525.Az

Medianın İnkişafı Agentliyi media sektorunda nələri dəyişəcək? - Açıqlama


 

"MEDİANIN İNKİŞAFI AGENTLİYİNİN YARADILMASI İLƏ BAĞLI FƏRMAN AZƏRBAYCAN PREZİDENTİNİN MƏTBUATA GÖSTƏRDİYİ DİQQƏT VƏ QAYĞININ NÖVBƏTİ TƏZAHÜRÜDÜR"

Medianın İnkişafı Agentliyi media sektorunda nələri dəyişəcək? - <b style="color:red">Açıqlama</b>

Azərbaycanın kütləvi informasiya vasitələrinin rəhbərləri yeni yaradılan Medianın İnkişafı Agentliyi ilə bağlı fikirlərini bildiriblər.

Qeyd edək ki, Medianın İnkişafı Agentliyi yaradılması barədə yanvarın 12-də Prezident İlham Əliyev fərman imzalayıb. Dovlət başçısının sərəncamına əsasən, Əhməd İsmayılov qurumun İcraçı direktoru təyin olunub.

Əhməd İsmayılov dünən jurnalistlərə müraciətində müzakirələrə açıq olduğunu vurğulayıb. "Agentlik olaraq, media subyektləri, jurnalistlər və media sahəsində çalışan ekspertlər tərəfindən verilən təkliflərə həmişə açığıq. Müzakirələrə açığıq. Onların təkliflərini müzakirə etməyə həmişə hazırıq. Onlar bu istiqamətdə bütün səylərini əsirgəməsinlər". O, REAL TV-yə müsahibəsində həmçinin bildirib ki, jurnalist və media subyekti blokunu bir-birindən ayırmağa hazırda ehtiyac var: "Biz müəyyən etməliyik, normativ hüquqi baza baxımından "media subyekti" anlayışı və media subyektlərinin bölgüsünü tam əhatə etməliyik.

"Jurnalist və jurnalistin statusu" anlayışına huquqi bazada aydınlıq gətirilməlidir. Bu anlayışlara aydınlıq gətirildikdən sonra bizə tam imkan verəcək ki, media subyektləri və jurnalistlərlərlə bağlı iqtisadi, texniki və metodiki dəstək layihələrini həyata keçirək".

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, media sahəsində islahatlar kifayət qədər əhatəli prosesdir. Elə məsələlər var ki, bu, daha çox istək və iradə ilə bağlıdır: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" Fərmanı, həmin Fərmana əsasən Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin yaradılması onu deməyə əsas verir ki, mövcud istiqamətdə işlərin görülməsi üçün ali iradə var.

Azərbaycan dövləti Prezident İlham Əliyevin şəxsində hər zaman mediaya həssas yanaşıb. Bu, özünü istər konkret tədbirlərdə, istərsə də qanunvericilik bazasının təkmilləşməsində göstərib və bu, davamlı prosedir. Sevindirici haldır ki, davamlılıq eyni zamanda, yeni çağırışlara adekvat münasibətin ortaya qoyulmasını hədəf seçir.

Yeni çağırışlar yeni tələblər müəyyənləşdirir. Onların yerinə yetirilməsi şərtdir. Əminəm ki, Medianın İnkişafı Agentliyi bu baxımdan üzərinə düşən missiyanı layiqli şəkildə yerinə yetirəcək, problemlərə konseptual yanaşma ortaya qoyacaq.

Media sahəsində görülməli işlər çoxdur. İnternet medianın hüquqi münasibətlər sistemində özünə yer almasından tutmuş kütləvi informasiya vasitələrinin reklam bazarında iştirakçılığınadək bir çox məqamları vurğulamaq mümkündür. Ayrıca vurğulanmalı məqam jurnalist məsuliyyətinin artırılmasıdır. Düşünürəm ki, bunun fövqündə qanunun dayanmasının vaxtı gəlib çatıb.

Ümumən iki məqamı fərqləndirərdim. Birincisi, media sahəsində səliqə-sahmanın yaradılması. İkincisi, medianın iqtisadi imkanlarının daha da artırılması. Əslində, qeyd etdiklərimin ikisi də müəyyən mənada bir-birilə əlaqəlidir. Lakin səliqə-sahman dedikdə burada ilk növbədə fundamental hüquqi islahatlar vurğulanmalıdır. 

