525.Az

Pakistanın üç qəzetində Azərbaycan səfiri Daşqın Şikarovun Xocalı soyqırımı haqqında məqaləsi dərc olunub


 

Pakistanın üç qəzetində Azərbaycan səfiri Daşqın Şikarovun Xocalı soyqırımı haqqında məqaləsi dərc olunub<b style="color:red"></b>

Pakistanda və xarici ölkələrdə yaşayan Pakistan icmaları arasında böyük nüfuza malik olan ingilis dilli “Daily Times”, həmçinin urdu dilli “Daily Pardez” qəzetlərində və “Pakistan in the World” informasiya agentliyində Azərbaycanın səfiri Daşqın Şikarovun “Xocalı soyqırımı. Dünya ölkələri Pakistandan örnək götürməlidirlər” adlı məqaləsi dərc olunub.

Səfirlikdən APA-ya verilən məlumata görə, məqalədə Ermənistanın Azərbaycana qarşı torpaq iddiaları irəli sürdüyü, 1988-ci ildən başlayaraq yüz minlərlə azərbaycanlının öz torpaqlarından didərgin salındığı bildirilib. Belə ki, müstəqilliyinin ilk günlərini yaşayan Azərbaycan Ermənistan tərəfindən işğala məruz qalıb, təcavüz nəticəsində Dağlıq Qarabağ və Azərbaycanın digər 7 rayonu işğal olunub, on minlərlə insan öldürülüb, yaralanıb və ya itkin düşüb.
 
Münaqişənin hüquqi tərəfinə diqqət cəlb edən səfir işğalçı Ermənistanın BMT Təhlükəsizlik Şurasının 4 və BMT-nin Baş Assambleyasının 3 qətnaməsi, Qoşulmama Təşkilatı, İƏT, Avropa İttifaqı, NATO, ATƏT kimi mötəbər beynəlxalq təşkilatların qərarlarına, habelə digər müraciətlərə məhəl qoymadığını bildirib.
 
D.Şikarov məqalədə Xocalıda baş vermiş hadisələrin bu münaqişənin ən qara səhifələrindən olduğunu bildirib, yeddi min əhalisi olan Xocalı şəhərinin 1991-ci ildən başlayaraq erməni silahlı qüvvələri tərəfindən mühasirədə saxlanıldığını və fevralın 25-dən 26-na keçən gecə keçmiş sovet ordusunun motoatıcı alayının köməyi ilə hücuma məruz qalaraq tamamilə məhv edildiyini vurğulayıb. Həmin dəhşətli gecə zamanı azyaşlı uşaqlar, ahıllar da daxil olmaqla yüzlərlə günahsız mülki insan xüsusi qəddarlıqla öldürülüb, minlərlə insan yaralanıb, əsir götürülüb və ya itkin düşüb.
 
Səfir Xocalı soyqırımının əsas iştirakçılarından biri olan Ermənistanın hazırkı prezidenti Serj Sarkisyan və terrorist Monte Melkonyandan sitatlar gətirərək, bu kütləvi qırğının ermənilər tərəfindən düşünülmüş və əvvəlcədən hazırlanmış bir soyqrım olduğunu sübuta yetirib. Qeyd olunub ki, 22.04.2010-cu il tarixdə Avropa İnsan Hüquqları Məhkəməsi Xocalıda törədilmiş qırğını “...hərbi cinayət və ya insaniyyətə qarşı cinayət” adlandırıb: “Pakistan Senatı 01.02.2012-ci il tarixində Xocalı soyqırımını tanıyıb, bu cinayəti törədənləri məsuliyyətə cəlb edilməsini tələb edib. Senatının 05.10.2013 tarixli qətnaməsində isə Pakistanın Dağlıq Qarabağ məsələsindəki prinsipial mövqeyi bir daha vurğulanıb. Biz bu addıma görə Pakistana dərin minnətdarlığımızı  bildirməklə yanaşı, bütün dünya ölkələrini Pakistandan örnək götürməyə çağırırıq”.
 
Məqalənin tam mətnini aşağıdakı linklərdən oxumaq mümkündür:
 
http://www.dailytimes.com.pk/national/24-Feb-2014/khojaly-genocide-we-expect-the-world-countries-to-follow-the-lead-of-pakistan
 
http://epaper.dailypardes.com/2014/02/24/page9.php
 
http://www.pakistanintheworld.com/content/khojaly-genocide-we-expect-world-countries-follow-lead-pakistan

 





24.02.2014    çap et  çap et