525.Az

Qələbə düşüncələri - Lətif Şüküroğlu yazır


 

Qələbə düşüncələri - <b style="color:red">Lətif Şüküroğlu yazır </b>

Azərbaycan xalqı Ermənistan silahlı birləşmələrinin işğalı altındakı torpaqlarının qurtuluşunu 30 ilə yaxın gözləmişdi. Bu uzunmüddətli və əzablı gözləyişin bütövlükdə xalqa, ayrılıqda hər bir vətən, millət məfumunu gəlişigözəl söz hesab etməyən fərdə necə əzici təsir etdiyini deməyə yəqin ki, ehtiyac yoxdur.

30 illik ağrı-acıya, başımızı dik tutmağa imkan verməyən xəcalətə, içimizi gəmirən qəzəb və hiddətə necə dözdük bunu tək Allah bilir. Nəhayət, 2020-ci il sentyabr ayının 27-dən noyabrın 9-dək davam etmiş Vətən müharibəsi ilə bütün bunlara son qoyuldu. Azərbaycanın şanlı ordusu həqiqi sərkərdə iradəsi və əzmi nümayiş etdirən Ali Baş Komandanının rəhbərliyi altında xalqımıza həsrətində olduğu böyük Qələbənin sevincini yaşatdı.

Şuşanın işğaldan azad olunduğu gün qalibiyyət yürüşünün ən mühüm uğuru kimi tariximizə əbədi Zəfər Günü - şərəf, qürur günümüz kimi yazıldı. Şuşaya haqq etdiyi bu statusu əziz şəhərimizin milli-tarixi keçmişi, mənəvi yüksəklik rəmzi olması, Azərbaycanın mədəniyyət mərkəzi, Qarabağın əvəzsiz incisi sayılması ilə yanaşı, həm də əsgər və zabitlərimizin bu müqəddəs məkan uğrunda apardığı heyrətamiz döyüşlərlə bağlı olduğu üçün hər bir azərbaycanlının ürəyindən idi. Şuşa uğrunda gedən əlbəyaxa döyüşlərdə aldığı sarsıdıcı, xüsusilə psixoloji zərbədən düşmən bu gün də özünə gələ bilmir.

Azərbaycan Silahlı Qüvvələri Füzulidə, Hadrutda, Cəbrayılda, Zəngilanda, Qubadlıda və işğal altından qurtardığı onlarla başqa yaşayış məntəqələrimizdə də heyrətamiz döyüş şücaətləri və fərdi igidlik nümunələri göstərmişdlər. Bütün bunların nəticəsində, Ermənistanın hərbi potensialına uzun illər bərpa olunmayacaq zərbə vuruldu və düşmən diz çökməyə məcbur edildi. Xalqımızın tarixində dönüş mərhələsi olan böyük Zəfər Azərbaycanın mərd oğul-qızlarının heç vaxt unudulmayacaq qəhrəmanlığı ilə yanaşı, xalqımızın sarsılmaz birliyinin, 44 gün ərzində, necə deyərlər, 7-dən 77-yə hamının əsgər, cəbhə, Vətənlə nəfəs almasının təntənəsi idi. Qarşılarında bir ömür boyu borclu olduğumuz, əbədiyyət yolçuları - şəhidlərimiz, düşmənə təsəvvürünə gəlməyəcək məğlubiyyət yaşadan, ağır döyüşlərdə yaralanmış əsgər və zabitlərimizdir bu tarixi yazanlar. Oğul itkisinə "Vətən sağ olsun!", deyən ata-analar, şəhid həyat yoldaşını, qardaşlarını çiyinlərində son mənzilə uğurlayan qız-gəlinlərimiz, şəhid atasının şəklini dərd qarışıq qürurla bağrına basan körpələr, bir sözlə, Azərbaycan xalqıdır bu tarixi yazan!

Şəhidlərimiz barədə tək bizlər yox, hələ neçə nəsillər danışacaq, yazacaq. Onlar öz həyatları hesabına aylar, bəlkə illər sürə biləcək müharibəni 44 günlük vaxt çərçivəsinə sığışdırmaqla dünyanı heyrətləndirən yeni bir Azərbaycan yaratdılar. Vətən nə vaxt dara düşsə, onlar yenidən sıraya dönüb eyni yenilməzliklə düşmən üzərinə yürüyəcəklər. Atılacaq hər sərrast güllədə, vurulacaq hər ölümcül zərbədə Onların da payı olacaq.

