525.Az

"Peşə təmayüllü siniflərin təşkili": əhatə genişlənir, səviyyə yüksəlir


 

"Peşə təmayüllü siniflərin təşkili": <b style="color:red">əhatə genişlənir, səviyyə yüksəlir</b>

2020-2021-ci tədris ilində "Peşə təmayüllü siniflərin təşkili" layihəsinin əhatə dairəsi daha da genişləndirilib. Hazırda layihə paytaxt və bölgələrdə 35 məktəb, 55 sinif, 1187 şagird və 165 müəllimi əhatə edir.

Ötən tədris ilində layihə çərçivəsində dülgər, çilingər, aşpaz, kombi-kondisioner ustası və santexnik, mebel quraşdırma, aqronom, dərzi peşə ixtisasları tədris edilirdisə, 2020-2021-ci tədris ilində qənnadçı, bərbər, xalçaçılıq, İKT olmaqla, daha 4 peşə ixtisasının tədrisinə başlanılıb. Eyni zamanda, 20 məktəbdə STEAM metodologiyası tətbiq edilib. 2020-2021 tədris ilinin sonuna doğru isə 20 məktəbdə 417 şagird üçün "Sürücülük" modulunun tətbiqinə başlanacaq. 

2020-2021-ci tədris ilində peşə təmayüllü siniflərdə dərs deyən müəllimlərin bilik və bacarıqlarının artırılması məqsədilə təlimlər təşkil edilib. Ümumilikdə təlimlərdə 210 nəfər iştirak edib. Peşə təmayüllü siniflərin iştirakı ilə bir sıra sosial layihələr də həyata keçirilib.

2021-2022-ci tədris ilində peşə təmayüllü siniflərin sayının 50 məktəbdə 85 sinfə, şagirdlərin sayının isə 1700-ə çatdırılması planlaşdırılır. Həmçinin, 35 ümumi təhsil müəssisəsində 700 şagird üçün "Sürücülük" modulunun və STEAM metodologiyasının tətbiqi nəzərdə  tutulur.

Təhsil Nazirliyindən verilən məlumata görə, "Peşə təmayüllü siniflərin təşkili" layihəsinə 2019-2020 tədris ilində start verilib. İlkin mərhələdə Bakı, Abşeron, Sumqayıt, Gəncə, Şirvan, Masallı, Cəlilabad, Xaçmaz, Salyan, Biləsuvar, Şəki, Qusar, Şəmkir və Sabirabaddakı məktəblərdə təşkil edilib. X-XI sinif şagirdləri üçün nəzərdə tutulan peşə təmayüllü siniflərin yaradılmasında məqsəd ümumi orta təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsi, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasıdır. Təhsilalanlara ilkin sahibkarlıq bacarıqlarının aşılanması, əmək bazarının peşəyönümü hazırlıqlı və əmək qabiliyyətli şəxslərlə təmin edilməsi də layihənin əsas məqsədlərindən biridir.

Başlıca məqsədlərdən biri də təhsilalanların maraqlarına, bacarıqlarına, qabiliyyətlərinə, şəxsi keyfiyyətlərinə uyğun olaraq, müvafiq ixtisas, peşə seçiminə yönəldilməsi, onlara peşə məsləhətlərinin verilməsinə nail olmaqdır. Əmək fəaliyyətinin başlanılması üçün tələb olunan minimal bacarıqların formalaşdırılmasına köməkliyin göstərilməsi, təhsilalanların karyera planlaşdırılması və ömürboyu təhsil imkanları barədə məlumatlandırılmasıdır. Karyera planlaşdırılmasında sərbəst seçim imkanı verilməklə təhsilalanlarda peşə təhsili ilə bağlı ilkin bilik və bacarıqların ümumi təhsil pilləsində formalaşdırılmasıdır.

