525.Az

Dördüncü Sənaye İnqilabı nə vəd edir? - Araşdırma


 

Dördüncü Sənaye İnqilabı nə vəd edir? - <b style="color:red">Araşdırma </b>

Ötən həftə Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyinin tabeliyində "Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi" publik hüquqi şəxsin yaradılması haqqında fərman imzaladı.

Qeyd edək ki, hələ ötən il yanvarın 21-də Azərbaycan Prezidenti İlham Əliyevin Davosda Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşündə ölkəmizdə Forumun afilə edilmiş regional mərkəzi yaradılacağı qeyd olunmuşdu ki, bu cür mərkəzlər çox məhdud sayda ölkələrdə yaradılır və onların əsas məqsədi dördüncü sənaye inqilabının səbəb olduğu çağırış və imkanların həyata keçirilməsidir. Bu mərkəz Qafqaz-Orta Asiya məkanını əhatə edəcək. Beləliklə, bu ildən etibarən Azərbaycan da Dünya İqtisadi Forumu çərçivəsində yaradılan Dördüncü Sənaye İnqilabı Mərkəzi Şəbəkəsinə qoşulur.

Bəs bu mərkəz nədir və ölkəmiz üçün nə vəd edir?

XIX-XX əsrlərdə baş verən iki böyük sənaye inqilabından sonra 2000-ci illərdən başlayan üçüncü sənaye inqilabı dünyanın iqtisadi, sosial və siyasi mənzərəsini dəyişən ən mühüm tarixi hadisələrdir. İndi isə meydan yeni  dördüncü sənaye inqilabınındır. Vaxt gəlib yetişib və biz nəhəng bir inqilabın astanasındayıq. Bu inqilabın əsasında süni intellektlə insanın fiziki gücünün birləşməsi dayanır.

Ölkələr və onların liderləri bu inqilabdan kənarda qalmamaq üçün artıq son bir neçə ildir toplumu sosial və siyasi baxımdan bu inqilaba hazırlayırlar. Gender bərabərliyi, ekoloji problemlərə diqqət çəkilməsi, dövlət dairələrinin və özəl sektorların işlərini rəqəmsallaşdırması məsələlərinin hər biri bu prosesin tərkib hissəsidir. Ümumilikdə ortaq bir beyin, ortaq sosial zəka yaratmaq gücündə olacaq bu yeni sənaye inqilabı bir çoxlarına qorxunc görünsə də, əslində, bütün bu məsələlər dövrün tələbidir və sosial təkamülün bir hissəsi hesab oluna bilər.



Hələ ötən il ölkə başçısı öz çıxışında Azərbaycanın yeni sənaye inqilabına hazırlandığının və bu mərhələdə aktiv mövqedə duracağının mesajını vermişdi. Vətən müharibəsindən əvvəl və sonrakı mərhələdə aparılan dərin sosial islahatlar, bir tərəfdən də elektronlaşmanın sürətləndirilməsi cəmiyyəti yeni inqilaba hazırlayan əsas faktorlardır. Digər tərəfdən, önəmli addımlardan biri də dünyada çox az sayda yaradılacaq Dördüncü Sənaye İnqilabı mərkəzlərindən birinin Azərbaycanda qurulması qərarıdır. Bunun ölkəmiz üçün çox önəmli bir addım olması ilə yanaşı, həm də ölkəmizin bu proseslərdəki önəmini göstərir. Qeyd edək ki, Azərbaycanda yaradılacaq bu mərkəz Cənubi Qafqazı və Mərkəzi Asiyanı əhatə edəcək. Həmçinin, bu regional mərkəzin yaradılması ölkəmizin texnoloji yeniliklərlə və innovativ həllərlə regionun rəqəmsal mərkəzinə çevrilməsinə şərait yaradacaq. Nəzərə alsaq ki, iqtisadçılar Qərb ölkələrinin bugünkü rifahına əsas səbəb kimi məhz İngiltərədə baş verən sənaye inqilabını göstərirlər, onda deyə bilərik ki, dördüncü sənaye inqilabının regional mərkəzlərindən birinə çevrilmək ölkəmiz üçün həm sosial yenilənməyə, həm də iqtisadi  rifahın daha da yüksəldilməsinə ciddi təkan verə bilər.

