525.Az

Bəhramın bazar ertəsi Yaşıl Gümbəzə getməsi - Tərcümə


 

Bəhramın bazar ertəsi Yaşıl Gümbəzə getməsi - <b style="color:red">Tərcümə</b>

Nizaminin "Yeddi gözəl"i Mir Cəlalın tərcüməsində

Dövrün ədəbi tələblərinə və ictimai sifarişə görə dünya ədəbiyyatı xəzinəsini zənginləşdirmiş ölməz əsərlərini dəri dilində qələmə almış dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığı tərcüməçilərin diqqətini çox qədim zamanlardan cəlb edib. Hələ XIII yüzillikdə Turan şairi Qütb Xarəzmi Azərbaycan şairinin "Xəmsə"sində xronoloji baxımdan ikinci yerdə duran "Xosrov və Şirin" poemasını türk dilinə tərcümə etmişdi.

XVIII yüzillikdən bu yana isə Nizami yaradıcılığı rus və Avropa şərqşünaslarının diqqətini çəkib, şairin ayrı-ayrı əsərləri həm poetik, həm də nəsrlə tərcümə və çap olunub.

Azərbaycanda Nizami tərcümələrinin zəngin bir tarixi vardır və müxtəlif dövrlərdə istedadlı şairlər və alimlər bu dahi həmvətənləri qarşısında öz övladlıq borclarını yerinə yetirmişlər. Əksərən şeirlə edilmiş bu tərcümələr arasında nəsrlə edilmiş bir tərcümə diqqəti xüsusilə cəlb edir. Bu, 1941-ci ildə Azərnəşrdə işıq üzü görmüş "Yeddi gözəl" poemasının nəsrlə tərcüməsidir. Tərcüməni o zaman 30-31 yaşlarında olan gənc və istedadlı yazıçı, eyni zamanda, ədəbiyyatşünas-alim Mir Cəlal Paşayev yerinə yetirmişdi.

Kitaba "Ön söz" yazmış başqa bir gənc istedadlı şair Mikayıl Rzaquluzadə həmin tərcüməni xüsusi halda belə qiymətləndirmişdi: "Yeddi gözəl"i nəsrə təbdil və tərcümə edən Mir Cəlal yoldaşın gördüyü iş bu sahədə ilk böyük təcrübədir. Əlbət ki, o, öz qarşısında təcrübə etmək məqsədini qoymamış, əsəri olduqca diqqət və ciddi-cəhd ilə nəsrə çevirmişdir. Ancaq belə bir iş bizim nəsrimiz qarşısında həm teoretik, həm də praktiki cəhətdən bütün böyüklüyü və ciddiyyəti ilə ilk dəfə durduğundan, biz bunu çox mühüm bir təcrübə saymalıyıq".

Zənnimizcə, Mir Cəlalın tərcüməsi bu gün də öz əhəmiyyətini və gərəkliyini qoruyub saxlamış və məhz buna görə böyük ədib və alimin 100 illik yubileyi münasibətilə "Adiloğlu" nəşriyyatında 2008-ci ildə təkrar nəşr edilib. Nəşrin redaktoru AMEA-nın müxbir üzvü Təhsin Mütəllibov, "Nəsrin poetik imkanları" adlı sanballı ön sözün müəllfi isə akademik Nərgiz Paşayevadır.



Aşağıda həmin kitabdan götürdüyümüz bir parçanı - "Bişr və Məlixa" hekayəsini oxucuların diqqətinə təqdim edirik.

Ümidvarıq ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə "Nizami ili" elan edilmiş 2021-ci ildə dahi şairimizin başqa poemaları da böyük yazıçımız və ustadımız Mir Cəlal müəllimin örnəyi üzrə nəsrlə tərcümə edilib gənclərimizə çatdırılacaq, Nizami irsinin daha dərindən öyrənilib sevilməsində yaxşı bir vasitə olacaq.

