525.Az

Prezidentin mediada islahatlarla bağlı fərmanı kifayət qədər əhatəlidir


 

Prezidentin mediada islahatlarla bağlı fərmanı kifayət qədər əhatəlidir<b style="color:red"></b>

Sosial şəbəkədə yazılanlar

Asif Nərimanlı, jurnalist:

- Prezident İlham Əliyev Moskva bəyanatına hansı dəyişikliyi edib?

- Ortaq bəyanat 5 maddədən ibarət olub;

- Maddələrdən biri hərbi əsirlər və itkin düşmüş şəxslərə aid idi;

- İlham Əliyev görüş zamanı mətni dəyişdirib və həmin maddəni çıxarıb;

Bunu "Hraparak" qəzeti diplomatik mənbələrə istinadən yazır.

Rəsmi Bakı müharibənin başa çatmasından (10 noyabr) sonra Qarabağda əsir götürülən silahlı hərbçiləri əsir saymır və onlar Azərbaycan qanunvericliyi ilə məsuliyyətə cəlb olunacaqlar. Bu, erməni silahlıların hələ də qaldığı ərazilərin də Azərbaycan qanunvericliyi ilə idarə olunması məsələsində Bakının prinsipial mövqeyidir.

Natiq Məmmədli, jurnalist:

- İslahat dalğası axır ki, bizim tərəflərə də çatdı. Çoxdan gözləyirdik.

Prezident ölkə mediasında islahatların dərinləşdirilməsi haqqında fərman verib. KİVDF-nin yerində Medianın İnkişafı Agentliyi yaradılıb.

Həm fərman, həm də agentliyin nizamnaməsi kifayət qədər əhatəlidir. Medianın elə bir sahəsi yoxdur ki, diqqətdən kənarda qalsın. Media əhatəli sahədir və bu istiqamətdə islahatların da geniş spektri əhatə etməsi təbiidir.

O məsələnin başqa tərəfidir buraxdığı qəzet yaman gündədir, amma baş redaktoru "informasiyalı cəmiyyət" haqqında nağıllar danışır. O ayrı söhbətdir ki, əslində, özü islahatın predmeti olan adamlar indi tövsiyə verirlər. Bir başqası da tərəzini hardan tapıb bilmirəm, kimsə ağzını açan kimi başlayır ölçməyə "sənin bunu deməyə haqqın çatır, ya yox".

Yoldaşlar, gəlin bilirsiniz neyləyək? "Mız" qoymayaq! Təkəbbürümüzü keçmiş zamanda saxlayaq. Axı biz bir-birimizi yaxşı tanıyırıq. Palan içi tökməkdənsə, gələcəyə baxmaq yaxşı olmazmı?

Ortada media islahatları paketi var. Bu sənədlərin hazırlanması üçün ciddi əmək sərf olunduğu ortadadır. Çalışmalıyıq ki, milli mətbuatın yeni şəkillənməsində düz sözün, plüralizmin və ədalətin çəkisi daha ağır olsun. Jurnalist əməyinin qədir-qiyməti bilinsin. Paqonu yolunmuş "media kapitanları" yox, media fəhlələri dəyər qazansın.

Aqşin Kərimov, jurnalist:

- Hərbi forma təmizliyi sevir, üst-baş təmiz olanda forma yaraşır. Xüsusi təyinatlıların formasını isə düşünürəm ki, ancaq o qoşun növündə xidmət edənlər geyinməlidir, çünki bu, onların haqqıdır, o mundiri qazanmaq, bereti qoymaq üçün min bir əziyyət çəkiblər, qələbə payında isə əsas çəki onların üzərindədir.

Müharibə zamanı çoxu xidmət keçdi, hər xidmət növü də vətənpərvərlikdir, igidlikdir.

Xüsusi təyinatlılarda olmaya-olmaya onların hərbi geyim formasını əyninə keçirib, başına beret qoyub, üzü tüklü, başı səliqəsiz şəkildə gəzmək isə yumşaq desək, etik deyil...

Məzahir Avşar, rəssam:

- Düşünürən:; ermənilər qonşuları ilə normal münasibətdə olsaydı, nə olardı? Yazıçı Mirzə İbrahimovun 1989-cu ildə dediyi sözləri xatırladım: "Ermənilər daşı alıb öz başlarına vurdular!"

