525.Az

"Şuşanın mədəni həyatı tezliklə bərpa olunacaq"


 

"Şuşanın mədəni həyatı tezliklə bərpa olunacaq"<b style="color:red"></b>

"Mədəniyyət hər bir xalqın qan damarıdır. Mədəni irs bir xalqın, sadəcə, keçmişi haqqında deyil, həm də gələcək inkişaf bacarıqları və dayanıqlılığı haqqında da məlumat verməyə qadirdir. Çünki mədəniyyət xalqın yaradıcılığını ifadə etmək, fərdi kimliyi yaratmaq və cəmiyyətin məskunlaşma anlayışını artırmaq və qorumaq üçün bir imkandır. Yalnız mədəniyyətlərarası dialoqun bir hissəsinə çevrilməklə xalqlar gələcək nəsillərə silinməz izlərini qoya bilərlər".

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.

XXI əsrdə beynəlxalq arenada qarşılıqlı dostluq münasibətlərinin qurulmasında iqtisadi inkişafla birgə "mədəni diplomatiya"nın da payı olduğunu söyləyən Məzahir Əfəndiyev bildirib ki, yumşaq güc siyasətinin əsas hissələrindən biri olan mədəni diplomatiya milli-mənəvi maraqların təbliğinə və dayanıqlı sosial-mədəni əməkdaşlıqların gücləndirilməsinə xidmət edir. Bunları nəzərə alaraq, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısının əhəmiyyəti istər vahid dünyanın qeyri-mədəni irsinin qurulmasında və qorunmasında, istərsə də mədəniyyətlərarası dialoqun təşkilində əvəzsizdir. UNESCO xalqların öz dəyərlərini dünyaya təqdim edə biləcəyi vahid bir qlobal platforma statusuna malikdir. Həmçinin, xalqların mövcudluğunun və yaratmaq bacarıqlarının tarixi bir sübutudur.

Məzahir Əfəndiyev deyib: "Ölkəmizdə keçirilən mədəniyyətlərarası dünya forumları, UNESCO ilə mədəni əməkdaşlıq, beynəlxalq konvensiyaların ölkəmizdə olan icrası, Azərbaycan muğamının, xalçaçılıq və zərgərlik sənətinin və mətbəxinin dünyaya tanıdılmasında göstərilən səylər əsrlərdən bəri dünyanın mədəni irsinə öz miraslarını vermiş multikultural Azərbaycan xalqının bu gün də mədəni diplomatiyaya verdiyi dəyərin göstəricisidir. Həmçinin Azərbaycan-UNESCO əlaqələrinin 25 illiyi ilə əlaqədar olaraq Prezident Kitabxanasında "Azərbaycan-UNESCO əlaqələri" adlı elektron layihə bu əlaqələrə göstərilən dövlət qayğısının rəmzidir".

Qeyd edib ki, 17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə, bir neçə kilsə və monastır, 2 qəsr və 72 mühüm sənət və tarixi abidələrdən ibarət bütün məkan adları azərbaycanlıların adı ilə bağlı, əhalisi yarandığı dövrdən etibarən ancaq azərbaycanlılardan ibarət olan və dövlətimizin böyük səyi nəticəsində 24 oktyabr 2001-ci ildə UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin siyahısına daxil edilmiş tarixi-memarlıq qoruğuna sahib Şuşa şəhəri heç də təsadüfi deyil ki, bu gün öz dirçəlişinə mədəniyyət paytaxtı kimi başlamışdır.

"Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsilə Şuşanın mədəni həyatı tezliklə bərpa olunacaq. Həmçinin, bu, bir çox beynəlxalq əhəmiyyətli tədbirlərin burada keçiriləcəyi mənasına gəlir, bu da öz növbəsində Qarabağın bütün regionun mədəniyyət mərkəzinə çevrilməsinə və dünyaya bir daha "Qarabağ Azərbaycandır!" şüarını çatdırmağa imkan yaradacaq. Bunun üçün, ilk növbədə, müharibə zamanı erməni vandalizmi nəticəsində zərər dəymiş abidələr tezliklə öz tarixi simasına qovuşmalı, poeziya günləri və "Xarı bülbül" festivalı bərpa olunmalı, işğaldan azad edilmiş torpaqlarda muğam mərkəzləri yaradılmalıdır. Bu cür tədbirlər Azərbaycanı Şuşanın timsalında bütün regionun mədəniyyət brendinə çevirməli və Azərbaycanın mədəniyyət siyasətinə öz töhfəsini verməlidir", - deyə Milli Məclisin deputatı vurğulayıb.

 





15.01.2021    çap et  çap et