525.Az

"Ya şəhid olmaq gərək, ya intiqam almaq gərək!" - Anım


 

BU ALİ AMALLA YAŞAYAN CƏSUR LEYTENANT FƏRİD MƏMMƏDOV VƏTƏN MÜHARİBƏSİNDƏ ŞƏHİDLİK ZİRVƏSİNİ FƏTH ETDİ

"Ya şəhid olmaq gərək, ya intiqam almaq gərək!" - <b style="color:red">Anım </b>

2020-ci ili Qarabağda qazandığımız zəfər xəbərləriylə, şəhid acılarıyla geridə qoyduq. Ən önəmlisi 30 ilə yaxın bir zaman ərzində düşmən əlində qalan torpaqlarımız şəhidlərimizin qanı bahasına iğaldan azad olundu. Kim bəxş etdi bizə bu zəfəri? Əlbəttə ki, canını vətəni üçün qurban verən şəhidlərimiz.

90-cı illərə təsadüf edən uşaqlıqlığımızda hər gün Azərbaycanın göz bəbəyi Qarabağdan gələn acı xəbərlər alır, torpaqlarımızın ermənilər tərəfindən işğalı, yurd-yuvasından didərgin düşən qaçqınlar hafizəmizə kədərli səhifələr olaraq həkk olunurdu. Torpaqlarımızın uzun müddət işğal altında inləməsi vicdanımızı sızıldadırdı. Bu üz qarasını da təmizlədik. Şəhidlərimiz sayəsində. Onlar geridə məğrur bir Azərbaycan qoyaraq gözü yaşlı analarını, dul gəlinlərini, yetim uşaqlarını bizlərə əmanət edərək getdilər. Arxalarına da baxmadan. Yeriniz cənnət olsun!

II Qarabağ müharibəsində qəhrəman Azərbaycan Ordusunun 2800-dən çox əsgəri şəhid oldu. 2800-dən çox ailə gözü yaşlı qaldı. Bunun qarşılığında işğalda inləyən torpaqlarımız işğaldan azad edildi.

Bir şəhidimizi anmaq istəyirəm bu yazımda. Şəhid leytenant Fərid Məmmədovu. 29 aprel 1990-cı ildə Xırdalanda doğulmuşdu Fərid. 20 Yanvar 1990-cı il vəhşətinin yaşandığı o qanlı-qadalı ildə. Bir ana necə gözəl arzu-diləklərlə gəzdirir 9 ay bətnində körpəsini. Ana üçün bir cənnətdir körpəsinin dünyaya gözlərini açdığı o xəstəxana. Hələ körpəsini qucağına aldığı o ilk an... Körpəsini elə böyük bir sevgiylə köksünə basır ki! Ağlının ucundan belə keçirmir ayrılığı.

Əslən Ağdamın Xıdırlı kəndindən olan Fəridin uşaqlığı davamlı erməni vəhşiliyinin yaşandığı, Qarabağın işğal olunduğu, 20 min şəhidin verildiyi müharibə dövrünə təsadüf edir. Orta təhsilini 1997-2008-ci illərdə Xırdalan qəsəbəsindəki 2 saylı məktəbdə alır Fərid. 2008-2010-cu illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hava Hücumdan Müdafiə və Hərbi Hava Qüvvələrində hərbi xidmətini yerinə yetirir. 2010-2016-cı illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət edir. 2017-ci ildə Müdafiə Nazirliyin 3 aylıq "Gizir Hazırlığı Kursu"nu bitirdikdən sonra Təlim Tədris Mərkəzinə təyin olunur. 2019-cu ilin dekabr ayında Təlim Tədris Mərkəzinin Ehtiyat Zabitlər kursunu bitirərək ilk hərbi zabit rütbəsi olan "leytenant" rütbəsini alır və Tağıyev qəsəbəsində yerləşən N saylı hərbi hissədə "Tağım Komandiri" vəzifəsinə təyin olunur. Addım-addım irəliləyirdi arzularına Fərid.



