525.Az

"Azərbaycan" jurnalının yeni sayında...


 

"Azərbaycan" jurnalının yeni sayında... <b style="color:red"></b>

"Zəfərin mübarək, Azərbaycan!" nidası ilə oxucuları salamlayan "Azərbaycan" jurnalı bu sayında Vətən müharibəsindəki şanlı qələbə münasibətilə onlara gözaydınlığı verir.

525.az xəbər verir ki, ilk səhifələrdə Ayaz Arabaçı, İlham İnam, Fuad Əliyev, Aybəniz Kürəkçaylının zəfər ruhlu şeirləri öz əksini tapıb.

"Dramaturgiya" bölməsində Qəşəm Nəcəfzadənin "Ölüm o dünyada qaldı" pyesi dərc olunub. Dram əsəri əfsanəvi tankçımız, Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun unudulmaz xatirəsinə həsr edilib.

Jurnalın bu sayında "Mir Cəlal adına II Beynəlxalq hekayə müsabiqəsi"nin qalibləri olan Tural Turan, Sevinc Nuruqızı, Vaqif Nəsib, Mirmehdi Ağaoğlu, Alpay Azər, Esmira İsmayılova, Nemət Tahir, Vahid Aslan, Qəşəm Nəcəfzadə və Pəri Ağakişiyevanın hekayələri ilə tanış ola bilərsiniz.

"Poeziya" bölməsində Əkbər Qoşalı, Güləmail Murad, Nisə Bəyimin şeirləri dekabr sayının ədəbi söz lövhəsinə poetik bəzək vurub.

Aydın Talıbzadə "Vaxtı edam etmək" adlı yazısında Kamal Abdulla nəsrinin hədəfləri haqqında söhbət açıb, eyni zamanda, 70 yaşına yeni qədəm qoyan yazıçının şəxsiyyəti barədə öz düşüncələrini oxucularla bölüşüb.

Bədii nəsr nümunələri ilə oxucuların "görüşünə gələn" Mübariz Cəfərlinin və Kamil Əfsəroğlunun hekayələri dekabr sayında işıq üzü görüb.

"Yeni tərcümələr" bölməsində Məmməd Oruc İvan Korotkovun "Sonuncu şüa" əsərini, Y.Qayıbov Rüfət Mustafazadənin "Pandemiya" əsərini ruscadan çevirib.

Baba Babayev "Elçinin "Qatil"  dramında bədii şərtilik və psixologizm" adlı ədəbi təhlilində əsərin tamaşaçı və oxucu üçün sual doğuran məqamlarını aydınlaşdırıb. Qorxmaz Quliyev isə "Mətnlərin səsləşməsi" yazısında bir-birinə körpü salan əsərlər haqqında söhbət açıb.

"İncəsənət" bölməsində İsrafil İsrafilov Çexov dramaturgiyasının aliliyi barədə fikirlərini qələmə alıb.

İntiqam Mehdizadə xatirələrini "Bu gün dünəndən başlayır" silsiləsindən olan "Yaşa boyun əyməyən" adlı yazısında əks etdirib.

Ənənəvi "Kitab rəfi"ndə yeni nəşrlər tanıdılır.

Nadir RZALI

 





15.01.2021    çap et  çap et