525.Az

"Cəbhəyə jurnalist kimi yox, Vətənə borcu olan vətəndaş kimi getmişdim"


 

BƏXTİYAR MƏCİDLİ: "DÖYÜŞ YOLDAŞLARI ARASINDA OLAN MÜNASİBƏT BÜTÜN DOSTLUQLARDAN ÜSTÜNDÜR"

"Cəbhəyə jurnalist kimi yox, Vətənə borcu olan vətəndaş kimi getmişdim"<b style="color:red"></b>

İkinci Qarabağ savaşı Azərbaycan xalqının milli özünüdərk prosesini sürətləndirməklə yanaşı, sanki millətin irsən sahib olduğu dəyərləri yenidən özünə qaytardı, milli ruhu yüksəltdi.

Tutduğu mövqedən asılı olmayaraq hər bir vicdanlı, vətənpərvər azərbaycanlı ölümün gözünə dik baxmağa razı idi, təki Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun. Belə qəhrəmanlardan biri də jurnalist Bəxtiyar Məcidlidir.

Məcidli Bəxtiyar İftixar oğlu 1993-cü il, fevral ayının 25-də Bakı şəhərində anadan olub. 1999-2010-cu illərdə orta təhsil alan Bəxtiyar məktəbi bitirdiyi il Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub. 2014-cü ildə ali təhsili başa vuraraq hərbi xidmətə yollanıb. 2015-ci ildə Naxçıvan ərazisində, ön cəbhədə hərbi xidmətini layiqincə başa vuraraq geri dönüb. 2012-ci ildən bu günə qədər "Azad Azərbaycan" televiziya kanalında fəaliyyət göstərir. 

***

- Bəxtiyar, bildiyimiz kimi, İkinci Qarabağ savaşında döyüşən jurnalistlərin sırasında sən də var idin. Necə oldu ki, döyüşlərə qoşuldun?

- Hərbi komissarlıqdan mənə zəng gəldi, hərbi biletimi götürüb komissarlığa yollandım. Sentyabrın 29-u bizi Mingəçevirə göndərdilər. Mingəçevirdə, təxminən, 6 gün təlim keçdikdən sonra Füzuliyə yollandıq. Füzuliyə gedəndən sonra 20 gün orada qaldıq, bir çox kəndlərdə olduq. Həmin ərazilərdə başımıza çox hadisələr gəldi, dəfələrlə ölümlə üz-üzə gəldik. Şükür Allaha ki, müharibəni qələbə ilə başa vurub evə geri dönə bildik. Amma Füzulidə vəziyyət çox gərgin idi. Ən qızğın döyüşlər orada gedirdi. Füzulidən sonra Qubadlıya, iki gün orada qaldıqdan sonra Cəbrayıla yollandıq. On günə yaxın Cəbrayılda xidmət etdikdən sonra Xudafərin körpüsü istiqamətində Zəngilana getdik. İki ay Zəngilanda xidmət etdik. Zəngilanın Sobu kəndi düşmənlə sərhəd idi. Biz həmin ərazidə məskunlaşmışdıq.

- Döyüşdən bu günə qədər acılı-şirinli neçə-neçə xatirə sənə yoldaşlıq edir. Döyüş xatirələrin bizim üçün maraqlıdır...

- Çox şükür ki, acı xatirələrim az oldu. Çünki döyüş yoldaşlarımdan, demək olar ki, heç kim şəhid olmadı. Şirin xatirələrimiz çoxdur. Döyüş yoldaşlarımdan ötrü çox darıxıram. Onların bəziləri hələ təxris olmayıb, amma tez-tez onlarla əlaqə saxlamağa çalışıram. Müharibədə insan "hər an ölə bilərəm" fikri ilə yaşayır. Səfərbərlik xidmətindən çağırılan gündən qəbul etmişdik ki, biz ölə bilərik, biz ölümə gedirik. Bu, hansısa bir təlim deyil, adi hərbi xidmət deyil, bu, bir döyüşdür, biz birbaşa müharibəyə gedirik. Ölüm hər an qapımızı döyə bilərdi. Buna görə də hər an ehtiyatlı olmalı idik. Əsgər döyüş meydanında bacardığı qədər özünü qorumalıdır. Ona görə qorumalıdır ki, düşmənə müqavimət göstərə bilsin. İşğaldan azad olunmuş ərazilərə gedəndə orada ermənilərin məskunlaşdığı kəndlərin vəziyyətinin şahidi olurduq. Həmin ərazilərdə daş üstə daş qalmamışdı. Evlərin hamısı uçuq-sökük, dağılmış vəziyyətdə idi. Bunlar erməni barbarlığının əlamətləri idi. 1992-ci ildəki döyüşlərdən qalan evlər idi. Elə kəndlər var idi ki, ermənilər heç bir evi bərpa edib yaşamamışdı. Hamısı çox pis vəziyyətdə idi. Bu mənzərəyə baxdıqca, sözün əsl mənasında, ürəyimiz ağrıyırdı. Xudafərin körpüsünün yanından keçəndə də həmin hissləri keçirirdik. O cür tarixi olan qədim körpü, demək olar ki, yox vəziyyətində idi. İnsan bu cür vəhşiliyin qarşısında dözə bilmir. Orada məktəblərin, məscidlərin çox bərbad vəziyyətə salındığının şahidi olurduq.

- Jurnalist kimi operativliyin döyüş zamanı köməyinə çatdımı? Bu haqda memuar yazmağı düşünmüsənmi?

