525.Az

Türkiyə və Türk dünyası üçün tarixi gecə - Sosial şəbəkədə yazılanlar


 

Türkiyə və Türk dünyası üçün tarixi gecə - <b style="color:red">Sosial şəbəkədə yazılanlar</b>

Elçin İlqaroğlu, jurnalist:

- Gedişatı diqqətlə izləyib mən bunu görürəm: Qarabağda geridə qalan torpaqlarımızı - Xankəndini, Xocalını, Ağdərəni və s. almağın növbəti, diplomatiya mərhələsi başlayıb. Və cənab Prezident İlham Əliyev bu yolda addım-addım irəliləyir. Səbrlə dözməli, son uğur üçün dövlət başçımızın yanında olmalıyıq.

Başqa çıxış yolu bilən varsa, buyursun və təkliflərini ortaya qoysun. Hə, bir də bir məsələ də var ki, indiki duruma dodaq büzənlər 30 ildi hardaydılar?

Qarabağ bizimdir və bizim də olacaq!

İbrahim Nəbioğlu, jurnalist:

- Türkiyə və Türk dünyası üçün tarixi bir gecə.

İlon Mask və SpaceX şirkəti Türkiyənin yeni nəsil Türksat 5A peykini Falcon9 raketilə uğurla kosmosa göndərdi...

30 il xidmət verəcək Türksat 5A ilə Türkiyənin kosmosdakı aktiv peyk sayısı 4-ə çıxmış olsun!..

Elçin Mirzəbəyli, jurnalist:

- Federal dövlət olan Amerikada hər bir ştatın öz qanunvericiliyi var. Mövcud qanunvericiliyə görə, ABŞ vətəndaşlarının birbaşa prezidenti seçmək hüququ yoxdur. 50 ştat və Kolumbiya federal dairəsi də kvotaya uyğun olaraq 538 nəfərdən ibarət seçicilər kollegiyasını formalaşdırırlar. Bu 538 nəfər də öz növbəsində prezidenti seçirlər. Həmin 538 nəfərin istənilən bir qrupu demokratlar, yaxud respublikaçılar tərəfindən ələ alınarsa, bu, faktiki olaraq, ABŞ seçicilərinin səslərinin oğurlanması, onların iradəsinin əleyhinə qərar qəbul olunması halıdır. Digər tərəfdən, kvotaların özü də ədalətli bölünməyib. Yəni insan sayına görə deyil, əraziyə görə bölgü aparılıb, kvota müəyyənləşdirilib. Misal üçün, Kaliforniya seçki kollegiyasının bir üzvü 682 min nəfəri təmsil edir. Başqa bir ştatda isə 165 min nəfəri bir adam təmsil edir. Bundan başqa, seçki qanunvericiliyinə əsasən, seçki kollegiyalarının üzvlərinin seçilməsi yalnız ştatlardan və federal ərazidən mümkündür. Belə olan halda, ştata daxil olmayan digər ərazilərin nümayəndələri səs verə bilmirlər. Puerto-Riko, Virciniya, Şimali Marian adaları və sairdə yaşayan insanların ümumiyyətlə, səsvermə hüququ yoxdur. Bu da ABŞ seçki sistemində olan ciddi çatışmazlıqlarla əlaqədardır. Bu günə qədər həmin çatışmazlıqların aradan qaldırılması üçün seçki qanunvericiliyinə 750-yə yaxın düzəlişin edilməsi təklifi irəli sürülüb. Həmin düzəlişlərin böyük əksəriyyəti vətəndaşların seçki hüququ ilə bağlıdır. Lakin o düzəlişlərin heç biri qəbul olunmayıb. Respublikaçılar və demokratlar siyasi sistemi monopoliyada saxladıqları üçün belə qərarların qəbul edilməsi, düzəlişlərin həyata keçirilməsi qeyri-mümkündür.

Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:

- Türkiyə nəhayət ki, Türksat 5A peykini geostasionar orbitə qaldırdı. Böyük hadisədir. Bu, Türkiyənin orbitdəki 4-cü peykidir.