Məlumata görə, bu siniflərdə tədris Təhsil Nazirliyi tərəfindən təsdiq edilən tədris planı və müvafiq modul spesifikasiyası üzrə təhsilalanların meyil, maraq və qabiliyyətlərinə uyğun istiqamətlər üzrə təmayülləşmə əsasında təşkil edilib. Şagirdlərə ümumtəhsil fənləri ilə yanaşı, əsas səriştələr və müxtəlif profilli istiqamətlər üzrə fənlər tədris olunur peşə təmayüllü siniflərdə ölkə və regional səviyyədə mövcud olan əmək bazarı ehtiyacları nəzərə alınmaqla, praktik bilik, bacarıqların formalaşdırılması üçün müxtəlif peşə sahələrinə aid modullar tədris edilir. Peşə təmayüllü siniflər üçün tədris planı və tədris resursları Nazirlik tərəfindən hazırlanır.



Nazirlikdən bildirilib ki, təmayül siniflərində istiqamətlər üzrə ixtisasları tədris edəcək təhsilverənlər üçün ixtisasartırma təlimləri təşkil olunur. Praktiki ixtisaslar üzrə tədris edəcək təhsilverənlər peşə təhsili müəssisələrindən cəlb oluna bilərlər. Təlim proqramının praktiki hissəsinin mənimsənilməsi məqsədilə təhsilalanlar peşə təhsili müəssisələrinin təlim-istehsalat, təsərrüfat sahələrində, işəgötürən təşkilatlarda təcrübə səfərinə cəlb olunurlar. Peşə təmayüllü siniflərə həmin ümumi təhsil müəssisəsinin və inzibati ərazidəki-qəsəbə, rayon, şəhər digər ümumi təhsil müəssisələrinin IX sinfini bitirmiş şəxslər qəbul edilirlər. Qəbul könüllülük prinsipi əsasında həyata keçirilir. Peşə təmayüllü siniflərdə təhsil almaq istəyənlər həmin siniflərin təşkil olunduğu müəssisənin rəhbərliyinə ərizə ilə müraciət edirlər. Peşə təmayüllü siniflər 15 nəfərdən az, 20 nəfərdən artıq şagird olmamaqla təşkil olunur. Qəbul zamanı eyni təmayüllü sinfə müraciət edənlərin sayı 20 nəfərədək olduqda, müraciət edənlər təmayüllü sinfə müsabiqəsiz qəbul edilirlər, 20 nəfərdən çox olduqda isə müəssisənin rəhbərliyi tərəfindən müsabiqə təşkil olunur. Müsabiqə təhsilalanların IX sinif buraxılış imtahanları üzrə nəticələrinə əsasən həyata keçirilir və həmin nəticələrə əsasən göstəriciləri daha yaxşı olanlar qəbul edilirlər. Təhsilalanların peşə fənləri üzrə bilik, bacarıq və səriştələrinin qiymətləndirilməsi peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılması qaydasına uyğun həyata keçirilir. Peşə təmayüllü siniflərin məzunlarına müəyyən edilmiş nümunəli tam orta təhsil haqqında attestatla yanaşı, peşə

istiqamətinin adı göstərilməklə sertifikat verilir. Peşə təhsili müəssisələrinə tələbə qəbulu zamanı sertifikatı olan şəxslər peşə təhsili müəssisəsinə müsabiqədənkənar qəbul edilir və müvafiq ixtisasın təhsil proqramında tədris olunmuş modullar nəzərə alınır.

Peşə təmayüllü sinifləri bitirən şagirdlər tam orta təhsil haqqında sənəd almaqla yanaşı, müvafiq peşələrə də yiyələnəcəklər. Bu da onların əmək bazarında özlərinə rahat iş tapmalarına yardım edəcək. Bu səbəbdən də şagirdlərin peşə seçiminə və əmək fəaliyyətinə hazırlanması üçün ümumi təhsil müəssisələrində peşə təmayüllü siniflərin təşkili ciddi əhəmiyyət kəsb edir.