Digər tərəfdən, jurnalistika sözün həqiqi mənasında elit peşəyə çevrilməlidir. Yalnız ona görə yox ki, biz bunu istəyirik. Biz bütün peşə sahiblərinin daha yaxşı həyat şəraitinin olmasını arzulayırıq. Ancaq jurnalistikanı fərqli edən bilavasitə informasiya ilə bağlılıqdır. O informasiya ilə ki, onun milli təhlükəsizlik sistemində çəkisi hər ötən gün daha çox artmaqdadır. Deməli, informasiya amilinə yanaşma və tələb dəyişməlidir. Müvafiq olaraq işin effektivliyi baxımında bu sahədə çalışanların sosial təminatına baxış da həmçinin.

Qarşıda gediləsi böyük bir yol var. Təbii, əsas məsələ niyyətdir, istəkdir, əvvəldə də dediyim kimi iradədir. Əgər niyyət nəyisə müsbətə doğru dəyişməkdirsə, məsuliyyətli mühit formalaşdırmaqdırsa, bütün vasitələr keçərlidir. Əminəm ki, Medianın İnkişafı Agentliyi ali niyyətin gerçəkləşməsi yolunda mühüm işlək vasitəyə çevriləcək".

"Cənab Prezidentin Medianın İnkişafı Agentliyinin yaradılması ilə bağlı fərmanı onun mətbuata qarşı olan diqqətinin və medianın inkişafı üçün göstərdiyi qayğının növbəti təzahürüdür".

Bu sözləri açıqlamasında "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid deyib. O bildirib ki, Azərbaycan Prezidentinin mətbuatla bağlı bütün addımları həmişə cəmiyyət tərəfindən yüksək rəğbətlə qarşılanıb: "Bu fərmanda Azərbaycan mətbuatının inkişafı, müstəqillik illərində senzuranın, söz və mətbuat azadlığına mane olan digər məqamların aradan qaldırılması göstərilir. Eyni zamanda, son vaxtlarda informasiya texnologiyalarının sürətli inkişafı, yeni medianın yaranması və bu medianın qarşısında yeni tələblərin meydana çıxmasının şahidiyik. Bütün bunlar həm media ilə bağlı qanunun yenilənməsini, həm də media strukturlarında çevikliyin yaradılmasını tələb edir. Bu mənada Medianın İnkişafı Agentliyi daha geniş sahəni əhatə edəcək".

R.Məcid qeyd edib ki, əvvəllər Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yalnız yazılı çap mətbuatının problemləri ilə məşğul idi. Ancaq sonradan bu qurumun fəaliyyətində dəyişiklib olub: "KİVDF-də rəhbərlik dəyişiləndən sonra artıq keçirilən müsabiqələrdə təkcə yazılı və onlayn medianın jurnalistləri yox, televiziyalarda çalışan həmkarlarımız, eləcə də  digər müstəqil jurnalistlər də iştirak etdilər. Bu, əhatənin genişlənəcəyinin göstəricisi idi. Bu fərmanla isə həm onlayn media, informasiya agentlikləri, həm də audiovizual media yeni agentliyin təsir dairəsinə daxil edilib. Bununla da geniş şəkildə həm jurnalistlərin xaricdə təhsili, təcrübə qazanması, beynəlxalq media ilə əlaqə, eyni zamanda, media sahəsində olan problemlər, hansısa hüquq pozuntularına yol vermiş media ilə bağlı müvafiq hüquq-mühafizə orqanlarına müraciət də daxildir. Düşünürəm ki, bu, geniş spektri əhatə edəcək.

Fərmanda o da vurğulanır ki, yaxın iki ay ərzində "Media haqqında" qanun hazırlansın. Düşünürəm ki, bu qanunun hazırlanmasında ictimaiyyət, media nümayəndələri, mütəxəssislər mütləq iştirak etməlidir. Çünki bu məsələ artıq demək olar ki, ictimaiyyətin geniş təbəqələrinin diqqətindədir. Yeni mediaya, jurnalistikaya aid edilən sahələrdə bu məsələlərlə bağlı fikirlər var və onları cəmləşdirib, qanunda əks etdirmək lazımdır". 

R.Məcid Əhməd İsmayılovun Agentliyə İcraçı direktor təyin olunmasını yüksək qiymətləndiririb: "Əhməd İsmayılov artıq bir müddətdir ki, KİVDF-nin rəhbəri kimi mətbuatın təcrübəsini öyrənib, yeni medianın tələblərini də bilir. İnanıram ki, bu işin də öhdəsindən layiqincə gələcək".

R.Məcid bütün bu prosesləri Azərbaycan Prezidentinin mətbuata olan diqqət və qayğısının təzahürü hesab etdiyini bildirib: "Dövlət başçısı hər zaman çıxışlarında vurğulayıb ki, müstəqil mətbuatın olmasında maraqlıdır. Bu fərmana görə cənab Prezidentə öz təşəkkürübü bildirirəm".