Burada bir neçə diqqətçəkən məqam var.

İlk öncə, Türkiyə bu dəfə peykini hazırda dünyanın 1 nömrəli zəngin insanının - İlon Maskın rəhbərlik etdiyi SpaceX şirkətinin Falcon9 raketi vasitəsilə qaldırıb.

Ötən il, xatırlayıram ki, erməni lobbisi İlon Maska (Musk) da "ilişmişdi". Lobbinin təhriki ilə bir qrup ermənilər İlon Maskın rəhbərlik etdiyi SpaceX şirkətinin əməkdaşlarına kütləvi e-mail (spam) göndərmişdilər.

Onlar Maskdan Türkiyənin Türksat-5A peykinin orbitə çıxarılması ilə bağlı sifarişini ləğv etməyi tələb edirlər.

Türksat 5A-nın kosmosa məhz SpaceX ilə qaldırılması məsələsi 2-3 il bundan öncə Maskın Türkiyədə Prezident Ərdoğanla görüşündə qərara alınmışdı.

Görüşdə Türkiyənin Türksat-5A və 5B telekommunikasiya peyklərinin SpaceX vasitəsilə orbitə qaldırılması haqqında müqavilə imzalanmışdı. Türklər Maskla əlavə olaraq elektrik avtomobili, alternativ enerji və Tesla ilə əməkdaşlıq haqqında da razılaşmalar imzalayıblar.

Müqavilə şərtlərinə görə, ötən ilin noyabrın 30-u Türksat-5A-nın SpaceX vasitəsilə orbitə qaldırılması nəzərdə tutulurdu.

Güman ki, məhz həm də qeyd olunan problemlərlə bağlı peykin orbitə çıxarılması ləngiyib

Maraqlı məqamlardan biri odur ki , Türksat-5A-nı Airbus (Fransa) hazırlayıb. Yeni, 5-ci nəsil peyk olan Türksat5A-nın 30 il "ömrü" olacağı bildirilib.

Türk dünyası üçün xeyirli və uğurlu olsun!.. 

Vilayət Quliyev, filologiya elmləri üzrə doktor:

- Dövlət başçısının dünənki sərəncamı ilə Polşadakı 10 il yarımlıq məhsuldar,  səmərəli diplomatik fəaliyyətdən sonra geri çağırılan səfir Həsən Həsənov Varşavada qonağı olduğum vaxt bir dəfə yarızarafat, yarıciddi şəkildə demişdi: "Bax, sən də neçə ildir dövlət qulluğundasan, arada bir nazir də oldun, amma camaatın yadında alim kimi qalmısan. Mən isə bu qədər kitab yazsam da, yenə daha çox dövlət adamı kimi, vəzifəli şəxs kimi tanınıram".

Həsən müəllim dediyi sahələrin ikisində də həmişə ciddi uğurlara imza atmış şəxs kimi, böyük işgüzarlıq qabiliyyəti, tükənməz enerjisi, tələbkarlığı, obyektivliyi, yüksək ədalət duyğusu, milli təəssübkeşlik hissi ilə seçilən idarəçi və dövlət adamı, alim və ziyalı kimi insanların ürəyində yer tapıb. 60 illik fədakar xidmətdən sonra haqq etdiyi qanuni istirahət illərində onun elmi fəaliyyətinin daha böyük vüsət alacağına inanıram. İlk növbədə hələlik sirr kimi saxladığı 5 cildliyin çapını səbirsizliklə gözləyirəm.

Həsən müəllimə uzun ömür, cansağlığı, mənə həmişə əfsanəvi perpetuum mobile-nin gerçək təcəssümünü xatırladan enerjisinin, həyat sevgisinin, yaradıcılıq ehtirasının bundan sonra da çağlar bulaq kimi qaynamasını arzu edirəm.