Elmar Qasımov, Bakı Ali Neft Məktəbinin rektoru:

- Dünyada yeganə dövlətdir ki, Böyük Britaniyanın təqvimində müstəqillik, azadlıq günü yoxdur.

Çünki heç vaxt kiminsə müstəmləkəsi və ya asılılığında olmayıb. Hətta zamanında bütün xristian dünyası Roma papasından asılı olanda belə, ingilislər papadan imtina ediblər. Yalnız idarə ediblər. ABŞ, Kanada, Avstraliya, Yeni Zelandiya kimi dövlətlər yaradıblar.

Dünyanın ən güclü universitetlərinə sahib olublar. Dilləri dünya dilinə, pulları dünya puluna, birjaları dünya birjasına çevrilib.

Dünyada yeganə dövlətlərdəndir ki, Böyük Britaniyanın Konstitusiyası yoxdur. Dəyişməz ənənələr və yazılmamış qaydalar var. Heç kim dəyişdirə bilməz bu qaydaları.

Sadəcə olaraq, Avropanın şimalında bir adada məskunlaşaraq heç bir qonşuyla quru sərhədinə malik olmayıblar. İşğal olunmayıb bu məğrur və döyüşkən ada.

İngilislərin ən böyük xoşbəxtliyi həm də güclü qonşularının olmamasıdır. Güclü qonşularının olmaması onları Azadlıq günündən məhrum edib.

Nə böyük xoşbəxtlik...

Alqış Musayev, jurnalist:

- Ola bilər ki, mənimlə razılaşmayasınız. Ancaq birmənalı o fikirdə, o qənatdəyəm ki, onlayn media ictimai əyləncədir. Onlayn media hadisəni ictimai fikrə, mili şüur faktına çevirmək iqtidarında deyil. Sadəcə olaraq, onlayn media ictimai fikir üçün xammal istehsal etməklə kifayətlənir. Nəzər alaq ki, ictimai fikir konkretləşmiş və bir qədər sistemləşdirilmiş düşüncə tərzidir. Onlayn media, sosial media düşüncə tərzi formalaşdıra bilmir. Düşüncə tərzini yazılı mətbuat yarada bilər və yaradır. Ona görə də mən yazılı mətbuatın qorunub saxlanılmasının qatı tərəfdarlarından biriyəm və yazılı mətbuatın gələcəyi ilə bağlı o qədər də bədbin deyiləm. İnanıram ki, yaxın bir-iki il ərzində yazılı mətbuata diqqət artacaq, qəzetlərə dönüş baş verəcək...

Şahin Cəfərli, siyasi şərhçi:

- Navalnı bazar günü Moskvaya qayıdır.

Müxalifətçi öz qərarı ilə Putini çətin vəziyyətdə qoyub. Kreml indi seçim qarşısındadır:

- Navalnını ölkəyə buraxmaq, ya buraxmamaq?

- Navalnını ölkəyə buraxıb həbs etmək, ya etməmək?

Bu variantların heç biri Putin üçün uduş vəd etmir.

Elxan Şükürlü, jurnalist:

- ABŞ-ın dövlət katibi Mayk Pompeo qonşumuz İranla müharibəyə səbəb olacaq sensasion bəyanatla çıxış edib. O deyib ki, İran öz paytaxtı Tehran şəhərində terrorçu "Əl-Qaidə"nin əməliyyat qərargahını qurub və əvvəllər Əfqanıstandan, Pakistandan idarə olunan bir çox funksiyalar indi bu mərkəz vasitəsiylə yerinə yetirilir.

İran tərəfinin bu suçlamalara cavabı hələlik bəlli olmasa da, ABŞ Konqesinin Nümayəndələr Palatasında Trampın impiçment məsələsinin bu gün səsverməyə çıxarılacağı bir vaxtda, Pomeonun bəyanatı bütün dünyanın diqqətini yenidən cənub qonşumuza kökləyib. Çünki gələcək prezident seçkilərində iştirak arzusu Trampı hər an böyük bir savaş çıxarmağa sövq edə bilər.

Günel Mövlud, yazar:

- Bu günlərdə bir yazarın statusunu oxudum. Əyalətdən gələn yazıçıların mövzularını ələ salırdı. "Motal, təzək və bu kimi tərəkəmə mövzuları" ilə yazar olanları aşağılayırdı.

