525.Az

ICESCO heyəti İçərişəhəri və Xalça Muzeyini ziyarət edib


 

ICESCO heyəti İçərişəhəri və Xalça Muzeyini ziyarət edib <b style="color:red"></b>

Ölkəmizdə səfərdə olan İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İCESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malikin başçılıq etdiyi nümayəndə heyəti yanvarın 13-də Azərbaycan Milli Xalça Muzeyi ilə tanış olub.

Qonaqlara xalqımızın qədim xalçaçılıq sənəti, onun tarixi, adət-ənənəsi haqqında məlumat verilib. Bildirilib ki, Azərbaycan xalçaçılıq sənətinin əsas bədii istiqamətlərini əks etdirən muzeyin kolleksiyası nadir gözəlliyin, istifadə olunan materialların, toxuma texnikasının, xalçalara məxsus zərif və dərin bədii xüsusiyyətlərin harmoniyasını nümayiş etdirir.

Diqqətə çatdırılıb ki, "qızıl fondu"nu xovlu xalçalar təşkil edən Milli Xalça Muzeyinin kolleksiyasında xovsuz xalçaların da nadir nümunələri saxlanılır. Burada Azərbaycanın 7 əsas xalçaçılıq məktəbinin - Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz məktəblərinin xalça nümunələri təqdim olunur. Xalçalar xalqın həyat və məişətini əks etdirən, insan, heyvan, quş, bitki ornamentləri ilə zəngin olan sənət əsərləridir.

Qeyd olunub ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük zəhməti sayəsində milli xalçaçılıq sənəti 2010-cu il noyabrın 16-da UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

Salim bin Məhəmməd əl-Malikin başçılıq etdiyi nümayəndə heyəti İçərişəhərlə tanış olub. Heyət üzvlərinə UNESCO-nun Dünya Mədəni İrsi Siyahısına daxil edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan abadlaşdırma və bərpa işləri barədə məlumat verilib. Qeyd edilib ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi-memarlıq abidələri var və bunlar dövlət tərəfindən qorunur.

Orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Şirvanşahlar saray kompleksi ilə başlanan tanışlıq zamanı nümayəndə heyətinin üzvlərinə məlumat verilib ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. Abidə Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür. Kompleks bu günədək öz tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır.

Sonra qonaqlar 1895-ci ildə inşa olunan yerli əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Bəylər məscidi ilə tanış olublar. Bildirilib ki, bu sənət incisi Bakının məşhur bəylərinin sifarişi ilə tikildiyi üçün bu adı qazanıb. İçərişəhər ərazisində tikilən sonuncu məscid zalın böyüklüyü və tikinti quruluşuna görə digər dini abidələrdən fərqlənir. Məscidin inşasında Avropa, Şərq, eləcə də yerli memarlığın konstruktiv prinsipləri birləşdirilmişdir.

Gəzinti zamanı qonaqlar Bakı Xan Sarayı Kompleksinin ərazisində salınmış və yeni istifadəyə verilmiş parkda olublar. 2016-cı ildə Qoşa Qala qapıları yaxınlığında aparılan arxeoloji qazıntılar zamanı aşkar edilən XVII əsrə aid Yeraltı hamama baxıblar. Həmçinin, İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi ilə tanış olublar.

İCESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.

Azərbaycan paytaxtının qədim guşəsi ilə tanışlıqdan xatirə olaraq qonağa hədiyyə təqdim edilib.

 





15.01.2021    çap et  çap et