525.Az

44 günlük Vətən müharibəsi: hamı bir nəfər kimi


 

44 günlük Vətən müharibəsi: <b style="color:red">hamı bir nəfər kimi</b>

Bütün cəmiyyətlərdə olduğu kimi, bizim cəmiyyətimizdə də şəxsiyyətin sosiallaşmasını səciyyələndirən cəhətlərdən biri də xalqın, toplumun çətin məqamlarda düşmənə qarşı tez bir vaxtda birləşə bilməsi, yadelli işğalçılara qarşı mübarizə ruhunda səfərbər olmağı bacarmasıdır.

Vətənpərvərlik xalqın qan yaddaşı, şəxsiyyəti səciyyələndirən ən yüksək əxlaqi-etik keyfiyyətdir. Bu keyfiyyət xalqımızın həyatında həmişə başlıca meyar və xarakter kimi formalaşıb. Ötən ilin son aylarına təsadüf edən, Azərbaycanın böyük zəfəri ilə yekunlaşan 44 günlük Vətən müharibəsi günlərində həm ön, həm də arxa cəbhədə baş verən proseslər bu deyilənləri bir daha təsdiqlədi. Xalqımızın tarixin bu sınağından alnıaçıq və üzüağ, zəfərlə çıxmasını şərtləndirən başlıca amillərdən biri də məhz vətənə sonsuz sevgi hissinin sarsılmazlığı idi. Vətənə, torpağa bu bağlılığın təcəssümü idi ki, İkinci Qarabağ müharibəsində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz əzmi və şücaəti ilə işğal olunmuş torpaqlarımızı düşməndən təmizləyərək Azərbaycanın ərazi bütövlüyünü təmin etməyi bacardı.

Vətən müharibəsi günlərində xalqımız üçün səciyyəvi olan ən mühüm cəhətlərdən biri də milli birlik və həmrəyliyin sarsılmazlığı faktoru idi. Təsadüfi deyildi ki, İkinci Qarabağ savaşında minlərlə gənc erməni işğalçılarına qarşı mübarizə aparmaq üçün könüllü müraciət edərək cəbhəyə yollanmaq istəklərini ortaya qoydular. Arxa cəbhədə olanlar həmrəylik göstərərək öz əməlləri ilə ön cəbhədə vuruşanlara əllərindən gələn köməyi əsirgəmədilər, hər cür maddi və mənəvi dəstək verməyə hazır olduqlarını göstərdilər, ölkədə fəaliyyət göstərən müxtəlif siyasi partiyalar siyasi baxışlarını bir kənara qoyaraq milli birlik nümayiş etdirdilər. Bütün bunlar bir daha onu göstərdi ki, siyasi, dini, sosial mövqeyindən asılı olmayaraq vətənin ümumi maraqları, Azərbaycan xalqının birliyi hər bir vətəndaş üçün bütün arzu və istəklərdən öndə dayanır. Bu günlər Azərbaycan xalqı öz əzmi ilə bütün dünyaya, sözün həqiqi mənasında, birlik və həmrəyliyini, vətənpərvərliyini nümayiş etdirdi. Biz birlikdə güclüyük! Qələbəmizin qazanılmasında birliyimizin rolu misilsizdir.

Müasir dünyamızda sosial şəbəkələr fərdlərin yeni sosiallaşma mühiti kimi ən spesifik məkan sayılır. Təsadüfi deyildi ki, İkinci Qarabağ müharibəsi dövründə müharibə həm də sosial şəbəkələr vasitəsilə informasiya cəbhəsində gedirdi. Bu günlərdə Azərbaycan gəncliyi haqq səsimizi dünyaya çatdırmaq üçün yorulmadan, ardıcıl surətdə bir çox kampaniyalar aparır, müxtəlif həştəqlərdən istifadə edərək erməni terrorunu, vandalizmini dünya ictimaiyyətinə çatdırmağa çalışırdı. Onlar xarici mediada Azərbaycan haqqında tarixi faktların saxtalaşdırılması, düşmən tərəfindən mülki əhaliyə qarşı cinayət əməllərinin törədilməsi, şəhər və kəndlərin adının dəyişdirilməsinə dair informasiyaların geniş yayılması, eləcə də dezinformasiyaların qarşısının alınması istiqamətində mütəşəkkil şəkildə mübarizə apararaq əsl həqiqətlərin ortaya qoyulmasında böyük fəallıq göstərirdilər.

