525.Az

Məsələ Votsap deyil, güvənməkdir... - Türkan Turan yazır


 

Məsələ Votsap deyil, güvənməkdir... - <b style="color:red">Türkan Turan yazır</b>

Günlərdir Votsap söhbəti aləmi bir-birinə qatıb. Hamımızın istifadə etdiyi bu proqramın bizləri yeni şərtlərini qəbul etmək məcburiyyətində qoymağından bəhs edirəm.

Dünyada milyonlarla istifadəçisi olan Votsapın şərtinə görə, hamımız onun tələbini qəbul edərək, məlumatlarımızın Feysbuk ilə paylaşılmasına razılıq verməliyik. Etmədiyimiz təqdirdə fevralın 8-dən etibarən proqramla vidalaşmalı olacağıq.

Gəlin məsələni bir az xırdalayaq, görək, yaranmış xaosun haqlılıq payı nə qədərdir. Əvvəlcə onu deyim ki, əslində, heç nə dəyişməyəcək. Çünki Feysbuk 2014-cü ildə Votsapı 22 milyard dollara satın aldığından bəri bütün məlumatlar eyni bazada toplanır. Votsap yüklənildiyi zaman avtomatik olarak telefon rəhbərimizə bağlanır. Yəni kiminlə, nə vaxt yazışdığımızı təqib edir. Sadəcə, mesajların gizliliyi "ucdan uca şifrələnmə" adı ilə qoruma altında idi. İndi isə dəyişən budur ki, istifadəçi yazılı şərtləri qəbul edərək bunu rəsmiləşdirir. Yəni praktik olaraq xüsusi bir dəyişiklik yoxdur.

Yeni şərtlərin Avropaya nə üçün şamil edilmədiyinə gəldikdə isə... Bizim bu gün üsyan etdiyimiz məsələyə Avropa İttifaqı 2016-cı ildə qarşı çıxmış, hətta Feysbuku 110 milyon avro məbləğində cərimələmişdi. Çünki Feysbuk Votsapı satın alanda Avropaya hər iki şirkət arasında birləşmə və paylaşma yönündə heç nə olmayacağına söz vermişdi. Lakin buna baxmayaraq, şirkət telefon nömrələri, profil şəkilləri və digər istifadəçi bilgilərini Feysbuk ilə paylaşmağa başlamışdı. Sırf  həmin cərimələnməyə görə, şirkət yeni qaydanın Avropaya şamil edilməyəcəyini bildirdi.

Yaxşı, bu həngamə necə oldu ki, məhz indi ortaya çıxdı? Niyə şərt şumda kəsilmədi, xırmanda ağıllarına gəldi? Deməli, dekabr ayının əvvəlində Amerikada qalmaqal yaşandı. 48 əyalət və bölgədə Feysbuku əlindəki gücdən sui-istifadə etməsi ittihamı ilə məhkəməyə verdilər. Şirkətin qanunlara məhəl qoymadığını, heç kimi saymadığını, buna görə də tərkibindəki digər şirkətlərin (Votsap və İnstaqram) satılmasının lazım olduğunu irəli sürdülər. Həmin məhkəmə prosesindən sonra Feysbuk Votsapdakı yeni şərti hərəkətə keçirdi. Çünki Amerikanın şirkətə qarşı irəli sürdüyü və hələ də yekunlaşmayan məhkəmə qərarına görə, Feysbuk Votsapı satmaq məcburiyyətində qala bilər. Bəs burada biz istifadəçilərin rolu nədir deyə sual yarana bilər. Bizim yeni şərtləri qəbul etməyimiz Feysbuku düşdüyü vəziyyətdən çıxartmış olacaq.

