525.Az

2020: Sağlamlığın əsl dəyərini anladığımız il


 

2020: <b style="color:red">Sağlamlığın əsl dəyərini anladığımız il</b>

ÜST-nin Azərbaycandakı nümayəndəsi Dr Hande Harmancı və ÜST-nin Avropa regionu üzrə direktoru Dr Hans Henri P. Kluge

COVID-19 pandemiyası dünyanı sarsıtdı və bir çox ölkələri durğun vəziyyətə gətirdi. Virus fövqəladə hallara hazırlığımızdakı boşluqlardan, səhiyyə sistemlərimizdəki çatışmazlıqlardan və cəmiyyətlərimizdəki bərabərsizliklərdən istifadə edərək xalqlarımızı, icmalarımızı və həyatımızı öz cənginə aldı. Bu, insanlıq faciəsi və qlobal böhrandır. 2021-ci ildə geriyə baxıb 2020-ci ildə nəyi öyrəndiyimizə, nəyə nail olduğumuza və üfüqdə hansı ümidlərin olduğuna nəzər yetirək.


İlin xülasəsi: öyrənilən dərslər

Təcrübə bizə göstərdi ki, sağlamlıq inkişafın mərkəzindədir, fərdi və kollektiv tərəqqinin müəyyənedicisidir. Həyatımızın hər addımında sağlamlığı və rifahı təşviq etmək üçün hədəfə yönəlmiş və xüsusi dəstəyə ehtiyacımız var. Məktəbə getmək uşağın sosial inkişafı üçün faydalıdır; işini itirmək təhlükəsi yarandıqda sosial təhlükəsizlik şəbəkəsinin təmin edilməsi vacibdir; dəstəkləyici və keyfiyyətli qayğı mühiti yaratmaq yaşlı insanlara layiq olduqları diqqəti göstərməyə kömək edir.

Pandemiyaya qarşı mübarizə aparmaq, virusu müalicə etməkdən daha çox tədbirlərin görülməsini tələb etdi. Sosial media vasitəsilə yayılmış COVID yorğunluğu və dezinformasiya kampaniyaları ilə mübarizə aparmaq üçün insan davranışına və mədəni normalara dair anlayışlar böyük əhəmiyyət daşıyır. Həll yolunu tapmaq üçün icmaları daha effektiv şəkildə cəlb etməli olduğumuzu öyrəndik. Tədbirlər yalnız elmi cəhətdən əsaslandırılmış və mədəni baxımdan məqbul olduqda effektiv olacaqdır.

Müxtəlif və mürəkkəb ehtiyacları ödəmək üçün səhiyyə sistemləri misli görünməmiş bir sürətlə yeni yaranmış vəziyyətə uyğunlaşmalı idi. Pandemiya ilə mübarizəyə yönəlmiş xidmətlərə paralel olaraq, zəruri səhiyyə xidmətlərinin təmin olunduğu ikili sistem quruldu. Rəqəmsal həllər yerində xidmət göstərməyin mümkün olmadığı zamanlarda xidmətlərdəki boşluqların aradan qaldırılmasına kömək etdi. Bu yeniliklər ürək xəstəlikləri, diabet, hipertoniya, xərçəng və digər xəstəliklər üçün xidmətləri əldə etmək və artan psixi sağlamlıq ehtiyaclarını qarşılamaq üçün çox vacibdir.

Diaqnostikanı inkişaf etdirməkdən, müalicəni araşdırmaqdan tutmuş böyük sürətlə peyvənd istehsalına qədər mübarizəmizin formalaşmasında elm və tədqiqatların rolu əvəzolunmazdır. İctimai səhiyyə və sosial tədbirlərə dair dəlillər əldə etmək üçün köhnə və yeni texnologiyalardan istifadə edilib.

Səhiyyə işçilərimiz sonsuz hörmət və minnətdarlığa layiq olan dəyərli mütəxəssislərdir. Pandemiya ilə mübarizə dövründə və sonrasında səhiyyə işçilərinin sağlamlıq və rifahını təmin etmək və davamlı, işlək səhiyyə sisteminə zəmanət vermək üçün onların lazımi sosial, psixi, fiziki və maddi dəstəyə ehtiyacı var. Əvvəllər arxa planda olan və yetəri qədər dəyər verilməyən ön cəbhə işçiləri - müəllimlər, sosial, icma və poçt işçiləri, avtobus sürücüləri, ərzaq dükanlarında çalışan işçilər və bir çoxları - cəmiyyətimizi ayaqda tutdular.

