525.Az

"Zəfər xəbərini Şuşada almaq başqa bir xoşbəxtlik idi" - Müsahibə


 

QAZİ ORXAN MİKAYILLI: "HAMIMIZDA BELƏ BİR FİKİR FORMALAŞMIŞDI Kİ, BİZ MÜTLƏQ QƏLƏBƏ İLƏ GERİ DÖNMƏLİYİK"

"Zəfər xəbərini Şuşada almaq başqa bir xoşbəxtlik idi" - <b style="color:red">Müsahibə</b>

İkinci Qarabağ savaşında qazandığımız zəfər nə qədər böyük əhəmiyyət kəsb edirsə, müharibədən geri dönən qazilərin döyüş xatirələri, müharibə təəssüratları da bir o qədər bizim üçün dəyərli və önəmlidir. Çünki bu qələbənin döyüş meydanındakı detalları tarixin yaddaşına onların söhbətləri, xatirələri ilə həkk olunur.
 
Bugünkü müsahibimiz İkinci Qarabağ savaşının iştirakçısı, "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunmuş qazi Orxan Mikayıllıdır.

Mikayıllı Orxan Müşfiq oğlu 1996-cı il yanvarın 24-də Bakı şəhərində anadan olub. İbtidai təhsilini 2002-2006-cı illərdə R.Nəsirov adına 111 nömrəli tam orta məktəbdə, orta təhsilini 2006-2013-cü illərdə Texniki Humanitar liseydə, bakalavr təhsilini isə 2013-2017-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində alıb. 2017-2018-ci illər aralığında Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçib.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Kütləvi futbol departamentində mütəxəssis vəzifəsində çalışır.

*** 

- Orxan, çox şükür ki, Vətən qarşısında borcunu yerinə yetirib geri qayıtmısan. Necə oldu ki, döyüşlərə qoşuldun? Çağırış müharibə başlayandan sonra gəlmişdi, ya əvvəl?

- İlk dəfə sentyabr ayının 21-də qeydiyyatda olduğum hərbi komissarlıqdan mənə çağırış gəldi. Həmin gün hərbi komissarlığa yollandım və təyinatım Bakıda yerləşən N saylı hərbi hissəyə verildi. 22 sentyabrdan etibarən hərbi hissədə ilkin təlimlərə başladıq. 6 gün ərzində hərbi təlimlər keçdik və bizə döyüş sirlərini öyrətməyə başladılar, bəzi hərbi bilikləri yenidən xatırlatdılar. Amma bu müddət ərzində heç birimizin xəbəri yox idi ki, bizi təlimlərdən sonra müharibəyə yollayacaqlar. Hamımız elə bilirdik ki, bu, müəyyən müddətlik bir təlimdir və sonda yenidən ehtiyata buraxılacağıq. Artıq sentyabr ayının 27-də Füzuliyə, Horadiz qəsəbəsi istiqamətinə yollandıq. Biz ora çatanda başa düşdük ki, müharibə başlayıb və biz döyüşəcəyik. Hamımızda belə bir fikir formalaşdı ki, biz mütləq qələbə qazanaraq geri dönməliyik. Sentyabr ayının 28-i axşam saatlarında artıq döyüş meydanında idik.

- Müharibəyə gedəndə "əlimdə yarımçıq işim qaldı" təəssüfü keçirdinmi? Hansısa planın var idimi?

- Müharibədən əvvəl ailə həyatı qurmağa hazırlaşırdım. Sadəcə, müharibə bunu bir neçə müddətlik təxirə saldı. İndi isə artıq heç bir maneə olmadığını düşünürəm.

- Hansı istiqamətlərdə döyüşdün? Oralar Azərbaycanın başqa yerlərindən fərqlənirmi? Yəni Qarabağ eşitdiyin kimiydimi, bir mahnıda deyilən "Cənnətim Qarabağ" təki cənnəti gördünmü? Döyüş xatirələrin bizə maraqlıdır...

- Müharibə gedişatında bir neçə istiqamətdə döyüş tapşırıqlarımız oldu. Mən özüm şəxsən Füzuli, Xocavənd, Cəbrayıl və Şuşa uğrunda gedən döyüşlərdə iştirak eləmişəm. Onu qeyd eləməliyəm ki, Füzuli və Xocavənd istiqamətində gedən döyüşlər digər döyüşlərlə müqayisədə bizim üçün çox çətin oldu. İstər fiziki, istərsə də mənəvi anlamda çox ağır keçdi. Həmin döyüşlərdə çox çətinliklərlə qarşılaşdıq. Ən çox şəhid və yaralılarımız həmin istiqamətlərdə olub. Amma buna baxmayaraq, verilən bütün döyüş tapşırıqlarını vaxtında və layiqincə yerinə yetirmişik. Qarabağ mənim ana yurdumdur. Bir neçə ay əvvələ qədər oraları görmək mənə qismət olmasa da, Qarabağı haqqında həmişə anamın, dayımın, babamın dilindən eşitmişəm. Onlar hər zaman Qarabağla bağlı xatirələrini mənə danışırdılar. Ümumiyyətlə, Qarabağa qayıtmaq, o yerlərə bir daha dönmək, həm onlara, həm də mənə mümkünsüz kimi görünsə də, artıq çox şükür, bu, belə deyil.  Biz çox qısamüddətli bərpa işlərindən sonra rahatlıqla o yerlərə yenidən hamılıqla qayıda biləcəyik. Bu isə çox qürurverici haldır. Orada keçən hər saniyə öz-özlüyündə bir xatirədir. Ən yaddaqalan hadisə ilk döyüşlərdə, Füzuli istiqamətində bir neçə dəfə mühasirədə qalmağımız olub. Döyüş yoldaşlarımız bizi oradan çətinliklə olsa da, çıxara bildilər. Daha sonra Xocavənd ətrafında qəzaya düşməyimiz, orada yaralanmağım və eynəyimin yararsız hala düşməsi heç vaxt yadımdan çıxmaz. Həmin qəzada sağ çiyin və onurğamdan xəsarət almışdım. Bir neçə günlük müalicədən sonra yenidən öz istəyimlə döyüş yoldaşlarımın yanına qayıtdım. Müharibənin bitmə xəbərini almağım ən yaddaqalan hadisələrdən idi. Biz o zaman Şuşanın Sığnaq kəndində yerləşmişdik. Düşünürəm ki, zəfər xəbərini Şuşada almaq başqa bir xoşbəxtlikdir.

