525.Az

Əbədiyyətdəki əziz ünvanlarımız - Şəhidlər ölməz, Vətən bölünməz!


 

Əbədiyyətdəki əziz ünvanlarımız - <b style="color:red">Şəhidlər ölməz, Vətən bölünməz!</b>

Həyat nə qədər şirin olsa da, ölüm heç bir insan övladının qaça bilməyəcəyi tale yazısıdır. Amma Allah qatında seçilmiş elə insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk edib, ruhən Yaradana - əbədiyyətə qovuşurlar. Ölümlərin ən şərəflisi də deyirlər buna. Bu, müqəddəs şəhidlik zirvəsidir ki, hər kəsə qismət olmaz.

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə sentyabr ayında başlanan və 44 gün davam edən Vətən müharibəmiz 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın, Qarabağın azadlığıyla nəticələndi.

Müharibə varsa, şəhid də var, qazi də, itkin də... Nə yazıq ki, bu müharibəmiz də qurbanlarsız ötüşmədi. Azərbaycanın üç minə yaxın qəhrəmanı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igid qazi adını qazandı. "525-ci qəzet" olaraq bu layihəmizdə mütəmadi şəkildə hissə-hissə həmin igidlərimizi oxucularımıza tanıtdıracağıq. Hər biri bir qəhrəmanlıq dastanı olan bu həyatlarla qürur duyur, onları unutmayacağımıza, unutdurmayacağımıza söz veririk! Allah hər birinə rəhmət eləsin!

P.S. Bu layihəmizə dəstək olmaq üçün ətrafınızda tanıdığınız, bildiyiniz şəhidlər varsa, həyat yoluna güzgü tutmaq məramı ilə müəllifin göstərilmiş e-mail ünvanıyla əlaqə saxlaya bilərsiniz!

Şahanə MÜŞFİQ
[email protected]



Nurlan Tofiq oğlu Nuruzadə 9 avqust 2001-ci ildə Sumqayıtda doğulub. Sumqayıt şəhər 17 saylı orta məktəbdə təhsil alıb. 2019-cu ilin oktyabrında həqiqi xidmətə çağırılıb və Ağcabədidə "N" saylı hərbi hissədə xidmətə başlayıb. Xidmətini Beyləqanda davam etdirən Nurlan topçu idi. Vətən müharibəsinin ilk günündən döyüşlərə cəlb olunan topçumuz, Füzuli istiqamətində gedən ağır döyüşlərdə 2020-ci il oktyabrın 1-də şəhadətə ucalıb. Hərbi xidmətə yola düşməsinin 1 ili tamam olan ərəfədə şəhadət şərbəti içən Nurlan Sumqayıtın Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

***



Əkbər Azər oğlu Hüseynli 15 oktyabr 2001-ci ildə Cəlilabadın Alar kəndində doğulub. İlk təhsilini H.Əliyev adına 1 saylı orta məktəbdə alan Əkbər, orta təhsilini Bakı Sosial İqtisad Kollecində davam etdirib. O, təhsilini yarımçıq qoyub 15 oktyabr 2019-cu ildə könüllü həqiqi hərbi xidmətə yollanıb. Vətən müharibəsinin ilk günlərindən isə ön cəbhədə qəhrəmancasına vuruşub, Murov yüksəkliyinin alınmasında xüsusi igidliklər göstərib.

Əkbər şiddətli döyüşlərdə yaralansa da, qısa müddət sonra yenidən ön cəbhəyə, yoldaşlarının yanına qayıdıb, Goranboy-Tərtər istiqamətində gedən döyüşlərdə iştirak edib, qəhrəmanlıqla şəhidlik məqamına yüksəlib.

Evin tək oğul övladı olan Əkbər vətənpərvərliyi, cəsarəti, nümunəviliyi ilə yoldaşları arasında böyük rəğbət qazanıb, neçə yaralı əsgər yoldaşını döyüş meydanından xilas edib. Onun yeganə arzusu canı-qanı bahasına olsa belə, vətəni mənfur düşmənlərdən azad etmək idi.

Qeyd edək ki, qızğın döyüşlərdə şəhidlik zirvəsinə ucalan Əkbərdən ailəsi uzun müddətdir heç bir məlumat ala bilmirdi. Şəhidimiz dekabrın 17-də Alar kəndində torpağa tapşırılıb.