Regionun hər bölgəsində cəmiyyətdə həmrəylik, insan yaradıcılığı, kollektiv və fərdi qayğı nümunələri gördük. İnsanlar müstəsna dayanıqlılığa, nikbinliyə və səxavətə sahibdirlər, Azərbaycan da istisna deyildi.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı Ölkə Ofisi ilk gündən etibarən müxtəlif nazirliklərə, yerli tərəfdaşlara, agentliklərə və QHT-lərə dəstək olaraq COVID-19-la mübarizənin mərkəzində olmuşdur. Biz həm də BMT, diplomatik korpus və beynəlxalq tərəfdaşlar üçün əsas məlumat mənbələrindən biriyik.

Səhiyyə sistemini yaxınlaşan dalğaya hazırlamaq üçün fiziki və virtual şəkildə beynəlxalq texniki təcrübəni ölkəyə gətirən ÜST, ölkədə mübarizəyə “erkən cavab verən” qurumlardan biri olmuşdur. 2020-ci ilin aprelində başlayan REACT-C19 layihəsi, xəstəxanaları pandemiyaya hazırlamağa kömək edən sürətli müdaxilə idi. Ölkədə COVID-19 üçün ayrılmış 6 xəstəxana olduğu zaman, REACT-C19 komandaları 3 ay ərzində 12 xəstəxanada COVID-19-a qarşı hazırlığı artırmaq, eyni zamanda səhiyyə işçilərinə təhlükəsiz bir mühit yaratmağa dəstək oldular. REACT-C19 özündən sonra səhiyyə işçilərinin əsas bacarıqlarını artırmaq üçün davamlı sistemlərin yaradılmasını dəstəkləmək və COVID-19 səbəbindən kənarda qalan qruplara zəruri səhiyyə xidmətləri göstərmək məqsədi daşıyan PROACT layihəsini miras qoydu.

Texniki dəstəklə yanaşı, Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 xəstələrinin idarə edilməsini təkmilləşdirmək üçün laboratoriya test dəstləri, çox sayda fərdi qoruyucu vasitələr və xəstəxana avadanlıqları da ölkəyə gətirib. Ölkədəki əsas inkişaf tərəfdaşları Avropa İttifaqı və USAID-ə  Azərbaycana həm texniki yardım, həm də həyati əhəmiyyətli avadanlıqlar və vasitələr gətirməkdə əməkdaşlıq üçün minnətdarıq.

Dağlıq Qarabağ bölgəsi və ətraf ərazilərdə son hərbi əməliyyatlar nəticəsində pandemiya səbəbindən yük altında olan səhiyyə sisteminə daha böyük yük düşmüşdür. Bu müddətdə yeni yoluxma və ölüm hallarının sayı sürətlə artmışdır. Bu, immunlaşdırma, bəzi xroniki xəstəliklərə nəzarət və s. kimi zəruri səhiyyə xidmətlərinin göstərilməsinə öz mənfi təsirini göstərmişdir. ÜST-nin Gəncə, Bərdə, Tərtər və Ağdam bölgələrində Səhiyyə ilə bağlı Ehtiyacların Öyrənilməsi Missiyasından əldə etdiyi nəticələr gələcəkdə əməkdaşlıq etmək üçün uyğun sahələri və səhiyyə xidmətlərinin hansı bölgələrdə gücləndirilməli olduğunu müəyyən etdi. Bu və digər sahələrə Azərbaycan höküməti ilə birlikdə dəstək göstərməkdən qürur duyacağıq.

Bundan əlavə, Azərbaycanın beynəlxalq birliklə həmrəylik nümayiş etdirərək pandemiya ilə mübarizə üçün ÜST-nin Mərkəzi COVID fonduna ümumilikdə 10 milyon dollar ianə etməsi bizi çox qürurlandırdı. Bu, ÜST-nin Azərbaycandakı Ölkə Ofisi üçün bir təkan oldu və bizi ölkənin səhiyyəsi üçün yaxşı işlər görməyə daha da həvəsləndirdi.

