525.Az

Teatrlar onlayn tamaşalar nümayiş etdirəcək


 

Teatrlar onlayn tamaşalar nümayiş etdirəcək<b style="color:red"></b>

Yanvarın 16-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı özünün sosial şəbəkəsindən "Sehrli üzük" tamaşasını təqdim edəcək.
 
Tamaşa teatrın "YouTube" kanalında saat 12-də nümayiş olunacaq. Tamaşanın quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Rəşid Şəfəqdir. Uşaqlara dostluq, sədaqət, dürüstlük, ədalət, insanlara inam kimi müsbət keyfiyyətlər aşılayan tamaşa xeyrin şər üzərindəki qələbəsini nümayiş etdirir. Özünün maraqlı süjet xətti və ideyası olan nağıl nümunəsinə yeni prizmadan baxan, onu çağdaş elementlərlə daha baxımlı etməyə çalışan rejissor tamaşaya yeni yozum verib. Beləliklə, bütün mübarizələrin sonunda qələbənin mümkünlüyü uşaqların hiss edəcəyi tərzdə səhnə ifadəsini tapıb.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı quruluşçu rejissoru Xalq artisti Vaqif Əsədov olan "Yarımçıq qalmış" tamaşasını növbəti dəfə sosial şəbəkədəki hesabları vasitəsilə yanvarın 20-də saat 18:00-da onlayn təqdim edəcək. Teatrdan bildirilib ki, Yevda Abramov və Leyla Bəyimin "Yarımçıq qalmış..." (Xəyalpərvər oğlan") əsəri əsasında hazırlanan eyniadlı tamaşa 2016-cı ilin aprel ayında cəbhə xəttində gedən döyüşlər zamanı şəhid olan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakültəsinin məzunu Samir Kaçayevin xatirəsinə həsr olunub. Səhnə quruluşçu rəssamı Elşən Sərxanoğlu, rejissoru Gülnar Hacıyeva, plastik səhnələrin rejissoru Pərviz Məmmədrzayev, musiqi tərtibatçısı Ramiq Nəsirov, rejissor assistenti isə Sevda Hacışəmiyevadır. Səhnə əsəri 20 Yanvar faciəsinin 31-ci ildönümü münasibətilə nümayiş olunacaq.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yanvarın 15-də "Müsyo Jordan və dərviş Məstəli şah" tamaşasını sosial şəbəkədəki hesabları vasitəsilə onlayn təqdim edəcək. Saat 18:00-da nümayiş olunacaq tamaşanın quruluşçu rejissoru, Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Əməkdar rəssam Tahir Tahirov, rəqslərin quruluşçusu isə Sənan Hüseynlidir. Görkəmli dramaturq Mirzə Fətəli Axundzadənin bu məşhur komediyası əslində ictimai-sosial şəraitin yaratdığı ciddi insani münasibətlərdən, düşüncə və münasibət fərqliliyi ilə insanlar arasında yaranan anlaşılmazlıq nəticəsində onların qarşı-qarşıya durmasından bəhs edir. Qızının toy ərəfəsində kürəkəninin fransız qonağı Müsyo Jordanla Parisə getməsinə razılıq verməklə, əslində, Hətəmxan ağa ailəsinə ciddi problemin və münaqişənin yol açmasına səbəb olur. Nəticədə, evin xanımı Şəhrəbanu qızı Şərəfnisənin göz yaşlarına dözməyib Şahbaz bəyin Parisə getməsinin qarşısını almaq üçün qulluqçu Xanpərinin vasitəsilə cadugər Məstəli şahla Qulaməlini tapır. Bu kişinin cadusu ilə Parisin "dağılması" (əslində, Paris inqilabının baş verməsi, quruluşun dəyişməsi) və Müsyo Jordanın vətəninə təcili qayıtması Şahbaz bəyin arzusunu ürəyində qoyur. Lakin bu "şad xəbər" evin xanımlarının ürəyincə olur. Görkəmli dramaturq oyun içində oyun quraraq, ictimai mühitin güzgüsünə çevrilən, komik nüanslarla zəngin gözəl bir əsəri töhfə kimi bizə bağışlayıb. Teatr da onu günün tələbləri səviyyəsində tamaşaçısına təqdim edir.

 





14.01.2021    çap et  çap et