525.Az

"Yaralansam da, bölüyümü tək qoya bilməzdim" - Baş leytenant


 

"Yaralansam da, bölüyümü tək qoya bilməzdim" -  <b style="color:red">Baş leytenant</b>

2020-ci il bütün dünya üçün uğursuz il olsa da, Azərbaycanın ən uğurlu ili oldu deyə bilərik. İllərdir həsrətini çəktiyimiz Qarabağı düşmən tapdağından azad etdik. Şəhilərimizin, qazilərimizin, güclü Azərbaycan ordusunun sayəsində ikinci Qarabağ müharibəsi qələbə ilə bitdi. Hər bir şəhidimiz adını Azərbaycan xalqının qəlbinə yazaraq zəfər dastanına döndü. Biz isə onlara olan mənəvi borcumuzu  az da olsa ödəmək üçün torpaq uğrunda canından keçmiş qəhrəmanlarımızı bir-bir tanıdırıq.

Onlardan biri də bölük komandiri baş leytenant Abdinov Mətindir. O, Ordumuzun döyüş əməliyyatlarında qəhrəmanlıq sücaətləri göstərən hərbiçilərimizdəndir. Mətin Abdinov 1978-ci il Gəncədə anadan olub. O, orta məktəbi bitirdikdən sonra ali təhsilini Dövlət Kənd Təssərufatı Akademiyasında davam etdirib.  Ali məktəbi bitirdikdən sonra Naxçıvan Muxtar Respublikasının Ordubad istiqamətində olan hərbi hissələrin birində Ermənistanla təmas xəttində xidmət edib. Qısa bir vaxt ərzində komandanlıq tərəfindən göstərdiyi xidmətə görə vaxtından əvvəl “baş leytenant” rütbəsi ilə təltif edilib. Ehtiyatda olan zabit kimi təxris olunub.

Vətən müharibəsi başladığı ilk günlərdə Mətin yaşadığı region üzrə hərbi komissarlığa könüllü olaraq müraciət etmiş və cəbhəyə gedib. Ordumuzun bir sıra istiqamətlərində gedən döyüş əməliyyatlarında xüsusi qəhrəmanlıq şücaətləri göstərərək bölük komandiri kimi vuruşmuşdur.

Mətin Abdinov bildirir ki, döyüşlərdə  yaralansa belə bölüyünü tək qoya bilməzdi:

“Ehtiyatda olan zabitəm və döyüşə könüllü olaraq yollanmışdım. Füzuli, Cəbrayıl, Qubadlı, Xocavənd və Şuşada bölük komandiri olaraq vuruşmuşam. Vətən, torpaq sevgisi məni buna vadar etdi. İlk dəfə 19 oktyabrda Xocavənd ətrafında döyüşdə sol ayağımdan qəlpə yarası aldım, amma döyüşü tərk etmədim. Bölüyümü tək qoya bilməzdim. Ayağımı sarıdılar və  döyüşə davam etdim. Daha sonra noyabr ayının 2-də Şuşaya hücuma keçdik. Çox ağır döyüş gedirdi. Çoxlu erməni əsgəri məhv etdik. Ayın 3-ü mən və 3 nəfər döyüş yoldaşım irəlidə idik. Qarşımızda minaatan partladı və mən ağır yaralandım. Əllərimi, ayağımı hiss etmirdim. O an yanımda iki döyüş yoldaşım şəhid oldu. Şəhid olduqlarını sonradan öyrəndim. Noyabrın 8-i Ali Baş Komandan Şuşanın azad edilməsi xəbərini deyəndə mən xəstəxanada idim. Eşidəndə çox sevindim. Çünki hücumumuz hədər getməmişdi. Müharibə ərəfəsində xalqımızın birlik olub ordunun yanında olduğunu da xüsusi hiss edirdim. Hər kəs səfərbər idi”.

Qəhrəman döyüşçü,  Ali Baş Komandanın diqqət və qayğısını daim üzərində hiss etdiyini vurğulayıb:

“Yaralı halda 10 gün döyüşdüm. Qısa müddətlik Füzulinin  Əhmədbəyli hospitalında oldum. Gəldiyim gün də oranı tərk edib bölüyümə qayıtdım. Son olaraq, zəfər qazandığımız üçün Cənab Prezident İlham Əliyevə öz minnətdarlığımı bildirirəm. Onun yürütdüyü düzgün və uzaqgörən siyasətin nəticəsində qalib gəldik. İndi də yaralı döyüşçü kimi Prezidentin diqqət və qayğısını daim üzərimdə hiss edirəm. Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!”.

Aytac ASLAN

 





16.01.2021    çap et  çap et