525.Az

Trampın məğlubiyyəti trampçılığın da sonu olacaqmı? - Şərh


 

Trampın məğlubiyyəti trampçılığın da sonu olacaqmı? - <b style="color:red">Şərh</b>

ABŞ Konqresi Co Baydenin 3 noyabr seçkilərində qələbəsini təsdiqlədikdən sonra siyasi şərhçilər 45-ci prezident Donald Trampın siyasi taleyini və bundan da daha çox şərti olaraq "trampçılıq" adlandırılan siyasi hərəkatın gələcəyini müəyyən etməyə çalışırlar.

Donald Trampın son açıqlamalarından və mətbuatın məlumatlarından belə qənaət yaranır ki, 45-ci prezident 4 il sonra Ağ evə yenidən sahiblənmək niyyətindədir. Hətta yeni seçilmiş prezident Co Baydenin andiçmə günü, yəni 20 yanvarda Trampın növbəti seçkidə iştirak edəcəyini açıqlaması gözlənilir. Belə görünür ki, Tramp Qrover Klivlendin uğurunu təkrar etmək niyyətindədir. 1885-ci ildə ABŞ-ın 22-ci prezidenti seçilən Qrover Klivlend 4 il sonra seçkidə Respublikaçılar Partiyasının namizədi Benjamin Harrisona məğlub olur. Ancaq 1893-cü ildəki seçkilərdə Demokratlar Partiyasının namizədi olaraq seçkiyə qatılır və Benjamin Harrisona qalib gələrək yenidən prezident kürsüsünə oturur. Buna görə də Qrover Klivlend ABŞ-ın 22-ci və 24-cü prezidenti kimi tarixə düşüb. ABŞ tarixində Qrover Klivlendin siyasi uğurunun təkrarı yoxdur və belə görünür ki, Tramp bunu təkrar etmək niyyətindədir.

Ancaq Trampın bu istəyi çox çətin təsəvvür edilir. Birincisi, Konqresdəki çoxluq Trampın səlahiyyətlərinin başa çatmasına bir həftə qalmasına baxmayaraq, dövlət başçısına qarşı impeçment tətbiq etmək niyyətindədir. Əgər bu, baş verərsə, Trampın yenidən seçkidə iştirak etməsi mümkünsüz hala gələcək. Digər tərəfdən, hətta impeçment baş tutmasa belə, 75 yaşlı və səhhətində problemlər olan Trampın 4 il sonra seçkidə iştirak edəcəyi vaşinqtonlu təhlilçilərə görə, mümkün görünmür. Eyni zamanda, səlahiyyətləri başa çatdıqdan sonra Trampın vergi və istintaq orqanları ilə uzun çəkən problemlərinin yaşanacağı, bu səbəbdən də 45-ci prezidentin siyasi gündəmdən uzaqda qalmağa çalışacağı güman edilir.

Səlahiyyətlərinin başa çatmasına bir həftə qalmasına baxmayaraq, impeçment təhlükəsi ilə üzləşmiş, "Google", "Twitter", "Facebook", "İnstagram", "Twitch", "Discord", "Pinterest" və hətta "Shopify" şəbəkəsi tərəfindən təcrid edilmiş Trampın siyasi gələcəyi təxminən bəllidir. Üstəlik, Konqres binasının zəbti ilə bağlı daxili terrorizmə görə 25-dən artıq cinayət işi başlayıb və Federal Təhqiqat Bürosu olayda rolu olan hər kəsin məsuliyyətə cəlb olunması üçün əlindən gələni əsirgəməyəcəyini bəyan edib.

Trampın taleyi təxminən bəlli olsa da, Respublikaçılar Partiyasının və mühafizəkar siyasi cərəyanın, xüsusilə də bu cərəyanın çılğın təbəqəsinin taleyi ilə bağlı müzakirələr daha çox diqqət çəkir. Trampın təhriki ilə tərəfdarlarının Konqres binasını zəbt etdikdən sonra bu müzakirələr daha da aktuallaşıb. Bir çoxları Trampdan sonra da tramçılığın davam edəcəyini proqnozlaşdırsalar da, bütün bunlar real görünmür.

ABŞ tarixində təxminən 200 illik bir zamandan sonra Konqres binasının zəbt edilməsi bütün dünyada və ABŞ-ın özündə böyük səs-küy yaratsa da, Birləşmiş Ştatların tarixində daha fırtınalı seçki rəqabətləri yaşandığı unudulmamalıdır. Birləşmiş Ştatların bütün tarixinin olmasa da, ən azından son yüz illik tarixində 1968-ci il seçkisi qədər qızğın mübarizə şəraitində keçmiş seçki olmayıb.

