525.Az

Arif Məlikov yaradıcılığı haqqında yeni nəşr


 

Arif Məlikov yaradıcılığı haqqında yeni nəşr<b style="color:red"></b>

Mədəniyyət Nazirliyinin dəstəyi ilə görkəmli Azərbaycan bəstəkarı, SSRİ və Azərbaycanın Xalq artisti, akademik Arif Məlikova həsr olunmuş sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən Baxşiyeva-İbrahimovanın "Arif Məlikov: tarix və müasirlik" adlı kitabı çap edilib.

"Şərq-Qərb" nəşriyyatında çapdan çıxan kitabda bəstəkar yaradıcılığının erkən və yetkin dövrlərində meydana gəlmiş kamera-instrumental və kamera-vokal əsərlərin kompleksli təhlili və obrazlı-emosional icmalı verilir.

Kitabda dünya şöhrətli bəstəkarın yaradıcılığında xüsusi yer tutan kamera-instrumental və kamera-vokal əsərlərinin sistemli təhlili aparılıb. Nəşrdə həmçinin, bəstəkarın həyat və yaradıcılığına həsr olunmuş məqalələr və onunla bağlı xatirələr də yer alıb. Müəllif tərəfindən Arif Məlikovun fortepiano prelüdləri, pyesləri, "Ötəri anlar" silsiləsi, "Təzadlar" fortepiano pyesi, iki royal üçün skerso, solo violin üçün sonata, violin və fortepiano üçün skerso, Nazim Hikmətin sözlərinə üç romans silsiləsi, Almas İldırımın sözlərinə "Azərbaycan" balladası nəzərdən keçirilib.

Nəşrin ikinci hissəsinə bəstəkarın həyat və yaradıcılığına həsr olunmuş məqalələr də daxil olunub.

Kitabın sonuncu bölməsində Arif Məlikovun məzunlarının ürək sözləri və xatirələrinə yer verilib. Əlavəyə isə bəstəkarın əsərlərinin siyahısı daxildir. İstifadə olunmuş şəkillər bəstəkarın şəxsi arxivindən götürülüb.

Kitab həm ixtisas-musiqiçi, həm də geniş oxucu kütləsinə ünvanlanıb.

 





13.01.2021    çap et  çap et