Teymur KƏRİMLİ
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru
Rəşad MƏCİD
Azərbaycan Yazıçılar Birliyinin katibi

Bazar ertəsi şah bahar kimi yaşılı yaşıl üstündən geyindi. Əlində yaşıl çətir sevinclə yaşıl qəsrə getdi. Axşam olub hava qaralanda, Bəhram sərv qamətli gözəl ilə əyləşmişdi. Qızdan nağıl deməyi xahiş etdi. Qız şaha baş əydi və söhbətə başladı:

- Ey həyatımızın, sevincimizin baisi böyük şahım! Sənin dərgahın səadət ocağı, astanan səltənət məqamıdır. Tac sənin başından şərəf tapmış, taxt sənin vücudun sayəsində qiymətə minmişdir. Sənin vücudun bütün dünyanın əzizi və ölkənin canlı tacıdır. Dinlə, maraqlı bir nağıl danışım.

Qız şaha dua etdikdən sonra nağılına başladı, əqiq dodaqlarından qənd tökdü, şirin-şirin danışdı:

- Rumda Bişr adlı təmizkar, əziz və hörmətli bir kişi var idi. Çox xoşbəxt yaşardı. Olduqca ağıllı, kamallı, bilikli, mərifətli, həm də gözəl bir insan idi. Hünər yox idi ki, onun əlindən gəlməsin. Camaat içində ona mömin Bişr deyər, başına and içərdilər.

Bişr evlənmək xəyalına düşmüşdü. Özü kimi pak və əsil bir qız almaq istəyirdi.

Bir gün eşq xəyalı ilə gedirdi. Yolda rübəndli bir qadın gördü. O, üzünü örtmək istərkən, külək üzündən rübəndi atdı; sanki bulud altından on dörd gecəlik ay göründü.

Qadının boyu gül-çiçəklə bəzənmiş bir sərv idi. Belə bir gözəl uğrunda insan hər şeydən keçər, yüz min tövbəsini sındırar; al yanaqları kəklik qanı ilə yuyulmuş kimi idi. Gözlər cadu kimi minlərlə aşiqləri ovlayır, minlərlə gözlərə yuxunu haram edirdi. Dodaqlar gül yarpağı kimi təzə idi. Qalın və ənbər iyli saçları, sifəti, laçın qanadı altında havasil quşu kimi görünürdü. Gözləri qədər də sehrkar xalı var idi. Bişr valeh oldu, səbri tükəndi, ayaqları sustaldı, vurulmuş kimi hissiz, hərəkətsiz dayandı. İxtiyarsız uşaq kimi qışqırdı. Ay üzlü gözəl tez rübəndini üzünə çəkdi, addımlarını yeyinlətdi.

 Bişr özünə gələndə, o, gözdən itmişdi. Yerində yuxu kimi xoş bir xəyal qalmışdı. Bişr bilmədi neyləsin. Özü-özünə dedi, dalınca düşsəm, yaxşı olmaz. Əl çəkməyə, dözməyə də səbrim yoxdur. Bəs necə olsun!.. Yenə səbr etmək məsləhətdir. Şəhvət məni azdırmasın. Kişiyəm, möhkəm iradə sahibi, pəhrizkar olmalıyam. Şəhvətə əsir olmağı din də yasaq edir. Nahaq naməhrəmə baxdım, özümü günaha batırdım. Beytülmüqəddəs ziyarətinə gedib, Allaha səcdə və tövbə edim. Allahın köməkliyi ilə məqsədimə daha tez çataram.

Bişr evinə qayıdıb ziyarət tədarükü gördü. Allahın evinə gedib günahlardan təmizlənmək, fitnədən uzaq olmaq istədi. Beytülmüqəddəsdə ibadət elədi, din ehkamını yerinə yetirəndən sonra vətəninə qayıtdı. Ziyarət yolunda Bişr bədgüman və tündxasiyyət bir adama rast gəlmişdi. Bu adam hər şeyə qarışar, hər sözə irad tutmağa, rəng verməyə çalışardı. Bişr bir söz deyən kimi o, əsəbiləşib özündən çıxardı ki, elə deyil, belədir. Bu cür deməli, o cür danışmalı, filan, behman... Bişr müsahibini pis görəndə sakit oldu, danışmamağı qət etdi. Müsahib isə əl çəkmədi, Bişri yaxaladı ki, adını de, səni öz adınla çağırım. Bişr cavab verdi:

- Mənə Bişr deyirlər. Buyur görək buna nə deyəcəksən?