Duayt Eyzenhauer iki müddət prezidentliyi istisna olmaqla 1933-cü ildən 1968-ci ilə qədər dövrü əhatə edən zaman Demokratlar Partiyasının təmsilçilərinin hakimiyyəti altında keçmişdi. Demokrat prezidentlərin bu illər ərzində apardığı liberal islahatlar, xüsusilə vətəndaş hüquqlarının genişləndirilməsi ABŞ-da kəskin cəbhələşmə yaratmışdı. Xüsusilə də İkinci Dünya müharibəsidən sonra prezident Harri Trumenin islahatları ştatların hüquqlarının məhdudlaşdırılması kimi qəbul olunaraq böyük narazılıq doğurmuşdu.



Ciddi cəbhələşmənin mövcud olduğu bir zamanda afroamerikan haqları hərəkatının lideri Martin Lüter Kinqin qətli və iki ay sonra Demokratlar Partiyasının prezidentliyə namizədi Robert Kennedinin sui-qəsd nəticəsində öldürməsi vəziyyəti daha təhlükəli istiqamətə sürükləyirdi. Belə bir zamanda Amerikanın İstiqlal Partiyası adlı radikal sağçı partiyanın təmsilçisi kimi prezidentliyə namizəd olan Corc Volles demokratların irqi ayrı-seçkiliyi aradan qaldırmalarını sərt tənqid edir, irqçi və ultra mühafizəkar təbəqələri qızışdırırdı. Volles seçkidə qalib gələ bilməsə də, 10 milyona yaxın seçicinin dəstəyini qazanaraq 13.5 faizlik nəticə ilə üçüncü oldu. Corcia, Alabama, Arkanzas, Luiziana və Missisipidə Volles həm respublikaçıların, həm də demokratların namizədinə qalib gəlmişdi. O zaman bu mühafizəkar cənub ştatlarının ABŞ-dan ayrılması ilə bağlı fikir və çağırışlar səslənsə də, bütün bunlar baş vermədi.

Artıq ancaq tarixçilərin və siyasi araşdırmaçıların diqqətini çəkən bu fakt ABŞ-ın mövcud olduğu boyunca gördüyü səsli-küylü prezident seçkilərindən ən yaddaqalanıdır. Ancaq bu seçki də ABŞ-a ciddi şəkildə təsir etmədi. Ona görə də trampçılığın da ABŞ-a hansısa ciddi zərər verəcəyini gözləmək yanlış olardı. Üstəlik, onu da nəzərə almaq lazımdır ki, Konqres binasının zəbti ABŞ-ın dövlət institutlarının mükəmməlliyini bir daha üzə çıxardı. Konqres binası Trampın təhriki ilə onun çılğın tərəfdarları tərəfindən zəbt edilsə də, dövlət başçısının tabeçiliyində olan icra orqanları olaya sərt reaksiya verdilər. Prezidentin təyin etdiyi Baş prokurorun olayı sərt tənqid etməsi və dövlət başçısının özünü də qınaması ABŞ-ın dövlət mexanizminin bir liderin iradəsindən asılı olmadığını bir daha bariz şəkildə təsdiqlədi.

Ona görə də əminliklə demək olar ki, Tramp siyasi səhnəni tərk etdikdən sonra trampçılığın da sönməsi müşahidə olunacaq. Əlbəttə, Tramp da Volles kimi ultra sağçıların, demokratların, şeytana xidmət etdiyini düşünən Qanon kimi sektaların sevimlisi olaraq qala bilər. Ancaq seçkidə Trampa səs vermiş 74 milyon seçicinin sona qədər Trampa sadiq qalacağını gözləmək yanlışlıq olar. Konqres binasının zəbtindən sonra həmin seçicilərin bir hissəsinin Trampa qarşı impeçment tətbiq edilməsinə tərəfdar olması da bunu təsdiqləyir.

Trampın prezidentliyi və 3 noyabr seçkisindən sonra sərgilədiyi münasibət Respublikaçılar Partiyasının da 1968-ci ildən fərqli olaraq doğru mövqe müəyyən edə bilmədiyini göstərdi. Əgər 1968-ci ildə Respublikaçılar Partiyası Vollesin onların namizədi olmasının qarşısını ala bilmişdisə, 2016 və 2020-ci ilərdə Trampın qarşısını kəsə bilmədi. Xüsusilə də, 2020-ci ildə Respublikaçılar Partiyası bəzi liderlərin prezidentliyə namizəd kimi Trampın əvəzinə dövlət katibi Mayk Pompeonun namizəd olaraq göstərilməsi təklifin reallaşdıra bilsəydi, 6 yanvar olayı baş verməzdi. Buna görə Respublikaçılar Partiyasının növbəti seçkiyə kimi güclü bir lider önə çıxarmasına ciddi ehtiyac var. Əks halda demokratların hakimiyyəti ən azı 8 il sürə bilər.

 





13.01.2021    çap et  çap et