Taleh Şahsuvarov, jurnalist:

- Tərtərdə bir repetitoru polislərimiz həbs edib. Evində kurs təşkil edibmiş. Polislər qanunlarımıza görə düz hərəkət edib, sözüm bunda deyil. Sözüm ondadır ki, içi mənim övladlarım qarışıq hamı hazırlaşır imtahanlara. Online qaydada, pulunu da elə online ödəyirik. Sözüm bunda da deyil. Ölkədə il ərzində pandemiya, karantin şərtlərindən dolayı təhsil olmayıb. Əgər Təhsil Nazirliyi online dərsləri təhsil sayırsa, onda kül mənim başıma... Üstəlik, ölkə müharibə yaşayıb. Şəxsən mənim övladlarım ciddi sarsıntılara məruz qalıb. Biz cəmiyyət olaraq şəxsiyyət yetişdirmək istəyirik, ya psixolojisi alt-üst olmuş bir nəsil? Səhərdən-axşamacan online hazırlıq keçən yeniyetmələrin heç bir sosial həyatı yoxdur. Müharibədən gəlmiş adamam, uşaqlarımı evin içində tapa bilmirəm, söhbət edim. Pandemiyanı anladıq, müharibəni bildik, barı Təhsil Nazirliyi və DİM uşaqlarımızın bu qədər yüklənməsinə imkan verməsin, rahatladıcı açıqlamalar versin.

Elşən Mustafayev, sosial şəbəkə istifadəçisi:

- "Hər kəs ki, bu vəqflərə zülm əlini uzatsa, Allahın və Allah övliyalarının əbədi lənətinə tutulsun. Zalım tayfaya Allahın lənəti olsun". Bu sözlər Şuşa şəhərində Gövhər ağa məscidinin fasadındakı kitabədə yazılıb.

Gövhər ağa xanım rəhmətə gedəndə bütün əmlakını Şuşada hər iki məscidə və mədrəsəyə verir və onu idarə etmək üçün bir növ idarə (vəqf) yaradır. Demək, Ağdamın iki kəndi bütövlükdə (Maqsudlu və Qaradağlı) və Ağdamın bir kəndinin bütün bağları (Şelli), bundan əlavə bir sıra dükan və karvansaraylar... hansılar ki, İbrahimxəlil xanın bu qızına aid idi (ölüm 1888), hamısı Şuşanın bu iki məscidinə və onun mədrəsələrinin idarəsinə (vəqfinə) verilirdi. Məsələn, Ramazan günü mütləq Şuşa məscidlərində 30 gün ərzində dayanmadan gecə-gündüz Quran oxunmalı, bu əmlaklardan gələn gəlir kasıblara və kimsəsizlərə yönəldilməli, məscidin yanında açılan xəstəxanada pulsuz müalicə üçün xərclənməli idi. Şuşanın bu iri iki məscidindəki mollaların, müəzzinlərin və digər müdərrislərin maaşını bu idarə (vəqf) verməli idi. Bütün bağışlanmış əmlakdan gələn pulun demək 1/3-i bu dini-xeyriyyə məqsədləri üçün getməli, digər 1/3-i ehtiyatda qalmalı, 1/3-i isə kapital olaraq gəlir üçün biznesə yatırılmalı idi. Şuşada əgər XX əsrin əvvəllərində artıq bu dərəcədə elm və təhsil inkişaf etmişdisə, demək, Azərbaycanda orta əsrlərdə geniş yayılmış vəqf adət-ənənəsini davam etdirən xan qızı Gövhər ağanın da böyük rolu olub. Natəvanın adı səslənir, lakin Gövhər ağanın adı nədənsə elə bil kölgədə qalır. Gövhər ağanın uşağı olmadığına görə bütün sərvətini bu yolla öz xalqına, dini adət-ənənəyə uyğun olaraq, bağışlayıb. Vəqflərə nələr aiddir, gəlirləri necə xərclənməlidir, bu, Vəqfnamə adlanan sənəddə yazılır adətən. Bu vəqfnamə adlanan sənədin məzmunu sonralar daş kitabə kimi məscid divarlarına köçürülüb.

 





12.01.2021    çap et  çap et