Dünyanın bəzi kütləvi informasiya vasitələri Vaşinqtonun Asiya-Sakit okean siyasətində dəyişikliklərin olduğu haqqında məlumatlar yayırlar. Ekspertlər də ABŞ-ın həmin istiqamətdə bir qədər fərqli mövqe tutmağa başladığını vurğulayırlar. Hiss olunur ki, qlobal geosiyasətdə ciddi yeniləşmələr baş verir. Proqnozlara görə, həmin regionda müharibə alovlana bilər. Bölgə dövlətlərinin bir-birinə olan ərazi iddiaları fonunda Amerika orada hərbi gücünü artırır. Bu proseslərin necə nəticələnə biləcəyi ilə bağlı fikirlər səsləndirilir.
Vaşinqtonun ambisiyaları: yeni balans axtarışı
ABŞ-ın Çin siyasətinin sərtləşdiyi haqqında informasiyalar yayılır. Zahirən Vaşinqtonun Pekinlə əməkdaşlıqda maraqlı olması aldadıcı imiş. Son günlər müşahidə edilən bəzi proseslər bunu təsdiq edir. Bu il fevralın 5-də Amerika Konqresində ölkənin Asiya siyasəti müzakirə edilib. Orada Asiya-Sakit okean hövzəsindəki ərazi mübahisələrinin həllinə balanslı yanaşmadan daha sərt mövqeyə keçilməsi qərara alınıb.
Hətta güc tətbiqi ehtimalı inkar edilməyib. Ekspertlər bunu Vaşinqtonun imperiya ambisiyalarını diqtə etmək meyli kimi qiymətləndirirlər (bax: məs., Vladimir Odintsov. The USA’s Asia Policy is Shifting / "New Eastern Outlook", 12 fevral 2014).
Bunlar ABŞ-ın Cənubi Çin dənizindəki adalarla bağlı Pekinə qarşı tez-tez iradlar bildirməsi fonunda maraqlı təsir bağışlayır. Belə ki, məsələ Amerikanın həmin region istiqamətində sistemli siyasət yeritməsi ilə əlaqədar görünür. Burada isə son vaxtlar təzyiq və hərbi güc tətbiqi üsullarının daha çox yer aldığı hiss olunur. Bu yaxınlarda Çinin yuxarıda xatırlanan adaların yerləşdiyi məkanı öz hərbi hava qüvvələrinin müşahidə zonası elan etməsi həmin kontekstdə təsadüfi görünmür.
Əslində, ABŞ-ın bu məqamı da bəhanə edərək daha geniş miqyasda təzyiq və təhdid müstəvisinə keçdiyi müşahidə edilir. Təhlilçilər arqument kimi onu da vurğulayırlar ki, Cənubi Çin dənizində Amerikanın ticarət dövriyyəsi 1,2 trilyon ABŞ dolları həcmindədir (bax: əvvəlki mənbəyə). Sözsüz ki, bu, böyük rəqəmdir. Lakin problemin mahiyyəti yalnız ticarətlə məhdudlaşmır. Əsas məsələ ABŞ-ın geosiyasətində müşahidə edilən düzəlişlərin məzmununa və məqsədinə aiddir. Məhz həmin aspektdə dünya üçün əhəmiyyəti olan bir neçə məqam meydana gəlib ki, onların nəzərə alınması lazım gəlir.
Bu kontekstdə 2013-cü il oktyabrın 30-da ABŞ-ın Nümayəndələr Palatasında "Çinin dəniz və digər coğrafi təhlükələri" adlı mövzunun müzakirəsi diqqəti çəkir. Həmin iclasa sədrliyi respublikaçı konqresmen Dana Rohrabaher edib. İştirakçılar Asiya-Sakit okean hövzəsində Çinlə hərbi qarşıdurmanın kəskinləşdiyini bildiriblər. Buna cavab olaraq Vaşinqtonun həmin regionda hərbi gücünü artırmaq hesabına öz mövqeyini möhkəmlətməsi təklif edilib. Bu zaman Yaponiya ilə əməkdaşlıq öz plana çəkilib.
Ekspertlərin fikrinə görə, son Davos toplantısında Çin və Yaponiya nümayəndələrinin qarşılıqlı ittihamlarla çıxış etmələri təsadüfi deyildi. Fevralın 5-də Konqresdəki çıxışında ABŞ dövlət katibinin Şərqi Asiya və Sakit okean üzrə müavini Daniel Rassel isə daha konkret danışaraq, Pekinin Cənubi Çin dənizində cəhdlərini artırmasına qarşı çıxdıqlarını bəyan edib. O deyib ki, "...biz dənizdə olan tələblərə qarşı sərt mövqe tutmalıyıq..." (bax: əvvəlki mənbəyə). Bir qədər əvvəl isə ABŞ siyasətçiləri Cənubi Çin dənizindəki anlaşılmazlıqlara bitərəf mövqedə dayandıqlarını bəyan etmişdilər. Bu səbəbdən ekspertlərin qənaətinə görə, Vaşinqtonun göstərilən regionla bağlı siyasətində ciddi dəyişikliklər baş verir. Artıq bu xəttin ilkin əlamətləri özünü göstərir.
Rəsmi Vaşinqton Filippin hökumətinə Çini dəniz hüquqları üzrə Beynəlxalq Tribunala (ITLOS) verməkdə "kömək göstərib". Bundan əlavə, həmin ölkənin prezidenti Akino "The New York Times" qəzetinə müsahibəsində Çini faşist Almaniyası ilə müqayisə edib. Bəzi ekspertlər bunu ABŞ-ın hətta müharibəyə hazır olması ilə əlaqələndirirlər (bax: əvvəlki mənbəyə).
