Sevgi yaşa baxmır – deyirlər. Görəsən, kim deyib bunu?! Gözümüzü açandan görmüşük ki, yeniyetmə vaxtı aşiq olana “uşaqsan, get dərsini oxu”, ahıl yaşında sevənə “utanmır qoca yaşında...” tənələri edilir... Onda adamda sual yaranır: bəs hansı yaşda sevmək ayıb deyil, qadağan deyil?! Uzun müddət baş sındırandan sonra anlayırsan ki, dəxli yoxdu... Yaşla da bağlı olmasa, mütləq başqa nəyəsə görə yasaq çıxacaq ortaya...
Qızları “o sənin tayındı?”, “heç yaraşır sənə?”, “get denən ayıb olsun, sən mənim qardaşımsan” (!!!), “ağıllı qızsan, özünü yığışdır” motivli, oğlanları isə “utanmırsan, filankəsin bacısıdı?!”, “atası bilər, öldürər qızı...”, “əmisi oğluna deyilidi, qan salarsan ortaya” mövzulu söhbətlərlə, hədələrlə bezdirirlər. Elə ona görə, nə qədər acı olsa da bu, həqiqətdi: sevgi yalan danışmaq da öyrədir adama. Ziyansız, balaca, sadəlövh yalanlar... Sevgini ürəkdolusu, həyatdolusu yaşamaq istəyirsənsə, ayrı yolun yoxdu.
Gizlənməlisən, sevdiyini də, məhəbbətini də gizlətməlisən. Çünki ilk vaxtlar sən özün də günah etdiyinə inanırsan. Ancaq bu əziz günahın səni o qədər xoşbəxt edir ki, tövbə eləmək haqda heç düşünmək belə istəmirsən. Sevdiyinin ürkək baxışları və cavabsız qoyduğun “axı kimə neyləyirik?” sualı hər an beynindədi! Qəribə bir qoruma instinkti yaradır səndə bütün bunlar. Qoruyursan sevdiyini, amma heç özün də bilmirsən nədən, kimdən. Hamı yadlaşıb elə bil...
... Amma zaman keçdikcə, sevgin vaxt adlı sınaqdan çıxdıqca, özün də böyüdükcə, hissinin ilahiliyini dərk etdikcə çox şey dəyişir... Anlayırsan ki, səni qəflətən yaxalamış bu duyğu nə ayıbdı, nə günah. Onda da yeni sual yaranır: niyə gizlənməliyik? Axı nə qədər gözdən uzaq, adamsız, boş küçə, köhnə park axtarmaq olar? Cinayətkar ovqatından yorulursan daha... Üsyan edib “sevirəm” qışqırmaq istəyirsən, əl-ələ tutub küçə-küçə gəzmək istəyirsən sevimli şəhərini... Ancaq! Bilirsən axı, yaxşı bilirsən ki, mümkün deyil, imkan verməyəcəklər, qoymayacaqlar yaşamağa... Nə səni! Nə də sevgini!
“Günah”ını boynuna alıb gizli-gizli sevməkdən savayı yolun yoxdu hələlik. Qəhər boğur səni bunları düşünəndə... Vaqif Bəhmənlinin “Sizin küçə” şeirinin ilk misralarında o qəhər hiss olunur. Sevdiyi xanımı qapıya kimi ötürməkdən belə məhrum aşiqin qəhəri... Yeniyetmə oğlan acizliyindən qəhərlənir sanki... “Yaxşı deyil, birdən görərlər...”, “üzümə çox baxma” deyəndə nə qədər də aciz görünür insan, deyilmi? Mühit qarşısında, onun qanunları qarşısında aciz! O qəhəri udub, acizliyinlə barışaraq, Vaqif müəllim yazdığı kimi “Sağ ol, Sən də sağ ol!” deməkdən özgə yol qalmır.
Vaqif Bəhmənli lirikasına məxsus xəfif yumoru, incə atmacaları “Sizin küçə” şeirində görə bilməzsən... Kədərlidi bu şeir, çox kədərli! Ürəyini verdiyin, yolunda ölümə hazır olduğun adamın əlindən belə tutmaq yasaqdı sənə... Bunun üçün xüsusi bunker, daldalanacaq mağara, nə bilim daha nə axtarmalısan! Bu həqiqət çox acı dadır... Şeirdə həmin acı, ağrı zərif poetik cizgilərlə ifadə olunub. Bəzi misralarda gənc oğlanın üzündəki ifadəni belə görmək olur. “Yəqin evdəkilər gözləyir səni...” – deyəndə çarəsizlik, “Mən səndən nə təhər ayrılım səssiz” – söyləyəndə əzab yağır onun üz-gözündən... Və bu əzab misradan misraya, bənddən bəndə artır, fərqli yollarla təsvir olunur.
Mənə görə isə ən kədərlisi uzaqlaşan sevgilinin arxasınca baxmaqdı. Bilirsən sabah var, bilirsən ən gözəl günlər hələ qarşıdadı, bilirsən heç vaxt ayrılmayacaqsız, bilirsən! Amma yenə kədərlənirsən. Şeirdə deyildiyi kimi qaranlıq onu köksündə gizləyir və sənin ürəyin yerindən çıxır, sıxılır...
Və ayaqlarını sürüyə-sürüyə, sakit, səssiz evə dönürsən, otağına çəkilib yerinə uzanırsan, gözlərini tavana dikib düşünürsən... Mətbəxdən sual gəlir:
– Hardaydın, niyə gec gəldin?
– Heeeç... Dostlarla!
Vaqif Bəhmənli: “Mən səndən nə təhər ayrılım səssiz...”
Bu da sizin küçə, qayıdım geri
Yaxşı deyil, birdən görərlər məni.
Üzümə çox baxma, di tərpən, yeri,
Yəqin evdəkilər gözləyir səni.
– Sağ ol...
– Sən də sağ ol, – ayrılırıq biz...
Burdan qayıtmaq da ağırdı axı.
Mən səndən nə təhər ayrılım səssiz
Qollarım qoluna bağlıdı axı!
Axı kimə deyək biz birik daha,
Ömrünə birləşib ömrümün yolu.
Bu qohum-qonşunun gözündə nahaq
Sən özgə qızısan, mən də yad oğlu...
Bir anda vüsaldan gen düşəcəyik
İndicə zəncirtək qırılmalıyıq.
Nə olsun təzədən görüşəcəyik,
Niyə buna görə ayrılmalıyıq?
Gedirsən... gözlərim izləyir səni
Küçənin sonuna çatana kimi.
Qaranlıq köksündə gizləyir səni,
Baxıram gözümdən itənə kimi.
Geriyə dönürəm, çırpınır ürək
Yollar da çiyninə götürür məni.
Səni evinizə ötürdüyüm tək
İndi də səssizlik ötürür məni.
çap et