525.Az

Tanıyaq və tanıdaq: Məsum Cabbarpur


 

Tanıyaq və tanıdaq: <b style="color:red">Məsum Cabbarpur </b>

Əziz oxucular, "525-ci qəzet"də "Günümüzün Güney Azərbaycan ədəbiyyatı - Poeziya" adlı guşə açılıb.
 
Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələmədən onların ana dilində fərqli janr və üslublarda qələmə aldığı şeir və poemalara, yaxud da həmin əsərlərdən müəyyən hissələrə yer verəcəyik.

Bu əsərlər günümüzün Güney ədəbiyyatında baş verən yeniliklərin, ədəbi prosesin incəliklərini bir az da yaxından izləmək, həyata, insanlığa, yazarların ictimai-siyasi və milli məsələlərə baxışlarını öyrənmək baxımından diqqətəlayiqdir... 

Türkiyənin ünlü filosof-yazarı Cəmil Meriç "Qərb kültürün vətənidir, Şərq irfanın. Nə Qərbi tanıyırıq, nə Şərqi, ən az tanıdığımız isə özümüz..." deyirdi.

Güney Azərbaycanda son çağın dinamik inkişaf edən ədəbiyyata, özəlliklə poeziyaya nəzər saldıqda burada yaşayan xalqın özünəməxsus kültürü, ədəbiyyatı, kitab mədəniyyəti, sözyaratma qüdrətinin nə qədər yüksək olduğu yansıyır.

Möhtəşəm mədəniyyət yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən şairləri olan xalq isə dünya tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır...

Beləliklə, özümüzü, Güneyimizi daha yaxından tanımaq, həm də daha çox sevmək üçün, dəyərli yazarların yaratdıqları bənzərsiz poetik dünyanın qapıları üzünüzə açılır, əziz oxucular!



Esmira FUAD
Filologiya elmləri doktoru

Məsum CABBARPUR

"1983-cü ildə yazın ilk günü Təbrizdə dünyaya göz açdım. Akademik təhsilatım riyaziyyat üzrə yüksək lisans olmağına baxmayaraq, çox zaman öncədən ədəbiyyat və fəlsəfə ilə maraqlanmışam.

Bildiyiniz kimi, biz - Güney Azərbaycan türkləri İranda böyük çoxunluq yiyələndiyimiz halda, təəssüf, ana dilimizdə akademik təhsil almaqdan məhrumuq və hər kəs, nə bacarırsa, sonralar öz əməyi və çabası ilə əldə etmişdir! Bu fakta baxaraq mənim ilk yazdıqlarım fars dilində və sonucda çap etdirdiyim kitab farsca olmuşdur.

Ancaq Moləvi demişkən, sonunda mən də öz əslimə qayıtdım və ana dilimdə yazib-yaratmağa başladım, bunun üçün də fəxr edirəm.

Yazdığım şeir və yazıları "Məsum" təxəllüsü ilə imzalamışam. Yazın ilk günündə anadan olduğuma baxmayaraq, yaz, heç məni sevməmişdir, mən də onu.

Həyatım başabaş kədərlə dolu olub və onun əksini bütün yaradıcılığımda görə bilərsiniz. Yazın nəğməli quşları heç zaman mənim həyatımda oxumayıb və güllərinin ətri yaşamıma səpilməmişdir. Əksinə, mən həmişə qışı sevmişəm!

Hal-hazırda bir çox yazdığım əsər çap olmaq icazəsini gözləyir, ancaq İranda emal olunan təzyiqlərə görə sonucu çox da bəlli deyildir..."


