525.Az

"... Çox israr elədim ki, məni də döyüşə aparın!" - Müsahibə


 

USTAD XANƏNDƏ SABİR ABDULLAYEV: "BU SƏNƏTDƏ NEÇƏ-NEÇƏ HAQSIZLIQLA ÜZLƏŞMİŞƏM"

"... Çox israr elədim ki, məni də döyüşə aparın!" - <b style="color:red">Müsahibə</b>

Ömrünü pedaqoji fəaliyyətə həsr edən xanəndələr tarixən ən böyük muğam fədailəri olublar. Onları konsert salonlarından, efirlərdən daha çox, gənc ifaçılar nəslinin yetişməsi maraqlandırıb.
 

Belə sənətkarlardan biri də Qarabağ ifaçılıq məktəbinin, ümumilikdə Azərbaycan muğam sənətinin dəyərli nümayəndəsi, ustad xanəndə Sabir Abdullayevdir.

Bu söhbətimizdə S.Abdullayev keçdiyi sənət yolu ilə bağlı xatirələrini, öz yaradıcılığına və ümumən xanəndəliklə, musiqi sahəsilə bağlı bir sıra məsələlər haqqında düşüncələrini bölüşdü.

- Sabir müəllim, çox keşməkeşli sənət yolu keçmisiniz. Bu gün sayılıb-seçilən pedaqoqlardansınız. Necə oldu ki, məhz bu sənətə qədəm qoydunuz?

- Uşaq vaxtından mənim musiqiyə çox böyük həvəsim olub. Ağdamda, Şuşada, məktəb tədbirlərində, şənliklərdə bildiyim mahnıları oxuyurdum. Sonralar elə oldu ki, səsimin dəyişməyi ilə bağlı uzun müddət oxumağa fasilə verdim, idmanla məşğul olmağa başladım. Böyük qardaşım Laçın çox təkid elədi ki, sən oxumalısan. Sənədlərimi Asəf Zeynallı adına musiqi kollecinə verdim. Həmin vaxtlar qardaşım Vahid Abdullayev orada müəllim idi. O vaxtı, guya, belə bir qanun var idi ki, bir evdən iki nəfər oxuya bilməz. Ona görə məni 1 il kəsdilər. Növbəti il qəbul ola bildim. Artıq 3-cü kursda, demək olar ki, muğamların hamısını öyrəndim. Təkcə "Humayun" muğamını 6 aya öyrəndim. Bir gün qardaşım Vahid mənə dedi ki, "Müəllim işləyə bilərsən?" Dedim ki, yox, istəmirəm, məndən müəllim olmaz. O vaxtın müəllimləri dahilər idi. Asəf Zeynallı adına kollecdə cəmi 5-6 muğam müəllimi var idi: Sahib Şükürov, Nəriman Əliyev, Hacıbaba Hüseynov, Şövkət Ələkbərova, Vahid Abdullayev, Ağaxan Abdullayev. Mənim ustadım Əməkdar müəllim Nəriman Əliyev idi. Ən sevimli tələbələrindən biri mən olmuşam. 1986-cı ildə bir nəfər sinifə daxil olub Nəriman müəllimə dedi ki, "Nazirlikdən bir məktub gəlib, Lökbatanda 9 saylı musiqi məktəbində muğam sinifi açılır. Ora müəllim lazımdır". Nəriman Əliyev tərəddüd eləmədən mənim adımı verdi. Mən çox təkid elədim, amma fikrindən dönmədi. 1986-cı ildən orada pedaqoji fəaliyyətə başladım. Bir müddət sonra mən tələbələrlə xarici səfərlərə getməyə başladım. 2 ildən sonra artıq pedaqoq kimi məni tanımağa başladılar. 2007-ci ildə Muğam müsabiqəsində mənim tələbəm Güllü Muradova birinci yerə layiq görüldü. Bu, böyük uğur idi...

- Siz Birinci Qarabağ müharibəsində aylarla ön cəbhədə konsertlər vermisiniz. Bir əlinizdə silah olub, bir əlinizdə qaval. Həmin günləri necə xatırlayırsız?