- Müharibə həyata baxışında nəyisə dəyişdimi? 44 gün əvvəlki Orxanla indiki Orxanı nə ilə fərqləndirərdin?



- Düşünmürəm ki, müharibə həyata baxışımda ciddi dəyişikliklərə səbəb oldu. Çünki müharibədən əvvəl də, sonra da öz sevdiklərimə, öz dəyərlərimə sadiq olmuşam. Düşünürəm ki, bu, elə belə də davam edəcək. Digər mövzularda da bu belədir. Sadəcə orada epizodik anlar olur, hansı ki o an sən müəyyən şeylərin qədrini daha çox bilməyə vadar olursan. Hətta bir qurtum suyun, bir tikə çörəyin belə insan üçün nələr ifadə etdiyini başa düşürsən. 44 gün sonrakı Orxanın 44 əvvəlki Orxandan fərqi sadəcə ondan ibarətdir ki, indiki Orxan artıq Qarabağın azad olunmasında iştirak edib. Başqa hər hansı bir fərq, dəyişiklik yoxdur.

- Deyirlər Vətən uğrunda döyüşənlərdə ona münasibət dəyişir. Doğrudanmı belədir? Dəyişirsə, hansı yöndə dəyişir?

- Qəti şəkildə mənfi yönə dəyişmədiyini deyə bilərəm, mütləq şəkildə bu, belədir. Əgər bir dəyişiklik olursa, bu, yalnız müsbətə doğrudur. Çünki sən o an Vətənə daha çox bağlanırsan, sənin beynində ancaq Vətən olur, ona sədaqət, sevgi olur.

- Bir söz var, "ölümü diri görmək". Ölümlə üz-üzə gəldinmi, gördünmü onu? Necə idi?

- Ölümlə üz-üzə gəldiyimiz anlar çox olub. Müharibə elə bir şeydir ki, orada sənin hər saniyən ölüm deməkdir. Dayandığın yerdə mərminin hansı istiqamətdən gələcəyini bilmirsən və ya atılan güllə elə olurdu ki, yanımdan keçirdi. Hansı ki, 15-20 santimetr yaxın gəlsəydi, mənə dəyə bilərdi. Mənimçün ən dəhşətli an 30 sentyabrda Füzulidə olub. Düşmənin "Ohanyan səddi" adlandırdığı bir hissə var idi. Bizim 12 nəfərlik qrupumuz orada mühasirəyə düşdü. O zaman bir saata yaxın mühasirədə qaldıq. Onda düşündüm ki, bu, artıq mənim üçün sondur, heç bir halda ölümdən yaxa qurtara bilməyəcəyəm. Həmin an gözümün qarşısında doğum tarixim və 30 sentyabr 2020-ci il tarixi canlandı. Amma buna baxmayaraq, özümüzü itirmirdik, düşmənə lazımi müqavimət göstərirdik. Çox şükür ki, döyüş yoldaşlarımız bizi oradan çıxarda bildilər. Bir neçə dəfə belə mühasirəyə düşmüşük və hər dəfəsində silahdaşlarımız bizi xilas eləməyi bacarıblar.

- Orxan, yanında döyüş yoldaşların şəhid olurdu. Həmin an hansı hissləri keçirirdin? Onları necə xatırlayırsan?

- Şəxsən yanımda iki döyüş yoldaşım şəhid olub, ümumilikdə isə bizim bölükdən səkkiz nəfər şəhid olub. Yanımda şəhid olan əsgər yoldaşlarımdan biri bu müddət ərzində mənə çox yaxın idi, çox yaxşı münasibətimiz vardı. Onun nəşini görmək mənim üçün dəhşətli dərəcədə ağır idi. Hələ də o anı unuda bilmirəm və yəqin ki, heç zaman da unutmayacağam.

- Bildiyimiz kimi, cənab Prezident tərəfindən bir neçə medalla təltif olunmusan. Səncə, onları sinədə gəzdirmək daha çox qürur hissi yaşadır, ya məsuliyyət artırır?

- Bəli, mən cənab Prezidentin müvafiq sərəncamlarına əsasən "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunmuşam. Bu medalların siyahısı təsdiqlənəndə mən Cəbrayılda idim. Bu təltif xəbərini Qarabağ torpağında almaq ayrıca bir qürur hissi idi. Valideynlərim ilk dəfə bu xəbəri mənə verəndə sevincimin həddi-hüdudu olmadı. İstənilən halda bu medalları sinədə gəzdirmək olduqca qürurverici və sevindirici haldır. Bir neçə ay əvvəl kimsə mənə bunu desəydi, inanmazdım. Bu təltiflərdən sonra insan əvvəlkinə nisbətən daha məsuliyyətli olmağa çalışır. Cəmiyyətin müəyyən hissəsi səni tanıyır və xidmətlərinə görə xüsusi rəğbət göstərir. Bu da öz növbəsində məsuliyyəti artırır.

Nadir RZALI

 





13.01.2021    çap et  çap et