürəyi, təzədən yaralandı. Ürəyindən qan axa-axa ordan uzaqlaşdı... Silah anbarına gedən, gizli tunelin qapısına catanda, uzaqdan gələn atışma səslərini eşitdi. Əməliyyat başlamışdı. Düşmən hər şeyə görə cavab verəcəkdi! Onların uduzmağa haqqı çatmırdı... Bərkdən qışqırdı... Və yerin altına gedən tuneldə görünməz oldu...

... Çantasındakı sonuncu minanı yerləşdirəndə, tuneli səs-küy bürüdü. Düşmənin təlaş içində olduğu haray-həşirindən bəlli idi. Qaranlıq olduğundan hansı tərəfə çıxacağını bilmədi...

Qəfil dalğa onu götürüb harasa atanda əlindəki minanın partladığını anladı...

 





12.01.2021    çap et  çap et