525.Az

"Üçtərəfli görüş növbəti qələbəmiz hesab olunmalıdır"


 

"Üçtərəfli görüş növbəti qələbəmiz hesab olunmalıdır" <b style="color:red"></b>

“Vətən müharibəsində qazanılan möhtəşəm zəfərin ardınca Azərbaycan diplomatik müstəvidə də uğurlarını davam etdirməkdədir. Yanvarın 10-da Moskvada Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən üçtərəfli görüş və görüşün nəticəsi olaraq imzalanan bəyanat diplomatik müstəvidə növbəti qələbəmiz hesab olunmalıdır”.

Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Fatma Yıldırım bildirib ki, 44 günlük müharibəyə yekun vuran, dövlətlər arasında siyasi deyil, iqtisadi və regional əməkdaşlıq məsələlərini nəzərdə tutan ikinci bəyanatın qəbul olunması ilə bir daha təsdiq edildi ki, regionun gələcəyi perspektivə istiqamətlənmiş məsələlərin həyata keçirilməsi ilə bağlıdır. Onun fikrincə bu bəyanat regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, bu məqsədlə üçtərəfli İşçi qrupun, yarımqrupların yaradılması, görüləcək işlərlə bağlı prioritetlərin müəyyən edilməsini nəzərdə tutan yol xəritəsidir.

F.Yıldırım qeyd edib ki, üçtərəfli görüşdə Azərbaycan Prezidenti İlham Əliyev qalib dövlətin başçısı kimi iştirak etdi.  Dövlətimizin başçısının çıxışında səsləndirdiyi fikirlər bir daha təsdiqləyir ki, Azərbaycan uzunmüddətli sülhün, əməkdaşlığın, iqtisadi inkişafa aparan layihələrin gerçəkləşməsinin tərəfdarıdır.

Nikol Paşinyanın görüş zamanı gərgin psixoloji vəziyyətdə olduğunu deyən F.Yıldırım diqqətə çatdırıb ki,  Ermənistan bundan sonrakı danışıqlar prosesində hər zaman məğlub tərəf kimi iştirak edəcək:

“Məlumdur ki, məğlubiyyətdən sonra erməni cəmiyyəti Paşinyan hökumətinin istefasını tələb edir, ona etimadsızlıq göstərir. Ona görə də Paşinyan nüfuzunu bərpa etmək üçün Moskva danışıqlarında maksimum nəticə əldə etməyə çalışırdı. Paşinyan administrasiyası kommunikasiya xətləri ilə bağlı Azərbaycanın təşəbbüsünün qarşısını almağa can atır, bunun əvəzinə 10 noyabrdan sonra ələ keçirilmiş erməni diversantlarının-terrorçularının azad olunması məsələsini qabardırdı. Amma onlar məqsədlərinə çata bilmədilər”.

Deputat söyləyib ki, imzalanmış yeni bəyanat Azərbaycanın maraqlarına uyğundur:

“Bəyanatda əksini tapmış ən mühüm məsələ bu il martın 1-dək Azərbaycan və Ermənistan ərazisindən həyata keçirilən daşımaların təşkili və təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpasını və tikilməsini nəzərdə tutan tədbirlərin siyahısı və reallaşdırılması qrafikinin hazırlanmasıdır. Bu, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən dəhlizin yaradılması, Naxçıvanın blokadadan çıxarılması, həm Azərbaycanın özü, həm də bütün region ölkələri üçün mühüm olan yeni nəqliyyat  platformasının yaradılması istiqamətində əhəmiyyətli addımdır. Xüsusilə, iki qardaş dövlət olan Türkiyə ilə Azərbaycanın yeni ortaq layihələrinin reallaşmasına önəmli töhfə verəcək. Kommunikasiyaların bərpası türk dünyasının inteqrasiyasının güclənməsində də öz sözünü deyəcək. Eyni zamanda, Ermənistan cəmiyyəti də anlamalıdır ki, üzləşdikləri dərin böhrandan çıxmaq üçün nəzərdə tutulan layihələrin həyata keçirilməsinə heç bir əngəl törətməyə çalışmamalıdır”.

 





13.01.2021    çap et  çap et