***



Məmmədov Kənan Niftalı oğlu 22 oktyabr 1993-cü ildə Ucarın Alpout kəndində doğulub. 2000-2011-ci illərdə Alpout kənd 2 saylı məktəbdə təhsil alaraq hərbi xidmətə yollanıb. Hərbi xidməti bitirdikdən sonra Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Rus dili ədəbiyyatı ixtisasına qəbul olub. Amma onun xəyalları həmişə hərbçi olmaq olub. O, kiçik yaşlarından rus dilini ana dili kimi bilmiş, sonradan ingilis, erməni, türk dillərini mükəmməl öyrənmişdi. 2017-ci ildə universiteti əla qiymətlərlə bitirmiş Kənan öz arzularını gerçəkləşdirməyə başlayır. Həmin il Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzinə daxil olub. Həmin mərkəzi birinciliklə bitirib leytenant rütbəsini almışdı. Bundan sonra ön postlarda düşmənlə üz-üzə tağım komandiri vəzifəsində xidmət etmişdi. Onun arzusu Qarabağı azad etmək idi. Bu arzusunu gerçəkləşdirmək üçün Xüsusi Təyinatlı Qüvvələrin kursuna yazılır. 5 aylıq kursu yenə fərqlənmə ilə bitirdikdən sonra Müdafiə Nazirliyinin əmri ilə N saylı hərbi hissədə XTQ-nin komandiri vəzifəsinə təyin olunur. O, xidməti boyunca bir çox kurslarda və təlimlərdə iştirak etmişdi. Döyüş taktikasını mükəmməl və dərindən bilən zabitlərdən biri idi.

27 sentyabr 2020-ci il II Qarabağ müharibəsinə Kənan çox hazır və həvəslə gedir. Kəşfiyyatçı Kənan Murovdağa ilk ayaq basanlardan biridir. O, döyüş yoldaşlarıyla birgə ən öndə gedərək Murovdağı düşməndən qəhrəmancasına azad etmişdi. Başqa bir çox əməliyyatlarda, tapşırıqlarda ürəklə iştirak etmiş Kənan oktyabrın 2-də şəhidlik zirvəsinə ucalıb.

***



Rəhimli Baxış İlqar oğlu 19 fevral 1996-cı ildə Bərdənin Balaqacar kəndində Natella və İlqarın ilk övladları kimi doğulub. 2002-ci ildə H.Xəliloğlu adına Qullar kənd tam orta məktəbində 2-ci sinifi bitirib, 2004-cü ildən Bərdə rayon Akademik Zərifə Əliyeva adına məktəb-liseydə oxuyub və 2013-cü ildə həmin məktəbdən məzun olub. 2014-cü ildə Türkiyənin Kastamonu Universitetinə qəbul olub, 2019-cu ildə İqtisadi və İdari bilimler fakültəsindən məzun olub. Universiteti bitirdikdən sonra 2019-cu il oktyabrda Hərbi xidmətə yollanıb və II Qarabağ müharibəsində cəbhəyə gedib. Baxış çox bacarıqlı topçu idi, bir neçə düşmən texnikasını məhv etmişdi. Baxışın dayısı Ədalət Ədilov da I Qarabağ müharibəsi şəhididir. Baxış cəbhəyə getdiyi ilk gün anasına deyir ki, mən qorxmuram, biz torpaqlarımızı alacağıq. Sonrakı danışıqlarında isə anasına dayısının qanının yerdə qalmadığını, düşməni məhv etdiklərini, qayıtmağına az qaldığını deyib. Lakin təəssüf ki, noyabrın 9-da Şuşa uğrunda gedən döyüşlərdə müharibənin bitməsinə saatlar qalmış qəhrəmancasına şəhid olub. Özündən balaca qardaşı Əvəz isə hazırda hərbi xidmətdədir.

