525.Az

Sənət yolundakı silinməz izlər - Yubiley yazısı


 

FƏDAKAR ƏDƏBİYYAT VƏ MƏDƏNİYYƏT XADİMİ RAFİQ RƏHİMLİNİN 65 YAŞINA

Sənət yolundakı silinməz izlər - <b style="color:red">Yubiley yazısı </b>

Haqqında dərin ehtiram və məmnuniyyət hissi ilə söhbət açacağım insanı hələ uşaq yaşlarımdan tanıyıram. Ailəmizin bir üzvünə çevrilmiş ən yaxın qonşumuz, əzizimiz kimi. Onun sənət dünyasına 1990-cı illərdən bələdəm. Yazıçı, dramaturq, tərcüməçi, rejissor, jurnalist, incəsənət ustası və teatr xadimi kimi.

Nə xoş ki, bu möhtərəm və dəyərli ziyalımızın keçdiyi zəngin yaradıcılıq yolu mənə qayğısız uşaqlıq illərimdən tanışdır. Hətta dəfələrlə onun yazı masası üzərində üst-üstə düzülmüş qalaq-qalaq vərəqləri gördükcə hər yeni növbəti əsərin ərsəyə gələcəyindən və teatr məkanına vüsət tapacağından xəbərdar olardım. Övladları ilə çox yaxın dost olduğumuzdan qardaşımla mən tez-tez onlara qonaq gedərdik. Bütün qonşu uşaqları kimi mən də ona "Rafiq əmi" deyə müraciət edərdim. O vaxtdan bu günə kimi bu səmimi, sadə, imanlı, geniş qəlbli, möhtərəm insan mənim yaddaşımda "teatral şəxsiyyət" kimi yaşamaqdadır.

Gözlərim onun evində Azərbaycanın tanınmış aktyor və aktrisalarını görməyə adət etmişdi. Kimlər bu evin qonağı olmazdı... Yaddaqalan obrazları ilə teatr sahəsində öz möhrünü vurmuş sevimli, korifey sənətkarlarımız...

Rafiq Səfər oğlu Rəhimli 1956-cı il yanvarın 3-də Lənkəran şəhərində dünyaya göz açıb. Fitri istedadı onu jurnalistika sahəsinə çəkib aparıb. 1989-cu ildə Bakı Dövlət Universitetini, 1994-cü ildə isə "MüstəqilRs" nəzdində fəaliyyət göstərən ali rejissorluq kursunu bitirib. İlk qələm təcrübələri də gənclik illərindən başlayıb. Tələbəlik illərində müxtəlif müsabiqələrin qalibi kimi bir sıra mükafatlara layiq görülüb.

1984-1993-cü illərdə Azərbaycan radiosunda, 1994-2000-ci illərdə Azərbaycan Dövlət Televiziyasında müxbir və redaktor, 2000-2002-ci illərdə İrəvan Dövlət Azərbaycan Dram Teatrında ədəbi-dram hissəsinin rəhbəri vəzifələrində çalışıb. 2002-ci ilin dekabr ayından isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında ədəbi-dram hissəsinin müdiri vəzifəsini icra edir. Bütün bunlarla yanaşı, "Rəfiq" ədəbi məcmuəsinin təsisçisi və baş redaktorudur. O, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Jurnalistlər Birliyi, Teatr Xadimləri İttifaqının üzvüdür. 2005-ci ildə "21-ci əsr ziyalıları" Beynəlxalq  layihəsinin qalibi və "Qızıl kitab" mükafatı laureatı olub.

Rafiq Rəhimlinin Azərbaycanın görkəmli teatr xadimləri haqqında "Teatr kraliçası" (Amaliya Pənahova haqqında), "Həmişə təravətli sənət" (Səyavuş Aslan haqqında), "Səhnə səadətimdir" (Rafiq Əzimov haqqında), "Səhnə də bir həyatdır" (Lətifə Əliyeva haqqında) adlı kitabları işıq üzü görüb. Bir sıra incəsənət xadimləri haqqında hazırladığı kitabları isə hələ də nəşrini gözləyir.

Qələmi qızıldan da qiymətli olan bu görkəmli və peşəkar sənət ustası Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının və Akademik Milli Dram Teatrının səhnəsində neçə-neçə yerli və dünya dramaturqlarının əsərlərinə özünəməxsus quruluş, yeni həyat verib. Həmçinin, tərcüməçilik sahəsində də bir çox uğurlara, nailiyyətlərə imza atıb. Sofoklun "Şah Edip, yaxud alın yazısı" əsəri üzərində apardığı uğurlu tərcümə prosesinin şəxsən özüm şahidi olmuşam. Bundan əlavə, J.Rassinin "Fedra", Filipponun "Silindr və ya məhəbbət oyunu" əsərləri Akademik Dram Teatrında öz səhnə təcəssümünü tapmışdır. Müəllifin İrəvan Dövlət Azərbaycan Teatrında "Yeni il", Şuşa Teatrında "Sevgi nağılı", Akademik Milli Dram Teatrında "Bahar xoş gəlibdir Azərbaycana", "Novruz sərgüzəştləri", "Gözəllik müsabiqəsi", Lənkəran Teatrında "Ağ kəlağayı", Gəncə Teatrında "Qobustan əfsanəsi", Mingəçevir Teatrında "Gizli məhəbbət", Salyan Dövlət Kukla Teatrında "Göyçək Fatma", Dərbənd Azərbaycan Dövlət Dram Teatrında "Sönmüş talelər" və digər pyesləri tamaşaya qoyulub.