Şeytandan daha trajedi bir qız,
Qovulur iç-içə duyğulardan!
Tanrını necə bağışlayım?
Dün bir qız tanıyırdım
Sarı telli, ala gözlü,
Qızıl gülüşlü, çaşqın
Qolçaqlar arasında.
Gözləri Tanrını andıran sevgilim
Sonu bitməz əzabı mənə yaşadır
Tanrı heybətində olan
Sevgilidən yetişən
işkəncədir hə
r nə var.
Tanrının əlləri də qan qoxuyurdu
O gün. Usluluğun
paslanmış barmaqları ardında -
Gözlərinin çuxuruna tutsağam,
Vücudunun içərisində
suçlara boğulacağam...
Tanrını necə bağışlayım?!
Bu gün o qızcığazı tanıyıram,
Qara saçlı, qara gözlü,
Acı gülüşlü, çaşqın sözlər arasında.
Bu gün,
keşkə təkcə şeirlə oynamaq yerinə
Qolçağım olaydın!
Mən, səkkiz yaşlı
bir dovşanqulaq qara saçlı qız
Bəlkə bir uşaq kimi sənə yalvarıb
Süfrə kənarında, yuxu zamanında -
Bir saatlıq mənim olaydın.
O zaman
Elə həmən
dontay nağılların eniş-yoxuşunda
Əl-üzünü yuyub
sənin üçün ulduz rolunu oynayardım
Sevilər, oyun götürməz!
Yalnız masmavı göyüm ol mənim!
Yalnız
Səni sevmək yarğısı ilə korlandım
Dərin yaralar sarıb sinəmi.
Saqın, o bir gündən danışma,
Qulaqlarım qorxunc sözlərə qapalı,
Bilirsizli şeirlər möcüzəsinə belə!
İnanırmısan?
Bütün sözlərin mənə
seks dadını yaşadır
Bir erotik durum,
Gəlsənə, şəhvətsiz nəfəsim kəsiləcək
Gecənin ən mif sevişməsilə...

Acı çəkirəm,
Gecənin bağrında erkən bir doğum,
Qısır qalmış röyalar doğulur.
Əllərin özgə...
Başqa bir cüt əl istəyirəm
Daha gözlərimi arxadan bağlayıb
Sevgi sancmaya beynimə.
Bir cüt əl qırtlağımla savaşa girsin
Qan ağlamaq yox,
Habelə qan tökmək də...
Buralarda bir qadın
Qadınlığını doğub
diri-diri gömmək istəyir.
Bir gün inləmə səsləri
səpələndi köksümdən,
Bakirəlik hövüşnəsi
qurqu qamçısı ilə
Cırmaqlandı fantaziyalı bir pərdə.
Bu dəfə
qadınlığımdan dışarı bir gəbəlik
Köpək tikələrini
Qan qusuram!
Gerçəkləri danan millət
son qullanma tariximi
Ayaqlar altında əzərək yayınlayırlar!

Gecənin qaranlığında
Şeytandan daha trajedi
bir qız qovulur
İç-içə duyğulardan!
Qaçıram çürük inanclardan,
üstsüz proseslərdən
Bu axşam çılpaqcasına,
Dərincəsinə gömülmüş
düşüncələrimin gərdəyinə.
Gedirəm,
Daşlanmış yazılarım
özgürlük marşı oxuyur
Qafam başqa yazıların
köksündə yatmayacaq,
Şeirlərimdə cızılan
Qarğalar, kəpənəklər,
Dəndiliyonlar daha uçublar
Məni də heç aramaq gərəkmir...
Uçuram ölkəmizdən!
Çalxantılı günlərimi uduram
Bir neçə yatışdırıcı
Boğazımdakı qəhərləri ovudur.
Keşkə,
Bilsəydim
röyalarımın yenidən yayınlamalarını
Və... Mən...
Səkkiz yaşlı
bir dovşanqulaq qara saçlı qız...

***

Otağın düşüncəsi
Kim əsdi?!
Bir otağın düşüncəsi...
Kim əsdiyini, kimsə anlamadı
Divarlar sərilmiş xalçanın
saralmış gülləri.
Bu günlər divarlar yalnızlıq doğur,
Sevişmə hissi yaşamayan
dəli baxışlarımda
Bic yalnızlıq!
Nədənsə anlamadı kimsə,
Nə vaxtsa
təcavüz etdilər boş oyaqlar
Yuxularıma.
İndisə mən,
bir də monopozu yaşayan
Ürək sevgi nədir anlamır
Daha romantik röyalar
Beynini boylu buraxmır.
Mən,
Evim yakamozlanır bir göl,
Bir də ki bir erkək...
Ürəyim istəyir yox olam,
Damcı-damcı dağılam öz içimə...
Mənə nə şeir,
Nə də öykü olan bir kişi gərək deyil.
Bir kişi istəyirəm
Nə şeir olsun,
Nə də ki öykü,
Sadəcə yavan bir kişi...