***



Abışov Telman Nadir oğlu 3 oktyabr 1995-ci ildə Sumqayıtda doğulub. İki bacının tək qardaşı idi. 2002-2013-cü illərdə Sumqayıt 19 nömrəli tam orta məktəbdə təhsil alıb. 2013-cü ildə hərbi xidmətə yollanıb və xidmətini Daşkəsəndə N saylı hərbi hissədə çəkib. Telmanın komandiri Milli Qəhrəman, general-mayor Polad Həşimov olub. O, hərbi qulluğunu atıcı olaraq başa vurub. 2015-ci il aprel ayında evə qayıdıb. Əsgərlikdən gəldikdən sonra bərbərlik sənətinə yiyələnıb. O, öz işinin peşəkarı idi və bir neçə sertifkartlar da almışdi. Telmanın vətənə olan sevgisi o qədər böyük idi ki, P.Həşimovun ölümündən sonra ailəsindən xəbərsiz orduya könüllü yazılır. Oktyabrın 3-ü 25 yaşı tamam olan Telman ölkəmiz müharibə şəraitində olduğu üçün ad gününü qeyd etmir. Oktyabrın 5-i atasına zəng edib sənədini hərbi hissəyə gətirməsini xahiş edir. Atası oğlunun qeydiyyatdan keçib evə qayıdacağını düşünür. Lakin az sonra Telman zəng edib bildirir ki, onu gözləməsinlər, o, cəbhəyə gedir. Atası deyir ki, oğlum kimsəylə vidalaşmadan getdi, həmin an onunla fəxr elədim.

Cəbhədə olanda ailəsiylə danışarkən hər şeyin yaxşı olduğunu, qələbəyə az qaldığını deyir. Ailəsi onunla son dəfə noyabrın 1-də əlaqə saxlaya bilir. Telman Daşaltıda olduğunu deyir. Noyabrın 8-də elə orda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalır. Noyabrın 12-də atası oğlunun şəhadət xəbərini alır. Noyabrın 13-də T.Abışov Sumqayıt S?əhidlər Xiyabanında dəfn edilir.

***



Məmmədli Cəmil Habil oğlu 28 iyul 1999-cu ildə İsmayıllıda doğulub. 2005-2016-cı illərdə Bakı şəhər, Səbail rayon 163 saylı orta məktəbdə təhsil alıb. 2016-cı ildə Azərbaycan Texniki Universitetinin Metallurgiya fakültəsinin, Materialşünaslıq ixtisasına qəbul olub, 2020-ci ildə ali təhsilini başa vurub, hərbi xidmətə yollanıb.

Cəmil hələ kiçik yaşlarından anasına bildirirdi ki, sən mənimlə həmişə fəxr edəcəksən. Məktəbdə olan tədbirlərdə daim fəal olmuş, mükafatlar əldə etmişdi. 26 fevral Xocalı soyqırımı qurbanları xatirəsinə həsr olunan Səbail rayon orta ümumtəhsil məktəbləri arasında keçirilmiş "Mahir nişançı" adlı Güllə atıcılığı turnirində III yerə layiq görülmüşdü. O, hərbi xidmətdə də atıcı idi. Əsgərlikdə olanda anasıyla danışarkən böyük fəxr və qürur hissilə bildirmişdi ki, ona Milli Qəhrəman Mübariz İbrahimovun silahından verilib. Müharibənin ilk günündən son danışığına kimi daim yüksək əhval-ruhiyyədə olub və ailəsinə mütləq qələbə qazanacaqlarını deyib. Daha yeni əsgər olmasına baxmayaraq, döyüşlərdə böyük şücaətlik göstərib. Füzuli, Xocavənd döyüşlərində iştirak edib. Son olaraq oktyabrın 14-dən 15-nə keçən gecə ağır döyüşlərdə şəhadətə ucalıb.

Cəmilin bacısı Aybəniz ondan 3 yaş böyük olsa da, həmişə Cəmilin onu qoruduğunu, arxa-dayaq olduğunu, indi də bunu hiss etdiyini deyir.

Şəhidimizin anası isə oğluyla fəxr etdiyini deyir: "Cəmildən həmişə razı qalmışıq, fəxr etmişik. İndi də Cəmil elə bir zirvədədir ki, daha çox fəxr edirik. Onu indi bütün Azərbaycan tanıyır. Bizim tanımadığımız insanlar bizə qonaq gəlirlər, Cəmildən danışırlar. Bu, böyük qürurdur".

C.Məmmədli şəhadətindən sonra "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

***



Kərimov Kamil Ələddin oğlu 2 iyul 1995-ci ildə Qazaxın Ürkməzli kəndində anadan olub. İlkin təhsili S.Nəsirov adına orta məktəbdə alıb. 2013-cü ildə Azərbaycan Dövlət Dəniz Akademiyasının Gəmiqayırma və Gəmi təmiri ixtisasına qəbul olub. Uşaqlıqdan idmanı çox sevib və məşğul olub. Atasının vaxtsız ölümündən sonra o, təhsilini yarım saxlayıb hərbi xidmətə yollanıb. Hərbi xidmətini başa vurduqdan sonra könüllü olaraq ordu sıralarında MAXE kimi xidmət edib.

