525.Az

Şahmat - böyük siyasətçilərin sevimli oyunu


 

Şahmat - <b style="color:red">böyük siyasətçilərin sevimli oyunu</b>

Şahmatın insanlıq üçün ən dəyərli töhfəsi onun idarəçiliyi (təhlil, hesablama, proqnoz, uzaqgörənlik, qərar vermə, səbr və s.) öyrətməsidir. Həqiqətən də şahmatda idarə etmək üçün hər şey vardır.

Bu baxımdan sasani hökmdarı II Xosrovun aşağıdakı sözləri böyük əhəmiyyətə malikdir: "Bir hökmdar şahmatı anlamırsa, bir krallığı necə idarə edə bilər?" Təsadüfi deyil ki, şahmat haqqında yazılmış ən qədim kitablardan biri müəllifi Şəmsəddin Məhəmməd ibn Mahmud Amuli olan "Nefais-əl Fünun Fi Arayis əl-uyun"da şahmatın tərifi belə verilmişdir: "Şahmat oyunların şahı, şahların oyunudur".

Tarixin məşhur diplomatlarından N.Makiavelli, Rişelye, Taleyran; dünya fatehlərindən Makedoniyalı İsgəndər, Əmir Teymur; dövlət xadimlərindən Harun Ər-Rəşid, Şah İsmayıl Xətai, Yavuz Sultan Səlim, Napoleon Bonapart, Mahatma Qandi, Mustafa Kamal Atatürk, İsmət İnönü, Vladimir Lenin, Adolf Hitler, Con Simon, Fidel Kastro, ABŞ prezidentlərindən Corc Vaşinqton, Abraham Linkoln, Barak Obama və başqaları sevə-sevə şahmat oynamışlar.

Prussiya kralı Böyük Fridrix şahmata dərin məhəbbət bəsləmiş, o, hətta filosof Volterlə məktubla şahmat oynamışdı.

Tarixdən məlumdur ki, Rusiya imperatriçası Böyük Yekaterina da şahmata həvəs göstərib.

Şəmsəddin Məhəmməd ibn Mahmud Amulinin adıçəkilən kitabında beşinci və ən məşhur Abbasi xəlifəsi Harun Ər-Rəşidin şahmat oynamasına dair maraqlı bir hekayədən bəhs edilib: "Məşhur Abbasi xəlifəsi Harun ər-Rəşid arvadı Zübeydə ilə iddialı şahmat matçları edərmiş. Oyunun şərti belə olurdu: məğlub olan qələbə qazananın hər istədiyini edəcək! Bir dəfə oyunu qazanan xəlifə arvadından lüt soyunub rəqqasələrlə oynamasını istəyir. Zübeydə sözündə dursa da, bu hərəkətinə görə xəlifəyə çox əsəbiləşir. Günlərin bir günü Zü-beydə oyunu qazandıqda ərindən saray mətbəxindəki çox çirkin Meracil adlı cariyə ilə bir gecə keçirməsini istəyir. Harun bunu etməməsi üçün arvadına çox yalvarıb yaxarsa da, Zübeydə istədiyindən imtina etmir.

Bu hadisənin üstündən xeyli vaxt keçir. Harun Ər-Rəşid ölür və yerinə vəliəhd oğlu Məhəmməd Əl-Əmin keçərək xəlifə olur. Lakin Harunun çirkin cariyədən olan Əl-Məmun adlı övladı ögey qardaşına qarşı baş qaldırıb qiyam edərək onu və anası Zübeydəni məğlub edir, iqtidarı ələ keçirir.

Bu hadisədən sonra Zübeydə ona belə deyir: "Atandan bir oyun qazandım. Nəticədə nüfuzumu itirdim. Sən şahmatın məhsulusan. Şahmatı sev və ona xidmət et!"

Bundan başqa, tarixi mənbələrə keçmiş digər maraqlı məlumatlardan biri Harun Ər-Rəşidin Fransa kralı Karlameynə şahmat dəsti hədiyyə etməsi faktıdır.

Tarixdə başqa maraqlı hadisə Osmanlı padşahı Yavuz Sultan Səlimin Səfəvi dövlətinin ilk banisi Şah İsmayıl Xətai ilə şahmat oynaması olub.