- Mən cəbhəyə jurnalist kimi yox, Vətənə borcu olan bir Azərbaycan vətəndaşı kimi getmişdim. Mən orada jurnalistika ilə məşğul olmaq fikrində deyildim. Sadəcə döyüşmək və torpaqlarımız geri alınmasında iştirak etmək fikrində idim. Mənim üçü orada jurnalistika baxımından görüləcək işlər önəmli deyildi. Vətənin bütövlüyü arzusunda idim və bu məqsədlə də döyüşlərdə iştirak elədim. Döyüşdə qələmi yerə qoyub silahı götürmüşdüm. Bəli, ola bilər ki, bundan sonra xatirələrimi yazım, videoreportajlar hazırlayım. Qismət olsa, bəlkə yenidən ora yollana, olduğum rayonlar haqqında geniş videoreportaj hazırlaya bilərəm. Sadəcə bunun üçün bir az vaxt lazımdır. Bu vaxt ərzində mən bəzi məsələləri araşdırıb insanlara daha dəqiq məlumat vermək istəyirəm.

- Arxa cəbhə müharibə zamanı əsgər üçün stimul ola bilirdimi? Ümumiyyətlə, arxa cəbhə döyüş zamanı hansı anlamı kəsb edir?

No description available.

- Arxa cəbhə əsgər üçün böyük bir stimul idi. Əgər arxa cəbhə olmasaydı, əsgər bunu hiss etməsəydi, inanın ki, əsgərin əhval-ruhiyyəsi çox aşağı olardı. Biz Mingəçevirdən Füzuliyə yollananda həmin ərazilərdə yaşayan insanlar yolboyu bizi müşayiət elədilər. Hansı rayonun ərazisindən keçirdiksə, yeddidən yetmiş yeddiyə hamı yola çıxıb əsgərləri salamlayırdı, əllərində bayraqlarla hərbi kolonun qarşısına qaçırdılar. Biz dayanan kimi əllərində meyvə, su, nə varsa - yemək-içmək gətirirdilər ki, yeyin, için. Bu dəstəyi görəndə həm insan qürur hissi keçirir, həm də bilirsən ki, sənin arxanda xalq dayanıb, sən bu xalq uğrunda, bu torpaq uğrunda döyüşə gedirsən.

- Deyirlər, döyüş yoldaşları arasında xüsusi bir isti qardaş münasibəti yaranır. Onlar şəhid olan zaman, yaralanan zaman hansı hissləri keçirirdin?

- Döyüş yoldaşları arasında olan münasibət, mən deyərdim ki, bütün dostluqlardan üstündür. Döyüş qırx dörd gün çəkdi, mənim ümumi xidmətim isə doxsan gün oldu. Bu doxsan gün ərzində tanıdığım dostları, bəlkə də, iyirmi beş il ərzində tanıya bilməzdim. O dostlarla çiyin-çiyinə vuruşmuşuq, bir yerdə ölümə getmişik, özümüzü bir-birimizin qabağına atmışıq ki, ona bir şey olmasın, olan mənə olsun, onun uşağı var, onun övladları yolunu gözləyir. O da həmçinin, yoldaşlarım subaydır, gəncdir deyib özünü qabağa atıb. Bu cür münasibətdə olan insanlar, inanın ki, dünyanın ən güclü və ən sadiq dostlarıdır. İnanın ki, onlardan birinin və yaxud da mən tanımadığım, ayrı bir yerdə xidmət eləyən əsgərin şəhid olması xəbəri gələndə biz tutulurduq, çox pis olurduq, özümüzü onun ailəsinin yerinə qoyurduq. Fikirləşirdik ki, sabah biz də şəhid ola bilərik, bizim ailəmiz, yolumuzu gözləyənlər gözü yaşlı qala bilər. Bu baxımdan həmin insana içimizdə məhəbbət yaranırdı. Yəni formada kimi görsək, qucaqlaşıb görüşürdük ki, sən də bizim kimi eyni məqsədlə gəlmisən. Biz orada hamımız eyni idik, bərabər idik və bir-birimizə qarşı olan o istiqanlılıq, mehribanlıq indi də davam edir. Yəqin ki, karantin bitdikdən sonra hamımız görüşüb dərdləşəcəyik.

- Zəfər xəbərini eşidəndə harada idin? Həmin an sənin üçün özündə nələri ehtiva edirdi?

- Biz zəfər xəbərini 9 noyabrda, axşam saat 11-də rabitə vasitəsi ilə öyrəndik, ayın 10-u, gecə saat 3-də isə cənab Prezident tərəfindən rəsmi olaraq elan edildi. Zəfər xəbərini eşidəndə, inanın ki, yerimizdə dayana bilmirdik. Bu xəbər bizim çoxdan gözlədiyimiz xəbər idi və əmin idik ki, biz bu xəbəri qısa müddətdə alacağıq. Çünki Şuşa azad olunandan sonra bilirdik ki, qarşı tərəfin ata biləcəyi bir addım qalmayıb, məcburdular ki, təslim olsunlar. Sevincimizdən göydə uçurduq, bütün əsgərlər bir-birini qucaqlayır, təbrik edirdi, hamı bayram abu-havasında idi. Orada gördüyümüz zabitlər, polkovniklər bizim hamımızı təbrik elədilər. Bu, orduda xidmət eləyən hər bir əsgərin qələbəsi idi. Bu xəbər otuz illik həsrətin sonu idi. Bu hissləri sözlə ifadə eləmək olmaz, gərək o anı yaşayasan. Siz əsgərlərin sevincini görsəydiz, bilərdiniz ki, cəbhədəki əsgərlər mülkidə sevinən insanlardan on qat artıq sevinirdi. Çünki bu qələbədə əsgərin özünün zəhməti var idi.

Nadir RZALI

 





15.01.2021    çap et  çap et