525.Az

Zeynab Kazımovanın söz süfrəsi - "Anamın "Karvan"ı" haqqında qeydlər


 

Zeynab Kazımovanın söz süfrəsi - <b style="color:red">"Anamın "Karvan"ı" haqqında qeydlər</b>

Ötən ilin sonlarında Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın yeganə fransızdilli "Le Carrefour" (Yol qovşağı) qəzetinin təsisçisi, Dövlət Gömrük Komitəsi Akademiyasının İctimaiyyətlə əlaqələr üzrə şöbə rəisi Zeynab Kazımovanın "Anamın "Karvan"ı" (Bakı, Müəllim nəşriyyatı, 2020, 182 s.) adlı kitabı işıq üzü görüb. Kitab şairin şeirləri, publisistik yazıları, esse və hekayələrindən ibarətdir.

Əvvəla, onu qeyd etmək lazımdır ki, Z.Kazımovanın poeziyası digər müraciət etdiyi janrlar üçün ilkin baza rolunu oynayır. Ona görə ki, poeziyasındakı milli ruh və keçmişə boylanan düşüncələr, eyni zamanda, hadisəyə pafosla yox, olduğu kimi, real yanaşma tərzi nəsr əsərlərində özünü daha ciddi şəkildə göstərir. Bu baxımdan onun yaradıcılığını iki hissəyə ayıraraq təhlil etmək daha məqsədəuyğundur: nəzm əsərləri və nəsr nümunələri.

Zeynab Kazımovanın poetik fiqurları keçmişlə gələcəyin astanasında qurulub. İlk öncə kitabın adı oxucu üçün bir siqnaldır. Sanki bu ad kitabın içindəkilər üçün bir anonsdur. "Anamın "Karvan"ı" adında bir mistika var, hansı ki, bu adda sanki xatirələrdə qalan qədim bir ahəng var. Bəzi şairlərin yaradıcılığında görürük ki, onlar daima "mən"lərini oxucuya sübut eləmək istəyirlər. Bəzən bu monotonluq oxucunu həmin kitabdan soyuda bilir. Amma müəllifin yaradıcılığında əsas obraz özü deyil, ana xətt baş vermiş hadisənin, hansısa sevincin və yaxud kədərin, iztirabın və fərəhin, inamsızlıq və yaxud parlayan ümid işığının, nəhayət, hicran və vüsalın təzahürdür, onların çaları, insan həyatında rolu və əslində, hansı anlam kəsb etməsidir. Bu baxımdan şairin sevgi lirikası oxucu üçün olduqca səmimi və ruha yaxındır:

"... Arzum, istəyim mənim,
qəlbimin həsrəti, gözlərimin nurusan,
ürəyimdə ən gizli, ən şirin bir arzusan.
Gözlərimdə nə vaxtdır donub qalan
ən məhrəm bir duyğusan.
Bir röyasan gizlicə, səni gördüm yuxuda.
Bir dünyasan beləcə..."

Z.Kazımovannı müraciət etdiyi mövzular çoxşaxəlidir. Bu baxımdan onun Vətən mövzusuna həsr etdiyi şeirlərdə milli təəssübkeşlik, əsl vətənpərvər ruhu aydın sezilir.  Xüsusən şairin "Onun adı... Xocalıymış..." şeirində vətən yanğısı, vətən harayı ən kövrək şəkildə ifadə olunur:

"... Neçə-neçə cavan qəlbə xoş arzuymuş,
Neçə-neçə igid mərdin o, yurduymuş,
Yağı düşmən nişan almış, pusqudaymış,
Bu dəfəki qurban, heyhat, Xocalıymış..."

"Erməni məntiqi" essesində də, "Erməni sifəti" hekayəsində də erməni barbarlığı dolğun təsvir olunub. Bu yazılar nə qədər nifrət dolu emosiyalar üzərində qurulubsa da, bir o qədər real faktlara əsaslanır.

"Anamın "Karvan"ı"na ön söz yazan yazıçı, publisist, ədəbiyyatşünas Məti Osmanoğlu "Ata ocağı kimi məhrəm, ana sığalı kimi doğma" adlı yazısında müəllifin yaradıcılığını belə qiymətləndirir: "Fitrətən şair olan Zeynab xanım öz duyğularını, fərdi yaşantılarını şeirə daha çox etibar edir. Belə demək mümkündürsə, o, şeirdən sirr saxlamır. Sevgisini, sevincini, qürurunu, kədərini, həsrətini şeirlə bölüşməyə üstünlük verir. Lakin bəlkə Zeynab xanımın özünün də fərqinə varmadığı maraqlı məqam budur ki, onun müxtəlif münasibətlərlə qələmə aldığı nəsr mətnlərində şairlik istedadı özünü daha qabarıq göstərir. Söz janrın çərçivələrinə sığmayıb sədləri aşaraq özünün yeni hüdudlarını müəyyənləşdirir, oxucu ilə dialoqun fərqli çalarları yaranır. Görünür, istedadın sirri də bundadır".

Bu kitabın adı heç də təsadüfi seçilməyib. Çünki Zeynab xanımın şeirlərinin özülü ailə motividir. Ata ocağını, ana nəvazişini həzin duyğularla tərənnüm edən şair bu şeirlərdə təkcə özünün əzizlərinə münasibətini təsvir etməklə kifayətlənmir, həm də bu şeirlərlə insanın ailəyə münasibətinin necə olmalı olduğunu oxucuya çatdırır, valideyn ünvanının aliliyindən söhbət açır. Kitabın baş qəhrəmanı ananın "Karvan"ı, əlləri ilə toxuduğu xalçadır. Bu hekayə öz orijinallığı, təbiiliyi ilə həm oxucunu düşündürməyi bacarır, həm də kövrək duyğuları oyada bilir.

Z.Kazımovanın istər publisistik yazıları, istər esseləri, istərsə də hekayələrində onun cəmiyyətdə baş verən proseslərə münasibəti, onun vətəndaş mövqeyi, o cümlədən, insanın iç dünyasına səyahət sərgilənir. Eyni zamanda, onu gözəl oçerklər müəllifi adlandıra bilərik. Şəxsiyyətlərə həsr olunan yazılarda o, yenidən "emosional yaddaş"ını işə salaraq uğurlu portret yazısı ərsəyə gətirir.

 





17.01.2021    çap et  çap et