Regional savaş ehtimalı
Bütün bunların fonunda Amerika Sakit okean hövzəsində hərbi bazalarının sayını artırır və onları daha güclü silahlarla təmin edir. Belə məlum olur ki, söhbət hansısa lokal xarakterli və sistemsiz addımlardan getmir. Vaşinqton strateji səviyyədə Asiya-Sakit okean hövzəsində qüvvələr nisbətini dəyişir, o cümlədən Çinə münasibətini yeniləşdirir.
Bu məqam Cozef Nayın son məqalələrinin birində irəli sürdüyü fikirlərdən də aydın görünür. Onun gəldiyi qənaətə görə, Amerika dünya liderliyi iddiasından qətiyyən əl çəkməyib və bu mənada özünütəcriddən söhbət gedə bilməz (bax: Joseph S. Nye. The Myth of Isolationist America / "Project Syndicate", 10 fevral 2014).
Zahirən ABŞ Suriya və Əfqanıstan məsələlərində zəiflik göstərən tərəf kimi görünür. Hətta Amerikada keçirilən sorğularda respondentlərin 51 faizi ölkənin əvvəlki illərə nisbətən "gücünün azaldığını və təsir dairəsinin məhdudlaşdığını" düşündüklərini bildiriblər (bax: əvvəlki mənbəyə). Reallıqda isə vəziyyət bir qədər fərqlidir.
Məsələ ondan ibarətdir ki, Amerika iqtisadiyyatı böyük ölçüdə öz səylərini səfərbər edə bilmişdir. İndi o, inkişaf mərhələsinə qədəm qoyur. Digər tərəfdən, Çin hətta dünyanın ən böyük iqtisadiyyatına sahib olanda belə, ABŞ-dan güclü olmayacaq. C.Nayın proqnozuna görə, hələ bir neçə onillik Amerika dünyanın ən qüdrətli dövləti olaraq qalacaq.
Biz "postamerika" dövrünün başladığını deyə bilmərik. İndi "XX əsr amerikan erasının" başa çatdığını deyə bilərik. Bunlar o deməkdir ki, ABŞ "birinci" olaraq qalacaq, ancaq "yeganə" olmayacaq. Məhz bu mənada o, dünyaya liderlik edə biləcək (bax: əvvəlki mənbəyə).
Belə çıxır ki, Vaşinqtonun yeni mövqeyinə görə, yalnız Çin yox, digərlərinin də inkişafını təmin etmək lazımdır. Həmin mənada iki böyük dövlətin qarşıdurması doğrudan da kəskin ola bilər. Əgər Pekin Asiya-Sakit okean hövzəsində vahid lider olmaq istəyini gücləndirsə, mütləq Amerikanın müqaviməti ilə rastlaşacaq. Bu, ABŞ-ın ümumi mövqeyindən irəli gəlir. Barak Obama 2014-cü ildə ənənəvi müraciətində vurğulamışdı: "Dünyada mürəkkəb təhlükələr vardır, bizim təhlükəsizliyimiz və liderliyimiz hakimiyyətimizin bütün elementlərindən asılıdır – güclü və prinsipial diplomatiyanı da bura daxil etmək lazımdır" (bax: əvvəlki mənbəyə).
Amerika prezidenti faktiki olaraq, dövlətin qarşısında duram strateji məqsədi izah edib. Vaşinqton təhlükəsizliyinə təminat verilmiş olan liderlik modelinə üstünlük verir. Bunun üçün o, C.Nayın fikrinə görə, dünyada birinci olmaqla yanaşı (dövlətin qüdrəti aspektində), regionlarda liderlərin yetişməsinə də çalışacaq. Ancaq onlar da məhz Vaşinqtonun strateji maraqlarına uyğun siyasət yeritməlidirlər.
Görünür, son illər Braziliya, Rusiya, Türkiyə və Hindistan iqtisadiyyatı haqqında bədbin proqnozların çoxalması arxasında məhz bu məqam dayanır. Bu ölkələr hansısa prinsipial məqamda Amerikanın stratejisinə uyğun gəlməyən addımlar atıblar.
Məsələnin daha düşündürücü tərəfi isə dünyanın geosiyasi ağırlıq mərkəzinin Asiyaya tərəf dəyişməsi ilə bağlı verilən proqnozların taleyi ilə əlaqəlidir. Amerikanın Çin istiqamətində siyasətini sərtləşdirməsi həmin proqnoza müəyyən dəyişikliklər edə bilər. Cənubi Qafqaz təcrübəsi burada sanki bir sıra gizli niyyətlərin mövcudluğundan xəbər verir.
Vaşinqtonun Asiya-Sakit okean hövzəsində "regiondakı bəzi ölkələrin ərazi iddiaları"ndan danışması Ermənistanın analoji informasiya hazırlığından sonra təcavüzkarlığa başlamasını xatırladır. İndi Vyetnam, Filippin, Cənubi Koreya və Yaponiya ilə Çinin ərazi məsələsində mübahisələri vardır.
Əgər bu ölkələrdən hansısa biri Pekinə qarşı müharibəyə başlasa, sonu necə ola bilər? İndidən Vaşinqton Çini ittiham edir. Deməli, Asiya-Sakit okean hövzəsində də süründürməçi müharibə meydana gələ bilər. Bu ehtimalı inkar etmək nə dərəcədə əsaslı olardı?
Newtimes.az
çap et