525.Az

Görmədiyim şairin şeirlərində gördüklərim - Elxan Yurdoğlu yazır


 

VƏ YA BU DÜNYADAN BİR AĞRIDAĞ KEÇDİ...

Görmədiyim şairin şeirlərində gördüklərim - <b style="color:red">Elxan Yurdoğlu yazır</b>

Ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində nəşr olunan "Gənclik" jurnalını ədəbiyyatla, sözlə maraqlanan hər kəs, yəqin ki, yaxşı xatırlayır.

İlk dəfə Telman Ağrıdağ imzasını məhz həmin jurnalda, uşaq vaxtından şeir yazmağa başladığım dövrlərdə görmüşdüm. Şeir kitablarını oxuyar, həmçinin, atamın kitabxanasındakı "Azərbaycan", "Ulduz", "Gənclik" jurnallarının səhifələrini vərəqləyib şeirləri gözdən keçirərdim. Telman Ağrıdağ imzası da o dövrlərdən yadımda qalmışdı. Naxçıvanlı olub-olmadığını bilmirdim. Amma "Gənclik" jurnalının 1989-cu il sentyabr nömrəsinin arxa cildindəki "Naxçıvan" və "SOS" şeirləri onunla həmyerli olduğumuz düşüncəsi oyatmışdı.  Bu gün də "Naxçıvan" şeirini əzbər bilirəm:

Üç tərəfi dağlar - yağılar...
Bir tərəfdən bağlanmış
qardaş qapısı.
Oksigen balonları göndərin bizə!
Bir zamanlar bəy babalar,
Kişi babalar
Bu torpağı paz kimi
Soxublar düşmən köksünə.
İndi Araz adlı almazla kəsilmiş
Nizə ucudur bu yurd.
Bir zamanlar
Savaşda pələng babamın,
Barışda mələk babamın
Gözləri qorxudulmuş,
Dişləri sındırılmış
Canavar nəvələriyik biz.
Ələ öyrəşməyən yalquzaq kimi
Dörd dolanırıq
Naxçıvan adlı qəfəsdə.
Gözlərimiz yolda,
Qulaqlarımız səsdə.

Telman Ağrıdağın yaradıcılığını kompleks şəkildə gözdən keçirəndə görürsən ki, onun şeirlərinin əksəriyyəti elə bu cür yurd ağrısı, vətən dərdi ilə yoğrulmuş poetik nümunələrdən ibarətdir. Hər insanın xarakter cizgiləri onun simasında da öz əksini tapır. Ucaboy, qaraşın və gur saçlı Telman Ağrıdağın gözlərinin dərinliyindəki baxış belə vətənə sevdalanmış birinin sevgilisindən ayrılığından doğan kədər nəğməsi kimi oxunur.

Sağlığında heç bir kitabı nəşr olunmayan şairin ölümündən 15 il sonra - 2005-ci ildə "Bir gün məndən sonra..." adlı irihəcmli kitabı çıxıb. Həmin kitabda Telman Ağrıdağın şeirləri, "Füzuli haqqında düşüncələr" silsiləsi, qısa-qısa fikirləri, hekayə və miniatürləri ilə yanaşı, "Düyünlər" adlı 3 pərdəli pyesi cəmlənib. Şairin sadiq dostu, akademik İsa Həbibbəyli kitaba yazdığı "Poetik portret" adlı ön sözdə onu belə səciyyələndirir: "Naxçıvan şəhərinin Babək küçəsində tələbə yataqxanasında yaranan səmimi münasibətlərimiz onun şeir dolu ürəyini mənə açmasına səbəb oldu. İlk dəfə yataqxana dünyasında hansı şeirini oxuduğunu dəqiq xatırlamıram. Ancaq orası yadımdadır ki, onun öz "ifasında" eşitdiyim ilk şeir sərt notlar üzərində köklənmişdi, Telmanın xarakteri ilə həmahəng səslənirdi. Təhsil aldığı qrupda da tələbə yoldaşları arasında "Cahandar ağa" kimi tanınan Telman Qəhrəmanovun bizlərə oxuduğu şeirlərdə mərdlik, kişilik, bütövlük motivləri ön mövqedə idi. Telman Qəhrəmanov həyatda necə tanıyırdıqsa, şeirlərində də elə idi. Tam mənası ilə onun mənəvi aləmi, şəxsi keyfiyyətləri ilə ara-sıra eşitdiyimiz şeirləri arasında bərabərlik işarəsi qoymaq mümkün idi".

