525.Az

“Yeni proqram şəhid ailələrinin evlə təminatında irəliləyişə imkan verəcək”


 

“Yeni proqram şəhid ailələrinin evlə təminatında irəliləyişə imkan verəcək”<b style="color:red"></b>

Prezident İlham Əliyevin göstərişi ilə keçmiş köçkünlərə tikilmiş mənzillər şəhid ailələrinə veriləcək. Həmin mənzillərin Nazirliyin balansına verilməsi prosesi yekunlaşmaqdadır.

525.az APA-ya istinadən xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov ötən il sosial sahədə görülən işlərə və 2021-ci ilin sosial hədəflərinə dair keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən Nazirliyə məcburi köçkünlər üçün tikilən 4700 mənzil şəhid ailələrinə təqdim edilməsi üçün verilib: “Yeni mühüm proqram şəhid ailələri, müharibə əlillərinin evlə təminatında növbəti ciddi irəliləyişə imkan verəcək”.

“Pandemiya dövründə ən riskli qrup 65 yaşdan yuxarı şəxslər idi, ona görə əsas diqqət pensiya təyinatına yönləndirilmişdi”. 
 
Onun sözlərinə görə, ötən ilin əvvəlində pensiya 16 faiz artırılaraq 300 manata çatdırılıb, yaşa görə pensiya 330 manata çatıb. Ötən il pensiya alanlar 1 milyon 250 min, prezident təqaüdü alanlar 300 min, sosial müavinət alanlar 500 min nəfər, ünvanlı sosial yardım alanlar 77 min ailə (322 min nəfəri) olub. Pensiya təminatı 4,5 milyard manat, müavinət və təqaüd 1 milyard 50 milyon, ünvanlı sosial yardım üçün 216 milyon manat, ümumilikdə 5 milyard 743 milyon manat ayrılıb.

“2020-ci il çətin il olsa da, qarşıya qoyulan sosial proqramlar hamısı geniş şəkildə icra olunub”.

Nazir müavini qeyd edib ki, postmüharibə dövründə artıq 11 mindən çox şəhid ailəsi üzvü, qazi, müharibədən zərər çəkən şəxs sosial dəstəklə əhatə olunub. Nazir müavini deyib ki, 2650 şəhidin 6500 ailə üzvünə sosial ödənişlər təyin edilib:
 
"Şəhid ailələri 300 manat prezident təqaüdü alırdı, ötən ilin dekabrında bu məbləğ artırılaraq 500 manata çatdırılıb. Azərbaycanın Milli Qəhrəmanı üçün Prezident təqaüdü 1500 manatdan 1800 manata qaldırılıb. Eyni zamanda Prezidentin qərarı ilə "Vətən müharibəsi qəhrəmanı" adı verilmiş şəxslər üçün 2000 manatlıq təqaüd təyin edilib və yanvarın 1-dən ödənişlərə başlanılıb".

Nazir müavini eyni zamanda qeyd edilən kateqoriyalardan olan şəxslərin aktiv məşğuluq proqramlarına cəlb olunduğunu, onlara sosial-psixoloji dəstək və reabilitasiya xidmətləri göstərildiyini diqqətə çatdırıb.

 

 





18.01.2021    çap et  çap et