Səkkiz ildir müasir Qərb, Avropa ədəbiyyat çevrəsinin arasındayam. Altı ildir hər il dünyanın mədəniyyət mərkəzlərində 300 nəfərdən çox heyətlə toplaşan dünya yazıçılarının konfranslarına qoşuluram. Son dörd ildə Norveç, İsveç ədəbiyyatı, burdakı mövzular, dəbdə olan filmlərdən xəbərdaram. Hər il biri beynəlxalq, qalanı lokal olan az qala 10 ədəbiyyat festivalına qatılır, bu festivallarda onlarla ədəbiyyat barədə nitq dinləyirəm. 

Amma bircə dəfə də görmədim ki, bir avropalı yazar öz xalqının etnoözəlliklərindən yazan həmkarını ələ salsın. Bir xalqın hansısa lokal mədəniyyətini, məişət tərzinin mövzu kimi işlənməsinə yuxarıdan aşağı baxsın. Həmkarı əyalətdən gəlib deyə, özündə ona yuxarıdan aşağı baxmağa haqq görsün.

Tamamilə əksinə. Məsələn, indi yaşadığım Norveçdə həm ədəbiyyat, həm film sahəsində buranın aborigen xalqlarından olan samilərin məişəti trend mövzulardan biridir. Maralçılıq, maral ətindən hazırlanan məmulatların detallı təsviri, pendirçilik, toxuma sənəti və s. detallı şəkildə müəlliflər tərəfindən işlənir. Hansısa ədəbi tənqidçinin, intellektualın da ağlına gəlmir ki, o müəllifi ələ salsın.

Başlayaq ondan ki, tərəkəmə həyat tərzi bizim xalqımızın müəyyən bir hissəsinin qədim mədəniyyəti, həyat tərzidir. Müharibə, qaçqınlıq ölkədəki tərəkəmə kültürünü kifayət qədər zəiflətdi və bununla bizim etnik özəlliklərimiz olan pendirçilik, xalçaçılıq, atçılıq, həsirçilik, qurama sənəti, baramaçılıq (Qarabağın oturaq bölgələrində) kimi bir çox sahəni olduqca məhdudlaşdırdı, bu sənət sahələrini xalqın kütləvi mədəniyyəti, məişəti olmaqdan çıxarıb, ancaq industrial səviyyədə saxladı, bəziləri isə tamamilə itib getdi.

Biz tərəkəmə həyatını bütün mümkün detalları ilə yazarlarımıza minnətdar olmaq əvəzinə, onlara yuxarıda aşağı baxırıqsa, bunun adı əziklikdən başqa bir şey deyil. Belə guya çox intellektual olmaq da olar, dünyaya intellektual mətn çıxarmaq iddiasında olmaq da olar, amma dünya üçün sənin ən maraqlı tərəfin elə etnik özəlliklərindir, qədim məişətin, kültüründür. İkincisi, heç kim intellektual mətn yazmaq iddiasında olanlara bir şey demir. Yaz da, tərəkəmə həyatını yazanla sənin işin nədir axı...

Ümumiyyətlə, "dəyərsizləşdirmə" adlı psixoloji şiddət növü təkcə ailərimizdə yaşanmır. Ərdan arvada, valideyndən uşağa, müdirdən işçiyə sirayət edən bu bəlanı istənilən fəaliyyətə tərəf çevirə bilirik. "O kimdir ki...", "O nə yazıb ki...", "O nə gündədir..." - rahatlıqla bunu hamıya deyə bilirik.

Mir Səməd, jurnalist:

- İlin əvvəlindən xəfif bir optimizm vardı ki, yəqin 2021-ci ildə peyvəndləmə nəticəsində pandemiya zəifləyər, yollar açılar, təyyarələr uçar...

İki həftə keçdi, Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi deyir ki, nahaq yerə ümidlənirsiniz, elə şey yoxdur, bu il daha da ağır olacaq, yeni ştamm gəlir, daha nə zibil gəlir - bir sürü qorxunc proqnozlar.

Hərdən adam elə düşünür ki, bunlar bu virusun qarşısının alınmasını heç istəmirlər də. İşləri xod gedir, diqqət bunlarda, ayrılan vəsait bunlarda...

 





15.01.2021    çap et  çap et