***

Biz sevgi cütlüklərinin son nəsliyik,
Doğmağa məhkumsa da ürəyim
Sevgi qaynayır, coşur dəhlizlərindən
Gahdan hürkür polis batumundan
Diksinir flaşer çıraqlarından.
Gömülmüş körpələrin
Qulaqları kirlənməyəcək
yalancı sevgi öykülərinə,
Biz sevgi cütlüklərinin son nəsliyik!
Bir gün gələr öykülərimiz əbədi olar
Artıq düşünməkdən qorxuram
Sanıram biriləri düşlərimi güdür...
Necə unuda bilərəm səni,
Ətirin pillə yolunu sarmışkən,
Dodaqlarımın qızlığını
götürdüyün zaman
Bir körpə şəkilləndi məndə
Məhkəməni qur!
İnsan haqları mənim evimdə gömülü,
Qolayca,
Gecənin ən qalabalıq səssizliyində
Gəl qadınsı yuxularıma!

Qanmaz oyuncaqlar

Beynimdəki sözləri
nə oxul dili qanır,
Nə qanmaz oyuncaqlar!
Boranlı aysız gecə idi
Gün günü dindirirdi!
Qara saçlar
qaranlığa qarışıb dalğalanırdı
Göy məscidindən
- Aba! Aba - səslənirdi...
Dili qıvrılırdı
bir acınacaqlı kinayə ilə deyilən
muştuluğa
Haray! Təbriz yanırdı
Əsid səpilirdi ürəyinə
Yazıq bu qoca Təbrizim
Hələ iməkləmədən can verirdi.

Qızarmış zəncir
Əllərimin içində
qırmızı çiçəklər əkirdi.
Gözlərimi açıram
Oxul çantamın
qıyqac dodaqları acı gülümsəyir,
Şillə vurur yabancı əllər
Gecə-gündüz mənə,
Mənim içimə kök salır,
Nə də böyüdükcə çirkinləşir.
İllər sonra daha
"Aba" səslənmirdi dar küçələrdə
"Madər" sözcüyü bitir beynimdən...
"Aba" içimdəki Təbrizin
buruq-buruq küçələrindən
burulub gedir
"Madər! Madər! Madər!"
ucalır boğazımdan.
Çıxır ağzımdan, bilmədən,
Dovşanqulaq saçlı qızları
Təbriz qaldırımlarından atın!..
Dovşanlar anaları çox sevirlər
Bacarırlar anaları
içlərində böyütsünlər...

***

İki sevgili göz-gözə gəlir
gülümsəyir Türk qızının
incə dodaqları
Bir dəliqanlı erkək sarılır...
Ufff! Sevişirsənsə, türkcə seviş,
Boynunda inci bağına
türkcəsinə sarıl!
Dağıt bir ovuc inci olan
boyunbağını...
"Səni sevirəm!" bir bitik sözdü,
Paslanmış dilini qızıl suyuna ver...
Sevişirsənsə, türkcə seviş
Bir yataq inci...
Balıqların pay verdiyi incilər şəhəri
Qanımı tökdüyün an məni at Xəzərə!
Qoy balıqlar sevişməyi öyrənsinlər,
Qanıma boyansınlar
azad, qırmızı balıqlar
Birisi məni özümə tanıtdırsın!
Mən kiməm?!
"Aba" dediyim sözcüklər
Təbrizin hansı xarabalığında gizlənib?
Nə olar, məni özümə qaytarın!..
Nə olar,
o "Aba" səslədiyim Abanı Təbrizin
Dolanbadolan küçələrinə qaytarın.
Nə olar, qaytarın mənə
Yenə də qızıl bayraq balıqlar
Ürəyimdən dənizə dalğalansın,
Nə olar...

***

Sən o yana,
Dolu vurur ürəyimi
Baxsana, yarımçıq bir qadınam
Bu ortamda...
Gəl, arxanı dönmə
Modern sevgililəri burax
işıqlı vitrinlərə!
Baxsana,
sözlərimdən modernitə utanır...
Gəl, bu gecə
ürəyini mənə ismarla
Bütövlüklə!

 





15.01.2021    çap et  çap et