Nədənsə şairləri öz taleləri haqqında öncögörmələri həmişə məni heyrətləndirib. Telman Ağrıdağın kitabındakı ilk şeiri də beləcə heyrətimi artırır. Şeirin son misraları:

Hamı çaşıb qalacaq -
Doğmalar da, poçtalyon da.
Bilirəm, ömrüm haçansa qırılacaq
Tezmi, gecmi,
Ancaq vaxtsız...

Elə vaxtsız da qırıldı o ömür. Arxasınca isə yenə öz misraları danışdı:

Bayatı ulduzlar, nağıl ulduzlar,
Yolumu gözləyən bənövşə qızlar,
Əlvida...

Ana haqqında çoxlu şeirlər yazılıb. Cəfər Cabbarlı, Səməd Vurğun, Bəxtiyar Vahabzadə və bir çox söz adamları. Hərə öz təbincə, öz təbirincə Ana obrazını poetik dillə canlandırıb. Telman Ağrıdağın şeirlərindəki Ananın tam fərqli bir ifadəylə tərənnüm olunduğunu gördüm. Dilimdə əzbər oldu bu misralar:

Gözünlə torpaqdan odlar götürdün,
Mənim xatirimə, ana, ay ana!
Qara gün də gördün, ağ gün də gördün,
Sən candan keçdinsə, mən gəldim cana.

Məşum 20 Yanvar gününə yazılmış "Rekviyem" şeirinin bir bəndində həmin gün doğulan körpələrin ilkin laylasının Azadlıq olması da şair baxışıdır. Özü də sərrast baxışı:

Qarayev adına doğum evinin
Bütün divarları güllə yarası.
Həmin gün doğulan körpələrinin
Azadlıq olacaq ilkin laylası.



Bu kitabdakı şeirlərin hər birindən vətən aşiqi bir şairin ağrılarının inltisi duyulur. Bu ağrılar içində bir ümid də həmişə dipdiri qalıb. "Didərgin nəğmələri" başlığıyla verdiyi bayatıların birində heç birinci Qarabağ savaşını görməyə ömrü yetməyən Telman Ağrıdağ İkinci Qarabağ - Vətən müharibəsinin müjdəsini də hiss edirmiş:

Yurd mənim, binə mənim,
Gərməyə sinə mənim.
Bu torpaq mənimdirsə,
Olacaq yenə mənim.

Bəlkə də şairin demək istədiyi mətləblər başqadır. Amma son aylarda yaşadığımız qürur dolu sevinclərimizin fonunda bu bayatı necə də yerinə düşür. Mən isə bu bayatının ümid işığında tarixin bir çox qaranlıq tərəflərinin aydınlaşdığını görürəm. Hətta o işığın düşdüyü tərəflərdə sular üzərində bir dumanlı misra da oxuyuram Telman Ağrıdağın şeirləri arasından: "Şərəfimizə vurulmuş damğa - Araz!" Bütün bunlara rəğmən, şairin qəlbindəki Vətən görün necədir:

Yüz yerə, min yerə haçalansan da,
Sən mənim qəlbimdə bütövsən, Vətən!

"Bir gün məndən sonra" kitabında ən çox şeir həsr olunan mövzu Arazdır. Sözün düzü xalq bayatılarından və Məmməd Arazdan sonra bir şairdə bu qədər Arazı Telman Ağrıdağda gördüm. Bəlkə də təxəllüsünü "bir tərəfdən bağlanmış qardaş qapısı" dediyi Türkiyəyə boylananda gördüyü Ağrıdağdan götürən şairin içində elə həmin dağın kölgəsindən keçib gedən lal-dinməz Arazın harayı vulkan təpərindədir, zəlzələ gücündədir. "Araz", "Körpü", "Ram və Şam", "Ümid", "Dərd", "Araz göl", "Vətən", "Cənub küləyi", "Arzu", "Aradan bir çay keçir" və bu qəbildən olan neçə-neçə şeir məhz bu ruhda qələmə alınıb, bu həsrətlə dilə gəlib, bu eşqdən yaralıdır, bu ayrılqdan sızıldayır:

Səhər günəş bir çıxır,
Axşam günəş bir batır.
Körpə ağlasa kimsə
Bilməz hansı taydadır.
Gecə oddan, ocaqdan
Burdan ora nur düşür.
Ordan bura hay keçir,
Aradan bir çay keçir.