Siyasi baxımdan da ölkələrin, dünyanın bu yeni normalarla ayaqlaşması vacib faktordur. Dünyada söz sahibi olmaq, öz imzasını tanıda bilmək üçün liderlərin yeni sənaye inqilabının çağırışlarını ölkələrində tətbiq etməsi vacib hal alacaq.



Elə Prezident tərəfindən yaradılan yeni publik hüquqi şəxsin vəzifəsi də qlobal iqtisadiyyatda cərəyan edən trendləri diktə etməkdir. Bu mərkəzin yaradılmasında məqsəd rəqabət qaydalarını dəyişən dördüncü sənaye inqilabında Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və bu sahədə aparıcı ölkələr arasında yer almasının təmin edilməsidir. Həmçinin, ölkəmiz bu mərkəz vasitəsilə dördüncü sənaye inqilabı sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etmək imkanı qazanacaq, eyni zamanda, rəqəmsal iqtisadiyyat, yeni strategiyalar və çağırışların ölkəmizdə də həyata keçirilməsini təmin edəcək.

Bu yeni çağırışlar və strategiyalar nələrdir?

İstehsalat infrastrukturlarının rəqəmsallaşması sürətlənəcək

İlk sənaye inqilabından bu yana, texnologiyanın insanların, cəmiyyətlərin və dövlətlərin həyatında yaratdığı böyük dəyişiklik dördüncü sənaye inqilabı üçün zəmin yaratdı. Yeni dövrün tələbi isə məlumat toplamağa imkan verən informasiya və kommunikasiya texnologiyaları tətbiqetmələri ilə idarə olunan şirkətlərin yaradılmasıdır. Belə bir çevrilmə üçün məlumatların tərtibi, işlənməsi, qorunması və istifadəsi ilə bağlı qaydalar son dərəcə vacib olacaq. Bundan sonra həm ölkələrin inkişaf siyasətində, həm də sənaye sahəsində məlumatların düzgün idarə olunması mühüm əhəmiyyət kəsb edəcək. Ölkələrin gücü bu günə qədər təbii sərvətləri, orduları ilə ölçülürdüsə, artıq bu, rəqəmsal transformasiyanı düzgün idarəetmə bacarıqları ilə müəyyənləşəcək. Yəni rəqəmsal transformasiyanı nə qədər yaxşı idarə edə bilsək, yeni dövrdə bir o qədər güclü dövlət olacağıq. Hazırda belə texnologiyaları tətbiq edən şirkətlərin hamısı demək olar ki, inkişaf etmiş ölkələrə aiddir. Görünür, məhz bu cür sistemin ölkəmizdə qurulması üçün vacib olan çağırışlardan biri yeni nəsil kadr hazırlığıdır.

Rəqəmsallaşma prosesində ən vacib element - insan resursları

Yeni dönəmin əsas aparıcı qüvvəsi müvafiq sahədə təlim keçmiş insan resurslarıdır. Nisbətən gənc, motivasiyalı və təlim keçmiş insan qaynaqları bu müddətə sistemin ən çox tələb olunan işçi qüvvəsi sayılacaq. Bir göz qırpımında böyük sənaye müəssisələridən tutmuş kiçik və orta biznesə qədər bütün istehsal infrastrukturlarında rəqəmsal çevrilmə baş verəcək. Bu çevrilmə ilə ayaqlaşa bilməyən insanlar iş dünyasında öz gücünü qoruyub saxlaya bilməyəcəklər. Bu səbəbdə bütün müəssisələr üçün həm əmək bacarıqları, həm psixoloji olaraq yeni sistemlə ayaqlaşa bilən insan resusları əsas faktora çevriləcək. Bütün tərəfləri ilə bu yeni inqilab öncəkilərdən çox fərqlidir və insanlardan da fərqli bacarıq, qabiliyyətlər tələb edir. Əgər birinci sənaye inqilabında buxarla işləyən maşınlardan istifadə etməyi bacaran işçi qüvvəsi tələb olunurdusa, artıq süni intellekt, nanotexnologiyalarla ayaqlaşmağı bacaran, psixoloji və mənəvi bütövlüyə sahib, yumuşaq bacarıqları olan insan kapitalına tələbat artacaq.

Natəvan ABDULLA

 





13.01.2021    çap et  çap et