525.Az

Milli varlığımızın "Dil, Tarix, Poeziya"dan boy verən vəhdəti - Açıq məktub


 

ƏMƏKDAR ELM XADİMİ, PROFESSOR QƏZƏNFƏR KAZIMOVA AÇIQ MƏKTUB

Milli varlığımızın "Dil, Tarix, Poeziya"dan boy verən vəhdəti - <b style="color:red">Açıq məktub </b>

Çox hörmətli Qəzənfər müəllim! Əziz ustad!

Sizin "Dil, Tarix, Poeziya" (Bakı, "Elm və təhsil", 2020, 760 s.) adlı qiymətli ikinci kitabınız məni və yəqin ki, bütün oxucuları dərin düşüncələrə dalmağa sövq etdi.  "Hörmətli tələbəm və elmi redaktorum deyə mənə xitab etdiyiniz, ən xoş istəklər, arzular dilədiyiniz" kitab lap yaxın, isti günlərimizin nəşri-nəfəsidir - unudulmaz tələbəniz, görkəmli ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru, professor Zaman Əsgərlinin əziz xatirəsinə ithaf edilib. Rəyçiləri görkəmli şair, tarix elmləri doktoru, professor Şahin Fazil və şair-publisist Əlirza Xələflidir.

Kitabda Sizin bir neçə məqalə istisna olmaqla 2014-2020-ci illərdə tarix, dil tarixi, dialektologiya, müasir dil və bədii dil məsələlərinə dair yazdığınız məqalələr toplanıb. Oxucular burada həm də Sizin öz müasirləriniz, müəllim və tələbələriniz barədə xatirə yazıları, bu dövrdə yazılmış bir sıra məqalə, kitab və dissertasiyalar haqqında rəyləriniz ilə tanış ola biləcəklər.

Kitabınızın birinci hissəsində "Tarix, Dil tarixi, fonetika və dialektologiya məsələləri"ndən, yəni "Şah İsmayılın böyük qələbəsi və ölməzliyi"ndən ona görə yazıbsınız ki, Şah İsmayıla məhəbbətiniz var, "Şah İsmayılda isə Astiaqın Turan imperiya quruculuğu, Cavanşirin qorxmazlıq və diplomatiyası, Babəkin mübarizlik və dönməzlik ruhu birləşib".

"Tarixi reallıq filoloq tədqiqatında" məqaləniz filologiya elmləri doktoru Hüseyn İsrafil Əsgər oğlunun "Alp Ər Tonqa (Astiaq-Əfrasiyab) tarixdə və bədii ədəbiyyatda" kitabı haqqındadır - "xalqımızın həqiqi tarixi öyrənilib, eradan əvvəlki son min illiyin ortalarına məxsus hadisələr aydınlaşdırılıb".

"IX əsrin anadilli alban abidəsi və onun dili haqqında" yazmısınız, IX əsrə aid olan alban dilli orijinal mətnin elmi izahından bəhs etmisiniz.

"Ortaq dil məsələsi" adlı məqaləniz indi türk aləmini düşündürən ən mühüm problemlərdən birinə, bəşəri əhəmiyyətli böyük ideyanın mümkün və namümkün tərəflərinə, vədəsi gələn və ya hələ gəlməyən yönlərinə həsr olunub.

"Rokfellerin etirafları və dünya mədəniyyətinin qurucusu türkün bədbəxtliyi" məqaləniz David Rokfellerin Türkiyə, türk mədəniyyəti və dövlətçiliyi, habelə, Türkiyənin yerləşdiyi strateji ərazinin əhəmiyyəti və bir para başqa mətləblərdən söz açır.

"Dünyanı bəzəyən Abbasın tarixi"nin Ana dilində doğuluşuna təbrik" məqaləniz A.Bakıxanov adına Tarix İnstitutunun nəşr etdiyi hər biri 1000 səhifədən artıq iki cildlik "Dünyanı bəzəyən Abbasın tarixi" haqqında - yazanın, tərcüməçinin böyük zəhmətin, institut rəhbərliyinin qayğısı haqqında şövkət yazısıdır.

"Azərbaycan dilinin dialektoloji atlası" məqaləniz də bu sahədə keçilən yol, həmçinin, Türk xalqları dillərinə məxsus dialekt və şivə  xüsusiyyətlərinin öyrənilməsinin əhəmiyyəti barədə yazmısınız.

"Azərbaycan dilinin dialekt sintaksisi", "Azərbaycan dilinin tarixi və onun fonetik strukturunun tədqiqi haqqında" məqalələrinizdə bu mövzuda fikirlərinizi elmi-nəzəri və praktik əsaslarla, mükəmməl ifadə etmisiniz.

İkinci hissədə - "Ədəbi tənqid: poeziya və nəsr"də şair Sərdar Əsəd, professor Ə.Dəmirçizadə, Xalq şairi Səməd Vurğun, yazıçı Əli İldırımoğlu, Xalq şairi Zəlimxan Yaqub, alim və şair Şahin Fazil və daha bir sıra söz-elm xadimlərimiz barədə söz açılıb.