2020-ci il bizə sağlamlığın yalnız fərdi məsələ olmadığını, həm də kollektiv səy tələb etdiyini göstərdi.


2021-ci il və sonrası: heç kəs kənarda qalmasın

Ehtiyacımız olan gələcəyin formalaşdırılmasında hər birimizin rolu var. Buna yalnız bütün siyasətlərin mərkəzinə sağlamlıq və bərabərliyi yerləşdirməklə nail olmaq mümkündür.  ÜST-nin Avropa üzrə Regional Ofisinin sağlamlıqla bağlı strategiyası “Daha Yaxşı Sağlamlıq üçün Birgə Fəaliyyət”, vətəndaşların sağlam cəmiyyətlərdə inkişaf etmələri üçün öz səhiyyə qurumlarından gözləntilərinə əsaslanır. Bunun üçün insanların keyfiyyətli xidmətə universal əlçatanlıq hüququnu təmin etməli, səhiyyədə bərabərsizliyi azaltmaq üçün fəaliyyətləri sürətləndirməli və yerli, regional, milli və beynəlxalq səviyyədə ictimai səhiyyə liderliyini gücləndirməliyik. Bu, iddialı səslənsə də, biz birlikdə buna nail ola bilərik. İnsanlar haqlı olaraq səhiyyə qurumlarından bu gözləntiləri yerinə yetirmək və "heç kəsi kənarda qoymamaq" üçün hesabat tələb edirlər.
COVID-19-dan sonra güclü, davamlı, ədalətli və operativ səhiyyə sistemlərinin qurulmasının hər kəsin marağında olduğu aydındır. Səhiyyə həm iqtisadi inkişafı, həm də sosial birliyi təmin etmək üçün təməldir.

Qidalarımızı necə istehsal etməyimizdən, şəhər şəraitində yaşadığımız həyat tərzindən, cəmiyyətləri dayanıqlı edən amillərdən tutmuş maliyyə sistemlərimizin hansı sahələrə sərmayə qoymasından və zəruri xidmətlər göstərənlərə verdiyimiz dəyərə qədər sağlamlıq geniş bir konteksti əhatə edir. Pandemiya bizi bu məsələlərin mövcudluğunu anlamağa və yenidən qiymətləndirməyə məcbur etdi.

ÜST-nin Avropa üzrə Regional Ofisi cəmiyyətləri yeni bir istiqamətə yönəltmək üçün mütəxəssisləri və siyasətçiləri bir araya gətirdi. Pan-Avropa Sağlamlıq və Davamlı İnkişaf Komissiyası keçmiş dövlət və hökumət başçıları, görkəmli alim və iqtisadçılar, səhiyyə və sosial qayğı qurumlarının rəhbərləri, iş dünyasının və maliyyə qurumlarının liderləri daxil olmaqla, bir sıra sahələrin mütəxəssislərindən ibarətdir. Komissiya sağlamlığı siyasi gündəlikdə birinci sıraya qaldırmaq məqsədilə pandemiyanın təsiri səbəbindən cəmiyyətdə ehtiyac duyulan lazımi dəyişikliklər üzərində çalışır. Onlar bütün sektorların xeyrinə sağlamlıq, səhiyyə və sosial qayğı sistemlərinə necə investisiya qoyulacağına dair təlimat hazırlayacaqlar.

2020-ci il bizə sağlamlığımızı lazımi qədər qiymətləndirmədiyimizi və səhiyyə xidmətlərinin yalnız hər kəs üçün əlçatan olduğu təqdirdə effektiv olduğunu öyrətdi. Gələcək böhranlardan qorunmaq istəyiriksə, heç kimi kənarda qoymamalıyıq.

Xülasə

2020-ci ildə COVID-19 normal hesab etdiyimiz hər şeyi dəyişdirdi. Bu, hər birimizin sınağa çəkildiyi bir il oldu.

Gəlin, 2020-ci il ön cəbhədə çalışan insanların cəsarəti, nikbinliyi və səxavəti ilə xatırlayaq.

2021-ci ili mübarizəmizin elmə əsaslanması və cavab tədbirlərimizə icmaların daha aktiv cəlb olması fikri ilə nikbiklik və ümidlə qarşılayaq.

 





14.01.2021    çap et  çap et