2020-ci ilin iyulunda Tovuz döyüşlərində sosial şəbəkədə "Vətəni sevən hər kəsə şəhidlik zirvəsi qismət olsun, içində mən də olmaqla", - deyə yazmışdı.

Sentyabrın 8-də Şəmkir korpusunda manqa başçısı vəzifəsində xidmətə başlayıb. Vətən müharibəsində əzmlə iştirak etmiş və döyüşlərin ilk günlərində itkin düşmüşdü. Son dəfə ailəsiylə sentyabrın 27-də danışmışdı. Üç bacının tək qardaşı olan Kamil Murovdağ istiqamətində gedən döyüşlərdə ürəyindən vurularaq şəhadətə yüksəlib. Bu xəbər ailəsinə dekabrın 9-da gəlib, dekabrın 10-da isə şəhidimiz dəfn olunub.

***



Həsənov Qüdrət Səfər oğlu 20 oktyabr 1995-ci ildə Sabirabadın Qardaşkənd kəndində anadan olub. R.Əhmədov adına tam orta məktəbi bitirib. 2011-ci ildə Bakı İdarəetmə və Texnologiya kollecinə qəbul olub. 2014-cü ildə kolleci bitirib və həmin ildə də həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmətdən sonra 27.06.2019-cu ildə ailə həyatı qurub. II Qarabağ müharibəsinə könüllü yollanan Qüdrətin ən böyük arzusu Vətən uğrunda şəhadətə qovuşmaq olub. Müharibənin 2-ci günündə döyüşlərə yollanan Qüdrətin ilk döyüş nöqtəsi Füzuli olub. Sonra Cəbrayılın azad olunmasında iştirak edən Qüdrət hər dəfə yeni rayonları azad etdikcə ailəsinə "narahat olmayın hər şey yaxşıdır. Ordumuz dayanmadan irəli gedir" - deyirdi. Zəngilan uğrunda döyüşlərə girməzdən qabaq həyat yoldaşına "şəhid olsam, anam sənə əmanət" - demişdi və artıq Qubadlıdan ailəsinə xoş xəbərlər çatdırırdı. Oktyabrın 29-u Qubadlıdan son mesajını yazır və həmin mesajdan sonra döyüşdə çiynindən və ürəyindən 2 güllə yarası alaraq qəhrəmancasına şəhid olur. Şəhadətindən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif olunub.

***



Nuruyev Cavid Əşrəf oğlu 1998-ci il martın 3-də Şərurun Oğuz kəndində anadan olub. 2005-ci ildə Oğuz kənd orta məktəbində təhsilə başlayıb. 2010-cu ildə Naxçıvanda Heydər Əliyev adına Ali Hərbi Kollecə daxil olub. Oxuduğu illərdə məsuliyyətinə və biliyinə görə təşəkkürnamələr alıb. 2019-cu ildə Azərbaycan Ai Hərbi Akademiyasını birinciliklə başa vurub leytenant rütbəsiylə Mingəçevirdə xidmətə başlayıb. 2020-ci il martın 4-də uğurlu xidmətinə görə Fəxri Fərmanla mükafatlandırılıb.

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində şücaət göstərərək Murov dağı, Suqovuşan, Ağdərədə yüksək zirvələrin alınmasında iştirak edib. Oktyabrın 15-də Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidliyə yüksəlib.

***



Babayev Əmirxan Mirilham oğlu 28 noyabr 1998-ci ildə anadan olub. Əslən Yardımlının Perimbel kəndindəndir. Bakının Suraxanı qəsəbəsində yaşayırdı. Suraxanı qəsəbəsində yerləşən 89 saylı tam orta məktəbdə təhsil alıb. O, hələ kiçik yaşlarında ikən, 10 il bundan əvvəl atasını itirmişdi. Həqiqi hərbi xidməti bitirdikdən sonra mühafizəçi işləyirdi.

2020-ci il sentyabr ayında Vətən müharibəsinə səfərbərliklə qatılıb. 18 oktyabr tarixində isə Füzuli rayonu uğrunda gedən döyüşlərdə aldığı qəlpə yaraları nəticəsində şəhidlik zirvəsinə ucalıb.

