525.Az

Naxçıvan Bölməsində ötən ilin yekunları müzakirə edilib


 

Naxçıvan Bölməsində ötən ilin yekunları müzakirə edilib<b style="color:red"></b>

AMEA Naxçıvan Bölməsində 2020-ci il 30 dekabr tarixli Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyasının yekunları və qarşıda duran vəzifələrlə bağlı tədbir keçirilib.

525.az xəbər verir ki, bölmənin sədri, akademik İsmayıl Hacıyev tədbiri açaraq “AMEA Naxçıvan Bölməsinin 2020-ci ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda məruzə edib.

Alim ötən il ərzində bölmədə görülən işlər, əldə olunan nailiyyətlər haqqında məlumat verib. Ölkəmizin ən böyük uğurunun Qarabağın işğaldan azad edilməsi faktı olduğunu vurğulayan akademik bildirib ki, cari ildə bölmə əməkdaşları tərəfindən 8 mühüm elmi nəticə əldə olunmuş, 18 monoqrafiya, 19 kitab, 1 metodik vəsait, 462 elmi məqalə, 207 konfrans materialı, 12 tezis, ümumilikdə 719 elmi əsər nəşr olunmuşdur. Əsərlərdən 20-si Thomson Reuters indeksli olmaqla ümumilikdə 57 elmi məqalə yüksək impakt faktorlu jurnallarda işıq üzü görüb. Əsərlərə 522 istinad qeydə alınıb. Bölmədə iki seriya üzrə “Elmi əsərlər” və “Axtarışlar” jurnalının hər birinin 4 sayı nəşr olunub.

Pandemiya dövrü qaydalarına əməl olunmaqla bölmə əməkdaşları elmi tədqiqatlarını davam etdirmiş, müxtəlif jurnallarda məqalələr dərc etdirmiş, beynəlxalq və respublika səviyyəli konfranslarda çıxış etmiş, muxtar respublikanın ictimai həyatında fəal iştirak etmişlər. 2020-ci  ildə iki beynəlxalq səviyyəli qrant layihəsinin icrası uğurla davam etdirilmişdir.

Bölmədə fəaliyyət göstərən laboratoriyalar üçün bəzi avadanlıqlar alınaraq, komplektləşdirilmiş, bölmənin “Yaşıl aptek”inin əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Bölmənin həm elmi, həm də tətbiqyönümlü fəaliyyətindən bəhs edən akademik qeyd edib ki, son illər keyfiyyət göstəricilərində də müşahidə edilən artım elmə və elm adamlarına göstərilən qayğının nəticəsidir.



Məruzədə həmçinin kadr hazırlığı məsələsi də diqqətə çatdırılıb. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə birgə həyata keçirilən “Sabahın tədqiqatçıları” layihəsi də məhz gənc nəsildə elmə maraq yaratmaq, gələcəkdə elmi potensiallı insan kapitalının formalaşdırılmasında olduqca mühüm əhəmiyyətə malikdir. Alim həmçinin muxtar respublika məktəbliləri üçün keçilən interaktiv və nümunəvi dərslərin, tələbələr üçün təşkil edilən elmi praktik seminarların önəmini və ötən ildə bu sahədə əldə olunmuş uğurları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Naxçıvan Bölməsinin yaradılmasında əsas məqsəd Naxçıvanın tarixinin, ədəbi mühitinin, təbii ehtiyatlarının, bioresurlarının və elmin digər sahələrinin tədqiqinə xidmət etmək, Naxçıvanşünaslığın zənginləşdirilməsinə töhfə verməkdir”, - deyən İ.Hacıyev bildirib ki, bu missiya 2020-ci ildə uğurla davam etdirilmiş, cari ildə də ən yüksək səviyyədə davam etdirilməlidir.

Tədbirdə bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Fəxrəddin Səfərli, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev, Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Tofiq Əliyev çıxış edərək Qarabağ zəfərindən sonra Naxçıvanın “Şərqin qapısı” kimi öz missiyasını uğurla yerinə yetirəcəyinə əminliklərini ifadə ediblər. Qeyd olunub ki, bölmənin hər bir əməkdaşı muxtar respublikada aparılan genişmiqyaslı işlərdə fəal iştirak etməli və bu inkişafa layiqli töhfəsini verməlidir.

 





15.01.2021    çap et  çap et