Layihənin tətbiq edildiyi məktəblərin hər birində ümumi təhsil fənlərinin keçirilməsi üçün tədris otağı ayrılıb, kompüter, printer və proyektor ilə təchiz olunmuş və tədris otaqlarına internet çəkilib. Seçilmiş peşə təmayülü ixtisasına uyğun olaraq hər məktəbə 2 profil üzrə 2 layihə-ixtisas verilib və layihələrin tədrisi üçün müvafiq olaraq emalatxanalar qurulub, zəruri avadanlıqlarla təchiz olunub, həmçinin, kənd təsərrüfatı profilinin tədris olunduğu ümumi təhsil müəssisələrində təsərrüfat sahələri yaradılıb.

Əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyir ki, orta məktəbi bitirən zaman məzunlar bəzən peşə seçimi edərkən müəyyən çətinliklərlə qarşılaşırlar. Valideynlərin diktəsi çox zaman uşaqlara düzgün seçim etməyə mane olur. "Hər kəs ali təhsil almalıdır" fikri isə Azərbaycanda ali təhsilli işsiz kütlənin yaranmasına səbəb olur. Şagirdlərə müəyyən peşələrin öyrədilməsi məqsədilə "Peşə təmayüllü siniflərin təşkili" layihəsi çərçivəsində bəzi məktəblərdə peşə təmayüllü siniflər təşkil edilib. Burada əsas məqsəd ümumi orta təhsil bazasında peşə təhsilinə hazırlanmasıdır. Həmçinin, təhsilalanların peşə ixtisaslarına aid səriştələrinin inkişaf etdirilməsi və peşələr üzrə ilkin bilik və bacarıqlarla təmin olunması yolu ilə əmək bazarına hazırlanmasının təmin edilməsidir: "Layihənin əsas hədəfi peşə təmayüllü siniflərdə təhsilalanlara ilkin sahibkarlıq bacarıqlarının aşılanması, bununla da gələcəkdə peşə sahibi kimi öz iş yerlərini yaratmağa həvəsləndirməkdir. Ümumi təhsil aldıqları müddətdə peşə vərdişlərinə yiyələnmək şagirdlərə texnologiyaları çevik mənimsəmək, əmək bazarında layiqli yer tutmaq, ömür boyu təhsil prosesinə qoşulmaq, sağlam həyat tərzi keçirmək və ətraf mühitə fəal inteqrasiya olmaq imkanı verir".

Ş.Əsgərovun sözlərinə görə, ümumi orta təhsil səviyyəsində peşəyönümü xidməti tədbirləri təhsilalanlarda ibtidai təhsil səviyyəsində formalaşmış ilkin bacarıqların dərinləşməsi, onların müxtəlif peşə sahələri ilə yaxından tanış olması və bu sahələrin iqtisadiyyatda oynadığı rolu anlaması olduqca önəmli məsələlərdən biridir. Müxtəlif peşə sahələri üzrə əsas işəgötürənlərlə tanışlıq, təhsilalanların peşə seçimi zamanı meyl və maraqları nəzərə alınmaqla müxtəlif peşələrə istiqamətləndirilməsi, psixoloji hazırlığının təmin edilməsi məqsədilə fənlərin və dərsdənkənar məşğələlərin məzmununda nəzərdə tutulur. Bu fəaliyyət peşə maraqları və qabiliyyətinin qiymətləndirilməsi üçün diaqnostik testlərin və sorğuların keçirilməsi, peşə təhsili müəssisələrinə və yaxın ərazidə yerləşən müəssisələrə ekskursiya, peşə həftəsi, peşələrə dair oyunlar, yarışlar keçirilir. Müxtəlif peşə sahələrinə aid videofilmlərin nümayiş etdirilməsi, peşə seçiminə dair konfransların təşkili, müxtəlif peşə sahələrinin nümayəndələri ilə görüşlərin keçirilməsi, ixtisaslaşmış sərgilərin və digər tədbirlərin həyata keçirilməsi ilə müşayiət olunur: "Yeni başlamasına baxmayaraq, layihənin real nəticələri var. Bu nəticə özünü ilk növbədə IX sinifdən X sinfə keçmə faizində göstərir. Bu isə çox müsbət haldır".

Sevinc QARAYEVA

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

 





14.01.2021    çap et  çap et