Telman Ağrıdağın şeirlərinin böyük bir qismi isə şairlərin taleyinən bəhs edir. Mikayıl Müşfiq, Hüseyn Cavid, Məmməd Araz, Puşkin, Lorka, Viktor Xora, ən çox isə Füzuli... "Füzuli haqqında düşüncələr" adlı essesində bugünün dünənə baxışı var, bugünün dünəndən öyrəndikləri var, bugünün dünənə səslənişi var, ən əsası isə bugünün şairinin dünənin şairinə etirafları var.

Kitabda "Fikrin etüdləri" bölməsində Telman Ağrıdağın şeirdən sıyrılıb kənara sıçrayan düşüncələri əksini tapıb. Maraqlı fikirlərin bir neçəsinin altını xətləmişəm: "Əgər sən istedadlısansa, nəyin olmasa da, düşmənlərin olacaq", "Rəsul Rzanın portretindən poeziya asılmışdı", "Dünyada tərifə olan maraq baxımından yazıçılarla yalnız qadınlar rəqabət apara bilər", "Xoşuma gəlməyən bir nəfər sevdiyim şairi təriflədi, o adam haqqında fikrim həlimləşdi", "Oğlum, əgər mən düşündüklərimi sən də düşünəcəksənsə, demək mən sonsuzam" və sair.

Kitabda yer alan ona yaxın qısa hekayə və "Düyünlər" adlı üçpərdəli pyes də öz mövzu dərinliyi və vermək istədiyi mesaj baxımından olduqca maraqlıdır. Sanki Telman Ağrıdağ 40 illik ömrünə demək istədiklərinin hamısını sığışdırmağa, sıxışdırmağa çalışıb. Daha doğrusu, tələsib. Görünür, ilk şeirində dediyi "ömrüm haçansa vaxtsız qırılacaq" gerçəyini duyduğu üçün bu qədər tələsirmiş.

Beş günlük qış tətilində Telman Ağrıdağın "Bir gün məndən sonra" kitabını təzədən oxudum. Yenidən onunla söhbət etdim. Təəssüf dolu hisslər yaşadım. Niyə biz sözümüzü və sözümüzü yaşadan özümüzü unuduruq? Niyə "Məmməd Araz olmasaydı, mən də babat şair olardım" deyən belə bir şairi oxumuruq, oxumaq qalsın bir tərəfə, tanımırıq? "Bir gün məndən sonra" nə qədər məna daşıyırmış, ilahi! Bəlkə də "bir gün məndən sonra məni oxuyacaqlar, haqqımda biri üç-beş cümlə yazacaq" ümidiymiş!

Bu təəssürat altında düşünürəm: nə qədər ki, sağam və əlimdə qələm var, bir misrasında belə poeziya olan söz adamlarından yazmağa davam edəcəyəm. Bir misralıq poeziyanın xətrinə... Onsuz da hamımız bir misramız yaşasın ümidiylə yazmırıqmı?!

Yazımı bitirmiş, nöqtəsini qoymuşdum, dərin bir nəfəs alıb kitabda yer alan şəkillərə baxırdım. 40 yaşlı şairin şəkillərinə 40 yaşlı şair kimi. 40 yaşımda 40 yaşlı şairin şeirlərinə sual verdim: Yaşadacaqsınızmı Telman Ağrıdağı? Şeirlərin yerinə şairin özü pıçıldadı küçə işıqlarının işıqlandırdığı qərib bir gecənin qarlı gözlərindən asılan qırx illik yol yorğunluğu ilə:

Və təkcə ildırımların işıqlandırdığı
Qərib bir gecənin,
Yağışlı gözlərindən asılmışdı
Qırx illik ömrüm...
 
Naxçıvan, 5-7 yanvar 2021

 





15.01.2021    çap et  çap et