Yoldaşı dedi:

- Sən avamın birisən. Amma mən alimlər başçısı Məlixayam. Mən dünyanın keçmişini, gələcəyini, yerin-göyün bütün sirlərini, pisi-yaxşını, haramı-halalı, insanların ürəyindəkini bilirəm. Mənim məlumatım hər biri on iki elm bilən on iki alimin biliyindən artıqdır. Mövcudatın, kainatın əsl mahiyyətini bilirəm. Dağ, dəniz, çöl, meşə, yer, göy - dünyada nə varsa, mənə bəllidir. Onu da bilirəm ki, bu varlıq nədən, nə üçün və necə yaranmışdır. Olacaq işləri qabaqcadan xəbər verirəm. Əlli il qabaqcadan bilirəm ki, hansı səltənət məhv olacaq, əvəzinə hansı törəyəcəkdir. Torpağa düşən bitkinin vəziyyətini, görəcəyi ziyanı ya tutulacağı xəstəliyi bir il qabaqdan seçirəm. Xəstənin nəbzinə, sifətinə baxan kimi onun azarını bilir, dərhal sağaldıram. Torpağı qızıl eləməyi, kəhrəbanı lələ, daşı gövhərə çevirməyi bacarıram. Bütün aşkar və gizli xəzinələrin açarı məndədir. Ovsunum ilə ilanı candan edib yosuna, yosunu ipə döndərərəm. Qərəz ki, elm aləmində məndən dərin adam yoxdur.

Məlixa öz hünərindən o qədər danışdı ki, Bişr mat qaldı. Bu dəqiqədə dağdan bir bulud yüksəldi. Məlixa soruşdu:

- Nə üçün bu bulud qır kimi qaradır, o birisi süd kimi ağdır?

- Allahın hökmü belədir.

- Burax, canım, düz əməlli cavab ver. Qara bulud tüstüdür. O birisi isə rütubətdən ağarmışdır.

Müsahiblər söhbətdə ikən, külək əsdi. Məlixa yenə boşboğazlığına saldı:

- De görüm, bu külək nə olan şeydir? Mal kimi gözünü döymə, cavab ver!

- Bu da Allah işidir. Onun hökmündən olan şeydir.

- Olmadı, qarılar kimi çərənlədin. Hikmətdən başın çıxmır. Bunu yəqin et ki, külək havadan doğur. Onu da yerin buxarı hərəkətə gətirir.

Məlixanın gözü bir dağa sataşdı.

- Niyə, - dedi, - bu dağ başqalarından ucadır? Bişr cavab verdi:

- Allahın işidir. Birini uca, birini alçaq yaradır.

Məlixa dedi:

- Heç nə bilmirsənmiş ki! Buluddan dağları yuyub aparan sellər doğur. Seldən, axıntıdan kənar olan dağlar uca qalır.

Bişr özünü saxlaya bilmədi, Məlixanın həddən artıq lovğalığına hirsləndi:

- Bura bax, - dedi, - belə işlərin sirrini mən səndən pis bilmirəm. Az lovğalan. Allahın işlərinə əl atma. Bizlər hikmətdən xəbərsizik. Hər şeyin ancaq zahirini görürük. Bu bilik ilə elmdən, hünərdən dəm vurmaq yaramaz. Sonra qələtimizin üstü açılar, yaxşı olmaz. Gəl gücümüz çatmayan işə yapışmayaq və bu uca ağaca çıxmaqdan əl çəkək.

Bişrin bu sözləri Məlixaya kar eləmədi. O, füzulluğunda davam etdi.

Onlar bir neçə gün yoldaşlıq etdilər. İsti bir gündə çılpaq, susuz və böyük bir səhrada yol gedirdilər. Uzun yol və isti onları taqətdən salmışdı. Günəş təpələrinə döyür, beyinləri az qala qaynayırdı. Özlərini itirmişdilər. Nə bir məskən, nə bir kölgəlik, nə daldanacaq yer, nə bir içim su tapırdılar. Əlacsız, səhra boyu yürüyür və istinin dəhşətindən qışqırırdılar. Xeyli gedəndən sonra böyük və yaşıl yarpaqlı gözəl bir ağaca çatdılar. Ağacın altı kölgəlik, ipək məxmər kimi yumşaq və yaşıllıq idi. Yolçular bu yeri görəndə, sevincdən cuşa gəldilər, gözləri işıqlandı. Özlərini kölgəliyə saldılar. Orada dibi torpağa basdırılmış saxsı bir küp var idi. Küp saf, dumduru sərin su ilə dolu idi. Onlar sudan içib atəşlərini söndürdülər. Məlixa yenə çənəsini işə saldı:

- De görüm, əziz yoldaş, quru çöldə bu küpü buraya kim basdırıb? İçindəki duru suyun mənbəyi haradadır? Belə yerdə nə çay, nə bulaq olar. Bəs bu nə sirdir?