Əslində, təhlükə siqnalı çoxdan çalır. Məsələn, Feysbukun qurucularından olan Kris Hughes 2019-cu ilin may ayında "Nyu York Tayms"a yazdığı məqalə ilə ilk həyəcan təbilini çalmışdı, amma çoxları həmin vaxt buna əhəmiyyət verməmişdi. Highes həmin məqalədə bildirirdi ki, Feysbuk təcili şəkildə parçalanmalıdır: "Əgər bu addım atılmasa, o, sizi parçalayacaq. Bu gün Feysbuk Amerika dövlətindən daha güclüdür. Demokratiya üçün təhdiddir. Təcili bir tədbir görməlisiniz". Yaxın dostu, həm də Feysbukun sahibi olan Mark Zuckerberqin dünya üzərindəki ən böyük monopoliyaya sahib olduğundan şikayətlənərək fikrini "necə ki siyasi gücü bir krala vermək istəmiriksə, iqtisadiyyatın iplərini və aramızdakı əlaqənin icazəsini də bir "imperatora" verməməliyik" cümləsi ilə bitirmişdi. Haqlıdır. Şirkətin büdcəsi yarım trilyon dollardır və Amerika bazarının 70 faizini onun nəzarətindədir. Tərkibindəki digər iki şəbəkə də daxil olmaqla (İnstaqram, Votsap) 3 milyard istifadəçiyə sahibdir və dünyanın ən məşhur platforması sayılır. Yəni şirkət bu gün dünyada bütün dövlətlərdən daha güclüdür. Bir neçə gün öncə Trampla bağlı baş verənlər bunun bariz sübutudur.

Yaxşı, bəs nə edək? Özümüzü necə qoruyaq? Günlərdir bir çox ölkədən fərqli mütəxəssilər bar-bar bağırırlar, "Votsapı silmək və ya rəsmi şəkildə qadağan etmək həll yolu deyil" deyə. Çünki istifadəçilər məcbur qalıb başqa proqramlar yükləyəcəklər. Yəni yenə eyni aqibət yaşanacaq. Mütəxəsisslər yeganə çarəni beynəlxalq rəqəmsal ittifaqa daxil olmaqda görürlər. Məsələn, İsrail, Yaponiya, Urugvay, Argentina, Yeni Zelandiya və digər bir neçə ölkə bu ittifaqa daxildilər. Ona görə də, öz aralarında güvənli əlaqə yarada bilirlər. Belə deyək, Azərbaycan, Türkiyə, Rusiya, Pakistan, İran və bir neçə ölkə bir araya gəlib eyni ittifaqda birləşərək sosial şəbəkə təhdidindən qoruna bilərlər.

Əslində, acınacaqlısı budur ki, texnologiya yeni-yeni inkişaf eləməyə başlayanda gözümüzə həddən artıq işıltılı görünmüşdü və biz onun zərrə qədər də olsa zərər verəcəyini deyil, ancaq xeyri dəyəcəyini düşünürdük. Bu gün düşəcəyimiz tor heç kimin ağlına gəlmirdi. Amma texnologiya elə inkişaf elədi ki, ən böyük güclər də qarşısında əli-qolu bağlı qaldı. Bugünkü gün sosial şəbəkələr qanunları əzib keçir və heç bir dövlət lideri buna müdaxilə edə bilmir. Hətta dünyanın nəhəngi sayılan Amerika da bura daxildir. Trampın başına gələnləri isə təkrarlamaq istəmirəm. Artıq texnologiya bizim deyil, biz onun surətinə yetişə bilmirik. Biz onu yox, o, bizi idarə edir, özü də ipli kukla kimi. Vəziyyət elə bir həddə çatıb ki, nə oxuyacağımıza, nə alacağımıza, nə yediyimizə, nə içdiyimizə, hara getməyimizə istifadə etdiyimiz şəbəkələr qərar verir. Əgər "rəqəmsal ittifaq"a qoşulmasaq, biz və bizim kimi digər ölkələrin halı yaman olacaq.

Yeri gəlmişkən, sosial şəbəkədə məsələni Cem Yılmaza bağlayanlar var. "CİA, Mark sənin mesajlarını neynir" deyərək bir-birilərini məsxərəyə qoyurlar. Yanlış yanaşmadır. Bu dünyada kimliyindən asılı olmayaraq, hər kəs güvəndə olmaq istəyir. Fərqi yoxdur, kimə nə yazılır, nə göndərilir...

 





17.01.2021    çap et  çap et