Azərbaycan Ordusu, doğrudan da, müasir dövrün qəhrəmanlıq dastanını yazdı. Bunu indi dostlarımızla yanaşı, nə qədər absurd da görünsə, Azərbaycanı öz torpaqlarını erməni işğalından qurtarmaq haqqından və hüququndan imtinaya səsləyənlər, onu müxtəlif vasitələrlə durdurmağa çalışanlar da artıq etiraf edirlər. Hətta Ermənistanda belə, 30 ilə yaxın işğal dövrünün eyforiyasına qapılıb guya "azərbaycanlılar döyüşə bilmir" deyənlər igidlərimizin onların alınmaz hesab etdikləri müdafiə istehkamlarını qısa müddətdə darmadağın edildiyini, Azərbaycan əsgərinin nəyə qadir olduğunu, xalqımızın birliyinin təcəssümü olan dəmir yumruğun dadını görəndən sonra yanıldıqlarını, öz güclərini hədsiz dərəcədə şişirtdiklərini dilə gətirmək məcburiyyətində qaldılar. Bu gün sərsəm revanşist fikirlər səsləndirənlərlə yanaşı, artıq ermənilərin arasında reallığın nədən ibarət olduğunu yaxşı bilənlər, hətta başa düşənlər də var. Ancaq hələlik mütləq azlıqda qaldıqlarından onlar bunu etiraf etmək iqtidarında və cəsarətində deyillər. Çünki öz xülyalarının qurbanına çevrilmiş ermənilər millət və cəmiyyət olaraq hələ də düşdükləri real vəziyyəti düzgün və soyuq başla qiymətləndirmək imakanından uzaqdırlar.
 


Qonşularla dinc yanaşı yaşamaq üçün mümkün razılaşma, qarşılıqlı anlaşma nöqtələri tapmaq, Ermənistanın tamami ilə məhv olmaqdan qurtarması məqsədi ilə təklif olunan çıxış yollarını qəbul etmək əvəzinə, xəstə düşüncədən və əsassız iddialardan əl çəkə bilməyən ermənilər mövcud durumlarına görə özlərindən başqa, az qala hamını ittiham edirlər. Əlbəttə, belə vəziyyətə düşmüş bir toplumun region üçün təhlükə mənbəyi olaraq qalması təkcə Azərbaycanı deyil, bu regionda təhlükəsizliyin və sabitliyin yaranmasında maraqlı olan bütün ölkələri düşündürməlidir. Çünki revanşizmin belə iddialarla yaşayan toplumların taleyində bir çox hallarda necə acınacaqlı rol oynadığı tarixə yaxşı məlumdur. Yəqin Ermənistanın daimi havadarları arasında tarixin bu dərslərindən lazımi nəticələr çıxarmağı və ermənilərin yeni xülyalarının özlərini real məhvə sürükləməkdən başqa bir şey olmadığını başa salanlar tapılacaq.

Təbii ki, bu gün belə məsləhətlər sırasında ən optimalı ötən il noyabr ayının 10-da Azərbaycan, Rusiya Prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli bəyanatın hələ də icrasını gözləyən bəndlərinin yerinə yetirilməsinə çalışmaq və xüsusi ilə Azərbaycanın ermənilərə verdiyi Qarabağda qalıb yaşamaq imkanından sui-istifadə etməmək olardı. Halbuki ermənilərin bu günədək olan davranışları, xüsusilə kiçik qruplar şəklində işğaldan azad edimiş ərazilərdə təxribatlar törətmək, Azərbaycanın suveren ərazisində keçmiş qondarma rejimi dəstəkləməklə fəaliyyət görüntüsü yaratmaq və sair onların separatçı niyyətlərindən əl çəkmədiklırini göstərir. Ancaq unudurlar ki, Azərbaycan öz daxilində bir daha belə hərəkətlərə yol verməmək qərarında qətidir və suveren ərazisində kimlərinsə yenidən at oynatmasına dözməyəcəkdir. Onu da qeyd edim ki, Azərbaycan dövlətinin müharibə zamanı və ondan sonra göstərdiyi qəti mövqe, son günlərin hadisələri ilə bağlı səsləndirilən rəsmi xəbərdarlıqları ermənilərın nəticə çıxarmaları, növbəti eyforiyalardan qurtarmaları üçün alternativsiz şansdır. Bu xəbərdarlıqlar sırasına Ermənistanda səngimək bilməyən etirazlarda son günlər səsləndirilən "Niyə mənim övladım Qarabağda xidmət etməlidir? Qarabağ Azərbaycan torpağıdır" kimi fikirlər də rəsmi İrəvanı və dünya erməniliyini ciddi düşündürməlidir. Necə deyərlər, indi qalır onlara tanınan şansın düzgün dəyərləndirilməsi.