***



Xudiyev Tural Rəfayıl oğlu 27 noyabr 1998-ci ildə Bakıda doğulub. 2005-2016-cı illərdə Xətai rayonu 138 saylı məktəbdə təhsil alıb. Məktəbi bitirdiyi il Azərbaycan Texniki Universitetinin "Nəqliyyat və logistika" fakültəsinə qəbul olub. 2018-ci ildə təhsilini yarımçıq qoyaraq həqiqi hərbi xidmətə getməyi qərara alır, "Vətənə borcumu ödəməyə gedirəm" - deyir. Hərbi xidmətə Ağcabədidə başlayan Tural sonra Xüsusi Təyinatlı Qüvvələrə seçilərək xidmətini Cəlilabadda davam etdirir. Tərxis olunmağına 4 gün qalmış 2-ci Qarabağ müharibəsi başlayır və o, müharibənin ilk günündən son gününə qədər torpaqlarımızın azadlığı uğrunda şücaətlə vuruşur. Füzuli, Cəbrayıl, Ağdərə, Kəlbəcər, Suqovuşan, Hadrut və Şuşanın azad olunması əməliyyatlarında iştirak edən Tural tək döyüşməklə kifayətlənmir, yaralı yoldaşlarının yarasını sarıyaraq onları çiynində maşınlara qədər daşıyır, öz həyatı bahasına onları xilas edir. Noyabrın 8-i Şuşa azad olunduqdan sonra gözlənilmədən atılan minamyot qəlpəsindən yaralanan Tural az sonra şəhadətə yüksəlir. Ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif olunub.

***



Heybətov Ağa Əmi Elçin oğlu 6 iyun 1993-cü ildə Bakının Buzovna qəsəbəsində anadan olub. O, 2000-ci ildə Buzovnada yerləşən Ə.Əliyev adına 125 nömrəli tam orta məktəbin I sinfinə qəbul olub və oxuduğu müddətdə məktəbin ən fəal şagirdləri sırasında yer alıb. Az yaşlarında Buzovnanın Dini İcmasının nəzdində yerləşən İmam Hüseyn məscidinin mədrəsəsində "Qurani-Kərim"in tədris kursunu bitirib və şəhadətnamə ilə təltif olunub. O, 2002-ci ildə 4 nömrəli Uşaq İncəsənət Məktəbinə qəbul olub, 2007-ci ildə qarmon kursunu bitirərək diplom alıb. Heybətov idmanın müxtəlif növləri ilə də məşğul olub. 2011-2015-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin "Turizm və otelçilik " (Türk Dünyası Araştırmaları  Vakfı) ixtisasında ali təhsil alıb. Universiteti bitirdikdən sonra 2015-2016-cı illərdə hərbi xidmətdə olub. Hərbi xidmətdə müddətində Aprel döyüşlərində könüllü iştirak edib. Bu barədə Ağa Əminin ailəsi 4 il sonra - şəhid olduqda xəbər tutur. Hərbi xidmətdən qayıtdıqdan sonra Ağa Əmi müsabiqədən keçərək "Veysəloğlu" MMC-də işləməyə başlayıb. O, həmçinin, Müdafiə Sənayesi Nazirliyi "Şərq" İstehsalat Birliyi "İqlim Elmi-İstehsalat Müəssisəsi" MMC-də də fəaliyyət göstərib.

Ağa Əmi 2020-ci ildə Vətən müharibəsinin başlanması xəbərini eşidən kimi evdən gizlin orduya yazılıb, könüllü cəbhəyə yollanıb. O, oktyabrın 16-da Goranboy istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb və oktyabrın 25-də Buzovna kəndində yerləşən Şəhidlər Xiyabanında dəfn olunub.

***



Baş leytenant Hüseynov Raqib Adil oğlu 3 iyul 1993-cü ildə Şahbuzun Mərəlik kəndində doğulub. 2000-ci ildə Mərəlik kənd ibtidai məktəbində ilkin təhsilə başayıb. 2005-ci ildə ailəsinin Naxçıvan şəhərinə köçməsi ilə əlaqədar təhsilini  Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbində davam etdirib.

