525.Az

İvanişvili niyə istefa verir?


 

İvanişvili niyə istefa verir?<b style="color:red"></b>

Gürcüstanın hakim "Gürcü arzusu" partiyasının qurucusu və sədri, ən zəngin gürcü hesab olunan milyader Bidzina İvanişvili siyasətdən gedəcəyi ilə bağlı açıqlama yayıb.

Çox maraqlıdır ki, Bidzina İvanişvili ümumiyyətlə, partiyanı da tərk edəcəyini bildirib. Milyader partiya sədri siyasətdən getmək istəyini yaşı ilə əlaqələndirib. Gələn ay İvanişvilinin 65 yaşı tamam olur. On il əvvəl siyasətə qoşularaq "Gürcü arzusu" partiyasını yaradan milyader "Gürcüstan möcüzəsi"nin memarı Mixail Saakaşvilinin rəhbərlik etdiyi siyasi qüvvəni parlament seçkilərində məğlub edərək hakimiyyətdən kənarlaşdırmışdı. Bidzina İvanişvili siyasətdən gedişinin hakim "Gürcü arzusu" partiyasını zəiflətməyəcəyini bəyan etsə də, ekspertlər tam əksini düşünürlər. Ekspertlərin fikirlərinə görə, Bidzina İvanişvilinin siyasətdən gedişi hakim partiyanın gürcü cəmiyyətindəki mövqelərini zəiflədəcək.

Bidzina İvanişvili siyasətdən gedişini yaşlanması ilə izah etsə də, bir çox ekspertlər milyader partiya sədrinin bu addımını ABŞ-dakı hakimiyyət dəyişikliyi, xüsusən də dövlətin başına Co Baydenin gəlməsi ilə izah edirlər. Co Baydeni prezident seçilməsi ilə dünyada ilk təbrik edənlərdən biri Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili olmuşdu. Saakaşvili Co Baydenin qələbəsini Kreml üçün pis hadisə adlandırmış, bu hadisənin postsovet məkanında demokratik proseslərin inkişafına ciddi təkan verəcəyini bəyan etmişdi. Məlum olduğu kimi, Co Bayden də Saaakaşvilinin bu proqnozlarını artıq qismən təsdiqləyib və demokratiya ilə bağlı məsələlərin Vaşinqtonun xarici siyasətinin əsas istiqamətlərindən biri olacağını açıqlayıb.

Gürcüstanda isə hakim "Gürcü arzusu" paartiyasına qarşı bütün müxalifətin birgə cəbhəsi formalaşıb. Son parlament seçkilərinin nəticələri ilə razılaşmayan müxalifət qanunverici orqanın işində iştirakdan imtina edib və yeni seçkilər keçirilməsini istəyib. Gürcüstanın əsas müttəfiqi olan ABŞ-da demokratların hakimiyyətə gəlməsi Tbilisidəki müxalifətin də mövqelərini gücləndirir. Hər kəs anlayır ki, "Gürcü arzusu"nun müxalifətin vaxtından əvvəl yeni parlament seçkiləri tələbini qəbul edəcəyi artıq yaxın zamanların məsələsidir. Həmin erkən seçkilərdə isə müxalifətin önə çıxacağı qaçılmazdır. Görünür, Bidzina İvanişvili siyasəti məğlub kimi tərk etmək etmək istəmədiyi üçün indi siyasətdən getmək qərarı verib. Milyarder partiya sədrinin qurucusu olduğu siyasi təşkilatla bütün əlaqələrini tamamilə kəsmək niyyətini başqa cür izah etmək mümkün deyil. Digər tərəfdən, görünür, Bidzina İvanişvili Vaşinqtonun qəzəbinə də tuş gəlmək istəmir. Məlum olduğu kimi, Co Baydenin mənsub olduğu Demokratlar Partiyasının təklifi ilə qəbul olunan qanunvericilik aktına görə Şərqi Avropa və postsovet məkanında Rusiyanın avtoritar liderinə yaxın münasibəti olan bütün zənginlərin mal varlıqlarının araşdırılması Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) qarşısında vəzifə kimi qoyulub. Görünür, Bidzina İvanişvili CİA-nın siyahısına düşmək istəmir.

Belə ehtimal etmək olar ki, Co Baydenin ABŞ-da prezident seçilməsi, Bidzina İvanişvilinin istefası Gürcüstanda Saakaşvilinin mövqelərini gücləndirəcək. Saakaşvili hələ 2009-cu ildə  Co Baydeni Gürcüstanın ali dövlət mükafatlarından olan "Müqəddəs Georgi" ordeni ilə təltif edib. Belə görünür ki, Gürcüstanda Bidzina İvanişvili dövrü başa çatır və Saakaşvilinin ikinci dönəmi başlayır.

 





13.01.2021    çap et  çap et