Bişr dedi:

- Kim isə bir xeyirxah adam savab olsun deyə, bizim kimi yolçular üçün bu küpə su tökmüşdür. Daş-kəsək dəyməmək üçün yarıya qədər torpağa basdırmışdır.

- Hər şeyi bu cürəmi izah edirsən? Ağlın haradadır? Yüz ağacdan yüz ağaca qupquru çılpaqlıq olan bir çöldə, özü də belə bürküdə hansı səfeh özgələr üçün çiynində su daşıyar? Bu, ovçular, tələ quranlardan başqa heç kəsin işi deyil. Bu çöldə maral, ceyran, cüyür, dağ keçisi çox olur. Şoran yeyib susuzlayır, su axtarırlar. Küpü görən kimi suya cumurlar. Ovçu da fürsət tapıb ovu su içdiyi yerdə vurur, kabab çəkir. Başa düşdünmü! Çətin sualları belə aç, belə izah et ki, eşidən də sənə afərin desin!

Bişr dedi:

- Hər kəsin bir fikri, bir rəyi, əqidəsi var. Sən adamlara qarşı bədxah olma. Pislik arzulayan özü pis günə qalar!

Onlar su kənarında süfrə açıb doyunca yedilər, içdilər. Məlixa Bişrə dedi:

- Dur, kənarda otur. Mən soyunub suya girəcəyəm. Yuyunmaq, tozdan, tərdən təmizlənmək, pak olmaq istəyirəm. Canım çox çirklənib, narahatam. Çiməndən sonra da daş ilə bu küpü qıracağam. Qoy ovların yaxası qurtulsun.

Bişr razı olmadı:

- Sevinə-sevinə suyunu içdin, doydun; naşükürlük edib küpü sındırma. İçməli suya tüpürcək salmazlar, handa qala çimmək! Aynanı sirkə ilə sürtmək, saf suya zibil tökmək yaramaz. Bəlkə bizdən başqa da bu çöldə susuzlar olacaq. Qoy başqaları da feyziyab olsunlar.

Məlixa kobudluğuna saldı. Bişrin sözünə qulaq asmadı. Soyunub paltarını bağladı. Özünü küpün içinə saldı. Demə, bu küp quyu imiş. O, küpə girən kimi quyunun dibinə batdı, boğuldu. Ölüm gələndə, zirəklik bir iş görmür. Məlixa nə qədər çabaladı, xilas ola bilmədi.

Bişr uzaqdan küpə baxır, öz-özünə deyirdi:

- Bu haramzada saf suyu murdarladı. Heç kəsin belə yoldaşı olmasın! Bu cür adamın ölməyi qalmağından yaxşıdır.

Bişr düşünür, gözünü sudan çəkmirdi. Çox gözlədi. Məlixadan bir əsər görünmədi. Bişr narazı və məyus bir halda küpə yaxın gəlib onu axtardı. Gördü ki, Məlixa çoxdan suya batmışdır. Sonra qalxıb ağacdan nizə kimi uzun bir budaq kəsdi, yarpağını, qabığını təmizlədi. Ağacı küpə saldı, dənizçilər kimi suyu ölçmək istədi. Küp nə küp! Quyudan dərin! Bişr indi başa düşdü ki, bu, küp deyil, doğrudan da quyudur. Ancaq quyunun ağzına küp qırığı qoymuşlar ki, heyvanlar suyu bulandırmasınlar.