Kitabınızın üçüncü hissəsində yazıçı Yasif Nəsirli, alimlər Qara Məşədiyev, Məmməd Həsənov, tələbə yoldaşınız - jurnalist Əsgər Əsgərov, ədəbiyyatşünas Əlyar Səfərli, elm adamlarımızdan Zaman Kərimbəyli, Cəfər Cəfərov və digər unudulmazlar haqqında xatirələriniz, düşüncələriniz verilib. Hamısı səmimi, ilıq və kövrək...

Məqamın monoloqu - Əlizadə Əsgərlinin yazısı

Hörmətli ustad!

Siz yüzlərlə elmi işə düzgün, ədalətli rəylər vermisiniz, yüzlərlə yüksək dəyərli mülahizələr söyləmisiniz, müxtəlif mövzularda maraqlı çıxışlar etmisiniz. Bütün bunlar elmimizin inkişafı naminə son dərəcə faydalı işlərdir, ustadlıq nümunələridir.

İndiki vaxtda çox nadir kitab tapılar ki, heç olmasa, orfoqrafik səhvlərə yol verilməsin. Sizin hazırladığınız kitab isə heyrətamizdir. Nə qədər böyük zəhmətin nəticəsi olduğunu bəlgələyir. Kifayət qədər ahəngdar, aydın, dürüst və elmi səciyyə daşıyır. Görünür, bu fikri əsas tutmusunuz ki, kitab, müəllif olaraq,  nəşrə qədər sizindir, çapdan sonra isə xalqa məxsusdur, millətə mənəvi mirasdır. Kitablar insan ruhunun müqəddəs yazılarıdır! 

Möhtərəm Qəzənfər Şirinoğlu!

Büllur ruhunuzun pərvəriş tapıb ab-havasını daddığı doğma eliniz - Cəbrayıl rayonu, Soltanlı köyünüz, Vətən içində vətəniniz artıq düşmən tapdağından azad olunub. Sizə, professor İsmayıl Kazımova göz aydınlığı verirəm! Gün olsun, diz qoyduğınuz, könül riqqəti çəkdiyiniz torpağınızda qurbanlar kəsəsiniz! Azadlıq deyə neçə-neçə ulus-el, yurd-yuva alındıqca, adları eşidildikcə mən də Ulutürkün odlu sətirlərilə köz-köz olmuşam, körüklənmişəm. Doğma Dil tariximizin, tarixi vətənimizin, vətən-torpaq Tariximizin əşirətdən günümüzəcən gələn Poeziyasında əlçim-əlçim, budaq-dudaq  çiçəkləmişəm...

Anladım ki, ana dilim
Ürəyimdən çıxmaz mənim
Doğransam da, dilim-dilim.
Anladım ki, sinəmdəki sözlər deyil,
Babaların nəfəsidir.
Dizlərimə taqət-qüvvət,
Gözlərimə işıq verən,
Çənlibeldə at oynadıb
Şimşəklərlə qoşa gedən
İgidlərin nərəsidir...

Kitabınızda Dilin və Tarixin vəhdəti Poeziya ilə cani-dildən qovuşub. Oxuduqca duyuruq ki, ulu fikir-düşüncə sahiblərindən B.Vahabzadə, X.R.Ulutürk kimi Məmməd Araz da nə qədər içdən, nə qədər yanıqlı deyib:

Vətən nəğmələri olmasa bir an
Ürəkdə gül açıb yaz ola bilməz.
Nəğməsi olmayan, Şeiri olmayan
Bir Xalqın Tarixi yazıla bilməz!

Sizin "Dil. Tarix. Poeziya" adlı qiymətli kitabınız elə Dil, Tarix və Poeziyamızın canlı vəhdətidir.



Dilimizin, Tariximizin və Poeziyamızın vəhdəti həm də Haqla Ədalətin, Dövlətlə  Qanunun, Elmlə Zəkanın, Ağılla Biliyin - Xalqla Şəxsiyyətin vəhdətidir! Ali Baş Komandanla Qalib Milli Ordunun birliyidir! Bir ocağa qalandığımız közümüzün və sözümüzün birliyidir!

Dəyərli ustad!

Sizi yeni kitabınız münasibətilə ürəkdən təbrik edirəm. Sizə möhkəm can sağlığı, daha böyük elmi uğurlar arzulayıram. Mən Sizi can və ömür kitabınız olan Cəbrayılın azadlığı münasibətilə ürəkdən təbrik edirəm! Axır-aqibətimiz Dilimizlə, Tariximizlə, Poeziyamızla əbədi qutlu olsun!

Hörmətlə, səmimiyyətlə tələbəniz Əlizadə ƏSGƏRLİ

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

 





12.01.2021    çap et  çap et