525.Az

TƏBİB: "Vaksinasiya vacibdir"


 

TƏBİB: "Vaksinasiya vacibdir"<b style="color:red"></b>

“Ölkəmizdə hələ 8-9 milyon insan var ki, koronavirusa yoluxmayıb”.

525.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva bildirib.

Y. Qarayeva deyib ki, risk qrupunda olan, xəstəliyi ağır keçirən, reanimasiyaya düşən xəstələrin sayını azaltmaq üçün vaksinasiya lazımdır:

“Qeydiyyata düşən, yüngül keçirənlər və s. nəzərə alınsa, ən çox 1 milyondan çox insan koronavirusa yoluxmuş ola bilər. 8-9 milyon insan isə xəstəliyə yoluxmayıb, onların içərisində risk qrupları var. Ona görə vaksinasiya lazımdır”.

 “İsrail ən çox vaksinasiya edən ölkədir, ancaq orada üçüncü dəfə sərt karantin rejimi tətbiq edilir”.

Y. Qarayeva deyib ki, vaksinasiya olsa da, karantin rejiminin tələblərinə ciddi riayət olunmalıdır.

“Hər kəs özünə sual verəcək ki, mən niyə bu peyvəndi vurdurmalıyam? Hamımız iyun ayında xəstəliyin birinci artımı olanda düşünürükdük ki, açılışa getdikdən sonra hamı xəstələndi, yoluxdu, hər kəsdə immunitet yarandı və bitdi. Amma oktyabr-noyabr aylarında gördük ki, bu heç də belə deyil. Ölkəmizdə bu günə qədər qeydiyyata düşmüş nəticəsi pozitiv olanların sayını elə-belə demədim. Yəni bu sadəcə 226 minin üstündə olan bir rəqəmdir”.

O qeyd edib ki, yoluxmanın qarşısını almaq üçün hər kəs öz məsuliyyətini dərk eləməlidir:

"Strategiyanı açıqlayanda biz uşaqları, gəncləri qeyd etmədik. Çünki bizim hədəflərimiz onlar deyil. Hədəflərimiz yaşlılar, xroniki xəstəlikləri olanlar və bir il ərzində gördüyümüz kimi kimlər xəstəliyi ağır keçirir, sosial olaraq kimlər daha çox riskdədir və sairdir. Biz çoxlu sayda tibb işçilərimizi, həkimlərimizi itirdik. Ona görə də strategiyamızı həm dünya təcrübəsinin üzərində, həm də həm də öz təcrübəmizin üzərində qurmağa çalışdıq. Hər kəs vaksinasiyaya çox ciddi yanaşmalıdır”.

“Vaksin vurduran insan yaxınları üçün təhlükəli ola bilməz, bu, heç cür mümkün deyil. Amma bir şeyi hər kəs bilməlidir, vaksini vuran kimi adamı qorumur”.

Onun sözlərinə görə, bu, yeni bir şey deyil, və sadəcə “CoronaVac” vaksininə aid olunmur:
 
“Bu, ümumi vaksinasiya prinsipidir. Vaksinasiya aparılır, bir müddətdən sonra insan orqanizminə yeridilmiş preparata qarşı anti-cisimlər, qoruyucu maddələr əmələ gəlməyə başlayır. Bu, vaksinasiya, yəni aktiv immunizasiyanın ümumi prinsipidir, həmişə belə olub. Mən uzun illər vaksinlərlə işləmişəm və bəlkə də heç adlarını heç eşitmədiyiniz xəstəliklərə qarşı xaricdə işləyən və oxuyan vətəndaşlara vaksinasiya aparmışam. Hər zaman onlara bir şeyi təkrarlamışam, uçuşa bir gün qalmış gəlib peyvənd vurdurmağın xeyri yoxdur, çünki o sizi qorumayacaq. Peyvəndi 1-2 ay öncədən vurdurmaq lazımdır. Buna ona görə deyirəm ki, peyvənd vurdurandan sonra biz yenə də özümüzü qorumağa davam etməliyik.

Bildiyiniz kimi, bu peyvənd iki dozadan ibarətdir. Qorunmaya ciddi şəkildə davam etmək lazımdır ki, nə sizin, nə də ölkəmizin çəkdiyi əziyyəti itirməyək. Düzdür, belə məlumat var ki, birinci dozanı vurduranlar xəstəliyi yüngül keçirir, peyvəndin bəlli bir qoruyuculuğu olur, amma tam istədiyimiz nəticəni almaya bilərik. Ona görə də hamımız bu məsələyə ciddi yanaşmalıyıq. TƏBİB və Səhiyyə Nazirliyi bu prosesə çox ciddi hazırlaşır, məntəqələrdə hazırlıq işləri gedir, elektron qeydiyyat sistemi e-TƏBİB sistemi üzərindən aparılacaq. Ölkənin istənilən yerində vurulan hər bir peyvənd mütləq qeydiyyat sisteminə düşəcək”.

 





16.01.2021    çap et  çap et