Bu sahədə dəyərli mütəxəssis sayılan Rafiq Rəhimli Azərbaycanın mədəniyyət və incəsənət sahəsində ecazkar qələmiylə, qeyri-adi fitri istedadıyla, güclü zəkasıyla, parlaq imzasıyla vaxtında sözünü demiş sənətkarlar sırasındadır. Amaliya Pənahova, Nailə Muradxanlı, Səyavuş Aslan, Lütfi Məmmədbəyli, Lətifə Əliyeva, Rafiq Əzimov, Nurəddin Mehdixanlı kimi böyük incəsənət xadimləri və səhnə ustaları ilə çalışmaq Rafiq müəllimə nəsib olub.

Onun yorulmaz qələminin məhsulu sayılan müharibə mövzusunda ədəbi dram əsərləri 1990-cı illərin teatr epoxasının həyatına güzgü tutmuş və zamanla uzlaşmış səhnə əsərlərindəndir. "Şəhid toyu", (1990-cı il Yanvar hadisələri ilə bağlı), "Namus naminə", "Sənin izinlə" (Qarabağ müharibəsi ilə bağlı) dramatik səhnə əsərləri, "Ölməzlik", "Bakı harayı"  radioesseləri və Azərbaycan Dövlət Televiziyasında yayımlanan "Bilən bu dərdimi yoxdur" teleoçerki dövrün məğzini ifadə edən yaradıcılıq nümunələridir.

1990-cı ilin 20 Yanvar hadisələrinin canlı şahidi olmuş Rafiq müəllimin iti və kəsərli qələmi adıçəkilən qətliam mövzusundan da yan keçməyib. Həmin hadisələrin canlı ensiklopediyası sayılan Rafiq müəllim məhz o ağrılı illərdə qırmızı imperiyanın xalqımızın başına gətirdiyi ağlasığmaz müsibətləri isti-isti qələmə almağa fürsət tapıb. Bu qəbildən, "Efirin göz yaşları", sənətkarın özünün təbirincə desək, bədii publisistik xatırlama çox qiymətli tarixi əsərdir. Kitabın adından da göründüyü kimi, əsərin məğzi sovet imperiyasının təcavüzünə məruz qalaraq xaincəsinə susdurulmuş efir məkanımızın bərqərar olması uğrunda gedən mübarizənin təfərrüatlarından ibarətdir.

Yorulmaz qələm və yüksək ideyalar sahibi Rafiq Rəhimli Mədəniyyət Nazirliyinin keçirdiyi, böyük dövlət xadimi Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 30 illiyinə, Xalq Cümhuriyyətinin 80 illiyinə həsr olunmuş mərasimlərin, həmçinin, bir sıra dövlət tədbirlərinin ssenari müəllifidir. 2013-cü ildə "Fəxri Mədəniyyət İşçisi" döş nişanı ilə təltif edilib. Bundan əlavə, Dövlət Gənc Tamaşaçılar Teatrının əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Rafiq Rəhimli "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb.

2019-cu ildə Rafiq müəllimin redaktəsində, müəllifi olduğum, 1990-cı ilin 20 Yanvar hadisələri zamanı Şəhidlik məqamına ucalmış gənc idman ustası Müşfiq İsayevin qısa və şərəfli ömür yolundan bəhs edən "Şəhid pəhləvan" kitabı çapdan çıxıb. Burada Rafiq müəllimin adıçəkilən kitab üzərində böyük zəhmət hesabına apardığı uğurlu redaktə işini minnətdarlıq hissi ilə qeyd etməyə bilmirəm. Odur ki, bu səbəbdən Rafiq əmiyə daha bir təşəkkür borcum var.

Rafiq Rəhimlinin çoxşaxəli yaradıcılıq potensialı, Vətənə, xalqa xidmət yolunda atdığı hər bir təmənnasız, uğurlu addımı onun necə geniş mənəvi aləmə, necə böyük qəlbə sahib şəxsiyyət olmasından xəbər verir. Buna görə də Rafiq Rəhimli imzası hər zaman tarixdə qalacaq, Azərbaycanın mədəniyyət və incəsənətinin inkişafı uğrunda əvəzsiz xidmətləri hörmət və məhəbbətlə anılacaq.

Çox hörmətli Rafiq müəllim, sizi 65 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, sizə həyatda uzun ömür və möhkəm cansağlığı, yaradıcılığınızda isə yeni-yeni uğur və nailiyyətlər arzu edirəm!

Sevinc ƏDALƏTQIZI

 





12.01.2021    çap et  çap et