- Birinci Qarabağ müharibəsində çox yerlərdə konsertlər vermişəm. Yadımdadır ki, iki tankın arasında çalıb-oxuyurduq. Hətta bir dəfə konsertlərdən birinin sonunda düşmən bizi atəşə tutdu. Onda bizi tez aradan çıxartdılar... 1992-ci il sentyabrın 29-da cəbhə bölgəsinə ezam edildim. Bizi Badamdarda hərbi paltarla təmin elədilər, bir əlimizdə silah, bir əlimzidə musiqi alətimiz yola düşdük. Əvvəlcə Laçının Güləbird kəndinə getdik. Ora müsibət idi, elə bil yer göy birləşmişdi. Gedən günün səhəri yüksək səviyyədə konsert verdik. Bizim əsgərlərimiz əla döyüşürdülər, amma təəssüf ki, yaxşı idarəçilər, texnika yox idi... Həmin günlər bir neçə dəfə bizi atəşə tutdular, xoşbəxtlikdən, sağ-salamat qayıda bildik. Düz Ağdərəyə qədər getdik, orada da əla bir konsert verdik. Həmin vaxt bir əsgər yaxınlaşdı mənə, dedi ki, Qədir Rüstəmovun oğluyam, adım Azərdir. Yadımdadır, Azər də orada əla oxudu. Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda əlimizdən nə gəldisə, elədik. O vaxt çox israr elədim ki, məni də döyüşə aparın, döyüşmək istəyirəm, aparmadılar.

- Bilirik ki, ölkə xaricində də musiqimizi layiqincə təbliğ etmisiniz. Xarici səfərlərinizlə bağlı xatirələriniz maraqlı olar...

- Bəli, mən 1989-cu ildən başlayaraq bir çox ölkələrdə tar-kamança ilə çıxış eləmişəm. Amerika, Kanada, Böyük Britaniya, Almaniya, Fransa, İsrail, Tayvan, Meksika, Braziliya, Rusiyada bir çox konsertlərdə çıxış eləmişəm, xalqımızı təmsil eləmişəm. O vaxtı xaricə gedən sənətkar çox az idi. Hətta mənim yadımdadır ki, Kanadada kilsədə konsert oldu. Mən orada oxuyanda hamı ağlayırdı. Ona görə deyirlər ki, musiqinin dili yoxdu. 2000-ci ildə Kanadada festivalda idim. Orada bir jurnal çap olunmuşdu. Jurnalı açdım, gördüm yazılıb ki, Azərbaycanın dövlət dili erməni dilidir. Həmin vaxt konserti saxladıq. Bizim təkidimizlə elan verildi ki, bu, biabırçılıqdı. Orkestrın uşaqları 10 minə yaxın jurnalda düzəliş elədilər, erməni sözünü pozub türk dili ilə əvəzlədilər. Tayvanda olanda gördük ki, hər bir ölkəyə aid guşə düzəldiblər. Mənim də az-çox xəritədən başım çıxırdı. Bizim guşəmiz olan otağa daxil olanda gördüm ki, Naxçıvan Ermənistanın ərazisi kimi göstərilib. Tez hay-haray elədim, aləm qarışdı. Rəssam gətizdirdik, xəritəni düzəltdi. Bu mənfur düşmənlərimiz həmişə bizim əksimizə işləyiblər. Hətta mən Kanadada olanda bir nəfər bizə bələdçi verdilər, türkcə danışırdı. Konsertdə oxuyub aşağı düşəndə bu mənə dedi ki, ağzına sağlıq. Gördüm, bunun aksenti var.  Dedim ki, sən ermənisən? Başı ilə təsdiqlədi. Tez onu oradan qovdum, sonra öyrəndim ki, Fransadan bilə-bilə bizə bələdçi olmağa göndəriblər... Çox ölkələrdə qastrol səfərlərdə olduq, elə olurdu, aylarla qalırdıq. Tələbələrimdən Xəyalə Əliyeva, Günel Məmmədova, Zülfiyyə Məmmədova orkestrlə oxuyurdular, mən tar və kamança ilə oxuyurdum.

- Bu günə kimi yüzlərlə tələbə yetişdirmisiniz. Onların içərisində fəxri adlar alanlar da var. Ümumiyyətlə, bu gün gənc muğam ifaçılarından razısınızmı? Muğam ifaçılığının çağdaş vəziyyəti sizi qane edirmi?