Fərid 2014-2019-cu illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında "Vətəni müdafiə" ixtisası üzrə bakalavr təhsili alır.

Fərid Məmmədov sağlığında III dərəcəli "Qüsursuz xidmətə görə" medalı, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı, "Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 20 illiyi" döş nişanı ilə də təltif edilmişdi.

Azərbaycan Silahlı Qüvvələrində leytenant olan Fərid Məmmədov II Qarabağ müharibəsinin başlamasından bir neçə gün sonra, 6 oktyabr 2020-ci ildə Füzuli-Cəbrayıl istiqamətinə ezam olunur.  Leytenant 25 oktyabr 2020-ci ildə Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olur.

Fərid Məmmədov 26 oktyabrda Bakı şəhəri 2-ci Fəxri Xiyabanda dəfn edilir. Ölümündən sonra Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən "Vətən uğrunda" medalıyla təltif olunmuşdur.

Xatirələrini paylaşan silah yoldaşlarının sözlərinə görə, Fərid "Mən şəhid olsam, oğlum mənimlə qürur duyacaq" deyirmiş. Səninlə sadəcə oğlun deyil, bütün Azərbaycan qürur duyur, Fərid!

27 sentyabr səhərini Qarabağ müharibəsinin başlanması xəbəriylə açdıq. Müharibə xəbərlərini anbaan yaşadığım Kastamonu şəhərindən izləyirdim. Müharibə başlanan kimi Kastamonu Universiteti Rektorluq binası üzərində Azərbaycan və Türkiyə bayraqları dalğalanmağa başlamış, Kastamonu Bələdiyyəsi şəhərin hər tərəfinə "Can Azerbaycan'ın Yanındayız" devizli afişalar yapışdırmışdı. Axşam azanından sonra Qarabağda ordumuzun müzəffər olması üçün salah oxunurdu. Məncə, dünya boz rəngə bürünmüşdü. Şəhid xəbərləri bizi pərişan edir, zəfərlərimizlə yenidən ayağa qalxırdıq.

Oktyabrın 26-sında səhər tezdən atama zəng eləmişdim. "Nə var, nə yox..." deyə soruşdum. Fəridin şəhid olduğunu, bu gün səhər tezdən dəfn etdiklərini çox üzgün səslə dedi. Göz yaşlarım gildir-gildir tökülməyə başladı. Dərsim də vardı o gün. Hər gün dərslərimizdə Qarabağ müharibəsindən bəhs edir, qəzetlərdəki məqalələri çevirir, şəhidlərimizi yad edirdik. Çox çətinliklə, qəhərlənərək işlədim ogünkü dərsimi. Həmin gün ruhum Bakıdaydı. Bu məqaləni də göz yaşları ilə qələmə alıram...



Sən düşmən önündən aciz bir şəkildə qaçmağı deyil, şəhid olaraq intiqam almağı üstün tutdun, cəsur leytenant! Sən bununla ulu Füzulinin vəsiyyətini yerinə yetirdin. O böyük şairimiz "Hədiqətüs-Süəda"sında yazır: 

Zillət ilə ləzzəti olmaz həyatın, dustlar,
Nəqdi-can sərf eyləyib, dünyada kam almaq gərək!
Əcz ilə dönmək ədudən səhldir, himmət tutub,
Ya şəhid olmaq gərək, ya intiqam almaq gərək!

Fərid 2016-cı ilin dekabr ayında dayım nəvəsi Şəhla ilə evlənmişdi. Bakıda olmadığım üçün toylarına da gedə bilməmişdim. 7 noyabr 2017-ci ildə oğlu gəlmişdi dünyaya. Adını Fuad qoymuşdular körpənin. Çox təəssüf ki, bu xoşbəxtliyin ömrü az oldu. Dörd il belə möhlət vermədi tale onlara. Birlikdə qurduqları xəyalları, arzuları yarı yolda qaldı. Ağı bilməyən gənc qadın o köhnəlməyən müsibətə aid yanğılı misralarla oxşadı şəhid yoldaşını...