"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı da öz açıqlamasında Medianın İnkişafı Agentliyinin yaradılmasını müsbət addım kimi qiymətləndirib: "Təbii ki, biz mediada müəyyən çətinliklərin, boşluqların, qütbləşmələrin olduğunu bilirdik. Çap mediası dövlətin dəstəyi ilə iş fəaliyyətində media prinsiplərini qoruyub saxlamağa çalışırdı. Ancaq çap mətbuatında müəyyən problemlər var. Nəticələr o qədər də ürəkaçan deyil. Eyni zamanda, online medianın maliyyələşdirilməsi və online medianın mətbuat strukturu kimi statusunun hüquqi baxımdan Azərbaycan qanunvericiliyində əksinin tapmasında da müəyyən problemlər var idi. Bütün bunların aradan qaldırılması və ümumiyyətlə, media sferasının bütövlükdə inkişafı üçün belə bir Agentliyin yaradılması müsbət haldı. Əlbəttə, inanırıq ki, Agentliyin fəaliyyəti gələcəkdə öz müsbət effektini verəcək".

Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib ki, Medianın İnkişafı Agentliyi yeni innovativ əsalarda və yeni keyfiyyətdə informasiya mühitinin formalaşması işində xüsusi missiya yerinə yetirəcək. O bildirib ki, Azərbaycan Respublikasın Medianın İnkişafı Agentliyinin yaradılması milli mediamızın inkişafı tarixində yeni keyfiyyət mərhələsinin başlanğıcı kimi qiymətləndirilə bilər. Onun sözlərinə görə, bu qərar müasir media və informasiya münasibətlərinin yeni əsaslarda tənzimlənməsini təmin edəcək: "Eyni zamanda, milli informasiya resurslarımızın inkişafı və onların fəaliyyətinin təkmilləşdirilməsinə ciddi töhfələr verəcək. Məsələ ondadır ki, milli informasiya məkanımızda keyfiyyət dəyişiklərinin yaradılması zərurəti hər bir media mənsubu tərəfindən dərk edilən, hətta deyərdim ki, arzu edilən bir həqiqət idi. Bunu zəruri edən təkcə klassik medianın ənənəvi problemləri deyildi. Eyni zamanda, hazırda müxtəlif internet resurslarında ən müxtəlif adlarda formalaşan informasiya subyektləri, onların davranış və fəaliyyəti və bunun informasiya təhlükəsizliyi kontekstində tənzimlənməsi məsələsi də günümüzün tələblərindən biri idi".

H.Babaoğlu vurğulayıb ki, milli informasiya məkanımızın gündəminin başqaları tərəfindən təyin edilməsi cəhdləri isə milli maraqlarımızla daban-dabana ziddiyət təşkil edirdi: "Çox təəssüf ki, əksər hallara nə media ilə bağlı yaradılmış ixtisaslaşmış müxtəlif ictimai qurumlarımız, nə də digər strukturlarımız buna qarşı effektiv müqavimət nümayiş etdirə bilirdilər. Nəticədə milli informasiya məkanımız manipuliyasiyaya məruz qalır, beləliklə də milli təhlükəsiziliyimizin əsas komponentlərindən olan informasiya təhlükəsizliyimiz pozulurdu".

Yazıçı-publisist Yunus Oğuz deyib: "Media sahəsində islahatların həyata keçirilməsi çoxdan gözlənilən bir addım idi. Hesab edirəm ki, burada daha çox kreativ yaradıcılıq meylləri var. Bu yaradıcılıq meyllərini bir neçə yerə bölmüşəm. Burada ən əsası odur ki, yeni yaradılan qurum Publik Hüquqi Şəxsdir.  Publik Hüquqi Şəxsin digər təsərrüfat fəaliyyətləri ilə məşğul olmaq imkanları var. Bir sözlə, qanunla icazə verilmiş bütün fəaliyyətlərlə məşğul ola bilərlər. Bu, nə üçün lazımdır? Bu, ona görə lazımdır ki, qəzetlər, saytlar, internet media, bu sahə ilə məşğul olan hüquqi şəxslər həm də biznes fəaliyyəti ilə məşğul olurlar. Saytların və qəzetlərin müstəqilliyi artdıqca onların həm gəlirləri çoxalacaq, həm də azad və sərbəst formada fikirlərini ifadə edə biləcəklər. Agentlik, qəzet və saytları, agentlikləri ora cəlb etməklə təsərrüfat, biznes fəaliyyəti yaradır. Digər tərəfdən onlar da Agentlikdən asılı olmayaraq müstəqil fəaliyyətlə məşğul olurlar. Bu da əsasdır".

 





14.01.2021    çap et  çap et