- Bəli, yüzlərlə tələbəm var. Əksəriyyəti də ürəyim istəyən səviyyədə oxuyur. Mən bu sənətdə neçə-neçə haqsızlıqla üzləşmişəm. Bəzən tələbələrimi öz adlarına çıxarmağa çalışırlar. Amma atalar yaxşı deyib, balığı at dəryaya, balıq bilməsə də, xaliq bilər. Xalq artisti Samir Cəfərov mənim tələbəm olub. Baxmayaraq ki, vokal-estrada üslubunda oxuyur, bu gün istənilən muğamı yüksək səviyyədə oxumağa qadirdir. Zülfiyyə Məmmədova mənim tələbəm olub. Onu da qeyd edim ki, qadın oxuyanlardan ilk dəfə "Şüştər" muğamını o ifa edib. Xəyalə Əliyeva mənim tələbəm olub, bu gün muğam müəllimidir. O, respublikada muğam üzrə birinci yerə layiq görülüb. Aygün Məmmədova, Güllü Muradova, Rəhman Məmmədov, Ülviyyə Məmmədova, Gülzar Fərəcova, Arzu Qaraşova, Bahar Lətifqızı, Səməd Səmədov, Fədail Qəhrəmanov, Şəmistan Rəhimov, Könül Rəhimova, Xəyalə Qafarzadə, Xalid Zalışlı, Eldar Mustafayev, Rəşid Sadıqov və yüzlərlə belə layiqli tələbə yetişdirmişəm. Bu gün muğam sənətimizi layiqincə təmsil edən xanəndələr var. Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva daim muğamatımızı diqqətdə saxlayırlar. Heydər Əliyev Fondunun sayəsində muğam sənəti yolunda çox işlər görülüb. Onu da qeyd edim ki, mənim ifam Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ərsəyə gələn "Qarabağ xanəndələri" albomuna da daxil edilib. Bu gün Asəf Zeynallı adına musiqi kollecinin direktoru Nazim Kazımova da çox minnətdarıq. Yüksək səviyyədə dərslərin təşkili üçün bizə hər cür köməkliyi göstərir, daim problemlərlə maraqlanır, əsl qayğıkeş rəhbər kimi vəzifəsinin öhdəsindən layiqincə gəlir. Buna görə ona dərin təşəkkürümü bildirirəm.

- Doğulub boya-başa çatdığınız Ağdam rayonu işğaldan azad olundu. Bu xəbəri eşidəndə nə hisslər keçirdiniz?

- Hamı bilir ki, vətənpərvər insanam. Bəli, çox şükür ki, boya-başa çatdığım torpaqlar işğaldan azad olundu. Buna hədsiz sevindim. Ağdamın qeyrətli oğlu kimi deyirəm ki, o töhməti çəkmək olmurdu. Ağdamda vaxtilə hər şey olub. Oranın vuran qolu da olub, maddiyatı da yüksək səviyyədəydi. Camaatımız müharibə vaxtı da ev-eşiyini tikib düzəldirdi. Ağdam Birinci Qarabağ müharibəsində 6 min şəhid verib. Saysız hesabsız qaziləri var, neçə-neçə Milli Qəhrəmanı var. Ağdam çox inkişaf eləmiş rayon idi. Düzdür, bu müddətdə bizim kəndimiz - Zəngişalı-Mahrızlı işğalda deyildi, amma gedib yüksəkliklərdən o tərəflərə baxanda bağrımız qan olurdu. Açığını deyim ki, inanmırdım torpaqlar alına, çünki çox böyük vaxt keçmişdi. Allah Ali Baş Komandanımızı var eləsin! O, elə bir tarix yazdı ki, heç vaxt yaddan çıxmaz. Prezident İlham Əliyev bu qalibiyyəti böyük ustalıq və ordumuzun gücüylə qazandı. "Dəmir yumruq" əməliyyatı tarixə həkk olundu". Mənim də bir qardaşım Birinci Qarabağ müharibəsində şəhid olmuşdu. Allah şəhidlərə rəhmət eləsin, qazilərə can sağlığı versin. Ağdam bizim ürəyimizdir. Ağdamsız günlərimizdə bu şeiri muğam üstə oxuyardıq:

Şah bulağın vüqarlıdır,
"Damcı bulaq" şəfalıdır,
Oğulların vəfalıdır,
Xilas edər səni, Ağdam,
Darıxıram yaman, Ağdam...

Bəli, bu gün igid oğullar torpaqları azad elədi, çox şükür ki, nəhayət, doğma torpaqlarımıza, o cümlədən, Ağdamımıza qovuşduq!

Nadir RZALI

 





12.01.2021    çap et  çap et