525.Az
Bəxtimizə düşən şair...
OVCUMDAKI KİTAB
Tərtər şəhər 2 saylı məktəb-liseyin ədəbiyyat müəllimi
Uşaq yaşlarımda kitablarla oynamağı xoşlayardım. Bəlkə də, oyuncaqlarım olsaydı, başqa cür olardı... Həm də Sabir demişkən, evimizdə “taxçada, boğçada, kasada, nimçədə vardı kitab...”
Özümdən böyük qardaş-bacılarım çox kitab oxuyurdular. Kitabların adını kağıza yazıb məni kəndin kitabxanasına göndərərdilər. Kitabxanaçı əmim qızı idi... Kitabları qolumun üstünə yığır, geri qaytarırdı. Nə isə, evin kitab toplayanı, aparıb-gətirəni, əsasən, mən olurdum. Bəlkə ona görəydi ki, artıq beş yaşımda birinci sinfə gedirdim...
Qalın kitablardan ev qururdum. Bu “evin içinə” kiçik kitabları qoyurdum. Bu kiçik kitabların içində “əl boyda” biri vardı ki, ovcuma sığdığından onu əlimdən yerə qoymurdum. Bu kitabı da evdə qoruyurdular. Çünki kitabı Bəxtiyar Vahadzadə tələbəsinə – böyük qardaşım Yusif İsmayıla hədiyyə etmişdi. Sonraların məşhur publisist-yazıçısı Y.İsmayıl o zamanlar ADU-nun (BDU-nun) jurnalistika fakültəsində oxuyurdu. Bir gün Bəxtiyar müəllim mühazirələrin birində auditoriyaya müraciət edir ki, içinizdə sürücülük vəsiqəsi olan varmı? Qardaşım ayağa qalxır. Dərsdən sonra onu bağa aparmasını xahiş edir. Beləliklə, hərdən Bəxtiyar müəllim maşınını qardaşıma etibar edirmiş... Sonralar bir sənət adamı kimi dostluqları başlayır. Xudu Məmmədov, B.Vahabzadə ilə söhbətlərindən xəsisliklə də olsa, bizə də danışardı...
Bəxtimizə düşən şair
On iki yaşım olardı. Ədəbiyyat dərnəyinə yazılmışdıq. Müəllimimiz dedi ki, kimin şeir yazmaq qabiliyyəti varsa, yazıb gətirsin, divar qəzetinə verəcəyəm. Mən də eləmədim tənbəllik, B.Vahabzadənin şeir kitabından bir şeir köçürdüm – “Televizor almışıq biz”. “Şeirimi” ədəbiyyat müəlliminə verdim. Sən demə, bacım duyuq düşüb və müəllimə deyib ki, B.Vahabzadənin kitabından köçürüb. Şeir divar qəzetində çıxmadı. Sonralar bu “plagiatlığımı” Bəxtiyar müəllimə danışanda uğunub getmişdi. Deyirdi ki, yenə də ağılla yanaşmısan, yaşına-başına uyğun şeir “yazmısan”...
Orta məktəbi qurtardım, sənədlərimi BDU-ya təqdim etdim. Orada oxumaq istəyirdim, Bəxtiyar müəllimdən dərs almaq istəyirdim... BDU-ya iki il daxil ola bilmədim. Çox ruhdan düşmüşdüm. Amma çalışmaqdan, oxumaqdan bezmirdim. Eşitdiyim söz-söhbət məni lap ruhdan salırdı. Deyirdilər ki, bu biliklə APİ-yə getsəydi, indi orda oxuyurdu. Axı BDU-da böyük adamların uşaqları oxuyur... Bu da atasız bir qız, necə olacaq?..
1971-ci ilin sentyabr ayında “Kommunist” qəzetində Bəxtiyar müəllimin qəbul imtahanları ilə bağlı bir məqaləsi dərc olunmuşdu. Bu məqalə həyatıma bir gün kimi doğdu. Bəxtiyar müəllimə həzin bir məktub yazdım. Mənim də artıq “böyük adam”ım vardı. Az keçmədi Bəxtiyar müəllim cavab yazdı. Məktubu açıb oxumaq əvəzinə anamla birgə ağlayırdıq... Nə isə...
Məktubdan sətirlər: “Mən səni, sənin qəlbindəki oxumaq arzusunu, iztirablarını çox yaxşı başa düşürəm. Məqaləmdən sonra mənə fikrini yazan gənclər çoxdur. 200-ə qədər məktub almışam... Qəbul qaydaları düz deyil... Nəticə bu olur ki, istedadlı, qabiliyyətli abituriyentlər çöldə qalır, istedadsız əzbərçilər qəbul olunur. Mənim sənə məsləhətim: ruhdan düşmə! Həyatın yolları çox dolayıdır. Bu yollardan keçmək üçün səbr və mətanət lazımdır. Sən heç təsəvvür eləyə bilməzsən ki, bu məktubu sənə yazan, hörmət bəslədiyin şairin də böyük iztirabları və ağrıları var... Səbr! Səbr! Dünya xali deyil!
16.XI.71-ci il”.