Azərbaycan xalqı humanist, sülhsevər xalqdır. Biz hər zaman torpaqlarımızın sülh yolu ilə azad edilməsinin tərəfdarı olmuşuq. Lakin xain düşmənin təxribatları və iftiraları buna imkan vermədi. Müzəffər Azərbaycan Ordusu çıxdığı bu şərəfli yolda, bu müqəddəs savaşda böyük zəfərlə bizləri sevindirdi.

Neçə illərdən bəri Azərbaycan Prezidenti, Ali Baş Komandan çıxış və müsahibələrində açıq-aydın mesajlar verirdi ki, sülh danışıqları heç bir nəticə verməsə, biz öz torpaqlarımızı nəyin bahasına olur-olsun işğaldan azad edəcəyik. Təəssüf ki, həmsədr ölkələr öz fəaliyyətləri dövründə "hüquq" və "ədalət" ifadələrini sadəcə sözdə dilə gətirməklə kifayətləndilər. Ötən 28 il ərzində dəfələrlə müşahidə olundu ki, beynəlxalq hüququn və ədalətin bərqərar olunması həmsədr ölkələr üçün elə də önəmli deyil. Azərbaycan Prezidenti İlham Əliyevin "Əl-Cəzirə" televiziya kanalına müsahibəsində bildirdiyi kimi, "...bəzi hallarda BMT Təhlükəsizik Şurasının qətnamələri bir neçə gün, bəlkə də bir neçə saat ərzində icra olunur. Lakin bizə gəldikdə qətnamələr uzun illərdir ki, kağız üzərində qalıb. Beləliklə, təcavüzkara praktiki təzyiqin olmaması münaqişənin nəyə görə bu qədər uzun çəkməsinin səbəblərindən biridir". Nəhayət, düşmən təxribatlarının qarşısını almaq məqsədi ilə başlanan hərbi əməliyyatlar və 44 günlük Vətən müharibəsinin nəticəsində Azərbaycan Ordusunun gücü və əzmi imkan verdi ki, torpaqlarımız işğaldan azad olunsun və status-kvo kökündən dəyişsin. Biz bu möhtəşəm qələbəyə igid şəhidlərimizin, qəhrəman qazilərimizin canı və qanı bahasına nail olduq. Bu gün vətən uğrunda vuruşan, canından keçən, şücaət göstərən oğullarımız dövlətimiz və Ali Baş Komandanımız tərəfindən lazımi səviyyədə dəyərləndirilir: onlara fəxri adlar verilir, orden-medallarla təltif olunur, müavinətlər təyin edilir, xatirələri əbədiləşdirilir. Bu günlərdə dövlət başçısının sərəncamı ilə "Yaşat" Fondu yaradılıb. Fond Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək verilməsi missiyasını hıəyata keçirəcək. Bununla yanaşı, hər bir vətəndaşımız, hər bir soydaşımız hərbçilərimizə, şəhid ailələrinə, qazilərimizə bacardıqları qədər arxa-dayaq olmağa çalışırlar. Şanlı tarix yazan bu qəhrəmanlarımız böyüyən yeni nəslin vətənpərvərlik ruhunda sosiallaşma prosesində böyük rol oynayacaqlar.

İşğaldan azad olunmuş ərazilərimizdə günəş yenidən doğacaq, əzəli və əbədi yurd yerlərimiz yenidən canlanacaq, Azərbaycan bayrağının sancıldığı hər qarış yer cənnətə dönəcək.

Bu gün qarşılaşdığımız mənzərə həqiqətən də qürurvericidir. İllərdir, xəyallarını qurduğumuz an gerçəkləşib, otuz illik həsrət artıq sona çatıb, Azərbaycan xalqı öz doğma torpaqlarına qovuşub. Bu möhtəşəm günləri bizlərə yaşadan hər kəsə, ilk növbədə Ali Baş Komandanın rəhbərliyi altında möcüzələri reallığa çevirən şanlı Azərbaycan Ordusuna eşq olsun! Yaşasın Azərbaycan!

 





14.01.2021    çap et  çap et