Hərmələ, əlin qurusun,
Çəməndə gülün qurusun... 

28 yaşlı Şəhla körpəsiylə Fəridin yolunu gözləyəcək... Onu yaşadan isə şəhid yoldaşı adını daşıması olacaq. Fəridin vəfatından sonra aldığı "Vətən uğrunda" medalını yaxasında qürurla daşıyacaq. Sevgisini isə kimsənin görmədiyi, parça-parça qəlbində yaşadacaq. Fərid isə həmişə 30 yaşında qalacaq.

Ölüm haqdır. Fəqət hamıya belə şərəfli ölüm nəsib olmur. Şəhriyar da "Şəhid Balam" şeirində şəhadətin büyük bir səadət olduğunu, fəqət hər kəsə qismət olmadığını dilə gətirməkdədir:

Şəhadət bir səadət ki, hər kəs ona çata bilməz,
Allah ilə alım-satım, hər kəs alıb-sata bilməz,
İnsan gərək özün atsın, hər kəs özün ata bilməz,
Təkcə şəhidlərdir çatan bunca böyük səadətə.

Fəqət ailən, həyat yoldaşın, balaca balan səndən doymadı, Şəhidim! Günlər, aylar, mövsümlər, illər ötəcək. Onların həsrətdən deşik-deşik olmuş ürəkləri Səni anacaq, Sənin həsrətinlə alovlanacaq. İllər Səni unutdurmayacaq. "Şəhadətin bir izzətdir, biz də vardıq o izzətə" deyəcək ailən. Anan hər bayramda "Şəhid balam, bayram gəlib, həsrət qaldım o qamətə" deyərək sızlayacaq, sonra "Şəhid balam, bayram sənin, görüş qalsın qiyamətə" deyəcək və səninlə görüş gününü səbirsizliklə gözləyəcək.



Gecələr çox uzun gəlir şəhidlərin ömür gün yoldaşlarına. Ən böyük arzuları yuxularında görüşməkdir sevdikləriylə. Röyalarına girəcəksən Şəhlanın. Xarıbülbül taxacaqsan saçlarına. Sonra oğlunu cənnət Qarabağda gəzdirəcəksən. Düşmənlə necə vuruşduğundan bəhs edəcəksən... Tələsdiyini söyləyib ayrılacaqsan onlardan. Qan-tər içərisində oyanacaq yuxusundan o Mələk. "Kaş ki oyanmayaydım" deyəcək.

Şəhlanın səninlə gözəl röyası çox qısa oldu. Səninlə görüşməyə gələcək məzarına. Əvvəllər sən ona çiçək gətirərdin. İndi o, sənə çiçək gətirəcək. Məzarını bu çiçəklərlə bəzəyəcək. Sənin doğum və vəfat günündə adına halva çalınacaq, ağı bilməyən gül üzlü Şəhla ağı ilə oxşayacaq məzarını. Oğlunun suallarını cavablayacaq göz yaşlarıyla. Gözlərindəki o yaşları da oğlun siləcək. Sənin oğlun - Şəhid oğlu olduğu üçün hər zaman qürur duyacaq. Yaşadığın küçəyə adın veriləcək, binaya barelyefin asılacaq. Ailən beləcə təskinlik tapacaq.

Dünya fani, ömür qısa. Şərəfli ölümünlə ölümsüzlük qazandın, Şəhidim. 30 illik ömrünə hər şeyi sığdıra bildin. Vəzifəni yerinə yetirdin, tarix yazdın və getdin. Uğruna canından keçdiyin o torpaqlar artıq işğaldan azad edilmişdir. Xıdırlı kəndi də azaddır.

Ruhun şad, məkanın cənnət olsun, Şəhid leytenant!

 





12.01.2021    çap et  çap et