Artıq bu məktubdan sonra özümü “böyük adamın” qızı hesab edirdim... Növbəti ildə artıq universitetin filologiya fakültəsinin tələbəsi idim... “Uzun, incə bir yola” çıxmışdıq...
“Uzun, incə bir yol”
Bu yol filologiya fakültəsindən keçir... I kursda oxuyurduq. Novruz bayramı idi. Universitetin əsas binasının qarşısında toplanmışdıq. Daha çox filologiyanın tələbəsi vardı. Çıxdıq yola, Bəxtiyar müəllim qabaqda gedir, biz də əlimizdə səmənilər, lalə-nərgizlər, bənövşə dəstələri indiki Cavid prospekti ilə, nümayişkaranə Fəxri Xiyabana gedirdik. Yolda Politexnikin tələbələri də bizə qoşuldu. Hamı bizə baxırdı. Bəxtiyar müəllimi görənlər ona qoşulurdu. Biz Şıxəli Qurbanovun məzarı üstündə dayandıq. Kiçik çıxış etdi Bəxtiyar müəllim... Bu o vaxtlar idi ki, Seyran Səxavət demişkən, “sovet hökumətinin zınqırovlu vaxtları idi...” və biz elə buradan “uzun, incə bir yol”a çıxdıq... və mən hələ o yolu gedirəm...
Mən ikinci kursda oxuyanda kiçik qardaşım universitetin hüquq fakültəsinə imtahan verirdi. İmtahan saat 15.00-da başlamışdı. Çox uzun çəkdi. Artıq qaranlıq düşmüşdü. Böyük qardaşımla gözləyirdik. Qardaşım yan skamyada əyləşmiş qadını və yanındakı qızı görüb dedi ki, Dilarə xanımla Gülzar da buradadı – Bəxtiyar müəllimin həyat yoldaşı və qızı. Onlara tərəf getdi, səmimi görüşdülər, məni də tanış etdi. Məlum oldu ki, Azər – Bəxtiyar müəllimin oğlu da imtahan verir. Qardaşım soruşdu ki, Bəxtiyar müəllim yəqin bir şeylər edə bilər. Dilarə xanım dedi ki, qəti qarışmır, deyir özü imtahan versin, qəbul olsun... Köhnə xatirələr danışdılar... Həmin il nə qardaşım, nə Azər qəbul olundu. Növbəti ildə qardaşım jurnalistikaya, Azər hüquq fakültəsinə daxil oldu... Sonralar kiçik qardaşımın həm Bəxtiyar müəllimlə, həm oğlu Azərlə səmimi münasibətləri yarandı...
Sonuncu kursda oxuyanda diplom işi mövzusu olaraq B.Vahabzadənin “Sənətkar və zaman” kitabını seçdim...
Bəxtiyar müəllimin dərsləri mühazirədən çox poeziya gecələrini xatırladırdı... Onun dərs cədvəlini götürüb mühazirələrinə gələrdilər. Auditoriyada arxada ayaq üstə dayananlar olurdu... Müxtəlif təbəqənin insanları...
“Mənim şairim...” – xalqın şairi
Müəllim işlədiyim illərdə zəngin bir ədəbiyyat kabineti yaratmışdım. Bəxtiyar Vahabzadənin rəsmini rəssama çəkdirdim, böyük portretlərin cərgəsinə vurdum, altından da Yevtuşenkonun onun haqqında dediyi sözləri yazıb asdıq divara...
Əski düşüncəli bir ədəbiyyat müəllimim vardı... Sevdiyi şair S.Rüstəm, sevdiyi əsər “Almaz” pyesi idi... Mənim sevdiyim şairlərə isteza edər, deyərdi ki, sənin Bəxtiyarın, sənin Cavidin, sənin Rəsulun... Bəli, onlar mənim idi...
Bəxtimizə düşən şair
Qızım XI sinifdə oxuyanda bir inşa müsabiqəsinə qatılmışdı. İnşanın adı belə idi: “Heyran olduğum insan”. O, B.Vahabzadədən yazdı. İnşa qalib oldu və “Təzadlar” qəzetində çıxdı. Çox keçmədi ki, Bəxtiyar müəllimin həmin inşaya cavabı da elə “Təzadlar”da çıxdı... Bir şairin oxucusuna diqqəti, sayğısı bu qədər olardı...
O əsərlərdə şair ağır əməliyyat keçirmişdi. Telefon əlaqəsi saxladıq. Dedi ki, bu yazı mənə məlhəm kimi oldu.
Uzun, incə bir yolda təkcə mən yürümürdüm. Qızım da BDU-nun filologiyasında oxuyası oldu. Diplom işini seçəndə mənə dedi ki, qəribə bir şey oldu. Elmi rəhbərimlə mövzulara baxırdıq. Müəllim barmağını bir mövzunun üzərinə qoymuşdu: “B.Vahabzadənin şeirlərində dil və üslub xüsusiyyətləri”. Müəllim mənim son dərəcə təəccübləndiyimin səbəbini soruşanda, dedim ki, anamın da elmi işi Bəxtiyar müəllimdən olub – “Sənətkar və zaman”...
Bu həm də növbəti yazımın başlığı olsun.
24.02.2014
çap et