Digər tərəfdən, Azərbaycan artıq nəinki 20-30 il, hətta 1 il, 6 ay əvvəlki ölkə deyil. Azərbaycan tamami ilə dəyişmiş, qəti sözü və onu reallaşdırmaq əzmi olan, böyük imkanlara və perspektivlərə malik bir ölkədir. Doğma Qarabağın işğaldan qurtuluşu məğlubiyyət sindromundan qurtulan Azərbaycanın qarşısında yeni üfüqlər açmışdır. Tarixi Qələbə taledən bu günü görmədən ölmək istəmədiyini uman yüz minlərcə ömrü yarı etmiş məcburi köçkünün ürək parçalayan nisgilinə son qoymuş, onları öz doğma torpaqlarına qayıdıb, vandal, vəhşi düşmənin talan etdiyi, daşı-daş üstündə qoymadığı o ərazilərdə yenidən qurub-yaratmaq, cənnət Qarabağı adına layiq həyata qovuşdurmaqdır. Milli qürur hissi yaşayan, inamı özünə qayıtmış xalq nəyə qadir olduğunu Laçında, Kəlbəcərdə, Ağdamda, Füzulidə və digər torpaqlarda yenidən göstərəcək. Zəfər qazanan qüdrətli Xalq mənən yüksəkliyini dünyaya indi də öz doğma yurdlarını gülüstana çevirməklə sübut edəcək. Bir də o yurdlarda yenidən çatılan ocaqlar doğma evinə qayıtmaq ümidi doğrulmayanların narahat ruhlarına hüzur gətirəcək. O ruhlar daha sərgərdan olmayacaqlar.

Müharibənin 44 günü və ondan sonrakı vaxtda dünyanın müxtəlif ölkələrində doğma Azərbaycanın qələbəsi və maraqlarının qorunması naminə qəlbi, ağlı, biliyi, bir sözlə, bütün varlığı ilə mübarizə aparan soydaşlarımız da Qələbəyə öz töhfələrini verdilər. Həm ölkə daxilində, həm də ondan uzaqda yaşamasından asılı olmayaraq, bu gün Azərbaycan deyiləndə ayağa duranların, qəddi düzəlmiş, indi üçrəngli bayrağı Vətənin bütün guşələrində qürurla dalğalanan Azərbaycanımızın xoşbəxt günləri ilə öyünməyə haqları çatır.

Müharibə bizə dostlarımızla yanaşı, düşmənin yanında olan bədxahlarımızı, ən azı Azərbaycana qarşı olanları da yaxından tanımaq şansı verdi. İkincilər haqqında artıq nəsə deməyə lüzum yoxdur. Ancaq Azərbaycana açıq dost münasibəti göstərən ölkələr barədə danışmamaq mümkün deyil. Böyük qələbəmizdə siyasi-diplomatik və mənəvi dəstəyi ilə danılmaz haqqı olan qardaş Türkiyənin, haqq işimizi daim müdafiə edən Pakistanın, Gürcüstanın, Ukraynanın, İtaliyanın, İsrailin, bir sözlə, bizi dost bilən bütün ölkələrin sevincimizə qəlbən şərik olmasını gördük və bu, iftixar hissimizi daha da artırdı. Qarabağın qurtuluşunu, Azərbaycanın Zəfərini də onlar bizimlə birgə, eyni coşqu və sevinc hissi ilə qeyd etdilər. Həmin günlər dostların, xüsusi ilə qardaş Türkiyə xalqının bizlərə ünvanlanmış xoş arzularının ümumi bir ifadəsi vardı: Qələbə sevinclərin bol olsun, can Azərbaycan!

Nə xoş bizlərə ki, tale qismətimizə bir əvəzedilməz şans da yazıbmış. Azərbaycanın ən yeni tarixinin qızıl səhifəsi, şanlı ordumuzun düşmən üzərində qazandığı böyük Zəfərin həqiqi təntənəsi olan tarixi günü - Silahlı Qüvvələrimizin ötən il dekabrın10-da keçirilən mötəşəm hərbi paradını görmək də nəsibimiz oldu.

 





12.01.2021    çap et  çap et