Zabit olmaq arzusu onu 2009-cu ildə Naxçıvandakı H.Əliyev adına hərbi liseyə gətirib çıxarıb. 2011-ci ildə həmin liseyi bitirərək H.Əliyev adına Azərbaycan Ali Hərbi Akademiyasına daxil olub. 2015-ci ildə həmin akademiyanı bitirərək leytenant rütbəsi alıb və Gəncədəki N saylı hərbi hissədə tağım komandiri kimi xidmətə başayıb. 2018-ci ildə xidmətini davam etdirmək üçün Tərtərdəki N saylı hərbi hissəyə göndərilib. Qısa müddətdə uğurlu xidmətinə görə Silahı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən bölük komandiri kursuna göndərilib və həmin kursu müvəffəqiyyətlə bitirdikdən sonra bölük komandiri təyin edilib. 2019-cu ildə Təlim və Tədris Mərkəzində taborun qərargah rəisi tabor komandirinin 1-ci müavini vəzifəsi kursunu keçərək 2020-ci ilin fevralında Naftalanda qərargah rəisi kimi xidmətə başlayıb. Xidməti illərində Silahlı Qüvvələrin 100 illik yubileyi medalı və bir sıra fəxri fərmanlarla təltif olunub. 2020-ci il sentyabrın 29-da Vətən müharibəsində Tərtərin Talış kəndi istiqamətində gedən döyüşlərdə düşmənin müdafiə xəttinin yarılmasında böyük xidmətlər göstərib və oradakı döyüşlərdə şəhidlik məqamına yüksəlib. Şəhadətindən sonra "Suqovuşanın azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif olunub.

***



Fərid Ərəstun oğlu Əsgərov 21 may 1996-cı ildə Neftçalanın Qaçaqkənd kəndində hərbçi ailəsində doğulub. 2013-cü ildə Lənkəran şəhər 6 saylı tam orta məktəb-liseyini bitirib və Lənkəran Dövlət Universitetinin İngilis dili ixtisasına daxil olub. 2017-ci ildə ali təhsilini tamamladıqdan sonra cəbhənin ön xəttində nümunəvi həqiqi hərbi xidmət keçib. Atası Əsgərov Ərəstun zabit kimi orduda 20 ildən çox xidmət edib.

Vətən müharibəsi zamanı Fərid və atası könüllü cəbhəyə yollanıblar. Fərid aktiv döyüşlərdə xüsusi şücaətlər göstərib. Cəbrayıl-Qubadlı istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. Onunla birgə döyüşən müəllimi də şəhadətə yüksəlib. Fərid noyabrın 4-də Qaçaqkənd kəndində dəfn edilib.

***



Bərxudarov Toğrul Məmməd oğlu 30 iyun 1987-ci ildə Gəncədə anadan olub. 1993-cü ildən 2001-ci ilə qədər Yevlax şəhəri 9 №-li orta məktəbdə təhsil alıb. 2001-2004-cü illərə qədər təhsilini C.Naxçıvanski adına Hərbi Liseydə davam etdirib.

2004-cü ildə H.Əliyev adına Ali Hərbi Məktəbə (AAHM) daxil olub və 2008-ci ildə həmin məktəbi motoatıcı ixtisası üzrə bitirib. 2008-2009-cu illərdə Təlim Tədris Mərkəzində təhsil alıb. 2009-2013-cü illərdə N saylı hərbi hissədə motoatıcı tağım komandiri, 2013-2017-ci illərdə AAHM-də motoatıcı tağım komandiri, 2017-ci ilin yanvar-may aylarında orda motoatıcı bölük komandiri-müəllim, 2017-ci ilin may ayından 2019-cu ilin avqust ayına qədər N sayı hərbi hissədə motoatıcı tabor komandirinin maddi-texniki təminat üzrə müavini (Q4), 2019-cu il avqustdan N saylı hərbi hissədə motoatıcı taborun qərargah rəisi-tabor komandirinin müavini vəzifəsində xidmətini davam etdirib. Ailəli olan şəhidimizin Güllü adında 9 yaşlı qızı, Əli adında 8 yaşlı oğlu Vətənə əmanətdir. Əli böyüyəndə hərbçi olub atasının yolunu davam etdirəcəyini deyir.

Son dəfə şəhadətə ucaldığı gün anasıyla telefonda danışıb, ona hər şeyin yaxşı olduğunu deyib, həmin an ən ağır döyüşə girdiklərini ailəsindən gizlədib.

Sentyabrın 30-u Tərtər-Ağdərə istiqamətindəki döyüşlərdə şəhidlik zirvəsinə ucalan mayor Bərxudarov ölümündən sonra "Azərbaycan bayrağı" ordeni ilə təltif edilib. Məzarı Yevlax şəhər Fəxri Xiyabandadır.

Qeyd: Bu qəhrəmanlarımızın hər biri, şəhadətə qovuşduqdan sonra, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən, "Vətən uğrunda" medalı ilə təltif olunub.

 





14.01.2021    çap et  çap et