Bişr sədaqətli, təmiz adam idi. Çırmanıb çox ciddi-cəhd elədi, axırda Məlixanın meyitini sudan çıxardı. Kənarda onu basdırdı. Üstünü torpaqladıqdan sonra qəbrin baş tərəfində əyləşib dedi:

- Hə, ay lovğa yoldaş, indi halın necədir?! Sirləri açan ağlından, hamıya hər şeyə çarə etməyindən danış! Qeybdən xəbər verirdin. Kişilikdən də, qadınlıqdan da avara dostum, hanı sənin on iki fənnin?! Gələcəyi qabaqcadan bilirdin, bəs gözünün qabağında quyunu niyə görmədin?! Su barəsində uzun-uzun nağıllar danışırdın, yüz cür məna yozurdun. Ancaq əsl mənanı anlamadın, anlaya da bilməzdin. Kainatdan, yer-göy aləmindən dəm vururdun, amma balaca bir küpün içindəkini bilmədin. Nahaq dərin yerlərə əl atdın. Dünya yaranandan bəri varlığın hikmətini heç kəs aça bilməyib. Sənin də bu haqda dediklərin boş-boş şeylərdir. Sən öz qürurunla boğuldun, mən nicatda qaldım. Çünki sən naşükür idin. Sən içdiyin saf suyu heyvanlar üçün olan tələ adlandırdın, özün heyvan kimi tələyə düşdün. Bədxahlıq səni bədbəxt elədi. Mən həmin suya nemət kimi baxdım, xeyir danışdım, yaxşı niyyətim ilə qurtuldum.

Bişr ayağa qalxdı, Məlixanın misri libasını, əmmaməsini yığışdırdı. Paltarı açanda, cibindən bir kisə düşdü. Kisədə köhnə sikkəli min Misir qızılı var idi. Pula tamah eləmədi. Onu bir əmanət kimi saxladı. Xəyalında qoydu ki, mərhumun pulunu, libasını və şeylərini tamam-kamal öz varislərinə çatdırsın: - Evini, ünvanını öyrənim, ailəsinə xəbər verim. Ona köməyim dəymədi, əmanətinə xəyanətsə də olmasın.

Kişinin paltarını götürüb yoluna düzəldi, gəlib şəhərə çatdı. Bir-iki gün evində qalıb rahatlanandan sonra Məlixanın əmanəti ilə məşğul oldu. Onun əmmaməsini tanışlara göstərib soruşdu ki, bəlkə bunun sahibini tanıyasınız, bir kişi əmmaməni tanıdı.

- Mən, - dedi, - bilirəm bunun sahibi harada olur. Bu küçə ilə bir qədər gedərsən. Filan məhəllədə, filan ev bu əmmamə yiyəsinindir. Şahlara layiq yüksək bir imarətdir. Qapını döy, yəqin bil ki, axtardığın oradadır.

Bişr paltarı, qızılı götürüb həmin evə sarı gəldi. Qapını döydü. Şəkər dodaqlı bir qadın çıxdı:

- Kimsən, - dedi, - nə istəyirsən?

Bişr dedi:

- Əmanətim var. Xanımı çağır verim. Gəlmək olarsa, izn verin, gəlim, sözümü deyim. Məlixadan xəbər gətirmişəm.

Xanım bunu eşidən kimi Bişri içəri çağırdı. Üzünə rübənd salıb fərş üstündə ona yer göstərdi:

- Söylə, - dedi, - doğrusunu danış görək!

Bişr əhvalatı əvvəldən axıra qədər - Məlixa ilə yoldaş olmağını, onun boşboğazlığını, lovğalığını, bədxahlığını, axırda da suya düşüb boğulmağını... açıb söylədi və sonra əlavə etdi:

- O öldü, sən sağ ol! Onun yeri torpaqlar altı oldu, sənin yerin bu qurulu imarət olsun! Onu su yuyub pak eləmişdi. Mən qaydasınca basdırdım. Bütün şeylərini yığıb gətirmişəm. Budur, əmanətinizi alın!

Bişr qızılı və paltarı əlindən yerə qoydu. Bişrin sədaqəti və doğruluğundan ay üzlü qadının xoşu gəldi. Qadın, ərinin ölüm xəbərindən çox kədərləndi. Bir qədər ağladısa da, sonra unutmağa çalışdı. Bişrə dedi:

