525.Az

Halal et, şəhidim! - Təranə Arifqızı yazır


 

Halal et, şəhidim! - <b style="color:red">Təranə Arifqızı yazır</b>

Bir gün yolum o torpaqlara düşəcək. Qan izlərin olan torpağa. Gülə-gülə qurban getdiyin torpağa. Hər damlayan qanından yarpaq-yarpaq göyərən ana torpağa. Halallıq almağa gələcəyəm.

Addım-addım əldə etdiyin azadlığın qanından süzülən sevinc dolu göz yaşlarını halal et. Göz yaşımda boğulub yenidən doğulacağam. Yenidən doğulmağımı halal et, ŞƏHİDİM.

Əllərindən, ayaqlarından, gözlərindən zinət vurmusan. Vətən torpağı böyüsün, bütövləşsin deyə qaraca torpağa dönmüsən buralarda. Üzümüz ağ olsun deyə, qara torpağa dönən şəhidim, halal et.

Az qalıb. Gələcəyəm, özümə yenidən ev-ocaq quracağam. Sənin qurban olduğun yerdə qurban kəsəcəyəm. Bağışla məni, ŞƏHİDİM.

Qanınla suvarılan torpağı əkib-becərəcəyəm Ac qalmamaq üçün, qızıl sünbüllü buğdanı üyüdüb yurd ətirli çörək bişirəcəyəm. Burnuma bir qoxu gələcək... Sənin qoxun, şəhidim. Günlərlə ac-susuz qalıb mənə bu toxluğu yaşatdığın üçün halal et.

Hələ həyətdəki yüzillik çinar ağacından bir yelləncək də asacağam. Uşaqlarım, nəvələrim mənimlə əylənsin deyə. Bağışla, nə olar. Sənin övladlarının əlindən alınan uşaqlıqlarına bağışla. Ata nəvazişinə, ata qoxusuna tamarzı qoyduğun körpənin "Ata, hardasan?" - deyən həsrət dolu səsinə, baxışlarına bağışla məni.

İrəli! - deyib dostlarını arxanca aparan zaman, düşmənə toy tutduğun yerdə bu daşlarda donub qalan oynaq bədəninə bağışla məni.

Oğluma, qızıma, nəvəmə, nəticəmə nişan aparıb, toy çaldıracağam, sənin qanınla qırmızı nişan örpəyinə bürünmüş bu torpağın üstündə. Halal et, ŞƏHİDİM! Nakam ömrünə, yarım qalan nişanına, toyuna bağışla məni.

Oxuduğun Vətən mahnısının sədalarına "Heyvagülü", "Qaytağı", "Vağzalı" sədalarını qatacağam. Yadımdan çıxmasan belə, yenə də gülə-gülə rəqs edəcəyəm. Üzündə donan nurlu təbəssümünü mənə bağışladın. Halal et, ŞƏHİDİM.

Rahat evimdə, azad torpağımda oturub sevdiklərimlə, dostla, tanışla telefonla şirin-şirin söhbət edəcəyəm. Övladlarımın telefon mesajlarına gözəl xəbərlərlə cavab verəcəyəm. Şəhidim, yarım qalmış sözünə, yazdığın son mesajlarına bağışla. "Anamdan muğayat olun", "Övladlarım sizə əmanət. Təki Vətən sağ olsun!", "Mən ölsəm ağlamayın, yerim narahat olar" - bu qürur dolu, sevgi dolu cümlələrin ağırlığına, acısına, həsrətinə bağışla məni, Şəhidim.

Mənim şad günlərim başladı artıq, şəhidim. Adını tutub, "Vahid, sorma, Vətən nədən yaxşıdır?" sualının cavabını yaşayacağam. Son anında, üçrəngli bayrağı anan kimi bağrına basıb göy üzünə ucalarkən cavabını ala bilmədiyin suallarına bağışla məni. Halal et, ŞƏHİDİM!

Harada xarıbülbül çiçəyi görsəm, sən ürəyimdən keçəcəksən. Həyətimizdə, evimizdə bu çiçəyi yetirib bitirəcəyəm. Yaşadacağam səni. Polad kimi möhkəm, sınmayan ruhuna, çiçək kimi solan zərif cisminə bağışla məni, ŞƏHİDİM!

Özünü qurban verib, Vətəni əmanət etdiyin və Vətənə əmanət etdiyin övladlarına, anana, bacına, atana, sevdiklərinə bağışla bizi... Haqqımızı düşməndən alıb, haqq dünyasına qovuşanım, özünün gələcəyinə Vətən adında qırmızı bir xətt çəkib, bizi bizə, keçmişımizə, gələcəyimizə qovuşduranım, halal et! HALAL ET, ŞƏHİDİM!

 





13.01.2021    çap et  çap et