525.Az

COVID-19 uşaqlarda özünü necə göstərir? - Müsahibə


 

PEDİATR ƏLAMƏTLƏRİ AÇIQLAYIR

COVID-19 uşaqlarda özünü necə göstərir? - <b style="color:red">Müsahibə  </b>

COVİD-19 virusu yayıldığı gündən etibarən onun uşaqlara yoluxmaması xəbərləri hər kəsdə nisbətən sevincə səbəb olurdu. Lakin ikinci dalğa və onun bərabərində gələn virusun mutasiya olmuş halı uşaqları da məlum təhlükə ilə üz-üzə qoyub.

Uşaqlarda koronavirusa yoluxmalarla bağlı pediatr Aytən Şıxəliyeva suallarımızı cavablandırıb.

Pediatr əvvəlcə uşaqlarda bu xəstəliyin nə qədər yayılması ilə bağlı məlumat verib.

O bildirib ki, Pediatrik Tuberkuloz Araşdırma Mərkəzinin 25 ölkə, 82 sağlıq qurumunda apardığı araşdırma nəticəsində məlum olub ki, xəstəliyi ən ağır keçirənlər bir aydan da kiçik olan körpələr və oğlan uşaqlarıdır.
 
Bu virus uşaqlarda yüngül müşahidə olunur, ölüm halları isə uşaqlarda əlavə xəstəliklər olduqda qeydə alınıb. Misal üçün, anadangəlmə ürək qüsuru, tənəffüs yolları qüsuru, immun çatışmazlığı və s. olan uşaqlarda ağırlaşmalara və ölümə gətirib çxıara bilir.
 

- Son aylarda qəbul etdiyiniz uşaqlar arasında COVİD-19-a yoluxanları varmı? Bu, əsasən hansı əlamətlərlə özünü göstərir?

- Öz müşahidələrimlə deyə bilərəm ki, son iki ayda üç uşağı müayinə edərkən virusa yoluxma halı  müəyyən etdim. Hətta onlardan birinin ailəsində bütün şəxslər virusa yoluxdu. Ata cavan olmasına baxmayaraq, xəstəliyi bir qədər ağır keçirdiyi üçün xəstəxanaya yerləşdirildi, ana ayaq üstə keçirdi və uşaqlara da yoluxdu. Lakin onlar virusu çox yüngül formada keçirdilər. Hətta mən deyərdim ki, başqa virusları bundan daha ağır keçiriblər. Müayinə və müalicə etdiyim böyrək xəstəsi uşaqlar var ki, onlar adi qripə yoluxanda xəstəlikləri kəskinləşir, sidiklərində zülal aşkarlanırdı. Belə olanda biz yenidən müalicəyə başlayırdıq. Onlar streoid müalicə alırlar, bu müalicə özü də immun depressiv təsirə malikdir. Belə xəstəliyi olan uşaqlar belə koronavirusa yoluxdu, lakin xəstəlikləri kəskinləşmədi. Əlamətlərə gəldikdə, mən özüm müayinə etdiyim xəstələrin içində yüksək qızdırması olan uşaqlar olub. Hansı ki, 3-4 gün ərzində 38-39 dərəcə hərarətləri olub. Bu xəstəliyin gedişi belədir və biz bunu təcrübəmizdə də müşahidə edirik. 15 yaşından kiçik uşaqlar virusu nisbətən yüngül keçirirlər, 15 yaşından yuxarı olanlar isə daha ağır. Müşahidə etdiklərim arasında 15 yaşlı uşaqda hərarət 3-4 gün daha yüksək - 38-39 dərəcə, digərlərində isə nisbətən aşağı olub. Adətən uşaqlar digər virus infeksiyalarına yoluxanda burunları axır, amma koronavirusa yoluxan uşaqlarda yuxarı tənəffüs yolları təmiz olur. Öskürək də müşahidə olunur. Əsas əlamətlər -  bir neçə gün hərarət, halsızlıq, əzələ-baş ağrıları, öskürək və iştahsızlıq hesab edilir. Əgər uşaqda 38-39 dərəcə qızdırma 3 gündən artıq davam edərsə, tənəffüs çatışmazlığı, göyərmə olarsa, mütləq həkimə müraciət olunmalıdır.



- Böyüklərdə olduğu kimi, C, D və digər vitaminlərin uşaqlara da təyini doğrudurmu?

- Bu vitaminlər, xüsusilə, D vitamini iki yaşa kimi uşaqlarda normadır, təyin edirik ki, içsinlər. Böyük uşaqlarda isə analizlərin nəticəsinə uyğun norma təyin edilir. Uşaqların müəyyən yaş qrupunda qidalanma çətinlikləri olur. Onları yedizdirmək çətin olduğu üçün və enerji tələbatları da böyüklərdən çox olduğundan bu vitaminlər təyin edilir.

- Uşaqların koronavirus peyvəndi olunması da labüddürmü? Ümumiyyətlə, günümüzdə uşaqlara vurulan peyvəndlər nə dərəcədə effektivdir?

- COVİD-19 üçün peyvəndin uşaqlar üzərində təsiri təsdiq edilməyib. Buna görə də, uşaqlar hələ ki bu xəstəliklə əlaqədar peyvənd edilməyəcək. Digər xəstəliklər üçün nəzərdə tutulmuş peyvəndlər isə mütləq uşaqlara vurulmalıdır. Biz bu gün sağlam uşaqları peyvəndlərə borcluyuq. Misal üçün, böyrək xəstəliyi olan uşaqlar adi qrip olanda hər dəfə ağır müalicələr almalıdırlar. Biz onlara qrip peyvəndi etdirdikdə artıq hallarında kəskinləşmə müşahidə edilmir. Qeyd edim ki, uşaqlarda böyüklərə nisbətən tənəffüs yollarında həddən artıq virus olur. Buna görə də, koronavirusu digər viruslar sıxışdıra bilir və orqanizmdə artmağa imkan vermir. Ehtimal edilir ki, bu səbəbdən uşaqlar bu virusa daha az yoluxur.

- Uşaqlara maska taxıb çölə çıxaran və bunun əksini edən valideynlər var. Hansı daha doğrudur?

- Bildiyiniz kimi, Ümumdünya Səhiyyə Təşkilatı 5 yaşdan kiçik uşaqlara maska taxılmasını məsləhət görməyib. Uzmanlar isə 2-3 yaş arası uşaqlara maska məsləhət görmür. Çünki bu uşaqlarda qusma, boğulma halları ola bilər. Kiçiklərdə tənəffüs yolları dar olduğu üçün, maskada onun boğulma yaxud qaytarmasını hiss etmərik. Bu baxımdan taxılmaması məsləhətdir. Amma 3 yaşdan yuxarı uşaqlara toplum çox olan - market, avtobus və s. kimi yerlərdə maska taxmaq olar.

Afaq RZA

 





13.01.2021    çap et  çap et