- Mənim səndən xoşum gəldi. Əsl Allah adamı, halalzadəsən. Sənin mərdlik, gözüaçıqlıq və mərifətinə afərin olsun! Sənin adamsız bir qərib üçün çəkdiyin bu zəhmətə heç kəs qatlanmaz. Mərd adamsan. Məlixa öldü. Doğru deyirsən ki, o, bədxah, pis, xain adam idi. Bivəfa və mərdimazar idi. Çoxlarını incitmişdi. İllərdir ki, onunla yaşayıram. Min cür əzablar çəkmişəm. Başıma nələr açmırdı. Onun yatağından kənara çəkilmədiyim halda, mənə böhtan atırdı. Sözünə cavab vermək istəyəndə, ildırım kimi üstümə şığıyır, məni döyürdü. Yaxşı ki, Allah onu cəzasına çatdırdı, məni əzabdan qurtardı. İndi o, haqq dünyadadır. Pis-yaxşı, ölüb getdi. Aradan çıxdı. Onunla ər-arvadlığımız da bitdi. Ölünün dalınca danışmaq yaxşı deyil. Sən isə xoşuma gələn, mənə ər olmağa layiq adamsan. Bu barədə fikrin nədir? Pul məndə, mülk məndə; ismət və gözəllik də ki, var. Məndən yaxşı halal arvad haradan tapacaqsan? Rəyin varsa, Allahın əmri ilə kəbinimiz kəsilsin, iş qurtarsın. Mən səni bəyəndim. Sənin də mənə məhəbbətin varsa, kənizlik xidmətinə hazır olum. Sözümü açıq dedim; varımı, mülkümü bildin, bu da mənim camalım!

Qadın sözünü bitirib rübəndi üzündən açdı. Deyəsən, bulud altından ay çıxdı. Bişr onun ay çöhrəsini, sehirli kimi qəlb ovlayan göz-qaşını, xalını görən kimi tanıdı.

Bu, Bişrin ilk gündə qabağına çıxan və gözəlliyi ilə onu məst və məftun edən pəri idi. Bişr bu görüşdən batdığı günahları yumaq üçün ziyarətə getmişdi. Bişr başına gələn bu qəribə hadisənin təsirindən qışqırdı və özündən getdi. Qadın evə yüyürüb, təsirli və oyadıcı ətirlər gətirdi. Bişrin üzünə səpdi. Bişr özünə gəldi. Utandığından qıpqırmızı qızardı və bədəninə hərarət gəldi.

- Gözəlim, - dedi, - məni huşdan getmiş sayma, camalını gördüm, ixtiyarım əldən getdi. Cin görənlər dəli olur, mən isə pəri görmüşəm. Məni məst edən qüvvə yalnız adi bir sevgi deyil, uzun həsrət və hicran əzablarına bais olan bir eşqdir. Mən çoxdan sənin hüsnünə əsirəm, oduna yanıram. Uzun zamandır ki, bir dəqiqə də yadımdan çıxmırsan, bu sirrimi heç kəsə aça bilmirdim. Səbrim tükəndi, əlacım kəsildi, axırda Beytülmüqəddəsə getdim ki, ibadət edəm, bəlkə, Allahın tövfiqi ilə haram tamahdan çəkinəm, özgənin arvadından gözüm yığıla.

Qadın Bişrin macərasını eşidəndə, ona meyli on qat artdı.

Bişr çox sevinc və həvəslə evinə qayıtdı. Nə ki, lazım idi, tədarük gördü. Qadının kəbinini kəsdirib onunla evləndi. Onlar şad və xoşbəxt yaşamağa başladılar. Keçmişin dərdli və həsrətli günlərini unutdular. İndiki həyatları üçün Allahın şükrünü yerinə yetirdilər.

Beləliklə, Bişr tənhalıqdan, gözəl qadın isə, ay küsufdan qurtaran kimi Məlixadan qurtardı. Ağ gün insanı ağardar, - deyərlər. Bişr ilə keçirdiyi xoş günlər qadının gözəlliyini daha da artırdı. Onun üzündən, könlündən dərdi-qubarı silib apardı. Qadın fərəhlənib özünə seyqəl verdi. Huri kimi yaşıl paltar geyindi.

Yaşıl paltar, əlbət ki, sarıdan yaxşıdır. Sərv ağacı həmişə yaşıllığına görə bəyənilmişdir. Yaşıllıq əkin-taxıl zəmisinin rəngidir. Məlaikələr belə geyinir. Hər şey yaşıllıqla canlanır. İşıqlı göz yaşıl rəng ilə iti görər. Yaşıllıq gənclik, həyat rəngidir.

Qız hekayəsini bitirəndə, özünü şahın qucağında gördü.

 





18.01.2021    çap et  çap et