Türk professoru İsmayıl Hikmət "Tarixi-gülşəni-Maarif" və "Trabzon tarixi" adlı mənbələrə əsaslanaraq göstərir ki, Şah İsmayıl ilə Sultan Səlim arasında hələ uşaq vaxtlarında qızğın şahmat yarışları keçirilərmiş. Müəllif bu barədə maraqlı bir əhvalat barədə də məlumat verir. Belə ki, sonralar Osmanlı sultanı olmuş Səlim Trabzon valisi vəzifəsində işləyən zaman bir dəfə Təbrizə gəlir, Şah İsmayılın şahmata böyük maraq göstərməsini bilib onu oyuna dəvət edir. Şah İsmayıl bu təklifi qəbul edir və çox keçmədən şahmat taxtası gətirilir. Oyun başlanır və Şah İsmayıl bir neçə fənd işlədərək qalib gəlir. Digər bir oyunda isə Səlim Şah İsmayılı mat edir və ucadan qışqırır: "Şah mat oldu!" Bu sözü eşidən kimi Şah İsmayıl Sultan Səlimə deyir: "Heç şah da mat olarmı?" Hamı Şah İsmayılın bu hərəkətinə təəccüb edir və bu məsələnin sətiraltı mahiyyətini anlaya bilmir. Halbuki o, "şah mat oldu" ifadəsinin hərfi olaraq "şah öldü" mənasını verməsindən istifadə edib anlatmağa çalışır ki, şah ölmür, o, yalnız ümidsiz vəziyyətə salına bilər, yolları bağlanar. Oyunda şah öldürülmür və heç vaxt digər daşlar kimi vurulub şahmat taxtasından kənara qoyulmur.

Əmir Teymur bu misilsiz oyuna o qədər bağlı olmuş və rəğbət göstərmişdi ki, özünün "Teymur şahmatı"  olaraq tarixə keçmiş yeni şahmat oyununu icad etmişdi.

10x11 ölçülü, daha çox xanaya və fərqli fiqurlara malik olan bu oyun bu gün də sevilərək oynanılmaqdadır.

Napoleon isə şahmatı o qədər çox sevmişdi ki, ölərkən ürəyinin çıxarılıb bir şahmat qutusunun içərisinə yerləşdirilməsini vəsiyyət etmişdi.

Tarixdəki digər maraqlı fakt: 1816-cı ildə Napoleon Müqəddəs Yelena adasında ömürlük sürgündə olarkən ən yaxın dostlarının birindən fil sümüyü və nefridən düzəldimiş şahmat hədiyyəsi alır. Ölənədək öz-özünə həmin şahmatla oynayan Napoleonun vəfatından sonra həmin şahmat böyük məbləğlərlə dəfələrlə satılmışdır. Sonralar sözügedən şahmatın sonuncu sahibi fiqurlardan birinin alt tərəfini buraraq açmağın mümkün olduğunu təsadüfən aşkar etmişdi. Məlum olmuşdu ki, fiqurun içində adadan qaçmağın son dərəcə dəqiq planı gizlədilibmiş. Lakin Napoleon sağlığında bunu heç vaxt bilməmişdi.

Leninə gəlincə, Sibirdə sürgündə olarkən evindən şahmat göndərilməsini xahiş etməsi, 1922-1923-cü illərdə Moskva şahmat cəmiyyətinin sədri seçilməsi onun şahmata necə ürəkdən bağlı olmasını göstərir. Deyilənə görə, hətta Lenin yazışma yolu ilə şahmat oynamağa o qədər çox sevmişdir ki, o, tez-tez yuxusunda sayıqlayaraq yazışma yolu ilə şahmat oynayarmış.

Nə qədər qəribə görünsə də, digər bir maraqlı iddiaya görə, 1909-cu ildə Hitlerlə Lenin üz-üzə şahmat oynamışdır. Belə ki, həmin tarixdə Vyanada siyasi müzakirələrin aparıldığı tanınmış bir yəhudi ailəsinin evində Hitlerin rəsm müəllimi Emma Lovenstramm tərəfindən çəkilməsi iddia edilən şəkildə onlar şahmat oynayarkən təsvir edilir. İddia edilir ki, həmin illərdə Hitler Vyanada rəssamlıq etmiş, Lenin isə 1905-ci il inqilabının yatırılmasından sonra sürgündə olmuşdur. 1909-cu ildə Hitler 20, Lenin isə 39 yaşında idi. Lakin bir sıra mütəxəssisin fikrincə, bu rəsm fantaziya məhsulu olmaqdan başqa bir şey deyil. Onlara görə, Lenin həmin dövrdə Fransada olmuşdur və həmin illərdə onun Vyanada olmasını təsdiq edən heç bir sübut yoxdur.

Beləliklə, yuxarıda deyilənlərdən o nəticəyə gələ bilərik ki, şahmat oyunu tarix boyu bir sıra görkəmli dövlət xadimlərinin sevimli oyunu olub.

Yunis XƏLİLOV
Naxçıvan Dövlət Universitetinin Hüquq fənləri kafedrasının müəllimi

 





15.01.2021    çap et  çap et